Cümə axşamı, 02 Yanvar 2020 12:17

Qəzəb: nemət, yoxsa bəla?

Qəzəb: nemət, yoxsa bəla?

Bismilləhir-Rahmənir-Rahim!

Bu bəhsimiz dövrümüzün ən ciddi mövzularından birini əhatə edir. Hər zaman insanları narahat edən, düşündürən bir problem var ki, bundan çox insanlar qurtulmaq istəyir. Bu, qəzəb, əsəbilik mövzusudur.

 

 

Qəzəb özlüyündə bir nemətdir

Deyə bilərik ki, uşaqdan böyüyə qədər hər kəsi bu problem əhatə edir. Məktəblilər üçün də, tələbələr üçün də, iş görənlər üçün də, ahıl yaşlarında olanlar üçün də bu, aktual bir mövzudur. Əsəbiləşmək, aqressivlik, qəzəblilik – bu gün bir çox mütəxəssisləri düşündürən mövzulardır.

Xüsusilə ailələrdə bu mövzu – ən çox rast gəlilən məsələlərdəndir. Ona görə də, ilk olaraq insan bu mövzuya diqqət etməlidir ki, insanın daxilində qoyulmuş bu qüvvənin digər qüvvələr kimi dəyəri nədir?

Bir çox digər qüvvələr və xüsusiyyətlər kimi, bu da özlüyündə çox dəyərli bir nemətdir. Amma, həmin bu qüvvə əgər yerində istifadə olunmursa, mənfi nəticələrə gətirib çıxardır.

 

Digər nemətlər kimi, bu nemət də Allahın razılığı üçün istifadə olunmasa, bu qüvvə nemət olmaqdan çıxır və insanı məhv etməyə, sıradan çıxarmağa yönəlir.

Deməli, bunun altından xüsusilə xətt çəkmək lazımdır ki, qəzəb qüvvəsi insanda qoyulan digər qüvvələr kimi bir nemətdir və nemətin də ə kamil şükrü – o neməti verən onunla necə davranmağı istəyirsə, o cür davranmaqdır.

Nemətin ən böyük şükrü odur ki, o nemətləri Allah necə istəyirsə, Allahın razılığı necədirsə – o cür istifadə edək.

 

 

Qəzəblənərkən Məsumların (ə) bu durumda necə davranmalarını xatırlayaq

Qəzəb, əsəb qüvvəmizi nəzarətə almaq üçün nə etməliyik? Məsumların (ə) buyuruşlarından qaynaqlanan bir neçə praktik tövsiyələr var ki, insan qəzəblənən zaman onlara diqqət etsə, qəzəbini soyuda bilər.

İslam mətnlərində insanın qəzəb və əsəbini nəzarətə almaq üçün tövsiyə olunan ən əsas məsələlərdən biri budur ki, əsəbi halda olanda gərək insan ali, gözəl nümunələri xatırlasın. Biz iddialıyıq ki, Məsumların (ə) yolunu gedirik. Gərək insan əsəbiləşən zaman onlara iqtida etsin, düşünsün ki, Həzrət Rəsulallah (s), Əhli-Beyt (ə) bu anda nə edərdi?

Deməli, mühüm mövzulardan biri budur ki, biz Allah dostlarının qəzəblənən vaxt yaşama tərzinə, davranışına baxmalıyıq. Həzrət Rəsulallah (s), Əhli-Beyt (ə) belə olan halda necə davranardısa, biz də elə davranmalıyıq.

 

Hər kəs bu rəvayəti gözəl xatırlayır. Döyüşlərin birində düşmən Həzrət Əliyə (ə) qarşı təhqiramiz davranışa cürət edir. Bir halda ki, bu nanəcib – ərəblərin ən tanınmış, ən güclü sayılan sərkərdələrindən idi. Amma Həzrət Əli (ə) qısamüddətli pauza edir, o qəzəbli, əsəbi halında döyüşü davam etdirmir. O, gözləyir ki, əsəbi, qəzəbi aradan getsin, durumu tam sakit hala gəlsin, sonra vuruşa davam edir.

Həzrət Əmirəlmöminin (ə) Allah razılığı üçün döyüşür. Onun bütün davranışları ancaq Allahın razılığı üçündür. Döyüşün ən qızğın çağında da belə, istəmir ki, öz qüdrətli zərbəsini düşmənə qəzəb üzündən endirsin. O Həzrət (ə) vuruşursa, ləzzət üçün deyil, özünü təsdiqləmək üçün deyil, cəngavər olaraq məşhurlaşmaq üçün deyil – fəqət Uca Allahın razılığını qazanmaq üçün cəng edir.

Ani pauzadan sonra sakitləşərək, Həzrət Əli (ə) mübarək əlində olan qılıncının bircə zərbəsi ilə həmin nanəcibi cəhənnəmə vasil edir. Amma bu ani pauzada bütün bəşəriyyət üçün nə böyüklükdə dərslər var...

 

 

Davranış standartları

Deməli, ən önəmli məsələ budur ki, bizlər əsəbi, qəzəbli halda baxaq ki, o halda Əhli-Beyt (ə) necə davranardı? Bu nümunələr əsasında biz də elə davranaq.

Xüsusilə xanımlar bu məsələdə diqqətli olmalıdırlar. Təəssüflər olsun ki, dünyada elə bir vəziyyət yaranıb ki, xanımlar daşıya biləcəkləri yüklərdən artığı ilə yüklənirlər və nəticə etibarilə nə psixolojiləri, nə emosiyaları, nə fiziki gücləri, nə bioloji tutumları bu çağırışlarla qarşılaşmağa yönəlik olmur. Bunlar da öz növbəsində aqressivliyə, stressə, depressiyaya gətirib çıxardır.

Əgər biz Məsumları (ə) özümüz üçün gerçək nümunə biliriksə, gərək baxaq ki, onlar qəzəblənən vaxtı necə davranardılar. Bu nümunələr – bizim üçün davranış standartlarıdır.

 

 

Qəzəb – hər bir pisliyin açarıdır

Həzrət Rəsulallah (ə) buyurur: “Qəzəb – şeytan (lən) alovunun bir hissəsidir”. İnsan əgər öz qəzəbini nəzarətə ala bilməsə, işlərinin heç bir xeyri yoxdur. Əxlaqşünaslar burada çox gözəl tərif verirlər. Buyururlar ki, qəzəb norma deyil, qəzəbli hal – qətiyyən norma deyil. Bəli, bu, özülüyündə bir nemətdir. Sanki, qızdırma kimidir. Necə ki, qızdırma bir ciddi vəziyyət barədə xəbərdar edir, qəzəb də o cür insanın ruhi durumundan xəbər verir.

Qəzəb yalnız istisnavi hallarda Allah razılığı üçün üzə çıxa bilər. Bu, normaya çevrilən kimi faciələr başlayır. Deməli, biz bu mövzuda çox diqqətli olmalıyıq ki, qəzəb – şeytanın (lən) alovunun bir hissəsidir.

Bu mövzu bütün müstəvilərə aiddir. Fərdi, ictimai, iqtisadi, ailə mövzularında – istənilən mövzuda qəzəb çox təhlükəlidir. Günümüzdə ki, şiddət mövzusu geniş müzakirə olunur, kökündə dayanan məsələ – məhz qəzəbdir.

 

İmam Sadiq (ə) buyurur: “Qəzəb – hər bir pisliyin açarıdır”. Yəni, qəzəbin belə bir potensialı var ki, əgər bu, işə düşsə, bütün mənfilik və pisliklərin hərəkətə gəlməsinə səbəb ola bilər. Qəzəb insanı pis sözlər danışmağa, qeybətə, böhtana, yersiz hərəkətlərə, dava-dalaşa, hətta küfrə, şirkə aparar. Qəzəbin belə bir mənfi mənada potensialı var. Deməli, bütün pisliklərin açarı – qəzəbdir.

