Şənbə, 30 iyul 2011 09:10

Misir xalqı İranla hərtərəfli əlaqələrə qayıtmaq istəyir

Misir xalqı İranla hərtərəfli əlaqələrə qayıtmaq istəyir

Aran Radio-İkinci ictimai heyət çərçivəsində İrana səfər etmiş Misirin siyasət, mədəniyyət və media şəxsiyyətləri bu gün çərşənbə günü bildiriblər: Misir xalqı İranla hərtərəfli münasibətlərə qayıtmaq istəyir.

Bu heyət çərşənbə günü İRNA İnformasiya Agentliyində olduğu zaman İran və Misir arasında münasibətlərin qurulması barəsində öz fikirlərini bildirib və bu münasibətləri zəruri edən faktları sadalayıb.

"İran və Misir İslam Dünyasının qanadlarıdır"

Misirin ictimai heyətinin üzvlərindən biri çoxtirajlı əl-Əhram qəzetinin yazarı Əhməd əl-Suyufi bu toplantıda Misir xalqının bir tələbi kimi Tehran və Qahirə arasında tam münasibətlərin qurulmasının zəruriliyinə toxunub və deyib: İran və Misir arasında tam əlaqələrin qurulması təkcə iki xalq deyil, bütün islam ümmətinin xeyrinədir.
Əl-Suyufi xatırladıb ki, bu əlaqələrin qurulması Yaxın Şərq regionunun bütün proseslərini dəyişdirə bilər.
Əl-Nur əl-İslamiyyə qəzetinin baş redaktoru Məhəmməd Helmi bu toplantıda bu qəzetin 1981-ci ildə fəaliyyətə başladığını bildirərək deyib: Bu qəzet İranın himayəçiləri və vurğunlarından olub və həmişə Səddamın İrana qarşı müharibəsinin dayandırılması istiqamətində çalışıb.
Helmi bildirib: Mən islamın kökü və cilvələrini İranda gördüm və sizinlə əhd-peyman bağlayıram ki, bir sırada ABŞ kimi tağut və imperialistlərin qarşısında müqavimət göstərim.
Əl-Nur əl-İslamiyyə qəzetinin baş redaktorunun sözlərinə görə, İran və Misir islam ümmətinin qanadları timsalındadır. Belə ki, qanadlar olmadan bu ümmət uça bilməz.

"Uzun illərdir İran inqilabının Mİsirdə təkrarlanmasını gözləyirdim"

Əl-Əhram qəzetinin digər bir jurnalisti Məhəmməd Osman söyləyib: Mən uzun illərdir arzu edirdim ki, İranda qələbə çalmış İslam İnqilabı Misirdə də həyata keçsin. Bu arzunun reallaşmasının 32 il təxirə düşməsinə baxmayaraq, bunun baş verməsinə sevinirəm.
Osman bildirib ki, Misirdə baş verən hadisə İrandakı inqilabdan sonra ikinci zəlzələ idi. Bu zəlzələ imperializmin qüdrətini titrətdi. Buna görə də düşünmürəm ki, düşmənlərimiz sakit otursun və iki ölkənin bir-birinə yaxınlaşmasına nəzarət etsinlər.
Osmanın sözlərinə görə yəqin ki, onlar islamın bu iki qanadının hərəkətə gəlməsinə icazə vermək istəməyəcəklər. Lakin biz təslim olmamalı və münasibətləri müxtəlif cəhətlərdə inkişaf etdirməliyik.

"İran tarixyaradıcıdır"

Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin həbsxanalarında 17 ildən çox məhbus olmuş və Qahirənin əl-Təhrir meydanı aksiyalarında Misir inqilabçılarının sözçülərindən biri olan Əhməd Səd Sübhi də deyib: Misir inqilabı xalqın deyil, bəlkə də Allahın işi idi.
İranın bir tarix yaradıcı xalq və ölkə olduğunu vurğulayan Səd Sübhi Tehranla münasibətlərin qurulması üçün Misir xalqının tələblərindən söz açıb və xatırladıb: İki ölkənin münasibətlərinin öz təbii gedişinə qayıtması üçün bizim zamana ehtiyacımız var.
Eyni zamanda Misirlə öz münasibətlərini möhkəmləndirmək üçün İran xalqı və hökumətinin səyini vurğulayan Səd Sübhi bildirib: Misirə daxil olmaq üçün yeganə yol siyasət yolu deyil. Həzrət Yəqub (ə)-ın öz övladlarına "Misirə 11 qapıdan girin" dediyi kimi İran da iqtisadiyyat və mədəniyyət kimi müxtəlif yollarla Misirə daxil ola bilər.
Misir sivilizasiyasının canlandırılmasını zəruri hesab edən jurnalist xatırladıb: İran tarix yaratmaqdadır və biz də Misirdə bu tarixi mütaliə etməkdəyik.
Bu siyasi fəal əlavə edib: Misir tağutu islamı cəmiyyətdə öz şəxsi məsələləri həddində məhdudlaşdırmışdı. Lakin biz İranda inkişaf etmiş siyasi və ictimai bir islamın hakim olduğunun şahidiyik. Eyni zamanda ölkənin inkişafı üçün müasir elm və texnologiyadan istifadə olunur.
İran hökuməti bizim amalımızdakı hökumətdir
Misir inqilabçılarının sözçülərindən biri Misir Sadatları Sindikatlarının sədri Seyid Tahir əl-Haşimi bu toplantıda Həzrət İmam Xomeyni (rə)-in rəhbərliyi ilə İranda İslam İnqilabının qələbə çalması haqdakı baxışlarını açıqlayaraq, bildirib: İslam İnqilabı İranda qələbə çaldığı zaman atam mənə dedi ki, ilk haqq dövləti yarandı.
Əl-Haşimi söyləyib ki, İran hökuməti bizim amalımızdakı hökumətdir və Misir xalqının inqilabı üçün gözəl arxa sayılır.
Əbufaris ləqəbli Məhəmməd Hicrəs Misir diktatorunun devrilməsini Allahın fəzli və lütfü sayıb və deyib: İran xalqı öz ölkələrinin müstəbidini islama söykənərək məhv etdiyi kimi misirlilər də Allah-taalanın köməkliyi ilə Mübarəki iqtidardan endirdilər.
Misir xalqının qiyamı dövründə Qahirənin əl-Təhrir meydanında fəal inqilabçı rəhbərlərdən olan Hicrəs İranı islam dünyasında bir super güc adlandıraraq söyləyib: Misir də islam dünyasındakı böyük yerini ələ almaq və İranla birləşməklə regionun gələcəyi və müsəlmanlar arasında vəhdətin möhkəmlənməsi üçün təsirli rol oynaya bilər.
"Çin olan yuxu"
Misirin Quran radiosunun diktoru Vəssam əl-Bəhiri də deyib: İrana səfər etməyi 3 il öncə yuxuda gördüm. Mən və ailəm heç vaxt bunun reallaşacağını təsəvvür belə edə bilmirdik. Lakin bu gün Allahın köməkliyi və Misirdə xalq inqilabının lütfü ilə bu yuxu gerçəkləşib.
Əl-Bəhiri müsəlmanların vəhdət yolunda hərəkəti, Misir medialarında İran gerçəkliklərinin əks etdirilməsində misirli jurnalistlərin məsuliyyəti və İranla bağlı bəzi misirlilərin baxışındakı mövcud yanlışlıqların düzəldilməsinin zəruriliyini çox önəmli sayıb.
Quran radiosunun diktorunun sözlərinə görə, imperializm bu vəhdətə mane ola bilməz və Misir və İran islamın iki qanadı kimi bir-birlərinə birləşəcəklər.
Əl-Bəhiri İslam İnqilabını bütün xalqlara aid hesab edib və iranlılara üzünü tutaraq deyib: Biz sizi özümüzə və özümüzü də sizə aid hesab edirik.

"Misir inqilabı İran inqilabının alovları idi"

Misirin Hüseyni seyidlərindən Əhməd İbn Həsən də Misir xalqının inqilabının İranın İslam İnqilabının alovları hesab edib və deyib: Böyük şeytan və onun əlaltıları İranı və İmam Xomeyni (rə)-i bədnam etmək üçün bütün səyini toplamışdı. Lakin nəhayət onların özləri rüsvay oldular.
"Hazırda İran və Misir dünya zəiflərinin amallarının reallaşması üçün bir-biri ilə birləşməlidir. Çünki bu gün Misirdə İmam Hüseyn (ə)-ın köməkçiləri və xalq inqilablarının səsi ətrafa yayılıb" -deyə İbn Həsən bildirib.
Misirin Əşraf Birliyinin sədri Şeyx Musa Ənvər əl-Hüseyni də bu toplantıda bildirib ki, biz Misir xalqının dostluq əlini iranlılara tərəf uzadırıq və inanırıq ki, iki ölkənin münasibətlər zəngi sabah deyil, bu gün çalınmalıdır.
"Misir xalqının istəyi İranla birləşməkdir və bu vəhdət müzakirə ediləsi deyil" -deyə əl-Hüseyni söyləyib.
Qeyd etmək lazımdır ki, Misirin ictimai heyəti Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının dəvəti ilə İrana səfər edib.

Şərh yaz


Məxfi kod
Yenilə