Cümə axşamı, 21 Dekabr 2017 12:33

Dünyanın baş bankirləri "bitcoin"ə qarşıdır

Dünyanın baş bankirləri "bitcoin"ə qarşıdır

Son zamanlar diqqətləri özünə cəlb edən kriptovalyutalar onlarla bağlı ciddi sualların yaranmasına səbəb olub: Kriptovalyutalara etibar etmək olarmı?

Kriptovalyutalar dünya bankirlərini, mərkəzi bank rəhbərlərini iki cəbhəyə bölüb. Hər kəs bir neçə əsas suala cavab tapmağa çalışır. Məsələn, hazırda fantastik populyarlıq qazanan kriptovalyutalarla nə etməliyik? Ümumiyyətlə, onlara bu qədər diqqət ayırmağa dəyərmi? Kriptovalyutaların rəsmi versiyasını buraxmağa dəyərmi? İnkişaf etmiş ölkələrin baş bankirlərinin bununla bağlı mövqeyi ciddi şəkildə fərqlənir.

 

ABŞ

 

Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) bəyan edib ki, bir neçə il ərzində kriptovalyutaları diqqətlə öyrənib. Həmin dövrdən etibarən FED kriptovalyutalarla məşğul olmaq ideyasına həvəssiz yanaşır. FED-in gələcək rəhbəri Cerom Pauell bəyan edib ki, "bitcoin"ə skeptik yanaşır. Pauellin fikrincə, kriptovalyutalarla bağlı bir neçə məsələ qaranlıq olaraq qalır ki, bunların başında texniki məsələlər durur: məsələn, texnologiya, tənzimləmə və bir sıra digər risklər. Pauell hesab edir ki, mərkəzi banklar kriptovalyutaların buraxılışında ciddi çətinliklərlə üzləşəcəklər. "Yatırımların və əməliyyatların məxfiliyinin qorunması ilə bağlı problemlər ola bilər. Mərkəzi banklardan fərqli olaraq, rəqəmsal valyutalarla özəl sektor rahatlıqla işləyə bilər. Bununla yanaşı, hazırda kriptovalyutaların həcmi o qədər böyük deyil ki, monetar siyasətin planlaşdırılması zamanı onları nəzər alaq", - deyə ABŞ-ın gələcək baş bankiri bildirib.  

FED-in nəzarət üzrə vitse-sədri Rendal Kuorls isə dekabrın 1-də bəyan edib ki, FED "bitcoin"i tənzimləmək niyyətində olmasa da, ideyanın özü ciddi araşdırmaların aparılmasını tələb edir.

 

AVROZONA

 

Avropa Mərkəzi Bankı (AMB) isə dəfələrlə rəqəmsal valyutalara investisiya qoyuluşunun riskli olduğunu bəyan edib. AMB-nin vitse-prezidenti Vitor Konstantsio sentyabrda deyib ki, "bitcoin"i valyuta hesab etmək olmaz. Onun sözlərinə görə, o, daha çox "zanbağ"ı xatırladır. Beləliklə, AMB rəsmisi XVII əsrdə Niderland Krallığında baş verən maliyyə "köpüyü"nə işarə edib.

 

AMB-nin Direktorlar Şurasının üzvü Benua Küre də "bitcoin"in qeyri-stabil dəyəri barədə xəbərdarlıq edib. Bununla yanaşı, Küre deyib ki, "bitcoin" vergidən yayınma və cinayətkarlıqla əlaqəlidir. Bu isə ciddi risklər yaradır.Noyabrda isə AMB prezidenti Mario Draqi bəyan edib ki, kriptovalyutaların Avrozona iqtisadiyyatına təsiri məhduddur və onlar mərkəzi bankların inhisarı üçün təhlükə yaratmır. 

ÇİN

 

Çin Xalq Bankı gizlətmir ki, ölkədəki kriptovalyutalara tamamilə nəzarət edir. 2014-cü ildə rəsmi Pekin rəqəmsal valyutaların inkişafı üçün xüsusi komissiya yaradıb. "Şərait texnologiyaları nəzarət etmək istiqamətində formalaşıb", - deyə mərkəzi bankın açıqlamasında vurğulanıb. 

