Bazar, 03 May 2020 12:50

Bir hədis və bir ailənin imtahanı

Bir hədis və bir ailənin imtahanı

 

- Heç soruşmursan, Salatıngilə getmişdim axı. Salatın yaman xəstələnib. Yaxşı ki, getmişdim. Evləri adamın üstünə gəlirdi. Deyirəm ki, kim nə deyir desin, adamın gərək heç olmasa bir qızı olsun. Boyu bərabəri o boyda 3 oğlu var. Amma nə fayda, yemək yeyilib – qabları ortada qalıb, corabların hərəsi bir tərəfdə, çaydan bomboş qazın üstündə...

Yazıq Salatın o vəziyyətdə bunlara hələ yemək də bişirib, - Samirə qabları yuya-yuya Salehə bu gün gördüklərini danışırdı. Çaydanın altını yandırıb, əlini silə-silə Salehə baxdı.

 

- İşdən gələn kimi götürürsən o telefonu, bir azdan da gedib yatacaqsan. Səhərdən sənə bir kitab söz danışmışam. Mən də elə bilirəm ki, mənə qulaq asırsan, – Samirə Salehin telefonda nə isə yazdığını görüb, gileylənməyə başladı.

 

- Mən bu gün digər günlərdən fərqli olaraq, gözümlə deyil qulağımla dinləməyə başlamışam. Sən danış, mənə aid olan hissəsində mən müdaxilə edəcəyəm. Hə, yeri gəlmişkən, o qız mövzusuna mən də qatılıram. Adamın gərək doğrudan da qızı olsun, - Saleh telefonu kənara qoyub, Samirəyə baxdı.

 

- Amma sağlıqlarına qismət, evlərinin mebeli çox qəşəngdir. Bir dənə mətbəx mebeli yığdırıblar: üstü ağ mərmərdən, mebel isə zil qara. Adam mətbəxdən çıxmaq istəmir. Qonaq otağında bir dənə böyük ipək xalçaları var. Keçən dəfə Sədərəkdə onun balacasını soruşmuşdum, 3 min manata demişdilər, - Samirə sanki Salehi eşitməmiş kimi mövzunun əsas hissəsinə keçid etdi.

 

- Gör, çay qızdısa, bir dənə çay ver, – Saleh bildi ki, mövzunun gərginlik tempi yavaş-yavaş qalxmağa doğru gedir.

 

Samirə bir şey demədən çay süzüb, Salehin önünə qoydu və oturub gözünü önündəki qəndqabına dikdi.

 

- Danışacağam, deyəcəksən ki, yenə başladı. Axı biz də evə bir əl gəzidrək də. Evə adam gəlib-gedəndə, inan, utandığımdan bilmirəm nə edim. Bu mətbəxin qapısı sökülüb, elə ordaca qalıb. Bu qonaq otağının kağızı gör neçə ildi uşaqların yazdığı qara-qurası ilə qalıb. Sən də hərdən bu barədə bir az fikirləşsən, yaxşı olar, - Samirə demək olar ki, son vaxtlar bacısı Salatıngilə gedib-gələndən sonra bu mövzular aktual fazaya keçirdi.

 

- Samirə, yaxın günlərdə bir bank yarmağı fikirləşirəm. Plan demək olar ki, tam hazırdır. Qismət olsa, o bankı yarıb dediklərini reallaşdıracağam. Ya da babam Şıxəlidən qalan qızıl küplərin birini açaram. Onları saxlamaq istəyirdim, amma sən indi ki, bu qədər israr edirsən... - Saleh dediklərini elə ciddi şəkildə deyirdi ki, kənardan baxan olsaydı, Salehin bu sözlərinin zarafat, ya ciddi olduğunu anlamazdı.

 

Samirə hirslə durub:

- Ən nifrət etdiyim xasiyyətin bilirsən nədir?! Mən nə vaxt ciddi və sənə sərf etməyən bir söz danışmağa başlasam, bu şit zarafatlarına keçirsən. Sən belə edəndə, elə bil bütün nəslimi üzümə söyürlər. Heç olmasa bir adamı ciddiyə alıb desən ki, buna bacarığım yoxdur, mən bir ömür səhərdən-axşama qədər bir qarın çörəyə işləyəcəyəm – mən də qaxılıb oturaram yerimdə. Sən heç məni adam yerinə qoymursan ee. Görəsən mənim dediklərim bu evdə nə vaxtsa ciddiyə alınacaq?! - bunu deyərək, qonaq otağına keçdi.

