Bazar, 14 Fevral 2021 10:06

Diriliyə dəvət mesajı

Diriliyə dəvət mesajı

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Rəcəb ayına qədəm qoyuruq. Bu, vücudi paklanma və intibah üçün fövqəladə fürsətlər təqdim edən mənəvi Üçaylığın birinci ayıdır.

Rəcəb – paklanma ayıdır. Rəcəb – özünəqayıdış ayıdır. Rəcəb bir aydır ki, insan özünə, öz nəfsinə sanki deyir: “Dayan! Mən neçə aydır sənin qulun olmuşam, amma bəsdir, ey nəfs, yetər!”.

Rəcəb ayı insanı robotlaşmadan, cılızlaşmadan çıxara bilən bir aydır. Rəcəb ayı bir aydır ki, hamımızın şikayətləndiyi bir xəstəlikdən – vücudi tənəzzüldən bizi müalicə edə bilər.

Elə isə, qəflət etməyək, fürsətləri fövtə verməyək!

 

 

Allah bəşəriyyəti diriliyə çağırır

Bugünkü bəhsimimiz Qurani-Kərimin “Ənfal” surəsinin 24-cü ayəsi ilə bağlıdır. Çünki, bu ayə insanın həyatı baxımından çox konseptual ayədir. İnsanın davranışlarını, hərəkətlərini sistemə salmaq baxımından çox böyük əhəmiyyət təşkil edir.

Ayədə Rəbbimiz bizə müraciət edir: “Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin və bilin ki, Allah (hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün) insan ilə onun qəlbi arasında (onun nəfsi ilə məhəbbət və nifrət, iman və küfr kimi sifətləri arasında) maneə olar (aralarında ayrılıq salar). Siz hamınız (axirətdə) Ona tərəf (Onun hüzuruna) toplanacaqsınız”.

 

Gördüyümüz kimi, Rəbbimiz bütün iman əhlinə müraciət edir və xatırlatma edir ki, Allah və Peyğəmbəri (s) insanları, bəşəriyyəti həyata, diriliyə tərəf dəvət edirlər və bu çağırışı, bu dəvəti qəbul etmək lazımdır. Bunu da bilmək lazımdır ki, Allah Təala bizə hər şeydən yaxındır və hətta bizimlə qəlbimiz arasındadır. Rəbbimizin hər mövzumuza əhatəsi var, hər mövzumuza nəzarəti var. Qəlbimiz əslində Onun əlindədir və Qiyamət günündə hamımız Ona tərəf dönəcəyik.

 

Təfsirşunasların burada həyatla bağlı qeydlərinə baxdıqda, bəzi nöqtələri qeyd etmək faydalı olardı. Qurani-Kərim baxımından həyatın bir neçə formaları təqdim olunur. Misal üçün, “Hədid” surəsində nəbatət – bitki həyatına işarə olunur ki, Allah Təala Yeri diriltdi.

Digər bir yerdə, “Füssulət” surəsinin 37-ci ayəsində bioloji həyatdan, heyvani həyatdan söhbət gedir.

“Ənam” surəsinin 22-ci ayəsində fikri, etiqadi, imani həyatdan söhbət gedir.

“Fəcr” surəsinin 24-cü ayəsində görürük ki, əbədi həyatdan söhbət gedir və Allah Təala bəyan edir ki, kaş həyatınız üçün öncədən bəzi hazırlıqlar edib, göndərəydiniz.

 

 

İnsanlar pak və təyyibə həyata çatmaq üçün yaradılıb

Sözügedən ayədə isə Allahın və Peyğəmbərin (s) dəvət etdiyi həyat deyildikdə, sözsüz ki, nə bitki həyatı, nə heyvani həyat, nə də Qiyamətdəki əbədi həyatdan söhbət getmir. Burada söhbət fikri, imani, etiqadi, mənəvi, əxlaqi və ictimai dirilikdən söhbət gedir. O həyat ki, insanın iradəvi həyatının bütün müstəvilərini əhatə edir və insan rübubiyyətdən bəhrələnərkən, iradəvi olaraq həyatın bütün müstəvilərində Allahın və Onun Peyğəmbərin (s) vilayəti altında fərqli həyatdan bəhrələnmiş olur.

