Cümə, 22 May 2020 17:44

İran Səfirliyi: Qarabağ münaqişəsinin həlli İranın xarici siyasətinin prioritetlərindəndir

İran Səfirliyi: Qarabağ münaqişəsinin həlli İranın xarici siyasətinin prioritetlərindəndir

İranın Azərbaycan Respublikasındakı səfirliyi bəyanat yayaraq Fələstin, Qarabağ və İslam dünyasının digər münaqişələrinin həllinə dəstək verilməsini Tehranın xarici siyasətinin prioritetləri adlandırıb. 

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Ümumdüntya Qüds Günü münasibəti ilə yaydığı bəyanatda deyilir: "İslam inqilabı rəhbərinin İslam dünyasındakı xüsusi mövqeyini nəzərə alaraq onun Qarabağın müsəlman əhalisinin hüquqlarının pozulmasına diqqət ayırması və bunu Fələstin məsələsi ilə bir sırada səsləndirməsi İslam dünyasının, həmçinin İslam dövlətlərinin ictimai rəyinin Qarabağ məsələsinə yönəlməsində xüsusi rolu olmuşdur. İran İslam Respublikası dövləti keçən illər ərzində Ali rəhbərin təyin etdiyi siyasətə əsasən daim Azərbaycan Respublikasının ərazi bütövlüyünü, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq prinsiplər əsasında ədalətli həll edilməsini təkidlə vurğulamışdır. Ölkəmiz daim beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir”.

Qmumdünya Qüds Gününün əhəmiyyətinə gəldikdə isə bəyanatda qeyd olunur ki, Qüds Gününün İran İslam Respublikasının banisi tərəfindən elan olunması mühasirədə olan və qaçqın düşmüş Fələstin xalqına qarşı zülmün xatırlanması və onların qəsbkar sionist rejimin 70 illik zülm, təcavüz və cinayətindən qurtulmaq üçün səslərinin dünyaya çatdırılması məqsədini daşıyır. Beynəlxalq Qüds Gününün 41-ci ildönümündə Fələstin məsələsi öz taleyində həssas bir mərhələyə qədəm qoymuşdur. Hazırda sionist rejim ABŞ prezidentinin "Əsrin müqaviləsi" və ABŞ səfirliyinin Qüdsə köçürülməsi bəhanəsindən istifadə edərək çalışır ki, İordan Çayının Qərb Sahillərini işğal olunmuş ərazilərə ilhaq etməklə Fələstin xalqına qarşı dağıdıcı və qeyri-insani hərəkətlərini davam etdirsin.

Bəyanatın sonunda təkid edilir ki, İran İslam Respublikası Ümumdünya Qüds Günündə Fələstin xalqının azadlıq mübarizəsi ilə tam həmrəy olduğunu bəyan edir, sülh iddiası ilə səslənən "əsrin müqaviləsi" kimi hiyləgər planları rədd edir, İslam dünyasında əsas məsələ olaraq Fələstinin tam azad edilməsinin əhəmiyyətini və sionist rejimin işğal və ekspansionizminə qarşı mübarizə aparmağın vacibliyini vurğulayır. Şübhəsiz Həmas lideri tərəfindən "Qüds şəhidi" adlandırılan general şəhid Süleymaninin ABŞ terror qüvvələri tərəfindən öldürülməsi daha böyük qələbələrin başlanğıcı olacaq və "Qüds şəhidi"nin qanı işğal olunmuş ərazilərin və Qüdsün azad olunmasını sürətləndirəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə