Şənbə, 28 Mart 2020 09:25

Uca Rəbbə müraciətdə valideynə münasibətin inikası

Uca Rəbbə müraciətdə valideynə münasibətin inikası

Önəmli bir məsələdən, bəla və çətinlikdən qüssələndikdə İmam Səccadın (ə) etdiyi dua – mübarək “Səhifeyi-Səccadiyyə” kitabında 7-ci dua olaraq qeyd edilib. Nəzərə alsaq ki, zəmanənin böyük alimləri də virus böhranı ilə bağlı bu duanın oxunmasını tövsiyə edib, onda mövzunun əhəmiyyəti bir qədər də artır.

 

“Sən bəlanı uzaqlaşdırmasan, heç bir bəla (bizdən) uzaqlaşmaz və Sən çətinlikləri həll etməsən, heç bir çətinlik aradan qalxmaz”.

 

Duanın qeyd edilən bu cümləsi insanlara ayılmaq üçün növbəti fürsəti verir. İmam Səccad (ə) bir daha vurğulayır ki, hər şeyin əvvəli və əsil səbəbi – Uca Allahın Özüdür. Elmin və digər texniki vasitələrin inkişaf etdiyi bir zamanda hər bir vasitələrin qüvvədən düşməsi, həqiqi səbəbkarın kimin olduğunu bəşəriyyətin yadına salmış olur.

 

“Ey Rəbbim olan Allah, mənə bir bəla üz verib ki, onun ağırlığı məni kədərləndirib. Elə çətinliklərlə üzləşmişəm ki, onlara dözmək mənim üçün ağırdır. Düçar olduğum bu bəla – Sənin qüdrətin, qarşılaşdığım bu çətinlik – Sənin təqdirin sayəsindədir”.

 

İlk olaraq müraciət formasına diqqət edək. Əziz İmam (ə) “Rəbbim” deyə müraciət edir. Rəbb – tərbiyə edən, hər an vücud verən mənasına uyğun gəlir. İmam (ə) sanki müraciət edən ünvana öz gözləntisini də iqrar edir. Yəni, ey mənə vücud verən, məni tərbiyə edən! Hər nə varımdırsa – Səninkidir. İlahi, Sənin tərbiyə etdiyin birinə çox böyük bir bəla üz verib...

 

Rəbbimizin tərbiyə üsulları hər zamana uyğun olaraq, fərqli şəkildə vücuda gəlir. İmam (ə) bəlanın çətin olmasını, şiddətin ağır olmasını dilə gətirməklə İlahi dərgaha öz istəkləri üçün zəmin yaradır.

 

Bu yanaşma ilə bir daha onu anlayırıq ki, Rəbbimiz üçün bizim çətinliyə düşməyimiz xoş deyil, bizə çəkilməsi ağır olan bəlalar, İlahi dərgahda nəzərə alınır. Sanki, valideynin verdiyi cəzadan övlad elə valideynin özünə üz tutur. Uşaq çox gözəl anlayır ki, valideyn nə qədər də narahat olsa da, övladın çəkdiyi acılara uzun zaman tab gətirə bilməyib, onu öz sinəsinə sıxaraq, o giriftarçılıqdan qurtaracaq.

 

İmam Səccad (ə) da “Düçar olduğum bu bəla – Sənin qüdrətin, qarşılaşdığım bu çətinlik – Sənin təqdirin sayəsindədir” – cümləsi ilə çəkdiyimiz çətinliklərdən yönəlməli olduğumuz istiqamətin ünvanını bir daha bizə xatırladır. O Həzrət (ə) gözəl bilir ki, bəndənin çəkdiyi acılara və düşdüyü durumdan etdiyi etiraflara İlahi dərgahda biganə yanaşılmır.

 

“Kumeyl” duasında qeyd edilən “Göz yaşından başqa əlində heç bir şey olmayan birisinə rəhm et” kəlməsi ilə bağlı da qeyd edilən budur ki, sanki bəndə göz yaşlarını Rəbbi ilə öz arasında vəsilə qərar verir. Mövla Əli (ə) bildirir ki, bu vasitə – İlahi dərgahda qəbul edilən və dəyərləndirilən bir bazarlıqıdır.

 

İlahi, ən böyük böhranımız – Səndən qəflətdə olmağımızın fərqində olmamağımızdır.

Bizə oyanış nəsib et...

 

 

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

Şərh yaz


Məxfi kod
Yenilə