 

Beləliklə, insan həyatı – iman və saleh əməldədir, Allah Təala peyğəmbərlər (ə) vasitəsilə insanları ona dəvət edir. İnsanlar Allahın və Onun Peyğəmbərinin (s) bu dəvətinə itaət etdikdə, pak və təyyib bir həyata çatmış olurlar. Allah və Peyğəmbərinə (s), Allah dostlarına itaət etmək – əslində pak-pakizə, təyyibə bir həyata çatmaq üçün yoldur. Necə ki, başqa bir yerdə, Qurani-Kərimin “Nəhl” surəsinin 97-ci ayəsində Allah Təala yenə də bu mövzunu bizlərə çatdırır ki, hər kim saleh əməl etsə və bunu imanlı halda etsə – ona təyyibə həyat, pak həyat nəsib olar. O, pak, təyyibə həyatla dirildilər.

 

 

İnsan ilə qəlbi arasında olan fasilə

Təsfirşünasların xüsusi vurğusu ilə biz görürük ki, ayədə diqqət çəkən mövzulardan biri də Allahın, insan ilə onun qəlbi arasında fasilə olması mövzusudur. Allahın insanla qəlbi arasında fasilə olması bunun göstəricisidir ki, Allah Təala hər yerdədir və tam mənada hazırdır, əhatəsi var. Bütün varlıqların mövcudluğu Allah Təalanın tofiqatının və qüdrətinin nəticəsidir.

Allah Təala bizə şah damarından da yaxındır. Ağlın və ruhun fəaliyyəti Allahın əlindədir. Bəli, biz iradəvi bir varlığıq. Amma bununla belə, bizim varlığımız da büsbütün Allah tərəfindən əhatə olunub. Əgər Allahın lütfü olmasa, heç bir insan Haqqın həqqaniyyətinə, doğruluğuna və batilin batilliyinə gedib çıxa bilməz.

 

Həzrət İmam Sadiq (ə) buyurur: “Allahın, insanla onun qəlbi arasında fasilə olmasının nümunələrindən biri – məhv və isbat məsələsidir”. Yəni, Allah Təala küfrü aradan aparır, imanı təsbit edir, qəfləti və şəkki aradan aparır, Allahı xatırlamanı və yəgini təsbit edir.

Başqa yerdə Həzrət İmam Sadiq (ə) buyurur: “Allah Təala qoymur insan batili haqq görə”. Bu ayə ilə bağlı başqa buyuruşunda isə İmam Sadiq (ə) buyurur: “Bəzən insan qulaqla, gözlə, dillə və əli ilə bir şeyə əlaqəsi olur. Amma əgər bunu yerinə yetirsə, qəlbi onunla birgə deyil və qəlbi bilir ki, o şey ki, ona meyillənib – haqq deyil”.

 

 

Allah möminlə günahları arasında fasilə yaradır

Həzrət İmam Baqirdən (ə) nəql olunan hədisdə, sözügedən ayədə Allahın insanla qəlbi arasında fasilə olması ilə bağlı buyurulur: “Allah Təala mömin və onun günahı arasında fasilə olur, ta o cəhənnəm atəşi tərəfə çəkilməyə. Allah kafirlə itaət arasında fasil olur, ta o öz imanını kamil edə bilməyə”. Biz diqqət edəndə görürük ki, mömin insanla günahı arasında Allah Təala fasilə yaradır ki, onu cəhənnəmə tərəf sürüklənməsin. Kafirin də tofiqatsızlığı olur ki, imanla oynaya bilməsin.

 

Təfsirşünaslar qeyd edirlər ki, mümkündür ki, fasilə burada ölümə də işarə olsun. Yəni, insan əslində hər an ölümlə qarşılaşa bilər. Təfsirşünas alimlər ayənin təfsirindən aşağıdakı dərsləri də çıxardır.

