Cümə axşamı, 11 June 2020 12:22

İnsan səadətinin əlçatar formulu

İnsan səadətinin əlçatar formulu

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə düşünmə, dərk etmə, ibrətləri görmə və onlardan dərslər götürmə səadətini nəsib edib!

Allahdan istəyimiz budur ki, bizə ömür sərmayəsini düzgün dəyərləndirib yaşamağı nəsib etsin!

 

 

Görmədən sevmək

Ötən bəhsimizdə 10 pilləli mənəvi trenajor barədə təhlillər apardıq. Bu pillələrdən beşini təhlil etdik.

Bəhsimizdə Uveys Qərani cənablarının insan olmaq üçün, mənəvi təkamül üçün, ruh yüksəkliyi əldə etmək üçün, yaxşı Allah bəndəsi olmaq üçün tövsiyələrinə toxunduq. Həmin tövsiyələrdə Zəmanə Sahibinin (ə.f) yaxşı müntəziri olmaq üçün önəmli keyfiyyətlərə toxunduq. Bunların beşini sizlərin diqqətinə çatdırdıq.

 

Uveys o şəxsiyyətdir ki, Həzrət Peyğəmbəri (s) görmək üçün Mədinə şəhərinə gəlmişdi. Anası tapşırmışdı ki, bir müddətdən sonra geri dönsün. Uveys gəlir və görür ki, əziz Peyğəmbər (s) yoxdur və anasına söz verdiyi üçün geri dönür.

 

Peyğəmbərimiz (s) geri dönüncə Uveysin burada olduğunu duyur. İnsanlar bəzən bir-birlərinə fiziki olaraq çox yaxın olurlar, amma qəlblərində o eşq, o məhəbbət yaranmır. Amma, uzaqdan-uzağa həqiqi dəyərlər, keyfiyyət olanda görmədən belə, nə qədər eşq yaranır.

Bu cür də Peyğəmbərimiz (s) buyurur ki, “Mənim dostlarıma salamımı çatdırın”. Peyğəmbərimiz (s) onu görmədən iman gətirən kəsləri, axirəz-zaman dövrünün səmimi, ixlaslı möminlərini nəzərdə tutur.

Uca Allah Peyğəmbərin (s) belə dostları olmaq ləyaqətini bizlərə də nəsib etsin!

 

 

Cənab Uveysin tövsiyələri ilə insanın yüksəliş potensialı

Uveys Qərani cənabları tövsiyələri sırasında təəccüb edir bu duruma ki, birini tanıyasan, amma onunla ünsiyyətdə olmayasan. Təəccüb edir o adama ki, Allahı tanıyır, amma Allahla ünsiyyətdə deyil.

Birinci məsləhəti budur ki, Allahı tanıyaq. Çünki, əgər Allahı tanısaq, ünsiyyətdə olarıq. Biz Rəbbimizi yaxşı tanısaq, bilərik ki, ən ciddi ünsiyyətimiz gərək Onunla olsun. Əgər o ünsiyyət varsa – qalan hər bir şeyin mənası var. O ünsiyyət yoxdursa – heç nəyin mənası yoxdur.

Əgər insan Allahını tanısa, anlayar ki, Allah onu yaradıb, hər an lütf edib ona vücud verir və bu durumda Allahla ünsiyyətdə olar, Onunku olar.

 

Əxlaq ustadlarından biri Nizami Gəncəviyə istinadən deyir ki, Leylinin artıq son vaxtları olanda, o, əlamətdar bir vəsiyyət edir. Leyli öz vəsiyyətində tapşırır ki, Məcnuna deyin ki, faniyə, gəldi-gedərə aşiq olmasın, əbədi və əzəliyə aşiq olsun. Adam aşiq olanda da Allaha aşiq olmalıdır. Allaha bağlı olan hər bir şeydə əbədilik var.

 

 

Nə artır və nə azalır?

Uveys cənablarınınn ikinci tövsiyəsi Quranla təmasa bağlı idi. Uveys buyurur ki, bir insan Quranla oturub-durmaz məgər ki, qalxanda nəyisə artmaya və ya nəyisə azalmaya. Nə artar və nə azalar?

Həmin şəxsin fəzilətləri artar və rəzilətləri aradan gedər. Bu haqda geniş danışdıq. Quransız ömür olmur. İnsanın yaşam fəlsəfəsi, yaşam formulu, mənəvi qidası – müqəddəs Qurandır. Quran hər an diridir, hər an qidavericidir. Yetər ki, biz bunu istəyək, istifadə edək, qəbuledici olaq, ruhiyyəmizi paklayaq və bu halda, bu durumda bəhrə apara bilərik.

