Bazar ertəsi, 20 May 2019 14:15

Oruc – Allahın bəndəsini sevməsinə görədir

Oruc – Allahın bəndəsini sevməsinə görədir

Allah bəndəsini sevir və bu sevgidəndir ki, onu oruclu görmək istəyir.

 

Kamil oruc insanın həm cisminin, həm də ruhunun ibadət etməsidir.

 

Orucda cisim yemək və içməkdən çəkinir. Ruh isə pisliklərə, əxlaqi tənəzzülə səbəb olan məsələlərə yaxınlaşmağa ehtiyat edir. İnsan onun üçün gözəl və üstün olan bir hala keçid edir.

 

Elə ki, insanın cismi əziyyət çəkir və onun ruhu bu əziyyətini tamamilə hiss edir, insan öz çarəsizliyini dərk edir. Bu zaman insan o hala daxil olur ki, Allah bəndəsini görmək istəyir. Bu hal insan üçün çətin olsa da, Rəbbinin xoşuna gəlir.

 

Niyə Allah bəndəsini bu halda görməyi sevir?

 

Çünki bu hal – bəndənin ən yaxşı halıdır. Bu hal bəndənin eşidilə bilməsi üçün olan halıdır.

 

Təsəvvür edin o halı ki, bəndə Allahın sevimlisidir və bu halda Allaha üz tutub deyir:

 

Məni cəhənnəm odundan qoru!

 

Öləndə mənim qəbrimə sevinc daxil et!

 

Mən fəqirəm. Məni varlı et! (Təbii ki, burada məsələ insanın varlıq olaraq heç nəyə sahib olmamasından, deməli asılı varlıq olmasından, ruhunun mürəkkəb quruluşundan baş çıxara bilməyib aciz olmasından və ruhunun (nəfsinin) öhdəsindən gələ biməməsindən gedir ki, bu, onun fəqirliyi hesab olunur).

 

Acları doyuzdur! (Təsəvvür edin – insan ac və susuzdur və əlinin altında heç bir təam yoxdur. Bu halda ondakı aclıq və susuzluq necə aradan gedər? Əgər Allah bu halına nəzər etməzsə, istəməzsə – getməz).

 

Allahım, libası olmayan bütün yoxsulları geyindir! (Bu, elə həmin fəqirlərdir ki, geyinməyə təqva libasları yoxdur. Allah bu geyimi onlara verməsə, libassız qalarlar).

 

İndi isə düşünün onu ki, niyə Allah bəndəsini bu sevimli, görmək istədiyi halda sevindirməsin?

 

Sevindirməməsi üçün məntiqi əsas yoxdur, elə deyilmi?

 

Niyə Allah bəndəsini bu halda Onu səsləyən görmək istəsin, amma ona cavab verməsin?

 

İlahi ədalətdən kənar olar bu hal, elə deyilmi?

 

Bir başqa məsələ də var burada. Bu, odur ki, insanın Allahdan istədiyi bu şeylərin baş verməsi insanlar üçün ən üstün bir zamanda Zamanə Sahibi İmam Məhdinin (ə.f) zühur edəcəyi vaxtda olacaqdır.

 

Bu zaman zülm sona çatacaqdır.

 

İnsan azad olacaq, səadətə qovuşacaqdır.

 

Allah Təala Öz bəndəsininin o halını görmək istəyir ki, bəndə üzünü Allaha tutanda onun üçün ən çətin, Allah üçün ən sevimli halında ən gözəl, ən üstün diləyi etsin və Allah da bu diləyi ondan qəbul etsin.

 

Uca Allah hər şeyə Qadirdir.

 

Ülviyyə Bədəl 

Şərh yaz


Məxfi kod
Yenilə