 

 

Qəzəbləri əsasında davrananlar üçün xüsusi qapı

Həzrət Rəsulallah (s) buyurur: “Həqiqətən cəhənnəmin qapısı vardır ki, oradan yalnız öz qəzəbini sakitləşdirmək (təmin etmək) üçün Allaha qarşı üsyan edən günahkar şəxslər keçəcək”.

Çox düşünməli bir buyuruşdur. Yəni, insan qəzəblənəndə Allaha qarşı üsyan edər, günahlar edər, mənfi işlər görər ki, bunların nəticəsində qəzəbini təmin etsin, yatızdırsın – və məhz bunlar həmin insanın Cəhənnəmin xüsusi bir qapısından daxil olmasına səbəb olar.

Kişi əsəbiləşəndə bir cür davranar, qadın əsəbiləşəndə başqa bir cür davranar. Amma ümumi məxrəc budur ki, mənfi davranış sərgiləyərlər. Adətən də necə görüblərsə, o cür davranarlar. Odur ki, valideynlər övladlarına hansı nümunəni qoyduqlarının fərqinə varmalıdırlar.

Əgər insan bu buyuruşa diqqət etsə, qəzəbdən uzaq durmağa çalışar. İnsan əsəbiləşən zaman qəzəbini təmin etmək üçün müxtəlif günahlar edir. Bunlar isə insanı uçuruma aparır.

 

 

Qəzəblənərkən Allaha pənah aparmaq

Həzrət Rəsulallah (s) Həzrət Həmzənin (r.ə) şəhadətindən sonra gəlib dəhşətli bir səhnəni görür, çox narahat olur. Bir hal idi ki, bütpərəstlərin başçısı Əbu Süfyanın arvadı Hində, qəzəbin şiddətindən Həzrət Həmzənin bədənini yarıb, ciyərini çeynəmişdi.

Təsəvvür edək: İslamın sərkərdəsi, dinin dayağı, hamının fəxri olan Həzrət Həmzə - hansı ki, həm də Peyğəmbərimizin (s) doğma əmisi idi – bədəni vəhşiliklə parçalanmış bir vəziyyətdədir. Amma bu ağlasığmaz situasiyada da əziz Peyğəmbərimiz (s) emosiyalarını cilovlayır. O, hər nəfəsində Allahın razılığını axtarır. Cəbrayıl (ə) Həzrət Rəsuli-Əkrəmə (s) nazil olur və bu vəziyyətdə necə davranmanın İlahi düsturu təqdim olunur. Həzrətə (s) səbir etmək tövsiyə olunur.

Həmişə olduğu kimi, bu ağır vəziyyətdə də Həzrət Rəsuli-Əkrəm (s) tərəfindən Allahın razılığı üçün, Allahın razılığına uyğun davranmaq seçilir...

 

Bəli, qəzəbin istifadə yeri – yalnız Allah üçündür və hüdudları – insanlığa xas olan sərhədlərdə, çərçivələrdədir. Misal üçün, insanlar görür ki, torpaqlarını düşmənlər işğal edirlər, qəzəb qüvvəsi bunun üçündür ki, insan qəzəblənsin və torpaqlarını qorusun. Amma, bir məişət mövzusunda, insanlararası məsələdə qəzəb qətiyyən yolverilməzdir.

 

 

Qəzəbi soyutmaq zikri

Biz anlamalıyıq ki, mühüm olan – qəzəblənən vaxtı nəyin baş verdiyinə diqqət etməkdir. Əgər biz fərqinə varsaq, diqqət etsək, qəflətdən çıxsaq – Allaha tərəf şeytandan (lən) pənah apararıq. Biz anlayarıq ki, bu vəziyyət şeytanın (lən) fəal olduğu, xoşhal olduğu vəziyyətdir.

