Bazar, 16 Aprel 2017 12:24

Türkiyə xalqı kimə və nəyə "Evet" və "Hayır" üçün səs verəcək

Türkiyə xalqı kimə və nəyə "Evet" və "Hayır" üçün səs verəcək

Məclisi Mebusan (Parlament) Osmanlı imperiyasında 1876-ci il 23 dekabr tarixli Qanun Əsasına (Konstitusiya) görə qurulmuş və 1-ci Məşrutə və 2-ci Məşrutə dövründə fəaliyyət göstərmiş qanunverici orqandır. Seçilmiş deputatlardan ibarətdir və padşah tərəfindən təyin olunan (daha az sayda) yuxarı palata üzvlərinin yaratdığı Soylular Məclisi (Əyanlar məclisi) ilə birlikdə Ümumi Parlamenti (Məclisi Ümumi) təşkil edirdi.

II. Əbdülhəmid dövrünün sonunda, 1908-ci ilin 23 iyul tarixində 2-ci Məşrutənin elan edilməsilə həmin ilin noyabr və dekabr aylarında parlament seçkisi keçirilmişdir. Əhrar Firqəsi və İttihad və Tərəqqi Cəmiyyətinin iştirak etdiyi seçkilərdə, İttihad və Tərəqqi Cəmiyyəti əksər çoxluğu təmin etmiş və 4 dekabr 1908-ci ildə Məclisi Mebusan fəaliyyətə başlayır. Bu parlament 2-ci Əbdülhəmidin taxtdan endirilməsindən sonra 1909-cu ilin mayında Konstitusiya üzərində dəyişikliklər edərək padşahın və Soylular Məclisinin səlahiyyətlərini azaltdı, öz səlahiyyətlərini artırıb. Bu o deməkdir ki, aprelin 16-da Türkiyə xalqı 200 illik bir idarəçilik sisteminin ləğvinə Evet və Hayır üçün səs verəcək. Bunu daha aydın başa düşmək üçün konstitusiya dəyişikliyi maddələrinə nəzər etmək kifayətdir.

Yeni konstitusiyanın maddələri aşağıdakılardan ibarətdir.

 

1. Türkiyə Böyük Millət Məclisinin (Parlamentin) deputatların sayı 550-dən 600-ə qaldırılacaq.

2. Deputat seçilmək yaşı 25-dən 18-ə endiriləcək

3. Parlament və prezident seçkiləri 5 ildən bir olacaq, seçkilər eyni gündə baş tutacaq.

4. Parlament nəzarət və məlumat əldə etmə səlahiyyətini "Parlament araşdırması", "Ümumi toplantı", " Parlament istintaqı" və "Yazılı sual" yolu ilə istifadə edə biləcək.

5. Prezidentin partiyasıyla əlaqəsi kəsilməyəcək.

6. Prezidentin vəzifə müddəti 5 il olacaq, bir adam ən çoxu 2 dəfə prezident ola biləcək

7. Prezidentliyə seçkilərdə etibarlı səslərin ən az 5 %-ni alan partiyalar ilə ən azı 100 min seçici namizəd göstərə biləcək.

8. Seçkidə etibarlı səslərin tam əksəriyyətini alan namizəd prezident seçiləcək.

9. Prezident "dövlət başçısı" olacaq, icra mandatı ilə birlikdə baş komandanlığı təmsil edəcək

10. Prezident müavinlərini, yəni vitse-prezidentləri və nazirləri təyin edə, həmçinin vəzifələrinə xitam verə bilər.

11. Prezident konstitusiya dəyişikliklərinə dair qanunları lazım bildiyi təqdirdə referenduma təqdim edə biləcək.

12. Prezident icra nümayəndəsinə bağlı məsələlərdə prezident fərmanı verə biləcək

13. Qanunda açıq şəkildə tənzimlənən məsələlərdə prezident fərman verə bilməyəcək.

14. Parlamentin həmin məsələdə qanun qəbul etməsi vəziyyətində, prezident fərmanı qanunsuz sayılacaq.

15. Parlament prezident, vitse-prezidentlər və nazirləri haqqında istintaq açılmasını tələb edə biləcək.

16. Barəsində cinayət işi açılan prezident seçki qərarı verə bilməyəcək.

17. Prezident bir və ya birdən çox vitse-prezident təyin edə biləcək.

18. Vitse-prezidentlər və nazirlər deputat seçilmək iqtidarına malik olanlar arasından prezident tərəfindən təyin oluna və vəzifəsindən çıxarıla biləcək.

19. Deputatın vitse-prezident və ya nazir təyin olunması vəziyyətində parlamentə üzvlükləri başa çatacaq.

20. Parlament üzvlərinin ümumi sayının beşdə üç əksəriyyəti ilə seçkilərin yenilənməsinə qərar verə biləcək.

21. Prezident qanunda tənzimlənən uyğun şərtlərin reallaşması vəziyyətində "fövqəladə vəziyyət" elan edə biləcək.

22. İntizam məhkəmələri istisna olmaqla, hərbi məhkəmələr qurulmayacaq

23. Hakimlər və Prokurorlar Ali Qurumunun adı, Hakimlər və Prokurorlar Qurumu şəklində dəyişəcək.

24. Büdcəni prezident Parlamentə təqdim edəcək

25. Nazirlər Kabineti olmayacaq. İcra səlahiyyəti və vəzifəsi, prezident tərəfindən konstitusiyaya və qanunlara uyğun olaraq, istifadə ediləcək və yerinə yetiriləcək

26. Parlamentin növbəti seçkisi və prezident seçkiləri, 3 noyabr 2019-ci il tarixində birlikdə keçiriləcək.

27. Hərbi prokurorluq, hərbi ali məhkəmə və hərbi məhkəmələr yığışdırılacaq

 

AKP və Ərdoğan prezidentlik sistemində niyə bu qədər israr edir?

 

AKP (Ədalət və İnkişaf Partiyası) 2002-ci ildən etibarən böyük bir çoxluqla iqtidar olmasını təmin etmişdir. Etmək istəyib edə bilmədiyi heç bir tənzimləmə, qəbul etmək istədiyi və bunu edə bilmədiyi heç bir qanun olmayıb. Bu gün də ciddi bir çoxluğa malikdir. Yenə istədiyi hər bir qanunu qəbul edə bilir. Vəziyyət belə olduğu təqdirdə, AKP və Ərdoğan prezidentlik sistemində niyə bu qədər israr edir? Buna səbəb AKP-nin seçicilərini itirməsini göstərsək, heç də yanılmarıq.

 

Qonşu ölkələrlə "sıfır problem" siyasətinin daha çox problem siyasəti şəklində davam etdirilməsi, xüsusi ilə Suriya və İraqla yaranmış gərginlik səbəbilə dərinləşən iqtisadi böhran, Almaniya və Hollandiya ilə yaradılan gərginlik, yenicə özünə gəlməyə çalışan turizm sektoruna vurulan ölümcül zərbə, Avropada yaşayan türklərin gələcəkləri barədə narahatlığa səbəb olan proseslər, hərbi sahədə "uğur qazanan" Fərat qalxanı əməliyyatının diplomatiya sahəsində müvafiq addımlarla kifayət qədər dəstəklənməməsi və s. Bunu xeyli də saymaq olar. Şübhəsiz, bütün bunlar, AKP seçicisinin bir hissəsinin bu gün niyə "Xeyr" demək meylində olduğunu açıqlayan digər amillərdir. Belə ki, 2015-ci ilin 7 iyun seçkilərində (40.9%) koalisiya hökuməti seçimi ilə üzləşməsi AKP və Ərdoğana həyəcan təbili oldu. Ərdoğan özünün və AKP-nin taleyini qorumaq və bu prosesi davam etdirmək üçün prezidentlik sistemi şərt görür.