 

Birinci çıxan dərs budur ki, həqiqi imanın şərti – Allahın və Rəsulun (s) dəvətinə “ləbbeyk!” deməkdir. Yəni, bir insan o zaman həqiqi iman sahibi sayıla bilər ki, o, Allah Təalanın və Onun Rəsulunun (s) dəvətinə “hazıram!” deyir, qəbul edir və bunun ardınca gedir. Allahın və Peyğəmbərin (s) çağırışına cavab vermək və buna itaət etmək – həqiqi imanın göstəricisidir.

 

İkincisi, Allah Təala və Onun Rəsulunun (s) dəvəti – bir vahid həqiqət və hüviyyətə, mahiyyətə malikdirlər. Bunlar hər ikisi eyni həqiqət, eyni anlamdadır. Ayədəki vurğudan başa düşülür ki, Allahın və Rəsulunun (s) dəvətini qəbul etmək – özü həqiqətin eynidir.

 

 

Həqiqi həyat – vilayətə tam bağlantıdır

Üçüncü dərs odur ki, Allah və peyğəmbərlərin (ə) yolunda hərəkət etmək – həqiqi həyatdır və o yoldan kənar düşmək – insaniyyətin, bəşəriyyətin ölümüdür. Dinin bütün buyuruşları və Allah dostlarının bütün tövsiyələri hətta müharibə, döyüşlə bağlı olarsa belə, fərdi, toplumsal həyatın mayasıdır. Allah və peyğəmbərlərin (ə), Allah dostlarının bütün müstəvilərdə çağırışı – istər fərdi, istərsə də cəm halda dəvəti və çağırışı – insan həyatının mayasıdır. Həyat məhz o bulaqdan qaynaqlanır. Hətta bu döyüş və müharibə kimi mövzuları əhatə etsə belə, yenə orada həyat var, dirilik var.

 

O kəs ki, Allahın hüzuruna və insanı əhatə etməsinə imanı olsa, peyğəmbərlərin (ə) və Allah dostlarının dəvətinə itaət edər və qəbul edər. Yəni, Allahın insan həyatını əhatə etməsi – Allahın insanla qəlbi arasında fasilə olmasına işarədir. Əgər bir insanın buna imanı olsa, o insan əməldə Allahın, peyğəmbərlərin (ə) və Allah dostlarının çağırışını qəbul edər və əməl edər.

 

Nə qədər fürsətimiz var, haqqı qəbul edək. Belə ki, ayənin ölümə işarə olması mənasında götürsək, fürsəti əldən vermədən haqqı qəbul etməliyik, Alllah və Onun Rəsulunun (s) çağırışını qəbul etməli və onlara itaət etməliyik.

 

Nə mömin qürurlanmalı, arxayınlaşmalıdır, nə də kafir məyus olmalı deyil. Çünki, qəlblər Allahın əlindədir və O, qəlbləri dəyişəndir. Bu da işarədir ki, Allah insanla qəlbi arasında fasilədir. Bu anlamda qəlblər Allahın əlindədir, nə mömin arxayınlaşmalı, nə də kafir məyus olmalıdır. Mömin diqqətl olmalıdır ki, malik olduğu tofiqatı əldən verməsin. Kafir də ümidli olmalıdır ki, əgər tövbə etsə, Allah Təala nəzər salar.

 

Növbəti çıxarılan dərs budur ki, insanın qəlbinə gələn hər bir düşüncə və fikrə Allah Təala agahdır. Bizim qəlbimizə gələn bütün fikir və düşüncələrdən Rəbbimiz xəbərdardır.

 

Növbəti dərs odur ki, Allah Təala insana hər şeydən daha yaxındır, hətta onun qəlbindən özünə daha yaxındır. Ayədə vurğulanır ki, Allah Təala insan ilə qəlbi arasında maneədir. Deməli, insana öz qəlbindən də daha yaxın olan – Allahdır.

