Bazar ertəsi, 27 Avqust 2018 11:59

Ermənistan Hindistanın “Pinaka” reaktiv sistemləri ilə maraqlanır

Ermənistan Hindistanın “Pinaka” reaktiv sistemləri ilə maraqlanır

Ermənistan öz silahlı qüvvələrinin silah təchizatını şaxələndirmək üçün növbəti cəhd göstərib. Virtualaz.org xəbər verir ki, bir neçə il əvvəl Çindən 3-4 vahid 300 millimetrlik WM-80 reaktiv yaylım atəşi sistemləri (hazırda bu sistemlər köhnəlmiş hesab edilir, yüksək dəqiqliyə malik deyil) əldə edən Yerevan bu dəfə Hindistanın “Pinaka” reaktiv yaylım atəşi sistemlərinə maraq göstərir.

Bu barədə məlumatı “The Times of İndia” nəşri Hindistanın silah təhqiqatları və istehsalı Fondunun direktoru K.M.Radjaya istinadən yayıb. Hindistan rəsmisi deyib ki, Ermənistan nümayəndə heyəti “Pinaka” reaktiv yaylım atəşi sistemləri ilə tanış olub, döyüş atışlarını izləyib. Onun sözlərinə görə, Ermənistan bu sistemlərin iki modifikasiyasına maraq göstərir və iki ölkə hökumətləri arasında danışıqlar davam edir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan bu məlumatla bağlı bildirib ki, erməni nümayəndə heyəti Hindistana səfər zamanı bir sıra silah nümunələri ilə tanış olublar. Və onların arasında “maraq kəsb edən növlər” var.

Ermənistanın Hindistan silahlarına maraq göstərməsinin iki motivi ola bilər. Birincisi, Nikol Paşinyanın hökuməti ilə Rusiya arasında münasibətlər qətiyyən yaxşı deyil və Moskvadan mesajlar verilir ki, Ermənistana kredit hesabına ucuz rus silahlarının təchizatı dayandıra bilər. Yəni Ermənistan Rusiyadan silah almaq istəyirsə bunun əvəzini Rusiyanın ayırdığı güzəştli kredit hesabına yox, “diri pulla” ödəməli olardı.

İkincisi, Ermənistan çoxdandır silah təchizatını şaxələndirmək üçün uğursuz cəhdlər edir, öz hərbi sənayesini yaratmağa can atır və üçüncü ölkələrdən silah almağa çalışır. Bu baxımdan nisbətən ucuz Hindistan silahları cəlbedici görünə bilər.

“Pinaka” reaktiv yaylım atəşi sistemlərinə gəlincə Hindistan bu sistemləri ötən əsrin 80-ci illərindən etibarən sovet istehsalı “Qrad”ları əvəzləmək üçün işləyib hazırlamağa başlayıb. 1999-cu ildə ilk dəfə Hindistan ordusunun silahlanmasına qəbul edilib və Hindistan-Pakistan sərhəd toqquşmalarında ilk dəfə tətbiq olunub. Bir neçə il əvvələ olan məlumata görə Hindistan ordusunun silahlanmasında 80-ə qədər “Pinaka” reaktiv yaylım atəşi sistemi var idi.

214 millimetrlik “Pinaka” sistemləri hədəfi minimal 10, maksimal 40 kilometr məsafədə vura bilir. Hədəfdən yayınma raketin uçuş məsafəsinin 1-4 faizi qədərdir, yəni bu sistemlər yüksək dəqiqliyi ilə tanınmır.

“Pinaka” reaktiv sistemləri həm tırtıllı, həm təkərli şassi üzərində quraşdırılıb. Sistem hərəsi 6 buraxılış borusundan ibarət olmaqla iki “paketdən” ibarətdir. Birinci paketdəki raketlər sərf olunandan sonra ikinci paket bir neçə dəqiqə ərzində yüklənir.

2006-cı ildə “Pinaka”nın yaradıcıları sistem üçün uçuş məsafəsi 120 kilometr, döyüş başlığının çəkisi 250 kiloqram olan yeni raketlər işləyib hazırladıqlarını elan ediblər. Bu raketlərin Hindistan ordusunun silahlanmasına 2012-ci ildə daxil olduğu təxmin edilir.

Şərh yaz


Məxfi kod
Yenilə