Çərşənbə axşamı, 30 Mart 2021 16:16

Hərb, yoxsa sülh - seçim Ermənistanındır

Hərb, yoxsa sülh - seçim Ermənistanındır

İrəvandan kritik etiraf və mesajlar: “Bölgəyə, qonşulara münasibətimizi dəyişməliyik”, “Azərbaycan bizdən güclüdür, bununla barışmalıyıq...”

 Azərbaycan və Ermənistan arasında sülh sazişi ləngidikcə regionda daimi sülhdən danışmaq mümkün olmayacaq. Bu, bütün postmüharibə dönəmlərinə xas  reallıqdır. Demək, Türkiyə ilə Ermənistan arasında əlaqələrin tam həcmdə bərqərar olması da gecikəcək. Paralel surətdə xarici destruktiv qüvvələrin bölgəni təzədən qarışdırmaq fürsəti qalacaq və Ermənistandakı radikal-revanşist müxalifət özünü şanslı saymaqda davam edəcək.

Ermənistanın mövqeyi ucbatından davam edən belə qeyri-müəyyənlik, əlbəttə ki, xoşagəlməzdir. Ən əvvəl ona görə ki, sülh anlaşmasının gecikməsi yeni müharibə ehtimalını gündəmdən birdəfəlik çıxmağa qoymur. Sülh anlaşmasınadək isə bölgədə illərdir fəaliyyətsiz qalmış bütün nəqliyyat əlaqələrinin bərpasına ehtiyac var - hansı yöndə ki, çalışmalar davam edir və artıq müəyyən pozitiv gəlişmələr də var.

Söhbət Ermənistan rəhbərliyinin davranışından gedir. Bu xüsusda baş nazir Nikol Paşinyanın dilindən müsbət açıqlamalar gəlməkdə davam edir.

Məsələn, Paşinyan ötən həftəsonu yerli əhali ilə son görüşündə bir daha bölgədə kommunikasiyaların açılması zəruriliyindın danışıb və bəyan edib ki, bunun nəticəsində ölkə iqtisadiyyatı və sənayesinin inkişafı mühüm şans qazanacaq. Bu kontekstdə baş nazir regiondakı nəqliyyat infrastrukturlarının blokadadan çıxarılmasının vacibliyini vurğulayıb.

“Biz bəzi qərarlar verməliyik. Bilirsiniz ki, Rusiya və İrana gedən dəmir yollarımız Azərbaycandan keçir. Və anlamalıyıq ki, Azərbaycana öz ərazimizdən yol verməyənə kimi onun ərazisindən keçə bilmərik. Mövcud marşrutlardan qarşılıqlı şəkildə istifadə etməyi bacarmalıyıq” - Paşinyan bildirib.

Onun sözlərinə görə, bölgəyə münasibəti dəyişdirmək lazımdır. “Bəli, regionda düşmənlərimiz var, amma gəlin fiksə edək ki, biz onları daha çox düşmən saydıqca onlar da bizi düşmən hesab edəcəklər. Bölgədə Ermənistan ətrafında əlverişli atmosfer yaratmalıyıq. Bunun üçün də bölgəyə baxışımızı dəyişdirməliyik”, - deyə Ermənistan rəhbəri diqqətə çatdırıb.

Şərh yaz


Məxfi kod
Yenilə