 

“Əuzubilləhi minəş-şəytanir-racim” (“Qovulmuş şeytandan Allaha pənah aparıram”) – bu zikri insan davamlı-davamlı desə, onun qəzəbli halda vəziyyətinin düzəlməsinə səbəb olar. İnsan qəzəblənəndə şeytandan (lən) Allaha pənah aparmasının zikrini deməli və ruhən də bu vəziyyəti yaşamalıdır. Belə olan halda, insan qəzəbin yaratdığı qaranlıq durumdan Allahın nuraniyyətinə tərəf yönəlmiş olar.

 

İslami mətnlərdə gəlir ki, qəzəblənən zaman soyuq su ilə dəstəmaz və ya qüsl almaq çox faydalıdır. İnsanın qəzəbli, əsəbi vaxtı ona fayda verə biləcək məsələlərdən biri də fiziki məsələlərdir. Soyuq su ilə qüsl və ya dəstəmaz almaq insanın qəzəbinin soyumasına səbəb ola bilər. Müasir elm, tibb də bunu təsdiqləyir. Doğrudan da bəzi fiziki təsirlər insanın insan stress, aqressiv vəziyyətindən çıxmasına gətirib çıxardır.

 

 

Əsəbiliyi artıran amilləri aradan aparmaq

Əsəbiliyin digər amillərini aradan aparmaq lazımdır. Bir var insanın əsəbi olmasının əsas səbəbi, bir də var bu səbəbi alovlandıran köməkçi amillər. Onları tapıb yığışdırmaq da qəzəbi aradan aparmağa kömək edir. İslami mətnlərdə onların bir neçəsinə vurğu edilir. Misal üçün, aclıq, susuzluq, yorğunluq, yuxusuzluq – bunlar əsəbi insanın daha da qəzəblənməsinə gətirib çıxardır. Amma təbii ki, bunların heç biri əsəbiləşmək üçün mandat vermir.

 

Qəzəbi nəzarətə almağın digər praktik yollarından biri də budur ki, insan bundan öncə qəzəbi boğmağın yaşatdığı şirinlik və ləzzəti xatırlasın. İnsan xatırlamalıdır ki, ötən dəfə qəzəblənəndə özünü necə nəzarətə alıb və sonra necə yaxşı olub. Bu faydalılığı yada salsa, bunu bacarsa, bu, onun qəzəbli haldan çıxmasına çox kömək olacaq. İnsan daha şirin, daha ləzzətli olana meyillidir.

 

Pis əxlaqlı və daim qəzəbli olan insanlarla ünsiyyətdən fasilə saxlamaq da çox faydalıdır. Çünki, insanın mühütü də insana çox təsir qoyur.

 

İnsanın iman və etiqad mövzularında ciddi olması da qəzəbi nəzarətə almağa kömək edən amillərdəndir. İnsanın gərək qəza və qədərə etiqadı olsun, daxilində təvəkkül ruhiyyəsi olsun. İnsan bəzən ona görə əsəbiləşir, qəzəblənir ki, təvəkkülü yoxdur, qarşılaşdığı vəziyyətlərdə narazıdır. İnsan anlamalıdır ki, ondan asılı olanları edir, qalanında isə Allaha təvəkkül edir, Allaha sığınır.

İnsanda olan bu hal möhkəmləndikcə, onu qəzəblənməkdən qoruyacaq.

 

İnsanlar adətən özündən daha zəif olanlara qəzəblənir. İnsan anlamalıdır ki, özündən zəifə qəzəblənən zaman, daha güclünün ona qəzəblənməsinə yol açır, bunu legitimləşdirir.

Amma bir amil də var ki, hər bir insan daha zəifə qəzəblənən zaman bilməlidir ki, ən böyük, ən qüdrətli olanı qəzəbləndirir. Müdafiəsi olmayana qəzəblənmək – insanı Allahın qəzəbinə aparar.