 

 

Gec-tez hər kəs Allahın dəvətinə “ləbbeyk!” deyəcək

Bizim hamımız istəyərək və ya istəməyərək, Qiyamət günü həşr olacaq, diriləcəyik və gərək ona görə də Allahın və Onun Rəsulunun (s) dəvətinə müsbət cavab verək. Biz bir gün – Qiyamət günü onsuz da Allah hüzuruna çağırılacağıq. Belə isə, ağıl diktə edir ki, burada Allahın və Peyğəmbərin (s) çağırışına müsbət cavab verək.

 

Əziz İslam Peyğəmbərinin (s) buyuruşlarında işarə olunur ki, Həzrət Əlinin (ə) vilayət çağırışını qəbul etmək, Həzrət Əmirəlmömininin (ə) vilayətini qəbul etmək – pak, təyyibə həyatın bariz nümunələrindəndir.

 

Həzrət İmam Sadiq (ə) “Ənfal” surəsinun 24-cü ayəsi ilə bağlı buyurur ki, bu ayə Həzrət Əlinin (ə) vilayəti haqqında nazil olub.

 

Həzrət İmam Baqir (ə) də buyurur ki, bu ayədə söhbət Həzrət Əli ibn Əbutalibin (ə) vilayətindən gedir. Çünki, Allah və Rəsulunun (s) Həzrət Əlinin (ə) vilayəti ilə bağlı çağırışı qəbul olunsa, toplumda ədalətin və nizam-intizamın baqi olmasına səbəb və zamin olur.

 

Həzrət İmam Səccadın (ə) münacatlarında gəlir: “Ey o Allah ki, insanla qəlbi arasında fasilədir! Mənimlə Sənin qəzəbinə səbəb olan mövzular arasında bir fasilə yarat və qəlbi Sənin ibadətinə yönəlt!”.

 

Həzrət İmam Sadiq (ə) buyurur: “Qəlb heç vaxt haqqın batil olmasında yəqinə çatmaz və batilin haqq olmasında yəqinə çatmaz. Bu, Allahın qəlbə əhatəsinə işarədir”.

 

 

Rəcəb ayının bəzi əməlləri

Bir neçə kəlmə də daxil olan mübarək Rəcəb ayı ilə bağlı qeyd edək.

 

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “Leylətul-rəğaib” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub. Bu gecənin fəzilətləri sadalanmaqla bitməz. Həzrət Peyğəmbərdən (s) bu gecə ilə bağlı nəql edirlər: «Rəcəb ayının birinci cümə gecəsindən qafil olmayın. Mələklər o gecəni «Ləylətul-rəğaib» adlandırırlar. Elə ki, həmin gecənin üçdə biri keçər, elə bir mələk olmaz ki, Kəbə-müşərrəfəyə gəlməsin. O zaman Allah Təala Öz mərhəmətli nəzərini onlara yönəldər və buyurar: «Mələklərim! Hər nə hacətiniz varsa, Məndən istəyin!».

Mələklər deyər: «Hacət və istəyimiz budur ki, Rəcəb aynın oruc tutanlarını bağışlayasan». Və Allah Təala buyurar: «Bağışladım!»».

 

-   Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.

-   Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.

-   Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.

 

-   Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.

-   Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (“Lə iləhə illəllah”) deməyin böyük fəziləti vardır.

 

-   Rəcəbin 15-nin gecəsində (14-dən 15-nə keçən gecə) 12-rükətli namazı rəcaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir.

-   Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək – bəyənilmiş əməllərdəndir.

 

-   Həzrət Rəsulullahdan (s) nəql edilir: «Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “əstəğfirullahəl-ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə /sonlandırsa/, Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar».

 

-   Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: «Əstəğfirullahə və əs-əluhut-təvbəh»

 

Allahım, bizləri Allaha və Onun Rəsuluna (s) itaət edənlərdən qərar ver!

Allahım, bizim günahlarımızla qəlbimiz arasında fasilə yarat!

Allahım, qəlbimizi Sənə itaətdə sabit qərar ver!

Allahım, Rəcəb ayını üzərimizə mübarək qərar ver! Amin!

 

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

Şərh yaz


Məxfi kod
Yenilə