Cümə axşamı, 09 iyul 2020 11:19

Yaradanından küsən sərçənin hekayəsi

Yaradanından küsən sərçənin hekayəsi

Bir sərçə Allahdan küsmüşdü. Günlər keçirdi, amma sərçə heç bir şey söyləmirdi. İçinə qapanmış, dərin bir hüznə bürünmüşdü. Artıq Rəbbinə heç bir şey demir və Onunla danışmırdı.

 

Bir abiddən soruşdular ki, sərçə Uca Allahdan ömrü boyumu bu cür küsülü qalacaq?

Abid cavabında dedi ki, xeyr, o, mütləq Allaha doğru qayıdacaqdır: “Çünki onun səsini eşidən yeganə varlıq – Allahdır və onun kiçik qəlbindəki dərdini anlayan da təkcə Yaradandır”.

 

Bir müddətdən sonra sərçə, qəlbi hüznlə, gözü yaşla dolu bir halda, bir ağacın budağına qondu. Heç bir şey söyləmirdi, ancaq səssiz-səssiz gözləyirdi.

 

Quşlar onu əhatə edib, onun bu halına acıyırdılar.

 

Həmin abid, sərçəyə səsləndi: “Söylə görüm! Canını sıxan və qəlbini hüznə boğan dərdin nədir sənin?”.

 

Başqa quşlar sərçə nə söyləyəcək deyə, ona baxırdı. Sərçə məhzun, bir az da məzlum səs tonu ilə dedi: “Kiçik bir yuvam vardı. Yorulanda dincəldiyim, üşüdükdə sığındığım bir yuvam. Heç kəsi narahat etmirdim. Bu nəhəng dünyada balaca bir yer idi. Kimsənin yerini dar etmirdi. Allah onu da mənə çox gördü. Nə idi o vaxtsız fırtına? Fırtına əsib, yıxdı yuvamı və məni yuvasız qoydu”.

Artıq danışa bilmədi sərçə, sözləri boğazında düyünləndi.

 

Abid sükut etdi. Bütün quşlar da səbirsizliklə cavabı gözləyirdilər.

 

Abid dedi: “Uca Allaha sui-zənn etmisən, ey sərçə. O, səni xilas etmişdir. Sən o yuvanda dincələrkən səni ovlamaq istəyən bir ilan yuvana doğru gəlirdi, səni ilandan qorumaq üçün Allah fırtınaya əmr etdi ki, yuvanı yıxsın. Beləcə sən də oradan uzaqlaşaraq, ilandan qurtuldun. Allah Təala Öz məhəbbəti ilə bizdən uzaqlaşdırdığı o qədər bəlalar var ki, heç təsəvvürümüzə də gətirmirik...

 

Səni əhatə edən İlahi məhəbbəti görmürsən, müvəqqəti bəlalara görə Allahla düşmən olmağa hazırsan, ey sərçə...”.

 

Sərçənin gözləri doldu və hönkür-hönkür ağlamağa başladı. Onu çox sevən Allahın şəfqət və mərhəmətinə heyran qaldı. Utancaq bir səslə: “Əfv istəyirəm Allahımdan” – deyə bildi ancaq. Səmimi könüldən gələn bir səs: “Əfv et, Allahım!”...

 

Başımıza gələn hər musibətdə, əlbəttə ki, bir çox xeyirlər gizlənir. Rəbbimizə üsyan etmək yerinə, “Bu baş verəndə mütləq bir xeyir vardır” – deyərək, sadəcə İlahi təqdirə razılıq göstərmək lazımdır...

 

Salam olsun, "Xeyirlisi olsun" deyə bilənlərə...

Salam olsun, "Bunda bir xeyir vardır" deyə bilənlərə...

Salam olsun, "Bu da keçər" deyib yoluna davam edə bilənlərə...

Salam olsun, “Hər şey yaxşı olacaq” deyənlərə...

 

Hadi Müntəzir,

Deyerler.org

Şərh yaz


Məxfi kod
Yenilə