Cümə axşamı, 15 June 2017 12:36

Azərbaycan kimdən nə alır və kimə nə satır?

Azərbaycan kimdən nə alır və kimə nə satır?

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 93 ölkəyə məhsul ixrac olunub, 148 ölkədən idxal olunub.

 

Xarici ticarətin həcmi

 

Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, 2017-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 7000,8 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 4835,8 mln. dollar, idxalın dəyəri 2165,0 mln. dollar təşkil edib. Nəticədə 2670,8 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,8% artıb, real ifadədə isə 15,2%, o cümlədən ixrac 6,8%, idxal 27,6% azalıb.

 

İxracda İtaliya, idxalda Rusiya

 

Ticarət dövriyyəsinin 39,4%-i Avropa İttifaqı ölkələri, 12,1%-i MDB üzvü dövlətləri, 48,5%-i isə dünyanın digər ölkələrinin payına düşüb. İxracın dəyərinin 23,2%-i İtaliyaya, 10,8%-i Türkiyəyə, 5,4%-i Çinə, hər biri 5,2%-i olmaqla Portuqaliya və İsrailə, 4,9%-i Tayvana (Çinin əyaləti), hər biri 4,4% olmaqla, Almaniya və Kanadaya, 4,3%-i Gürcüstana, hər biri 3,4% olmaqla, Rusiya və Hindistana, qalan 25,4%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

 

İdxal olunmuş məhsulların dəyərinin 18,8%-i Rusiyanın, 16,6%-i Türkiyənin, 9,8%-i Çinin, 5,0%-i Almaniyanın, 4,5%-i Ukraynanın, 4,4%-i ABŞ-ın, 3,8%-i İtaliyanın, 3,7%-i Birləşmiş Krallığın, 3,3%-i İranın, 2,5%-i Qazaxıstanın, 1,8%-i Fransanın, 25,8%-i isə digər ölkələrin payına düşüb.

 

İdxal və ixrac etdiyimiz məhsullar

 

Hesabat dövründə 408,2 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 22,6%, real ifadədə isə 20,5% çoxdur.

 

Bu ilin yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 62,3%, təzə tərəvəz – 74,6%, tütün – 49,5%, çay – 22,1%, meyvə və tərəvəz şirələri – 49%, təbii üzüm şərabları və üzüm sulosu – 15,0%, meyvə və tərəvəz konservləri – 14%, polietilen – 0,3%, pambıq lifi – 5,8 dəfə, bentonit gili – 3,4 dəfə artıb, şəkər ixracı isə 2,1%, bitki yağları – 2,5%, kartof – 27,9%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,5%, emal olunmamış alüminium – 31,5%, qara metallardan borular – 22,3%, qara metallardan yarımfabrikatlar – 67%, pambıq ipliyi – 37,5% azalıb.

 

2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 2017-ci ilin yanvar-aprel aylarında təzə meyvə idxalı 10,7%, çay – 4,1%, quş əti və onun əlavə məhsulları – 2,2 dəfə, mal əti – 2,2 dəfə, minik avtomobilləri – 7,4%, polad prokatı – 6,3%, hesablama maşınları, blok və qurğuları – 2,4 dəfə, mebel – 34%, qara metallardan çubuqlar – 0,3%, rezin şinlər – 73,1%, mineral gübrələr – 4,3 dəfə, qara metallardan künclüklər ­– 38,4%, paltaryuyan maşınlar – 2,2 dəfə, məişət kondisionerləri – 2,3 dəfə, yük avtomobilləri – 81,1%, avtobuslar – 13% artıb, buğda idxalı isə 47,6%, xam şəkər və şəkər – 0,9%, bitki yağları – 30,1%, kərə yağı, digər süd yağları və pastaları – 3,7%, kartof – 16%, təzə tərəvəz – 35,7%, qara metallardan borular – 74,6%, polietilen – 30,8%, sement və sement klinkerləri – 92,1%, məişət soyuducuları – 44,6% azalıb.(oxu.az)

Şərh yaz


Məxfi kod
Yenilə