 

Saleh boğazında düyünlənmiş çayı birtəhər uddu. Salehin qulağında Samirənin: “Desən ki, buna bacarığım yoxdur... Bir ömür səhərdən-axşama qədər bir qarın çörəyə işləyəcəyəm” sözləri cingildəyirdi. Sözlər sanki kiçik iynələrə dönüb, ürəyinə işləyirdi. Eynəyini çıxardıb, gözlərini ovuşdurdu. Bu gün saatlarla sükan arxasında oturmuşdu. İşlədiyi firmanın ərzağını daşıyan Saleh, bu gün Gəncəyə gedib-qayıtmışdı. Yolüstü bir neçə rayona girib, ərzaq da vermişdilər. Yol yorğunluğu qəlb yorğunluğu ilə əvəz olunmuşdu. Saleh bildi ki, bu dəfə də oda qarşı su olmaq rolu onun üzərinə düşüb.

 

Bir qədər su süzüb, qonaq otağına keçdi. Saleh suyu Samirəyə uzatdı:

- Gülüm, onların yaxşı mətbəx mebeli, xalçası var, mənim isə sən varımsan. Yəqin ki, sənin yerində Salatın olsaydı, mən də evi bəzəmək haqqında düşünərdim. Evdə bir ürəkaçan şeylər olmalıdı axı.

Amma sən bu kiçik daxmamı elə doldurursan ki, alacağım o mebeli, xalçanı hara qoyacağımı belə düşünə bilmirəm. Sənin olduğun evdə hansı əşyanın dəyərli olduğunu düşünə bilərsən?! Niyə bəs mən evə gül ala bilmirəm? Ən təravətli güllər belə, səni görən kimi boynunu bükür.

 

Samirə oturduğu divanda yavaş-yavaş başını qaldırdı. Saçını üzündən götürüb, Salehə baxdı. Gülməmək üçün özünü güclə saxlayırdı. Suyu alıb bir neçə qurtum içdi, bir az o yana çəkildi və Salehə yanında oturmaq üçün işarə etdi. Başını Salehin çiyninə qoyub:

- Sən düzələn deyilsən. Üstündə oturduğun bu divanı Sadiq doğulanda ikinci əldən almışıq. Yəni, ən azı 6-7 ilin divanıdır. Bu televizor altlığının artıq hansı rəngdə olması məlum deyil. Axı evdə bəzi dəyişikliklər etmək haqqında düşünməyimin nəyi pisdir? Məni narahat edən budur ki, sadaladıqlarımın heç biri səni zərrə qədər də olsa, narahat etmir. Elə bil ömrünün axırına qədər bu durumda yaşamağa and içmisən. Sən Allah, zarafata salma, ciddi danışıram.

 

- Samirə, vallah, düz deyirsən. Evimiz sanki əntiq mallar dükanı kimi hisli-paslı əşyalarla doludur. Kim istəməz ki, təzə rəngarəng əşyalarla dolu olan işıqlı bir evdə yaşasın? Bunlar əslində düzələn şeylərdir. Amma məni narahat edən tam fərqli bir mövzudur. Onun üçün də hər dəfə bu mövzular ilə bağlı sənin narahatlığını görəndə, içimdə bir nigarançılıq yaranır, – Saleh deyəcəyi sözləri düşünüb-daşınırdı ki, Samirənin qəlbinə dəyməsin.

 

Samirə Salehin ovxaladığı gözlərinə təəccüblə baxaraq:

- Səndə söhbətlər var... Danış görək, mənim sözlərim səndə hansı nigarançılğı yaradır? –deyib, kürəyini divanın arxasına söykədi və qollarını sinəsində çarpazladı.

 

- Qollarını aç. - Saleh əlini uzadıb, Samirənin qollarını açdı. - Samirə, bizim getdiyimiz yol Salatıngilin getdiyi yoldan tamamilə fərqlidir. Sən sanki meşəyə odun qırmağa gedən birisinə, qonşuda gördüyün yaxşı qırmağı da almaqda israr edirsən. Axı onların hədəfləri ilə bizim hədəflərimiz tamamilə fərqlidir.

Biz Allaha iman gətirmişik və Əhli-Beyt yolunda addımlayırıq. Bizim hədəfimiz – daha az günaha bulaşaraq, daha az maddi bağlantılarımız olduğu halda buranı tərk etməkdir. Salatıngil təzə ev alıblar, özü də 35-illik ipoteka ilə. Aldıqları bütün əşyalar kreditlədir – 18 aylıq. Bir insan bir evdən ötrü necə 35 il borclu yaşaya bilər? 35-illik borcu olan adam İmamın (ə.f) zühurunu necə arzu edə bilər?

İmam Hüseyn (ə) Kufəyə getmək üçün onun eşq karvanına qoşulmaq istəyənlərdən, ilk olaraq borclu olub-olmadıqlarını soruşurdu. Borclu olanlar İmam Hüseynin (ə) eşq karvanına qoşula bilmədilər. Axı axırəz-zəmanın ən üstün əməli – zuhurun intizarında olmaqdır. Mən o qədər borcla necə intizarda ola bilərəm? - Saleh sual dolu baxışlarla Samirəyə baxdı.

