Cümə axşamı, 11 Avqust 2011 09:41

Ayaz Mütəllibov Azərbaycanda qalır?

Ayaz Mütəllibov Azərbaycanda qalır?

Aran Radio--Dünən Azərbaycan Respublikasının birinci prezidenti Ayaz Mütəllibovun oğlu Azadla Təzəpir məscidində vida mərasimi keçirilib. Səhər saat 11-ə təyin olunan mərasimə ölkənin müxtəlif bölgələrindən gələnlər olub. Vida mərasimində ölkənin tanınmış ictimai-siyasi xadimləri də iştirak edib.
Mərhum Azad Mütəllibovun cəsədi dini adət-ənənələrə uyğun olaraq dəfn edilib. Azad Mütəllibov babası Niyazi Mütəllibov və nənəsinin yanında basdırıldı.

ASDP həmsədri Araz Əlizadə qəzetimizə bildirdi ki, mərhumun 7-nə qədər Mütəllibovun ölkədə qalmasını təmin etməyə çalışırlar: "Ayaz bəyin toxunulmazlığı var".

Bəzi məlumatlar var ki, Azərbaycana gələn sabiq prezident Ayaz Mütəllibov Bakıda çox qala bilməyəcək. Məlumata görə, A.Mütəllibov oğlunun üç mərasimində iştirak etdikdən sonra yenidən Moskvaya yola salınacaq. Sabiq prezident gəldiyi kimi də hüquq-mühafizə orqanlarının nəzarəti altında hava limanından təyyarəyə mindiriləcək.
Ancaq A.Mütəllibovla bağlı başqa bir ehtimal da mümkündür. Qeyri-rəsmi gəzən xəbərlərə görə, sabiq prezidentin bir daha geriyə qayıtmaması üçün danışıqlar aparılır və müəyyən razılıqlar da əldə edilib. Ancaq məsələ tam həll edilmədiyindən indilik onun yalnız icazə verilən müddətdə burada olacağı deyilir. Qeyd edək ki, Ayaz Mütəllibov Bakıya addımını basdığı andan etibarən dövlətin ayırdığı qorumaların nəzarəti altındadır.
"Azərbaycan Respublikasının sabiq prezidenti Ayaz Mütəllibova qarşı qaldırılmış cinayət işinin heç bir qanuni, hüquqi əsası yoxdur, bu, siyasi motiv daşıyır". Bunu Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva A.Mütəllibovla bağlı yaydığı bəyanatda qeyd edib. Bəyanatda deyilir: "Biz Azərbaycan hakimiyyətini bu cinayət işinə xitam verməyə, Mütəllibovun Azərbaycanda yaşamasına şərait yaradılmasına, "Sabiq prezidentlərin statusları haqqında" qanunun qəbul edilməsinə, bunun keçmiş prezidentlərə, o cümlədən Ayaz Mütəllibova şamil edilməsinə çağırırıq".

Şərh yaz


Məxfi kod
Yenilə