 

 

Qəzəbi nəzarətə almağın faydaları

Digər praktik əhəmiyyətli tövsiyə isə budur ki, insan daim moizə və nəsihət mühitində olsun. Bizim həyatımızda çatmayan ən əsas amillərdən biri budur ki, həyatımızda moizə və nəsihət azdır. Bağçada, məktəbdə, universitetdə bu, yoxdur, iş mühütündə yoxdur və s. Səhərdən axşama qədər alınan təhriklər insanı daha çox qəzəbli duruma yönəldir, nəinki əksinə. İnsanın moizə və nəsihət mühiti olmalıdır ki, ən azından bunlar haqqında düşünsün.

 

Qəzəbi nəzarətə almağın xeyli müsbət faydaları var. Əgər insan öz qəzəbini nəzarətə ala bilsə, Cəhənnəm atəşindən xilas olar. Həzrət İmam Baqir (ə) buyurur: “Hər kim qəzəblənən vaxt özünü ələ ala, Allah Təala onun bədənini Cəhənnəm atəşinə haram edər”.

 

Digər faydası budur ki, o kəsin Qiyamət günündə aramlığı olar. Kim qəzəbini boğsa, Qiyamət günündə üç hədiyyəsi olacaq: imanlılıq, aramlıq, əmin-amanlıq. Həzrət İmam Baqir (ə) buyurur: “Hər kim öz qəzəbini boğsa, bir halda ki, əvəzini çıxa bilərdi, Allah Təala Qiyamət günü onun qəlbini iman, əmin-amanlıq və salamatlıqla doldurar”. Əgər istəriksə qəlbimiz Qiyamət günündə bunlarla dolsun – gərək qəzəb qüvvəmizi nəzarət alaq.

 

Qəzəb qüvvəsinin nəzarətə alınmasının digər faydası budur ki, Əhli-Beytin (ə) gözünün aydınlığına səbəb olar. İmam Sadiq (ə) öz övladı İmam Baqirə (ə) buyurur: “Heç nə mənim, sənin əsəbilik, qəzəb qüvvən baş qaldıran zaman səbirlə onu boğman qədər gözüaydınlığıma səbəb olmur”.

Bizlər qəzəb qüvvəmizi nəzarətə alanda, Əhli-Beytin (ə) gözü aydın olur.

 

Qəzəb qüvvəsini boğan, Allahın qəzəbindən qorunar. Çünki, biz kiməsə qəzəblənəndə, Allah da bizə qəzəblənir.

 

Qəzəbini nəzarətə alan, həqiqi iman əhlinin sıralarına daxil olar. Qurani-Kərim möminlərin sifətindən biri kimi qəzəbi nəzarətə almağı təqdim edir. Yəni, insan qəzəbi nəzarətə alan zaman möminlərin sıralarına daxil olar.

 

 

Qəzəbin aşkar zərərləri

Qəzəbi nəzarətə almağın faydaları olduğu kimi, qəzəbi öz başına buraxmağın, qəzəblənməyin də dörd zərərini qeyd edək.

Birinci zərəri budur ki, şeytanın (lən) təsiri artırar. Kim qəzəbini boş buraxsa, şeytanın (lən) onun üzərində təsiri artar. Bu təsiri həyatının bütün müstəvilərində görər.

 

İkinci böyük zərəri budur ki, qəzəb, əlxaqi fəzilətləri insanın həyatından çıxardar. Qəzəb olan yerdə, namaz hüzuri-qəlblə qılınmaz, qəlbin qəsavəti artar, əxlaq aradan gedər, təvazökarlıq, dürüstlük aradan gedər. Qəzəb bu qədər dağıdıcı gücə malikdir.

 

Qəzəb – xarlıq və rüsvayçılığa gətirib çıxardar. Qəzəblənən insan xar olar, zəlil olar, məhv olar.

 

Qəzəb etimadsızlıq mühitinin yaranmasına səbəb olar. Etimadsızlıq mühiti olan yerdən bütün günahlar qaynaqlana bilər.

 

Allahım, bizlərə qəzəb qüvvəsini daim nəzarətdə saxlamağı nəsib et!

Allahım, qəzəbin səbəb olduğu günah və xətalardan bizləri amanda saxla!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

 

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

Şərh yaz


Məxfi kod
Yenilə