 

- Anlmadım. Məgər bir dindarın evinin yaxşı olmasının nəyi pisdir ki? Hər halda bu, sənin izzətindir. İstəmirəm ki, evinə gələn adamlar bir dindarın evini sökük, dağılmış görsünlər – bunun nəyi pisdir ki? Mənim istəyim odunçuya qırmaq almaq deyil, onun baltasının daha təzə olmasını istəməsidir. Sən mövzuları qarışdırma. Bir də sənin altından çıxa bilməyəcəyin borcların altına girməməyini ən çox elə mən istəyirəm. Dediklərim – sənin edə biləcəklərin şeylərdir.

 

Saleh Samirənin əlində yarımçıq qalmış suyu götürüb, ayağa qalxdı. Bir-iki qutum içib, düşünərək evi gəzişməyə başladı. Sözə necə başlayacağını düşünürdü.

- Biz uzun zamandır nə “Təvəssül”ə, nə “Kumeyl”ə gedə bilmirik. Bibi-Heybətə getdiyimiz heç yadımiza gəlmir. Daha Məşhəd, Kərbəla və digər uzaq ziyarətləri heç demirəm. Axı bu müddət ərzində səni, evimizin sınıq-salxaq olması qədər, mənəvi boşluğumuz narahat etməyib.

Məgər axirətə iman etmiş birisi kimi daimi yaşayış yerlərimizin xaraba halında olması səndə daha artıq narahatlıq yaratmamalıdırmı? Məgər hər bir sirlərin aşkar olacağı o gündə bizə izzət lazım olmayacaqmı?

Məni narahat edən budur ki, sən mənəvi durumumuzdakı bu boyda boşluğa görə heç bir narahatlıq hiss etmirsən.

 

Samirə bir qədər düşündü. Gözünü evin küncündəki “Ceyran” peçinə dikib, dedi:

- Bilirsən Saleh, səni tanıyanda məni ən çox cəlb edən bu idi ki, mən sənin yanında özümü güvəndə hiss edirdim. Sənin yanındakı bu əminliyimin qaynağı haqqında çox düşünmüşdüm. Sonda anladım ki, bu əminlik – səndən gələn bir şeydir. Sən danışdığın heç bir mövzu haqqında ehtimala söykənəcək bir şey demirdin. Dediyin sözdə elə əminlik var idi ki, bu mənim qəlbimi belə, əhatə edirdi.

Sənin Allaha və Əhli-Beytə (ə) bağlılığın o qədər səmimi idi ki, mənim onlarla olan bağlılığımın ilk zənciri sən olmuşdun. Yadındadırsa, əqdimizin kəsildiyi vaxt məndən bir şey istəmişdin. Bu istəyi zəmanənin alimlərindən birinin yoldaşına dediyi sözlə demişdin: “Səndən heç bir şey istəmirəm. Sadəcə evimə günahın girməsinə icazə vermə”.

Saleh, sənə güvənmişəm. Hər zaman düşünmüşəm ki, sən heç vaxt Allaha asi olacaq heç bir şey etmərsən və mənə də icazə vermərsən. Etdiyim hər bir işdə ilk olaraq reaksiyanın necə olacağını düşünmüşəm. İndi isə illərdən sonra mənə bu sözləri deyirsən. Axı bu müddət ərzində etdiklərim əgər səhv idisə, niyə bir kəlmə ilə olsa belə, etiraz etməmisən?!

Bunu deyərək, durub uşaqların otağının qapısını ahəstə örtdü.

 

- Sənin narahat olmağın – dünyada istədiyim ən son şeydir. Sənin günah etdiyini söyləmədim. Sadəcə biz sahib olduğumuz bütün hisslərimizə görə məsuliyyət daşıyırıq. Hər dəfə bu cür mövzular müzakirə ediləndə cürbəcür zarafatla sənə olan durumumu anlatmağa çalışırdım. Bu gün sərt şəkildə desəydim ki, mənim aylıq qazancım yeməyimizə və uşaqların məktəb xərclərinə ancaq çatır, demək olar ki, bu aydan o biri aya çox nadir hallarda borcsuz çıxa bilirik – necə olacaqdı?

Məgər sən bu evdə yaşamırsan? Durumumuzdan xəbərin yoxdur? Gərək mütləq mənim dilimdən qazancımın az olduğunu, sizi istədiyiniz kimi dolandırmağa gücüm çatmadığımı eşidəsən? O sənin şit zarafat kimi gördüklərin – əslində mənin sınmış qürurmu qorumağım üçün etdiyim cəhdlərimdir, - Salehin sifətinin rəngi dəyişmişdi. Son sözləri deyərəkən səsinin tiriəməsi aydın hiss edildi.

