Şənbə, 28 Mart 2020 10:02

İmamın (ə) duasında qeyd edilən xas möminlər kimlərdir?

İmamın (ə) duasında qeyd edilən xas möminlər kimlərdir?

“Səhifeyi-Səccadiyyə”də İmam Səccadın (ə) nəql etdiyi 4-cü duada Həzrət Peyğəmbərə (s) iman gətirənlər möminlərə göndərdiyi salavatı ilə bağlı fərqli nöqtələrə toxunulur.

 

“Pərvərdigara! İman, əxlaq və əməldə ona itaət edib: «İlahi, bizi və imanda bizdən irəli keçən qardaşlarımızı bağışla» deyənlərə özünün ən yaxşı muzd və əcrini əta et”.

 

İmamın (ə) nəql etdiyi duanın bu cümləsində birbaşa deyil, dolayı yolla Rəsulallaha (s)  iman gətirənlərin gözəl bir sifətindən bəhs edir. Belə ki, iman gətirmiş insanların ən gözəl sifətlərindən biri də məhz hər kəsi iman baxımından özündən üstün bilməkdir. Duada “iman cəhətindən bizdən aşağıda olanlara və bizdən üstün olanları” kimi bir ibarənin olmaması həssas bir mövzudur.

Hədislərdə qeyd edilir ki, “Özünüzdən yaşca aşağı birini gördükdə, fikirləşin ki, bu şəxs məndən daha az günah edib və bu baxımdan məndən üstündür. Eyni zamanda əgər yaşca özünüzdən yaşlı birini gördükdə, deyin ki, bu şəxs daha çox ibadət edib və iman baxımdan məndən daha üstündür”.

İmam (ə) isə kiçik bir cümlə ilə möminlərin bu xüsusiyyətini qeyd edir və onlar üçün xas bir dua edir.

 

İmam (ə) duanın bir hissəsində isə başqa bir qismi yada salıb, Rəbbindən onlara salavat göndərməyi təvəqqe edir.

“İnsanları dininə dəvət edib, dinin yolunda öz şəhər və diyarlarından uzaq düşmələrinə, rahatlıqdan çətinliyə düşmələrinə, dininin ucalması üçün zülm gördüklərinə görə onlara mükafat ver”.

 

Bu gün bizim əməl etməkdə belə səhlənkarlıq etdiyimiz İlahi dinin yayılmasında əziyyətə düşənlər, İmamın (ə) duasında xüsusi olaraq eyd edilir. Tək əməl etməkdə deyil, onun yayılmasında belə ən ağır işgəncələrə sinə gərən, evindən, ailəsindən ayrı düşən möminlərin İlahi əcrə daha yaxın olmaları, İmamın (ə) duasında lətif bir şəkildə qeyd edilir.

 

Digər tərəfdən, bu gün bəzi mövzularına səhlənkarlıq edərək təxirə saldığımız İlahi ayinlərin yayılması üçün çəkilən əziyyətlər, bu yolda canlarını verən bir çox möminlər, qarşılarında kim olursa-olsun geriyə addım atmayan, usanmayan möminlər heç vaxt unudulmamalıdır.

Bu, o qədər mühüm mövzudur ki, İmam (ə) bir duanı məhz bu cür şəxslərin vəsfi və tanıtdırılması üçün nəql edib.

 

İlahi, bizə İmamların (ə) pak qanı, möminlərin əziyyəti hesabına gəlib çıxan İlahi dinimizə sahib çıxmağı nəsib et!

 

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

Şərh yaz


Məxfi kod
Yenilə