Bazar ertəsi, 01 Avqust 2011 08:19

Yeni ruhani bələdçi – www.seyidamili.com ixtiyarınızda!

Yeni ruhani bələdçi – www.seyidamili.com ixtiyarınızda!

Aran Radio-Rəhman və Rəhim Allahın adı ilə Əhalisi 9 milyon nəfəri adlamaqda olan Müsəlman Azərbaycanımız hər zaman sevgili İslam Peyğəmbərinin (s) iki əmanətinə - Quran və Əhli-beytə (ə) sayğılı olub.

Artıq üzücü tarixə çevrilmiş və dinə qoyduğu sərt qadağalarla yadda qalmış mənfur sovet rejiminin 70 illik hakimiyyəti dövründə də bu xalq dini inancını canı və qanı bahasına hifz edib. Nəcəfi-əşrəfdə və başqa elm ocaqlarında yüksək alimlik dərəcəsi almış ruhanilərimizi qətliam etsələr də, Azərbaycan xalqı dini dəyərlərə sadiq qalıb, dini bayram və əzalarda pəncərələrə qara pərdə çəkib, mərasimlər keçirib.
Artıq o zülmət əsri başa çatıb. İndi Azərbaycan Respublikasının ən ucqar kəndlərində həmvətənlərimiz məscidlərdə ibadət edib, mədrəsələrdə təhsil alır, hüseyniyyələrdə əzadarlıq keçirirlər. Əlbəttə ki, 70 ilin ab-havasından birdəfəyə çıxmaq olmur. Hazırda dinlə bağlı müəyyən məhdudiyyətlər olsa da, keçmişlə müqayisəyə gəlməz və müsəlmanlar bu günkü azadlıqlara şükür etməlidirlər.
Tarixən Azərbaycan xalqı üçün Nəcəfi-əşrəf, Məşhədi-Müqəddəs, Məsumeyi-Qum dini elm ocağı olub və bu şiə elm hövzələrində böyük din alimləri ərsəyə gəlib. Allah İslam dinini bəşəriyyət üçün son din olaraq bəyəndiyi kimi, Həzrət Məhəmməd (s) də son peyğəmbər olaraq özündən sonra üçün din alimlərinin yüksək məqamını yada salıb. "Pərvərdigara, mənim canişinlərimi bağışla!" – buyurduğu zaman «ya Rəsuləllah, sizin canişinləriniz kimdir?» - soruşdular. Buyurdu: "O kəslərdir ki, məndən sonra gəlib mənim sözlərimi və sünnəmi rəvayət edərlər!"
Müasir İslam dünyasında ən məşhur din alimlərindən biri də soydaşımız, Ərdəbil şəhərinin imam-cüməsi Höccətül-islam vəl-müslimin cənab Seyid Həsən Amilidir.
Höccətül-islam vəl-müslimin cənab Seyid Həsən Amili hicri-şəmsi 1341-ci ildə (miladi 1961) xordad ayının 15-də Ərdəbilin qədim Məhəmmədiyyə məhəlləsində, məntəqənin Cəbəl Amil seyidlərindən olan hörmətli ailələrindən birində dünyaya göz açıb. Seyid Həsən uşaqlıq dövrünü başa vurduqdan sonra dindar ailənin ənənələrinə uyğun olaraq Cəfəriyi-İslami mədrəsəsinə gedib. İbtidai təhsilini bu mədrəsədə alıb. Gənclik dövründə məşhur xətiblərin moizələrində, təfsir dərslərində iştirak edib.
Əcdadlarının yolunu gedərək ruhani olmaq düşüncəsi onun Quma gəlişi ilə nəticələnib. Ustad Şərhi-lüməteyni mərhum İştihardi, Rasti Kaşani, Üsuli-fiqhi ustad Salehinin hüzurunda oxuyub. Səth hissəsini Ayətullah Payani, Ayətullah Etimadi və Ayətullah Müdərrisidən kəsb edib. Fiqh xaric dəsrlərini Ayətullah Məkarim Şirazi, Üsul xaric dərslərini Ayətullah Cəfər Sübhaninin hüzurunda öyrənib. Bir müddət də mərhum Ayətullah Fazil Lənkəraninin fiqh xaric dərslərindən bəhrələnib. 8 il Ayətullah Vəhid Xorasani, Ayətullah Şeyx Cəvad Təbrizinin dərslərində olub. Eyni zamanda Ayətullah Cəvadi Amolinin təfsir dərslərindən bəhrələnib. Ustad Məzahiri, mərhum İştihardi, Əhmədi Miyanəci və Pəhləvaninin bərəkətli əxlaq dərslərinə qatılıb.
Hövzə dərsləri ilə yanaşı universitetdə təhsil alıb, Tehran universitetinin ölkə üzrə birinci diplomuna layiq görülüb. “Əqd və şərtin qarşılıqlı təsiri” mövzusunda doktorluq işini müdafiə edib, doktorluq dərəcəsinə çatıb.
Ərdəbilin mərhum imam-cüməsi Ayətullah Mürəvvic dünyasını dəyişdikdən sonra xalq Ayətullah Musəvi Ərdəbili, Ayətullah Mişkini kimi böyük şəxsiyyətlərdən gözləyirdi ki, bu məsuliyyətli məqama layiqli bir insan təyin ediləcək. Beləcə, höccətül-islam vəl-müslimin hacı seyid Həsən Amili həmin məqama təklif olunub.
Xibrə məclisinə seçilmək üçün namizədin ictihad dərəcəsində olması da şərtdir. Seyid Həsən elmi dərəcəsi və xalqın əksəriyyət rəyi ilə bu məclisin üzvü seçilib.
Onu Azərbaycanda tanımayan, alovlu çıxışlarını izləməyən yoxdur. Allahı sevənlər onun təbliğatçılarını da sevir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran və başqa şəhərlərdə, eləcə də əyalətlərdə Cənab Amilininin dini çıxışlarını eşitməyən dindar tapmaq çətindir. Bu günə kimi Ustadın söhbətləri CD-lər şəklində yayılıb. Amma internet dövrünün öz tələbləri var. Uzun illərdi Cənab Amili ilə şəxsi görüşlərdə və onun darolershad.org saytına ünvanlanan çoxsaylı məktublarda böyük İslam aliminin dəyərli əxlaqi-irfani saytının azərbaycan dilli versiyasını yaratmaq xahiş edilirdi.
Bu xahişləri nəzərə alan Cənab Amili xüsusi yaradıcı və texniki heyətə azəri dilli veb-səhifənin hazırlamasına icazə verdi. Mühəndislər, dizaynerlər, tərcüməçilərdən ibarət heyət işə başladı.
Nəhayət, Azərbaycan xalqının intizarında olduğu gün gəlib çatdı. Höccətül-islam vəl-müslimin cənab Seyid Həsən Amilinin azəri türkcəsində veb-səhifəsi sınaq fəaliyyətinə başladı. Bu sınaq (test) dövründə istifadəçilərin aktivliyi olduqca zəruridir. Başlanğıcda nəzərdən qaçan nöqtələr, ədəbi və texniki nöqsanların olması təbiidir. Yaradıcı heyət bütün irad və təkliflərinizə diqqətlə yanaşacaq, müvafiq yerlərdə islahat işləri aparılacaq.
Höccətül-islam vəl-müslimin cənab Seyid Həsən Amilinin azəri türkcəsində veb-səhifəsi ictimai-siyasi yox, əxlaqi-irfani yönlüdür. Bu saytın məhz seyr-süluk, nəfsin tərbiyəsi yolunda sizə bələdçi olması nəzərdə tutulur. Seyidamili.com veb-saytının yaradıcı heyəti

Şərh yaz


Məxfi kod
Yenilə