Çin Xalq Bankı kriptovalyuta istehsalçıları ilə "münasibətlərinə aydınlıq gətirib" və rəqəmsal valyutaların birjalarda ticarətini qadağan edib. Çin hökuməti hesab edir ki, kriptovalyutalar ödəniş sisteminin effektivliyinin artırılmasına müsbət təsir, hətta valyuta bazarına dəqiq nəzarət etməyə kömək edə bilər. Düzdür, hələlik Çin Xalq Bankı rəsmi rəqəmsal valyutaları nə zaman dövriyyəyə buraxacağını açıqlamaq istəmir.YAPONİYA 

Yaponiya Bankının prezidenti Haruhiko Kuroda oktyabrda bildirib ki, rəhbərlik etdiyi tənzimləyicinin gündəliyinə rəqəmsal valyuta buraxılışı ilə bağlı məsələ daxil deyil. Bununla yanaşı, Kuroda onların hərtərəfli öyrənilməsinin vacibliyini vurğulayıb: "Rəsmi rəqəmsal valyutanın buraxılışı o deməkdir ki, Mərkəzi Bank öz hesablarına istənilən şəxsin girişinə icazə verir". 

ALMANİYAHazırda Almaniya əhalisinin böyük hissəsi nağd alış-verişə üstünlük verir. Belə olduğu təqdirdə, "Bundesbank" "bitcoin"in və digər kriptovalyutaların yaradılmasına xüsusi həssaslıqla yanaşır. Mərkəzi bankın İdarə Heyətinin üzvü Karl-Lüdviq Tile "bitcoin"i bu cür xarakterizə edib: "O, ödəniş vasitəsindən daha çox "spekulyativ oyuncağ"ı xatırladır. Bu, bankların biznes modelini pozacaq. Bununla yanaşı, kriptovalyutalar mərkəzi bankların monetar siyasətini dağıda bilər".

 

BÖYÜK BRİTANİYA

 

İngiltərə Bankının icraçı direktoru Mark Karni kriptovalyutaları qlobal maliyyə bazarları üçün potensial inqilab hesab edir. Karni hesab edir ki, blokçeynə əsaslanan texnologiya bir çox müsbət şey vəd edir. Onun fikrincə, bu texnologiyanın köməyi ilə mərkəzi banklar kiberhücumlardan müdafiə oluna bilərlər. Bununla yanaşı, onun hesabına maliyyə təşkilatları və müştərilər arasında ödəniş sistemi təkmilləşdirilə bilər. Bütün bunlarla yanaşı, o, hesab edir ki, İngiltərə Bankı funt sterlinqin rəqəmsal versiyasının yaradılması ideyasında çox uzaqdır.FRANSA

 

Fransa Bankının rəhbəri Fransua Villerua de Qalo isə deyir ki, "bitcoin"ə olduqca ehtiyatlı yanaşmaq lazımdır. "Kriptovalyutaların arxasında heç bir rəsmi təşkilat, qurum dayanmır. Tarix göstərir ki, qeyri-rəsmi valyutaların sonu heç də yaxşı olmur. "Bitcoin"in öz qaranlıq tərəfi var", - deyə o vurğulayıb.

KANADA

 

"Royal Bank of Canada"nın böyük vitse-prezidenti Kerolayn Uilkins hesab edir ki, "bitcoin"i real valyuta kimi qəbul etmək doğru deyil. Onlar ciddi şəkildə təhlil olunmalıdır.HİNDİSTAN

 

Hindistan Mərkəzi Bankı qəti şəkildə kriptovalyutalara qarşı çıxır. Bank rəhbərliyi hesab edir ki, rəqəmsal valyutalar çirkli pulların yuyulmasında və terrorçuluğun maliyyələşdirilməsində istifadə oluna bilər. Bununla yanaşı, "Reserve Bank of India" kriptovalyutaların tətbiq olunmasının mümkünlüyü öyrənən iqtisadçılar qrupunu yaradıb.Hazırda mərkəzi bank hesab edir ki, kriptovalyutalardan istifadə valyuta əməliyyatlarına dair qaydaları pozmaq deməkdir.

 

RUSİYA

 

Rusiya Bankının rəsmiləri də dəfələrlə kriptovalyutalardan istifadəyə dair narahatlığını ifadə edib. Baş bankir Elvira Nabiullina bəyan edib ki, o qəti şəkildə qeyri-rəsmi valyutaların istifadəsinə qarşıdır. Hazırda Rusiya Bankı maliyyə alətlərinin tənzimlənməsi üçün tələsmir. "Bloomberg" agentliyi əmindir ki, son sözü Rusiya prezidenti Vladimir Putin verəcək. Rusiya Bankı sədrinin birinci müavini Sergey Şvetsov deyir ki, tənzimləyici Baş Prokurorluq da birgə "bitcoin" ilə əməliyyatlara icazə verən saytları bloklayacaq.

Şərh yaz


Məxfi kod
Yenilə