 

Dövlət Bağçalı niyə bu gün AKP ilə prezidentlik sisteminə "Bəli" üçün səy edir?

 

2015-ci ilin iyun seçkilərindən sonra heç bir halda istənilən bir koalisiyanın tərkibində olmayacaqlarını və prezidentlik sisteminin əleyhinə olduğunu söyləyən (MHP-nin sədri) Dövlət Bağçalı niyə bu gün AKP ilə prezidentlik sisteminə "Bəli" üçün səy edir. Bağçalı Ərdoğana istədiyi prezidentliyi verərək, öz məqsədlərini reallaşdıra biləcəyinə inanır. Bağçalı referendumda "Bəli" səsinin çıxmasının əslində xeyrinin özünə olacağını çox yaxşı bilir. Siyasi nöqteyi-nəzərdən üç qazancı olacaq. İqtidara gəlmək / partiya daxilindəki rəqiblərindən xilas olmaq /AKP ilə koalisiya çərçivəsində hakimiyyətin bir hissəsinə çevrilmək.

Diğer tərəfdən, əgər referendumda "Xeyr" çıxsa, çox da zərər görməyəcək. Çünki qısa müddətli faydalar onsuz da davam edəcək və əsl itirən tərəfin AKP olduğu qənaəti hamı tərəfindən qəbul ediləcək. Beləliklə, bir tərəfdən MHP-yə bir səs axını baş verə biləcək, digər tərəfdən də AKP-nin iqtidar olması üçün MHP-yə ehtiyacı daha da artacaq.

 

Temel Karamollaoğlu: "İqtidar "Bəli" deyilməməyimiz üçün əlindən gələni etdi"

 

Səadət Partiyasının sədri (SP) Temel Karamollaoğlu "əslində prezident sisteminə əleyhinə olmadıqlarını, lakin referenduma təqdim olunan mətnin məzmununa əleyhinə olduqlarını bildirib. "Əslində biz, prezidentlik sisteminə "Bəli" demək üçün çox çalışdıq. Ancaq iqtidar da "Bəli" deyilməməyimiz üçün əlindən gələni etdi", - deyən Karamollaoğlu, səbəblərini belə sıralayıb:

"Bu mətndə "güc bölgüsü" prinsipi təmin olunmamışdır. Prezidentlik sistemində daha güclü vəziyyətə gətirilməli olan parlament, tam əksinə, daha gücsüz bir vəziyyətə gətirilmişdir.

Bu mətndə məhkəmə müstəqilliyi və obyektivliyini təmin edəcək heç bir işarə yoxdur. Tək söylənilən, "bizə güvənin" olar. Ciddi bir nəzarət mexanizmi yaradılmamışdır, parlament hökumətdən demək olar ki, tamamilə qoparılmışdır.

Karamollaoğlu konstitusiya dəyişikliyi referendumunda "Xeyr" çıxması vəziyyətinin, partiyasının Türkiyənin ən güclü partiyası olduğunu ortaya çıxacağını söyləyib. "Sanki yeni həmlənin astanasındayıq. Hətta elə bilirəm hakimiyyətin astanasında durmuşuq. Türkiyə siyasətinə ən böyük təsiri olan, hətta icra edən partiya nöqtəsinə gələcəyik", - deyə Karamollaoğlu bildirib.

 

Referendumda, "Xeyr" çıxsa Türkiyənin ən təsirli və güclü partiyası olduğumuz başa düşüləcək. "Bəli" səsi çıxarsa insanlar, "biz nə etdik? Bu ölkə hara gedir?" deyə sığınacaqları struktur biz olacağıq. Yenə də bizə gələcəklər".

