Şənbə, 15 Yanvar 2022 14:20

Əmir Abdullahian Çinlə əlaqələrin inkişafını vurğulayıb

Əmir Abdullahian Çinlə əlaqələrin inkişafını vurğulayıb

İranın xarici işlər naziri Çinin xarici işlər naziri ilə görüşündə, İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisinin məktubunu çinli həmkarına çatdırıb və Tehranın Çinlə əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib.

 Hüseyn Əmir Abdullahian Çinin xarici işlər naziri Vanq Yi ilə Pekində baş tutan görüşündə, onu Çinin yeni ili münasibətilə təbrik edərək, qonşular və regiondakı dost ölkələrlə geniş əməkdaşlığı İranın xarici siyasətinin prioritetlərindən olduğunu bildirib və İran İslam Respublikasının bölgədəki inkişaflarda, o cümlədən enerji transferinin təhlükəsizliyinin qorunması və artırılmasında konstruktiv rolunun bundan sonra da davam edəcəyini vurğulayıb.

İran xarici işlər naziri, həmçinin iki ölkə arasında siyasi əlaqələrin qurulmasının 50-ci ildönümünü qeyd etmək planlarına toxunaraq, Çinin 110 milyon dozadan çox peyvəndin təmin edilməsində konstruktiv əməkdaşlığını yüksək qiymətləndirib.

Əmir Abdullahian mədəni əlaqələrin əhəmiyyətinə və İran və Çinin qədim sivilizasiyalarının ortaq imkanlarına işarə edərək, iranlı sənətçilərin ikitərəfli əməkdaşlığı inkişaf etdirmək marağının belə bir imkandan istifadə etmək üçün dəyərli fürsət olacağını söyləyib. 

Çinin xarici işlər naziri Vanq Yi də bu görüşdə, Pekinin İran xalqına qarşı qeyri-qanuni sanksiyalara baxmayaraq, maliyyə, enerji, bank və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb.

O, həmçinin Pekinin ABŞ-ın zorakılıq siyasətinə qarşı İranın məntiqli mövqeyini, həmçinin nüvə sazişi ilə bağlı davam edən danışıqlara dair mövqeyini tamamilə dəstəklədiyini və bunun Pekinin prinsipial siyasəti olduğunu bildirib və vurğulayıb ki, ABŞ nüvə sazişindən çıxmaqdakı keçmiş səhvini düzəltməlidir. 

Hüseyn Əmir Abdullahian Çinin xarici işlər naziri  ilə ətraflı müzakirələrin sonunda deyib: "Biz bu səfərdə iki ölkə arasında 25 illik uzunmüddətli və strateji əməkdaşlıq haqqında hərtərəfli sazişin icrasına başlama tarixini bu gün elan etməyə razılaşdıq".

Əmir Abdullahian, həmçinin sanksiyaların aradan qaldırılması üçün Vyanada aparılan danışıqlarla bağlı ətraflı müzakirələr aparıldığını bildirərək, deyib: "Çinin Vyanadakı nümayəndəsi Rusiya nümayəndəsi ilə birlikdə İranın nüvə hüquqlarının dəstəklənməsində və sanksiyaların aradan qaldırılmasında müsbət rol oynayır". 

Şərh yaz


Məxfi kod
Yenilə