Şənbə, 23 May 2020 12:54

Xürrəmşəhrin azad edilməsinin müasir İran tarixində əhəmiyyəti-şərh

Xürrəmşəhrin azad edilməsinin müasir İran tarixində əhəmiyyəti-şərh

İran İslam Respublikasının milli təqvimində 3 xordad-23 may Müqavimət, Fədakarlıq və Qələbə Günü adlandırılmışdır.

 Bu gün 8 il uzanan elan olunmamış müharibə illərində daha doğrusu 1982-ci ildə Xürrəmşəhrin 578 günlük işğaldan azad olunması ilə nəticələnən Beytül-müqəddəs əməliyyatında İran silahlı qüvvələrinin şanlı zəfərə imza atdığı gün kimi yadda qalmışdır. Hərbi əməliyyatın nəticəsi olaraq Xuzestan vilayətinin ən həssas və strateji bölgəsi düşmənin tapdağından çıxarıldı və islami İran torpaqlarından 5400 kvadrat kilometri düşmən qüvvələrindən təmizləndi. 26 gün uzanan döyüşlərdə düşmən ordusu 16 min itki verdi və 19 min hərbçisi də əsir düşdü. Bundan əlavə İraq Bəəs rejimi ordusunun 60 təyyasi, 3 helikopteri, 418 tank və zirehli maşını məhv edildi.

Xürrəmşəhrin azad olunması qəhrəmanlığını hər bir cəhətdən İran İslam İnqilabı tarixində dönüş nöqtəsi hesab etmək olar. Ələlxüsus da bu hadisə Səddam rejiminin və başda Amerika Birləşmiş Ştatları olmaqla bu rejim hamilərinin mürəkkəb hərbi hesablamalarını pozdu və qəbul etdirilmiş müharibənin taleyində yeni şərait yaratdı. Əslində Beytül-Müqəddəs əməliyyatının uğurlu olması və Xürrəmşəhrin azad edilməsi ilə şərq və qərb super güclərinin bütün hesablamaları alt-üst oldu və İran xalqının işğalçıların tam şəkildə ölkədən qovulması üzrə iradəsi gerçəkləşdi və İslam döyüşçüləri öz qanları ilə tarixin qızıl səhifələrinə unudulmaz anları yazdılar. İran İslam Respublikasının banisi İmam Xomeyni həzrətləri o zaman bu qələbəni beləcə səciyyələndirdi: “Xürrəmşəhri Allah azad elədi. Xürrəmşəhrin fəthi torpağın deyil, insani dəyərlərin fəthidir”.

Bu qəhrəmanlıq yəqin ki, İran xalqını xeyli ruhlandırdı və sonrakı qələbələr üçün ilhamverici oldu.  Xürrəmşəhrin azad edilməsi göstərdi ki, müqavimət, iman, etiqad və birliklə öz hüquqlarını müdafiə edən xalq öz müqavimətinin bəhrəsini görəcəkdir. İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu hadisənin əhəmiyyəti barədə buyurmuşlar: “Xürrəmşəhri Allah-taala azad etmişdir. Bu məntiqlə imperializmin əsarəti altında olan bütün bölgələri də azad etmək mümkündür. Bu məntiqlə Fələstin də azad edilə bilər. Bu məntiqlə istənilən xalq zülm və basqıdan qurtula bilər. Bu məntiqlə meydana girsək, heç bir qorxu bilmərik.”

Xürrəmşəhr qələbəsindən 38 il sonra İran xalqı bu gün də öz amalları uğrunda möhkəm dayanır və bu yolda düşmənin bütün təzyiqləri qarşısında müqavimət göstərərək, artıq müsəlman və azadlıqsevər xalqlar üçün istinad nöqtəsinə çevrilmişdir.  

Şərh yaz


Məxfi kod
Yenilə