Çərşənbə, 13 Oktyabr 2021 11:32

Əmir Abdullahiyan: "İran və Azərbaycan anlaşılmazlıqların qarşısını almalıdırlar"

    Əmir Abdullahiyan: "İran və Azərbaycan anlaşılmazlıqların qarşısını almalıdırlar"

İran İslam Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının xarici işlər naziri ilə dünən gecə baş tutan telefon danışığında, iki ölkənin, münasibətlərində anlaşılmazlıqların qarşısını almalı və münasibətlərini tez bir zamanda doğru istiqamətdə və perspektivli şəkildə davam etdirməli olduğunu söyləyib.

 "İran Press"-in məlumatına görə, Hüseyn Əmir Abdullahiyan telefon danışığı zamanı, ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyini vurğulayaraq, Tehran və Bakı arasında uzunmüddətli və dayanıqlı münasibətlərin olduğunu bildirib.

Əmir Abdullahiyan, həmçinin İranın yük maşınları ilə bağlı problemin həllini gözlədiklərini söyləyib.

İranın xarici işlər naziri sözlərinin davamında iki ölkə arasındakı əlaqələrin dərinliyinə toxunaraq, deyib: "Tehran və Bakının düşmənləri var və tərəflər düşmənlərinə iki ölkə arasındakı münasibətləri korlamaq imkanı verməməli və narahatlıqlar dialoq və əməkdaşlıq yolu ilə həll edilməlidir".

Azərbaycan Respublikasının xarici işlər naziri də, bu telefon danışığında Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu bildirib və əlavə edib: "Qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir".

C.Bayramov məsələlərin dialoq yolu ilə sakit və səmimi bir mühitdə həll edilməsinin zəruriliyini də qeyd edib və İran yüklərinin tranzitində olan problemin iki ölkənin gömrük rəsmiləri arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsini təklif edib. 

Azərbaycan Respublikasının xarici işlər naziri, həmçinin tutulan iki iranlı sürücünün sərbəst buraxılmasını təqib edəcəyini vurğulayıb.  

Hər iki nazir bir-birini Tehrana və Bakıya dəvət edib.

Şərh yaz


Məxfi kod
Yenilə