Çərşənbə axşamı, 11 Yanvar 2022 11:45

Azərbaycan Qazaxıstan məsələsində neytral qalmağa üstünlük verir

Azərbaycan Qazaxıstan məsələsində neytral qalmağa üstünlük verir

Qazaxıstanda yaşanan qanlı olaylara Azərbaycanın kiberməkanında və KİV-lərdə geniş yer ayrılsa da, dövlət səviyyəsində susqunluq müşahidə olunur.


 

 Turan  informasiya agentliyi yazır, yanvarın 10-da yalnız Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verərək Qazaxıstan xalqına başsağlığının mətnini yayıb, bəyanatı prezident Tokayevə və ya ölkənin keçmiş lideri Nazarbayevə ünvanlamayıb.

Agentlik bunun mümkün səbəbləri barədə şərhçilərin mövqeyini işıqlandırıb. Politoloq Elxan Şahinoğlu bildirib ki, rəsmi Bakı Tokayevin Rusiya qoşunlarını Qazaxıstana dəvət etməsini səhv hesab edir və 20 yanvar 1990-cı il tarixində Bakıya qoşunların yeridilməsinə analoji olaraq işğal kimi qiymətləndirir. Digər tərəfdən, prezident Tokayevin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qoşunlarınını nümayişçilərə atəş açmağa çağırmaq qərarı Bakıda suallar doğurur. Ona görə də, Tokayevə açıq dəstək Rusiya Federasiyası qoşunlarının Qazaxıstana daxil olmasını təqdir etmək deməkdir", - deyə Şahinoğlu deyib.

Hankuk Xarici Araşdırmalar Universitetinin professoru Rövşən İbrahimov isə Turan-a deyib ki, istənilən halda qiymət vermək çətindir, çünki Qazaxıstanda baş verənlər bu ölkə xalqının və liderlərinin qərarıdır.

Politoloq Şahin Cəfərli isə hesab edir ki, Azərbaycan rəhbərliyi hadisələri hələ çözməyib. Həqiqətən Nazarbayev kənarlaşdırılıbmı? Qayıda bilərmi? Tokayev hər şeyə tam nəzarət edirmi? İndiki mərhələdə prezident Əliyevin öz fikrini müəyyənləşdirməsi və söyləməsi çətindir. "Digər tərəfdən, Bakı Rusiya faktorunu nəzərə alır. Rusiyanın maraqlarına qarşı çıxa bilmir və gözləməyə üstünlük verir”.

O qeyd edib ki, rəsmi Bakı ənənəvi olaraq hadisələrlə bağlı öz mövqeyini operativ ifadə etməyə tələsmir. Bu, standart siyasətdir və Administrasiyanın tərzidir. Bununla yanaşı, aydındır ki, Bakı istənilən ölkədə, xüsusilə də postsovet məkanında istənilən küçə etirazına qəti şəkildə etiraz edir. Belə hadisələr Azərbaycan rəhbərliyinin maraqlarına ziddir. Çox güman ki, Qazaxıstanda vəziyyət sabitləşəndən sonra Bakıdan Astanaya zəng gedəcək və Azərbaycan prezidentinin dəstəyi ifadə ediləcək, - deyə Cəfərli söyləyib.

Xatırladaq ki, son günlər mediada gedən təhlillərdə Rusiya prezidentinin SSRİ-ni yeni formada qurmaq istəyi fonunda Qazaxıstanda iğtişaşlar törədildiyi və Rusiyanın post-modern şəklində Qazaxıstanı işğal etməsi irəli sürülən versiyalar sırasında təqdim olunub.

Şərh yaz


Məxfi kod
Yenilə