Şənbə, 06 May 2017 12:12

Türkiyə və Azərbaycan üçün kritik təhdid ayı – dəngə dəyişir

Türkiyə və Azərbaycan üçün kritik təhdid ayı – dəngə dəyişir

Avqustda kürd dövlətinin elan olunması gözlənilir – təhlükəli gedişat; ABŞ və Rusiyanın mövqeyi Ankara və Bakını da seçimlə üz-üzə qoya bilər, çünki… 

Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə bir maraqlı epizod da yaşanıb. Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşdə ona rus hərbçilərin kürd separatçı-terrorçularla (PKK-nın YPG-PYD qollarının silahlı təmsilçiləri ilə) çiyin-çiyinə çəkdirdikləri fotoları təqdim edib, öz adından narahatlıq ifadə edib.

Putin isə həmkarına “araşdıracağıq” vədini verib və Türkiyəni arxayın edib ki, Ankarada rahatsızlıq yaradan bu qəbildən addımlar atılmayacaq. Ərdoğan onu da deyib ki, Rusiya lideri bölgədə kürd dövlətinin yaradılmasına yaxşı baxmır.
***

Image result for YPG və PYD
Lakin ekspertlərə görə, rus hərbçilərinin YPG və PYD-nin silahlı qanadı ilə əməkdaşlığı dayandıracağına zəmanət yoxdur, çünki Kreml bu iki qruplaşmanı bütünlüklə ABŞ-ın nəzarətində qalmasını istəmir. Hətta hazırda Amerika ilə Rusiya arasında bu məsələdə bir yarış, mübarizə gedir. Bütün bunlar isə əlbəttə ki, qardaş Türkiyənin milli maraqlarına ziddir.
Təsadüfi deyil ki, Ərdoğanın Soçi səfəri zamanı bu məsələ Suriya (Bəşər Əsəd) problemdən sonra ikinci ən mühüm mövzu kimi diqqət mərkəzində olub. Türkiyə liderinin gələn həftə – mayın 15-də ABŞ-a nəzərdə tutulan səfəri çərçivəsində isə bu məsələ Ərdoğan-Tramp görüşünün gündəliyində olacaq.

Image result for YPG və PYD
Söz düşmüşkən, Türkiyə Baş Qərargah rəisi Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və prezidentin mətbuat katibi İbrahim Qalın artıq ABŞ-a səfər ediblər. Onların Amerikaya getməkdə əsas məqsədinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfərinə hazırlıq görmək olduğu bildirilir.
***
Bu arada İraq Kürd Muxtar Vilayətində (İKMV) müstəqilliklə bağlı keçiriləcək referendumun tarixi məlum olub. Səsvermənin avqust ayında olacağı deyilir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İKMV-nin başçısı Məsud Bərzaninin müşaviri Məhəmməd Hacı söyləyib.
Bərzaninin özü isə az öncə Fransa mətbuatına verdiyi müsahibədə Kürdüstanın müstəqil olacağını bildirmişdi. O, İraqdan sülhlə ayrılmaq istədiklərini, İraqın bütünlüyü üçün vuruşmaqdan yorulduqlarını, bu yolda on minlərlə kürdün həlak olduğunu da söyləmişdi.


Qeyd edək ki, Bərzani müstəqillik referendumu ilə bağlı əvvəllər də bənzər açıqlamalar verib. Lakin reallaşmayıb. Ona görə ki, bölgədə yeni kürd dövlətinin yaradılması əleyhdarları (Türkiyə, İran, bir çox ərəb dövlətləri) tərəfdarlardan (ABŞ, Avropa Birliyi, İsrail) qat-qat çoxdur. Bu da Bərzani administrasiyasını tərəddüddə saxlayır, onu məsələni heç olmasa, qonşu Türkiyə, İran və aparıcı ərəb dövlətləri ilə razılaşdırmaq zorunda qoyur.
Ancaq belə görünür ki, budəfəki referendum tarixi ciddidir. Kürdlər bu məsələdə ABŞ və müttəfiqlərinin xeyir-duasını almış kimi görünürlər. Xüsusən də Ankaranın nəinki Avropa və ABŞ-la, həm də deyəsən, Rusiya ilə PKK (PYD-YPG) məsələsində davam edən fikir ayrılığı Bərzani administrasiyasını ruhlandırıb.

Image result for Russia Turkey
***
Türkiyə ilə sərhəddə kürd dövlətinin yaradılması ideyası sözsüz ki, Qərbin (ABŞ-ın) yeni Yaxın Şərq layihəsinin tərkib hissəsi kimi görünür və heç şübhəsiz, həm də qardaş ölkəyə təzyiq eləmək, onu fakt qarşısında qoyub daha sözəbaxan vəziyyətinə gətirmək məramı güdür.
Bu məsələdə Rusiyanın hansı mövqe tutacağı da maraq kəsb edir. Hər necə olmasa, Moskva və Ankara arasında münasibətlər Avropa və ABŞ-dan fərqli olaraq yüksəliş dövrünü yaşayır. Söhbət xüsusilə də iqtisadi-ticari, energetika və hərbi əməkdaşlıq sahəsində son vaxtlar dərinləşən ikitərəfli əməkdaşlıqdan gedir.
Prezidentlərin Soçi görüşü bu əməkdaşlığa yeni bir impuls verib: kənd təsərrüfatı sahəsində “Su 24″ insidentinə görə tətbiq edilmiş ikitərəfli məhdudiyyətlərin, demək olar, hamısı aradan qaldırılıb, turizm sektorunda bu il daha böyük canlanma yaradacaq qərarlar verilib, “Türk axını”, Akkuyu AES-lə bağlı layihələrin reallaşmasını intensivləşdirmək üçün səylər artırılıb (Bu il “Türk axını”, 2023-cü ildə isə Akkuyu AES-in ilk bloku işə düşəcək).
O da məlum olub ki, Türkiyə Rusiya dəyəri 500 milyon dollar olan S-400 zenit-raket kompleksləri üzrə anlaşmaya yaxındırlar. Yəni ümumilikdə on milyardlarla dollarlıq layihələr masa üzərindədir. Ümumilikdə isə iki dövlət arasında ticarət dövriyyəsinin həcmini qısa zamanda 100 milyard dollara çatdırmaq hədəflənib.
***
Sadalanan faktorlar, daha doğrusu, Rusiyanın götürə biləcəyi real və böyük iqtisadi gəlirlər fonunda Moskvanın Ankaranın iradəsi əleyhinə gedərək bölgədə kürd dövlətinə “dobro” verməsi inandırıcı görünmür. Üstəlik, belə bir “dobro” sözsüz ki, Türkiyənin dost-müttəfiqi Azərbaycanı da seçimlə üz-üz qoyardı. Bakının ABŞ-la yanaşı, Rusiya ilə də münasibətlərinə xələl gətirərdi. Nədən ki, qardaş Türkiyə harda, Azərbaycan da orda. Türkiyəyə dəyən zərbə Azərbaycana dəyən zərbədir.
Yəqin ki, Moskva da Vaşinqton kimi vəziyyətin həssaslığının fərqindədir və qərar verərkən bu amili də ciddiyə alacaq. Bir sözlə, həm region dövlətləri, həm də ABŞ və Rusiya üçün avqust kritik bir ay ola bilər. Bunu öncəliklə Türkiyə və Azərbaycana qarşı yeni təhdid saymaq lazım gəlir. Avqustda bölgədə dəngə dəyişə bilər…(musavat.com)

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