 

Kamal Kılıçdaroğlu: "Məni yola gətirsinlər söz verirəm mən də çıxıb "bəli" səsimi verəcəyəm"

 

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu referenduma belə münasibət bildirib: "Bu tək adamlıq rejimdə seçkiylə gəlməyən biri prezidenti təmsil edəcək. Məni yola gətirsinlər söz verirəm mən də çıxıb "bəli" səsimi verəcəyəm.

 

Cənab prezident, Binalı bəy, Bağçalı da, niyə "Bəli", nə üçün "Yox" deyilməli olduğunu izah etsinlər. Məsələn; mən deyirəm ki, prezident tərəfsiz olmalıdır. Məhkəmə siyasiləşməməlidir, bir partiyanın sədri baş qərargah rəisi təyin edilməməlidir, çünki ordu siyasiləşdirirsiniz. Təyin olunacaq şəxslərin xüsusiyyətini prezident müəyyənləşdirəcək. Hansı şərtlərlə biri vitse prezident olacaq. Bütün bunlar dövlətin strukturu və fəaliyyəti barədə fərman verəcəklər. Türkiyə Cümhuriyyətinin gələcəyi baxımından son dərəcə təhlükəli bir hadisədir.

Qanun qəbul etmək səlahiyyəti parlamentin əlindən alınır. Bəzi məsələlərdə sərəncam səlahiyyəti birbaşa prezidentə veriləcək. Səlahiyyəti alınan bir parlamentin güclü bir parlament deyildir. Büdcə səlahiyyətini də məhdudlaşdırırsınız. Haradan çıxdı bunlar? Sayı 550-dən 600-ə qaldırırsınız. Bununla parlamentin güclənəcəyiniz düşünürsünüz? Onda 1000-ə yüksəldin və dünyanın ən güclü parlamenti bizdədir deyin. Bütün dünya sizə güləcəkdir. Parlament nazirliklərin sayını müəyyənləşdirir. Bu səlahiyyəti nə üçün parlamentdən alıb bir adama veririk?".

 

Doğu Perinçek: "ABŞ-ın Tomahavk raketlərinin referendumda "Bəli" cəbhəsini vurdu"

 

Türkiyənin Vətən partiyasının sədri Doğu Perinçek, ABŞ-ın Tomahavk raketlərinin referendumda "Bəli" cəbhəsini vurduğunu iddia edib." ABŞ-İsrail cəbhəsi, şər cəbhəsidir. Şər cəbhəsinə "Bəli" deyirsinizsə, cəhənnəmdəki yerinizi seçin. ABŞ-ın Tomahavk raketlərini kimlər alqışladı görmədinizmi? Ən birinci İsrail rejimi, sonra PKK/PYD, İŞİD, terror təşkilatlarının hamısı!

Terrorçulara bir "Bəli" səsi də siz verəcəksiniz, o "Bəli"nin hesabını nə millətinizə, nə qonşularımıza, nə insanlığa, nə də vicdanınıza verməzsiniz! Ömrünüz boyu əzab çəkməyə hazır olun! ABŞ-İsrail rejimi cəbhəsi, şər cəbhədir".

 

Nəticə: Demokratiya və inkişaf etmiş ölkələrə baxdığımızda həm prezidentlik sistemi ilə, həm də parlamentli sistemlə idarəçiliyin mövcud olduğunu görərik. Burada mühüm olan şey, hər iki sistemi də demokratik edən əsas prinsiplərinin və balanslarının qorunub qorunmamasıdır. Bu cür nəzarət sistemləri prezident sistemində fərqli bir şəkildə, parlamentar sistemdə yenə də fərqli bir şəkildədir. Amma bu əsas prinsiplərin olması mühümdür. Belə ki, qanunvericiliyin, icranın və məhkəmənin bütün bunların bir tərəfdən bir-birinin işinə qarışmaması, amma bir tərəfdən də ahəng içində işləməsi lazımdır. Bu olandan sonra, siyasi seçimin nə olması mühüm deyil.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