 

Uveys Qəraninin üçüncü tövsiyəsi budur ki, insan gərək öyüd, nəsihət qəbul etsin, moizə eşitsin. Gün ərzində bizlər qəlbimizi cürbəcür mövzularla doldururuq. Sonra İlahi kəlməni eşidəndə, İlahi maarifdən sözlər duyanda – qəlbimizə təsir qoymur.

Uveys deyir ki, şəkli qəlb söz eşitməz. Qəlblər şəklə qarışdıqda, bu səbəbdən onlara öyüd və nəsihət təsir etmir. Baxaq görək ki, bu qəlb hansı mövzulara zaman sərf edir? Boş, mənasız, səmərəsiz məsələlərə qəlb xərclənəndə – artıq qəlbdə bir yer qalmır, qəlbin tutumu qalmır. Ona görə də qəlbimizin qəbulediciliyini artırmaq üçün onu bu kimi məsələlərdən təmizləməliyik.

 

Dördüncü tövsiyəsi budur ki, gərək qəlblərimizi yetişdirək, bəsləyək. Buyurur ki, öz qəlbindən muğayat ol. Biz bütün dünyəvi məsələlərimizdən muğayat oluruq, amma öz qəlbimizdən muğayat deyilik. Qəlbimizdən muğayat olmasaq, bir şey əmələ gəlməz.

 

 

Bax gör, kimin hüzurundasan?

Beşinci nöqtə olaraq, Uveys Qərani cənabları tövsiyə edir ki, günahı tanıyaq. Buyurur ki, sən günahın kiçikliyinə baxma, bax ki, Kimin hüzurunda günah edirsən. Bura qədər hamımız eşitmişik. Amma buna da diqqət etməliyik ki, biz günahı kiçik bilən zaman Allahı kiçik bilirik. Biz baxmayaq ki, bu günah kiçikdir, baxaq ki, necə böyük bir Allahın hüzurunda bunu edirik. Əgər günah əməlimizi kiçik bilsək – cürətlənərik. Günah bizim üçün adiləşər. Pis əməli kimin hüzurunda ediriksə, onu bu əmələ sanki yaraşdırırıq.

Günah – zəhərdir, məhvedicidir. Günah vicdan əzabına səbəb olur, xarlığa, rüsvayçılığa səbəb olur, insan üçün ayrılan ömrü azaldır, insanı bivec edir, onun qəlbini zay edir.

 

Uveys Qərani cənablarının növbəti tövsiyəsi budur ki, ölümü unutma, qəbul et ki, ölüm var. Buyuruşda gəlir: “Həqiqətən ölüm və onun mömin üçün xatırlanması – yersiz şadlığa yer qoymur”.

Əgər bir insan bilsə ki, bir gün öləcək, bu dünyadan gedəcək, burada olanların hesab-kitabı olacaq, boş-boş eyforiyalarda, boş xülyalarda ilişib qalmaz.

Diqqət edək ki, bu dünya müvəqqətidir, bir gün bu dünyadan gedəcəyik. Adam səmimi qəlblə gərək Allahı ilə hesab-kitab etsin ki, indi getsə, vəziyyəti necə olacaq? Deməli, ölümü xatırlamaq – ən ciddi mövzulardandır.

 

 

Səadət formuluna yiyələnmək

Yeddinci tövsiyə budur ki, gərək özümüzə yol azuqəsi hazırlayaq. Yol haqqında, yolun uzunluğu haqqında soruşulanda, Uveys Qərani cənabları yolun uzunluğu və yolda nələrin yararlı ola biləcəyinə işarə edir.

Yolumuz uzundur, Qiyamət gününə qədər gedib çıxmaq var. Özümüz üçün yola götürəcəyimiz azuqəmiz olmalıdır. Nəyin bu yolda xeyri var, nələr dərdimizə dəyə bilər, hansı əməllər fayda verir? Adam gərək ölçüb-biçsin.

Gərək insan səmimi qəlblə baxsın ki, özü üçün bir azuqəni hazırlayıb, ya yox? Adam dəhşətə gələr ki, azuqə adına oraya aparılası bir mövzusu yoxdur.

 

Səkkizinci tövsiyə olaraq cənab Uveys Qərani səadət məcunu adlı bir formulu təqdim edir. Uveys buyurur: “Nə gözəldir o iman ki, onu elm zinətləndirir. Və nə gözəldir o elm ki, onu əməl zinətləndirir. Nə gözəldir o əməl ki, onu helm zinətləndirir”.

İman və elm bir yerdə olmalıdır. İmansız elmin bir faydası olmaz. Şeytan (lən) da bilirdi nə var, nə yox – amma bilməklə bir iş hasil olmaz. İman da elmsiz olanda, zəif olanda – çoxlu təsir qəbul edər. İmanla elm bir yerdə olmalıdır. Bu, səadət formulunun bir tərəfidir.

İkincisi, elm də tək bəs etməz. Elmlə əməl də bir yerdə olmalıdır. Adam bilə bilər, amma tək bilmək bəs deyil. Bilməli və bildiyinə əməl etməlidir.

Əməllə də yanaşı, helm olmalıdır. Əməl nə qədər mühümdürsə, helm də bir o qədər mühümdür.

Helm – çox bərəkətli mövzudur. Helm də elmlə yanaşı olmalıdır. Elə adamlar var ki, elmi var, helmi yoxdur.

Bu dörd cüt məsələ bir yerdə olanda, səadətin formulu meydana çıxır. İman və elm bir yerdə, elm və əməl bir yerdə, əməl və helm bir yerdə, helm və elm də bir yerdə olmalıdır.

Allah bizə bunu anlayıb, əməl etməni nəsib etsin.

 

 

Hər bir mömin ictimai məsuliyyətli olmalıdır

Uveys cənablarının tövsiyə etdiyi doqquzuncu önəmli mövzu – ictimai məsuliyyətdir. Bu, odur ki, insan ancaq özünü düşünməsin. Axı böyük bir hünər deyil ki, insan başını yalnız öz həyatını yaşamağa qatsın. Bu, böyük bir cəsarət tələb etmir ki, nə baş vermələrin ona dəxli olmadığını bildirsin və belə yaşasın.

 

İstəyir dünyada baş verənlər, istər toplumunda baş verənlərin ona dəxli olmadığını düşünərək yaşamağın İslama aidiyyəti yoxdur. Uveys deyir: “Allahım, mən Səndən hər bir ac qarın üçün, hər bir geyimsiz bədən üçün üzr istəyirəm”.

İnsanın bir ictimai məsuliyyəti olmalıdır. Bu gün toplumumuzda yaşanan vəziyyətlərdə nə qədər ürək ağrıdıcı məsələlərin şahidi oluruq. İnsanların nə qədər ruzi müşkülləri var. Bu gün dünyada müsibətlər var...

İnsanın ictimai kimliyi olmalıdır. Geridə qoyduğumuz Ramazan ayının son cümə günü – Qüds günü bir möminin, iman insanının ictimai-siyasi əhyasıdır. Bir möminin ictimai kimliyi olmasa, topluma bir faydalılığı toxunmasa, bu, özünü onun mənəvi təkamülündə də göstərər.

İctimai kimlik mühüm mövzudur. Uveys cənabları deyir ki, insan toplumda baş verənlərə görə özündə məsuliyyət hiss etməlidir.

 

 

Vilayətə bağlılıq ruhiyyəsində olmaq

Nəhayət sonuncu – onuncu tövsiyə, vilayət ruhlu olmaqdır. Bir gün Uveys Qərani cənabları Fəratın kənarında dəstəmaz alırdı. Birdən bir təbil səsi eşitdi. Soruşdu ki, bu, nəyin səsidir? Dedilər ki, Həzrət Əmirəlmöminin (ə), vilayət şahı İmam Əli (ə) döyüşə gedir, onun ordusunun təbilinin səsidir.

Tez özünü çatdırdı. Dedi: “Mən ən fəzilətli ibadəti onda görürəm ki, Mövlamla (ə) bir yerdə olum, Mövlama (ə) ardıcıllıq edimi, ona itaət edim”. Yəni, öz ibadi durumunun ən zirvə nöqtəsini, vilayət mənsəbi ilə sinxronlaşmada olmaqda görür.

 

Hər zamanda da o cürdür. Bizim Mövlamız (ə.f) var, onun haqq naibləri, ali məqamlı məracelər, vilayət mənsəbi var. Xoş olsun bu ümmətin halına, bunu duyub yaşayanların halına.

Xoş olsun bunu dərk edənlərin halına ki, bu gün dünyada haqq və batilin sədləri çəkilir. Və  bu sədlərin xeyir qütbündə də vilayətin, Həzrət Mövlanın (ə.f) yolunu getmək dayanıb.

Xoş olsun bunu duyan, bu ruhla namaz qılan, oruc tutan, ibadət edənin halına. Çünki, vilayət ruhiyyəsi olmasa, onlar hamısı yalnız fərdin özünə müəyyən mənada fayda verə bilər.

Allahdan istəyimiz budur ki, bizlərə bu ruhiyyəyə yiyələnməni nəsib etsin!

 

Allahım, bu nurani tövsiyələrdən nəticə çıxardıb, mənəvi təkamül etməyi bizlərə nəsib et!

Allahım, bizlərə vilayi ruhiyyədə olmaq səadətini inayət et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

 

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

Bu kateqoriyada daha ətraflı: « Bir hədis və bir ailənin imtahanı

Şərh yaz


Məxfi kod
Yenilə