Bazar ertəsi, 20 iyul 2015 19:41

Almaniyadan yüksək səviyyəli siyasi-iqtisadi heyətin İrana olan səfərinin önəmi-Təhlil

Almaniyadan yüksək səviyyəli siyasi-iqtisadi heyətin İrana olan səfərinin önəmi-Təhlil

Almaniya kanslerinin müavini və Almaniyanın iqtisadiyyat və enerji naziri Ziqmar Qabriyel yüksək səviyyəli bir siyasi-iqtisadi heyətin başında Tehrana səfər edib. Bu səfərdə məqsəd iki ölkə arasındakı iqtisadi əlaqələrdə yaranmış bir neçə illik durğunluğu aradan qaldırmaq və yenidən əməkdaşlıqların genişləndirilməsinə zəmin yaratmaq üçün İran İslam Respublikası rəsmiləri ilə görüşüb, danışıqlar aparmaqdır.

Vyanada İran İslam Respublikası və 5+1 Qrupu arasında nüvə müzakirələri ilə bağlı ilkin anlaşmanın əldə olunmasından 5 gün sonra, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı bir qətnamə qəbul etməli olduğu bir gündə, Almaniya kanslerinin müavini yüksək səviyyəli bir heyətin başında Tehrana səfər edib. Bununlada Almaniya göstərmiş oldu ki, İran ilə müzakirə aparan 6 ölkədən biri olaraq, özünü sanksiyaların ləğv edilməsindən sonrakı dövrə hazırlayır. Bu bir günlük səfərdə Almaniyanın siyasi və iqtisadi rəsmiləri ilə yanaşı, Almaniyanın iri avtomobil şirkətləri olan Mesedes, Volksvagen və Daymler şirkətləri habelə, Zimens şirkəti, polad sənayesində fəal olan şirkətlər və sənaye maşınları istehsalçıları birliyinin başçıları da Tehrana səfər ediblər. Bu heyətin tərkibinidə Almaniya mətbuatı və medialarının tanınmış simaları da yer alır. Baxmayaraq ki, İran və altılıq arasında əldə olunan nüvə anlaşmasının icrası üçün 4 aylıq bir zaman nəzərdə tutulub, amma, almanlar sanki keçmişdə olduğu kimi yenidən İranın ən böyük ticarət şərikləri sırasına qayıtmağa çalışırlar. Tehranda səfərdə olan Alman heyətin tərkibinə nəzər saldıqda aydın olur ki, bu ölkə İran iqtisadiyyatının müxtəlif sahələrinə o cümlədən neft, avtomobilqayırma, polad və digər sənaye sahələrinə sərmayə yatırmaq istəyir. Almanların yüksək texnologiyaya malik olmaları isə İran sənayesi üçün münasib fürsətin yaranması deməkdir. Belə ki, İran Almaniyanın sənaye sahəsindəki imkanlarından faydalana və daha artıq sərmayə qoyuluşuna nail ola bilər. Buna baxmayaraq, İranın neft naziri Bijən Zəngənənin Almaniyanın iqtisadiyyat naziri ilə görüşdə dediyi kimi, Almaniya şirkətləri İran şirkətləri ilə əməkdaşlıq etmək üçün yeni şəraitlər nəzərdə tutmalıdırlar. Belə ki, daha öncə bəzi ölkələr o cümlədən Almaniyadan idxal edilən bəzi təchizatlar artıq ölkə daxilində istehsal edilir və bəzi sahələrdə də iranlı mütəxəssislər artıq lazımi texnologiyalara yiyələniblər. Digər tərəfdən Almanlar dünyanın ən iri neft və qaz istehsalçılarından olan İranın potensiallarından tamamilə agahdırlar. Buna görə də İranın enerji sektoruna da sərmayə qoymaq niyyətindədirlər. 
Almaniya kanslerinin müavini və Almaniyanın iqtisadiyyat naziri Ziqmar Qabriyel Tehranda İranın neft naziri ilə görüşdə tam aydın formada bəyan etdi ki, Almaniya iqtisadiyyatı xammala ehtiyaclıdır və İran bu baxımdan etibarlı şərik ola bilər. Eyni zamanda iki ölkə başqa sahələrdə də iqtisadi əməkdaşlıqlara malik ola bilərlər. Bu səfər zamanı Almaniyanın dövlət sektorunu təmsil edən rəsmilər İran rəsmiləri ilə görüşüb, neft, neft-kimya və sənaye sahələrində əməkdaşlıq imkanları barədə danışıqlar aparıblar. Özəl sektoru təmsil edən şirkət müdirləri isə İranın Ticarət Palatasının rəsmiləri ilə görüşüb, danışıqlar aparırlar. 
İranın Ticarət Palatasının məsul şəxslərinin bildirdiklərinə görə, İran İslam Respublikası cari 2105-ci ilin sonuna kimi Almaniyadan gələcək 7 siyasi-iqtisadi heyətə ev sahibliyi edəcək. Almanlar, nüvə müzakirələrinin uğurlu şəkildə başa çatmasının ardınca İran və Avropa əlaqələrinin adiləşməyə başladığı bir atmosferdə İran ilə iqtisadi əlaqələrini gücləndirməyə çalışırlar. Belə ki, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer "Hafinqton" qəzetində dərc olunan məqaləsində yazıb: "Artıq bütün enerjimizi İran ilə əlaqələrimizin yenidən canlandırılması istiqamətinə yönəltmək üçün yaxşı fürsət yaranıb. Yalnız siyasi və iqtisadi sahələrdə deyil, mədəni və ictimai sahələrdə də bu əlaqələr inkişaf etdirilməlidir.".

Şərh yaz


Məxfi kod
Yenilə