Şənbə, 20 Yanvar 2018 20:43

Qanlı Yanvar Faciəsi

Qanlı Yanvar Faciəsi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən faciədən 28 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda —yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin, təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Keçmiş SSRİ və keçmiş Azərbaycan SSR konstitusiyaları kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdı. Bu, süqut etməkdə və çökməkdə olan nəhəng imperiyanın—Sovetlər Birliyi imperiyasının son akkordları idi.

Tarixi prizmadan yanaşdıqda aydın olur ki, 20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli hadisələrindən başlanır. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə Azərbaycanın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi. Respublika vətəndaşları SSRİ rəhbərliyinin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etirazlarını bildirdi, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını tələb etdi. Bu zaman ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan Azərbaycan xalqının müqavimət əzmi daha da artmışdı. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda bu hərəkatın qarşısını müəyyən qədər alsa da, əhalinin narazılığını qətiyyən boğa bilmədi.1989-cu ildən etibarən ümumxalq etirazları yenidən bütün respublikanı bürüdü. Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən çıxarmaq yolunda Moskvanın atdığı növbəti addım SSRİ Ali Soveti Rəyasət Heyətinin muxtar vilayətdə xüsusi idarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Dağlıq Qarabağın idarə olunması mərkəzin nümayəndəsi A.İ.Volskinin başçılığı ilə yaradılmış Xüsusi İdarəetmə Komitəsinə həvalə edildi. SSRİ rəhbərliyi qəbul etdiyi rəsmi sənədlərində belə bir təsəvvür yaratmağa çalışırdı ki, regionda yaranmış vəziyyəti normallaşdırmaq üçün atdığı addımlarda həm Azərbaycana, həm də Ermənistana münasibətdə paritetlik mövqeyindən çıxış edir. Halbuki Azərbaycana, azərbaycanlılara qarşı qərəzli münasibət açıq-aşkar göz qabağında idi. Azərbaycanlılar hələ 1988-ci ildən əvvəl də SSRİ-nin mərkəzi kütləvi informasiya vasitələrində və Ermənistanın müxtəlif mətbu orqanlarında məqsədyönlü şəkildə həyata keçirilən ideoloji təcavüzə məruz qalırdılar. Bu, 1988-ci ildə Ermənistanda, eləcə də DQMV-də başlanmış kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi də hesab edilə bilərdi. Ermənistanda yaşayan azərbaycanlıların misli görünməmiş qəddarlıqla ata-baba yurdlarını tərk etməyə məcbur edilən zaman neçə-neçə soydaşımız, o cümlədən qocalar, qadınlar və uşaqlar qətlə yetirildi. Bütün bunlar SSRİ rəsmiləri tərəfindən tam sükutla müşayiət olunurdu. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün xalq ayağa qalxdı. SSRİ rəhbərliyi isə hüququ pozulan azərbaycanlılara divan tutmaq yolunu seçdi.1990-cı il yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Bakının zəbt edilməsi xüsusi qəddarlıqla və misli görünməmiş vəhşiliklərlə müşayiət olundu. Öz milli mənafeyi və hüquqlarının qorunması üçün ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və beləliklə sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycana, azərbaycanlılara qarşı hərbi təcavüzü və ağlasığmaz cinayəti idi. Bu, insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən “İnsan hüquqlarının ümumi Bəyannaməsi”, “Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların, habelə keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarının kobudcasına pozulması demək idi. Kommunist diktaturası vaxtilə Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Ordu hissələrinin tərkibində Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da var idi.SSRİ DTK-sının “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə saat 1-dək xeyli adam öldürülmüşdü. Bakıda fövqəladə və-ziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.Respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verdi. Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdilər.Faciədən sonrakı tarixi proses Azərbaycan xalqının siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi. 20 Yanvar hadisələrində qurbanlar verildi, lakin həmin faciəli günlər inam və sınaq günü kimi də yadda qaldı. Qəhrəman xalq həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etdi.

Qondarma “Dağlıq Qarabağ” hadisələri ilə bağlı 1988-ci ildən başlayaraq sərhəd kəndləri erməni yaraqlılarının hücumlarına məruz qalırdı. İlk dəfə sərhəddə yerləşən Eyvazlı kəndi erməni yaraqlıları tərəfindən bütünlüklə yandırıldı və kənd əhalisinin böyük hissəsi rayon mərkəzində məskunlaşdı, bir hissəsi isə digər rayonlara köçməli oldu. Bütöv bir kəndin yandırılması faktı respublika ictimaiyyətindən gizlədildi. Bu həmin dövrün iqtidarının xalqa zidd, yabançı siyasətindən irəli gəlirdi. Belə faktlar isə yeganə hal deyildi.

Həmin dövrdə Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin əvvəlki nömrəsi 18 yanvar 1990-cı ildə çıxdığı halda, ondan sonrakı nömrəsi yalnız 27 yanvar 1990-cı il tarixdə çıxdı. Başqa sözlə, doqquz gün qəzet çap edilməmiş, bu müddətdə 20 Yanvar faciəsi barədə xalqa rəsmi məlumat verilməmişdi.

Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdi.

Yanvarın 22-də Bakıda şəhidlərin izdihamlı dəfn mərasimi təşkil edildi. Lakin təpədən-dırnağa qədər silahlanmış, “müzəffər sülh ordusu” kimi dünya ictimaiyyətinə həmişə təqdim edilən Sovet ordusunu dinc əhalinin qarşısına çıxaranlar, hətta iqtidar rəsmiləri də dəfn mərasimində iştirak etməyi lazım bilmədilər.

Haqlı sual doğur: 20 Yanvar faciəsinin qarşısını almaq mümkün idimi?

Bəli. Əgər, Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya, siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.

1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir.

20 Yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunsit Partiyasının rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin, şəxsən Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərəzli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdur.

Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada böyük əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da Yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi.

Azərbaycan xalqı bu gün 20 Yanvar faciəsinin 28-ci  ildönümünü qeyd etdi.

20 Yanvar faciəsinin qondarma “Dağlıq Qarabağ problemi” ilə əlaqədar olduğunu nəzərə alaraq bir məqamı da qeyd etmək xüsusilə yerinə düşər. Azərbaycan bu problemin beynəlxalq hüquq normalarına müvafiq dinc yolla yaxın vaxtlarda ədalətli həllini gözləyir.

Bu kateqoriyada daha ətraflı: « Tramp öz sonuna doğru addımlayır

Şərh yaz


Məxfi kod
Yenilə