Bazar, 11 June 2017 14:26

Ramazan ayının səhərləri – duaların qəbul olduğu zamandır

Ramazan ayının səhərləri – duaların qəbul olduğu zamandır

Ramazan ayı paklanmaq, qəlbin təharətləndiyi aydır. Çünki Allah Təala bu ayda edilən tövbələri başqa aylardan daha çox qəbul edər. Əgər insan bu ayda bağışlanmağı bacarmazsa, ziyan çəkənlərdən olar.

Ramazan ayının bütün zamanları fəzilətlidir. Ancaq səhərlərinin xüsusi bərəkət və fəzilətləri vardır. Çünki insan bu zaman Allahla xəlvət edər və hacətlərini deyən zaman diqqəti tək Rəbbində olar.

İbn Tavus nəql edir ki, Ramazan ayı gəlib çatan zaman Peyğəmbərin (s) üzünün rəngi dəyişərdi. Çoxlu namaz qılar və dua edərdi. Bu ayın son on günündə gecələri oyaq qalar və ibadətlə məşğul olardı.

İmam Baqir (ə) buyurur: “Səhər zamanında dua edin. Çünki bu saatda səmanın qapıları açılar, bu zamanda ruzi bölünər, böyük hacətlər bu zamanda yerinə yetər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Gecənin son qalan anlarında, yəni fəcin doğmasına az qalmış ki, onu səhər adlandırırlar Allah mələyə əmr edər ki, car çəksin. O, deyər: “Kimsə vardırmı ki, bağışlanma istəsin və bağışlanılsın? Kimsə vardırmı ki, tövbə etsin və tövbəsi qəbul olsun? Kimsə vardırmı ki, xeyir istəsin və yerinə yetsin?””. (Tebyan)

Bu hədisdən də göründüyü kimi, səhər elə zamandır ki, dualar yerinə yetər və tövbələr qəbul olunar. Peyğəmbər (s) bu fəzilətli zamana əhəmiyyət verir və İmam Əliyə (ə) buyururdu: “Ey Əli! Səhər zamanı dua et və Allahdan istə! Çünki dua bu zamanda rədd olmaz”.

Ramazan ayı – elə bir aydır ki, hər bir oruc tutan müsəlman səhər obaşdan yeməyi üçün yatağından qalxar və fəcr doğana qədər oyaq qalar. Ona görə də hələ ki, bu fürsətimiz var, ondan bəhrələnək. Oyaq qaldığımız bu səhər çağlarında əllərimizi dua üçün qaldıraq və Allahdan böyük hacətlərimizi istəyək. Məsumlarımızın (ə) buyurduğu kimi, əllərimiz boş qayıtmayacaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə