Bazar, 14 Avqust 2011 09:04

Sərdar Cəlaloğlu, Elçin Manafov və Pənah Huseyn dindarların həbsini

Sərdar Cəlaloğlu, Elçin Manafov və Pənah Huseyn dindarların həbsini

Aran Radio-Bir neçə ay bunddan əvvəl AİP sədrinin məlum çıxışından sonra ölkədə islamçıların həbs dalğası başladı. Artıq ölkədə islamçıların növbəti həbs baş qaldırıb. Hazırda həbs olunanlar biri AİP-in sədr müavini Arif Qəniyev, digəri ölkənin nüfuzlu ruhani alimi Abgül Süleymanov və "islam-azeri" saytının redaktoru Ramin Bayramovdur.

Həbs olunan şəxslər narkotik saxlamaqda və terrorçuluqda ittiham olunurlar. FaktXeber.com-un müxbirinin "Müqəddəs Ramazan ayında, cəmiyyətdə ruhani və dindar şəxs kimi qəbul olunan insanların narkotik istifadəçisi və terroçu adı ilə tutulmasını nə cür qiymətləndirirsiz" - sualına münasibətlərini bildirən ADP sədri Sərdar Cəlaloğlu, AİP-in hazırki sədri Elçin Manafov və AXP lideri Pənah Hüseyn bunları bildirdi.

Sərdar Cəlaloğlu: "Çox təəssüf ki, Azərbaycanda ədalətli və düzgün məhkəmə sisteminin olmasını deyə bilmərik. Biz təcrübəmizdən deyə bilərik ki, Azərbaycanda olan məhkəmə sistemi sifariş əsasında fəaliyyət göstərir. Buna görə də, Azərbaycanda olan məhkəmələrin istənilən qərarını şübhə altına almaq mümkündür. Konkret olaraq dindarlarla bağlı bunu demək olar ki, onlar barədə qaldırılan ittihamların o vaxt həqiqət olduğunu demək olar ki, ölkədə müstəqil məhkəmə sistemi olsun.
İlham Əliyev Rusiyadan qayıtdıqdan sonra İslam ölkələrinin bir araya gəlməsi ilə bağlı çağırış edib. Amma bir ölkədə ki, dini hüquqlar bu dərəcədə ciddi pozulursa və açıq-açığına vicdan azadlığına müdaxilə olunursa, onda bu ölkənin hansı İslami birliyə çağırışından danışmaq olar. Bu günə qədər İslam ölkələrindən Suriyada, Liviyada, Misirdə, Somalidə hadisələr baş verib. Azərbaycan höküməti bu hadisələrlə bağlı, nə vaxt islam ailəsinin üzvü kimi baş verən hadisələrə öz münasibətini bildirib. Demək olar ki, heç bir vaxt. Yəni bunların hamısı göstərir ki, Azərbaycan iqtidarının atdığı addımlar, hansısa bir motivə və ya qabaqcadan düşünülmüş strateji bir hədəflərə istiqamətlənmir."

Elçin Manafov: "Bu şəxsləri tutanlar öz məntiqsizliklərini göstərirlər. Ona görə ki, müqəddəs ayda oruc tutan və namaz qılan şəxsləri narkotikdə ittiham etmək ən böyük məntiqsizlik və mənəvi cinayətdir. Əgər silaha görə ittiham edirlərsə, bilsinlər ki, silahı elə bunların sözü idi. Onlar elə bil insanlardır ki, həmişə təxribatdan uzaq olaraq, haqqı öz sözləri ilə deyirdilər. Lakin çox təəssüf ki, onları həbs edənlər çox pis şəkildə qələmə vermək istəyirlər. Amma bunların köhnəlmiş ssenarisi camaatda ayıqlıq yaradıb. İnsanlar başa düşməyə başlayıblar ki, artıq bu həbslər təkrar ssenarinin tərkib hissəsidir. Kimi şərləyərək tutmaq istəyirlərsə, ancaq bu maddələrdən istifadə edirlər. Şərlədikləri insan ya narkotik istifadəçisi olur, ya da ki, terrorist. İndi də eşitdiyimə görə, Abgül Süleymanovun evində axtarış aparırlar ki, hər hansı bir silah çıxartsınlar. Bu bir növə elə bil simvola çevrilib.
Arif Qəniyevin həbsi bizdə çox təəccüb doğurdu. O, indiyə qədər heç bir yerdə nə müsahibə verib, nə də ki, hakimiyyətin əleyhinə söz danışıb. Arif Qəniyev sadəcə olaraq partiyanın daxili və təşkilatı məsələlərinə rəhbərlik edirdi və partiyaya gələn yeni bir kadr idi."
Pənah Huseyn: "Ümumiyyətlə hər hansı bir məsələdə əsas şərt qanunun pozulmasıdır. Bu həbslərlə bağlı aparılan təhqiqat işində sübutların əsaslı olması barədə Azərbaycan cəmiyyətində inandırıcı dəlillər yoxdur. Əvvəllər aparılan həbslər cəmiyyətin əksəriyyəti tərəfindən cinayət materialları şübhəli olan və siyasi motiv əsasında baş verən həbs kimi qəbul olunmuşdur. Həmçinin məhkəmələrdə də bu ittihamların əsaslandırlması ilə bağlı ortalıqda mühüm bir fakt yox idi. Bu baxımdan da şübhəsiz ki, Azərbaycan cəmiyyətində həbslərlə bağlı qeyri-müəyyənlik və siyasi motivli olması barədə fikir formalaşıb. İstənilən halda biz bu məsələlərin əleyhinəyik ki, Azərbaycanda guya dini eksterimizim formalaşır. Belə bir hal istənilən formada ölkənin maraqlarının ziddinədir."

Şərh yaz


Məxfi kod
Yenilə