 

Samirə narahat halda duraraq, Salehin önünə gəldi

- Saleh, biz bir ailəyik. Sən və mən yoxdur. Allah qatında olan andımız – əqdimiz bizi bir bütöv edib. Sənin bu cür davranışların mövzunu buraya qədər gətirib çıxardıb. Sən vaxtında mənim kimi içində olanları dilinə gətirsəydin, mövzu səncə buraya qədər gəlib çıxardı?

Sən içində saxlaya-saxlaya özün-özünə nigaran olub, özün narahat olmusan. Mən sənin içini oxuya bilmirəm axı, – Samirə həyəcanla fikirlərini izah etməyə cəhd edirdi.

Ani olaraq düşünərək:

- Hələ bir dayan... Yaxşı, mən narahat olmuram və bu, mənim boşluğum və qəflətimdir. Məgər Allah deməyib ki, “Özünüzü və ailənizi oduncağı daşlar və insanlar olan oddan qoruyun?”. (“Təhrim”, 6)

Sən bizi Cəhənnəm odundan bu cürmü qoruyursan? Sən bizi nə vaxt ziyarətə, dualara apardın, biz də getmədik? Mən yazıq, başım qarışır, bir də görürəm ki, axşam düşüb. Mən gün ərzində bu daşı-divarı, stolu-stulu, divanı görürəm. Gördüklərim haqqında düşünməkdən daha təbii nə ola bilər ki?

Sənin Allahla rabitən o qədər böyük olmalıdır ki, bizim ev qayğılarımız onun bir küncündə qalsın. Bizi axirət əhli etməsən, təbii ki, bu evin sınıq-söküyü bizi narahat edəcək. Həvva anamız şeytanın vəsvəsəsi ilə Adəmi qadağan olunmuş meyvədən yeməyə təhrik etdi. Amma bax, Qurani-Kərimdə adı çəkilərək məzəmmət olunan – ancaq Adəmdir (ə).

 

- Mən guya belə düzəlməlli haldayam?! Odu söndürüb, közü ilə oynayıram. Dünən qardaşlardan biri çayçıda maraqlı bir hədis söylədi. Məni özümdan alıb apardı. İmam Əli (ə) səhabələrindən gileylənərək, buyurmuşdu: “Nə vaxta qədər sizinlə kürəyində yara olan cavan dəvələr və köhnəlmiş paltarlarla davranılan kimi ehtiyatla rəftar edəcəm?! Bir tərəfdən tikilən, o biri tərəfdən sökülən paltarlar kimi... Mən bilirəm sizi nə islah edər, sizin əyriliyinizi və azğınlığınızı nə düzəldər. Amma mən sizin islah olunmanızın, özümü xarab etmək bahasına başa gəlməsini rəva bilmirəm”.

 

Saleh hədisi söyləyib, özünü saxlaya bilmədi. Əli ilə üzünü tutub, için-için ağlamağa başladı. Samirə də divara söykənib ağzını tutaraq, gözləri dolub-daşdı.

Saleh gözlərini silərək, titrək səsi ilə:

- Samirə, biz nə vaxt düzələcəyik? Ömür bitdi, nə Ağadan (ə.f) xəbər var, nə də düzəlməyimizdən. Əllərimiz bomboş, hara gedirik? Əhli-Beytin (ə.f) üzünə necə baxacağıq? Məzlum Əlinin (ə) səhabələrinə dediyi sözləri, elə bildim ki, İmam Zaman ağa (ə.f) bizə deyir, - dedi.

 

Samirə son dərəcə həssas bir durumda dedi:

- Deməli, Əhli-Beyt (ə) hələ də bizdən əlini üzməyib. Biz olan diqqətlərini daha necə göstərməlidirlər? Bizə daha necə desinlər ki, özünüzü düzəldin? Həzrət Əlinin (ə) hədisini digərləri də eşidib. Əgər bu, səndə belə təsir qoyubsa, deməli, bu söz elə sənə ünvanlanıb.

Allah Təala bizə hər zaman fərqli ünvanlardan mesajlar yollayır. Sadəcə, biz qəflətdə olmayanda o mesajları tuta bilirik. Allah nəzər edib halımıza ki, o hədis söylənərkən ayıq olmusan və mesaj ünvanına çatıb. Sabah get, icazə al, yubanmadan gedək əsil təbibimizin – İmam Rzanın (ə) yanına, əhdimizi bir də yeniləyək.

 

Qapının cırıldayaraq açılması Saleh və Samirəni səs gələn istiqamətə baxmağa məcbur etdi. Yarıyuxulu duran Sadiq, qapının ağzında gözünə düşən işığı əli ilə önləyərək:

– Ata, hara gedirsiniz? Mən də gedəcəyəm haa...

 

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

(deyerler.org)

 

Şərh yaz


Məxfi kod
Yenilə