Şənbə, 27 June 2020 12:34

Ermənilər Ağdamda hərbi təlim keçir-təhlil

Ermənilər Ağdamda hərbi təlim keçir-təhlil

Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti dəfə hərbi təlimlərə başlayıb.

 Ermənilər bu dəfə Ağdamın Uzundərə adlanan ərazisində cəmləşib. Ermənistan hərbçiləri təlimlərə dünən saat 11:00 radələrində başlayıb. Uzundərədə quraşdırılan ağır artilleriya qurğularından çıxan mərmilər Şahbulaq yüksəkliyinin ətrafındakı dağ massivinə düşür.

Məlumatda qeyd olunur ki, mərmilər hədəfə dəyərkən çıxan partlayış səsləri cəbhəyanı yaşayış məntəqələrindən eşidilir.

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda baş vermiş silahlı münaqişə nəticəsində bu gün Azərbaycan öz ərazilərinin təxminən beşdə birinə nəzarət edə bilmir. Bölgədə elan olunmuş qondarma “Dağlıq Qarabağ Respublikası” adlı separatçı qurum Sovet İttifaqı dövründə mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin böyük hissəsini və Azərbaycanın daha 7 rayonunu özündə birləşdirir. Bu ərazilər 1990-cı illərin əvvəllərində erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Bu gün ora monoetnik əraziyə çevrilib və ABŞ kimi dövlətlərin maliyyə yardımları , eləcə də Ermənistanın dövlət büdcəsi hesabına idarə olunur.

Bu arada beynəlxalq vasitəçilər problemin həlli üçün hazırladıqları “Madrid prinsipləri” adlı planı münaqişə tərəflərinə hələ 2007-ci ildə təqdim etsə də, Bakı ilə İrəvanın mövqeyindəki dərin ziddiyyətlər münaqişənin həllinə mane olur. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını xarici siyasətinin prioriteti elan etmiş Azərbaycan onun ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllini tələb edir və məhz bunu beynəlxalq hüquq normalarına uyğun hesab edir. Ermənistan isə xalqların öz müqəddəratını təyin etməsi prinsipinə üstünlük verir. Bu, ölkələrin ərazi bütövlüyü prinsipilə tam ziddiyyət təşkil edir. Bunun nəticəsi olaraq Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaq istəmir, Bakı isə işğalla heç vaxt barışmayacağını bildirir. Bu istiqamətdə Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan ərazilərinin qaytarılmayacağını bildirməsi danışıqlar prosesinin dalana düşdüyünü göstərir. Məhz bunun nəticəsi olaraq müharibənin alovlanması təhlükəsi meydana çıxmışdır. Məhz bu kontekstdə hər iki mölkə ordusunun hərbi təlimlər keçirməsi düşündürücüdür.

Ermənistan ordusundan bir qədər əvvəl Azərbaycan ordusu da hərbi təlimlər keçirmişdir. İyunun 19-dan 23-dək davam edən təlimlərdə 25 min hərbi personal, 300-dən çox tank və zirehli maşın, 100 mərmi və top sistemi, 40 hərbi təyyarə və 30 hava müdafiə sistemi, dəniz donanması və xüsusi hərbi birliklər iştirak edirdi.

Təlimlər zamanı əsgərlərin yüksək səviyyəli hazır vəziyyətinə gətirilməsi, məntiqi və digər vəzifələr yoxlanılır. Yeri gəlmişkən bildirək ki, Azərbaycan öz torpaqlarında hərbi təlimlər keçirir, Ermənistan isə işğal etdiyi ərazilərdə. 

Şərh yaz


Məxfi kod
Yenilə