Bazar, 09 Sentyabr 2018 11:20

İnsanın ən qiymətli sərmayəsi

İnsanın ən qiymətli sərmayəsi

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəmlik əyyamı yaxınlaşır. Bu dönəm, həyatın bir çox sahələrinə öz mübarək təsirini buraxır. Mübaliğəsiz olaraq demək olar ki, məhərrəmlik fenomeninə münasibət baxımından toplumun ruhi-mənəvi durumu haqqında müəyyən nəticələr əldə etmək olar. Belə ki, toplumun Aşura mərasimlərinə sayğısı, əslində İmam Hüseynin (ə) və qəhrəman silahdaşlarının, uğrunda şəhid olduqları ideallara sayğının bir növ təzahürüdür. Uca Allaha dua edirik ki, millətimizi bu gözəl dəyərlərə sayğılı olanlardan qərar versin!

 

 

 

 

 

 

 

 

 

 

 

Nemətlər içərisində bir nemət vardır

Nə öyrədir bizə məhərrəm-səfər? Buradan əxz edilən ən mühüm dərs odur ki, insana, bəşər övladına Allah tərəfindən verilmiş ən qiymətli, ən dəyərli bir sərməya vardır. Bu sərmayə insana tamamilə təmənnasız verilib. Bu sərmayə verilməklə yanaşı, daima Allahın ən seçilmiş bəndələri bu sərmayədən istifadəni, sərmayənin əhəmiyyətini də insanlara çatdırmışlar. Və müxtəlif zamanlarda yüzminlərlə insan bu sərmayənin qorunması üçün canlarını fəda etmişlər. Peyğəmbərlər (ə), İmamlar (ə) bu sərmayənin düzgün çatdırılması, onun qorunması üçün ömürlərini sərf etmiş, nəhayətdə, həyatlarından belə keçmişlər. Bu sərmayənin adı – dindir.

 

Allahın Təala insana çox nemət bəxş etmişdir: görmək, eşitmək, düşünmək qabiliyyəti, sevinmək, qəmlənmək, sevmək və s. saysız-hesabsız nemətlər verib. Hamısını Allah insana hədiyyə edib. Amma bütün bu hədiyyələr içində ən mühümü, ən dəyərlisi – məhz dindir. Din adlanan sərmayə bunların hamısından üstündür. Səbəbi nədir?

 

Bütün sadalanan nemətlər və ümumiyyətlə mövcud olan nemətlərin bir fərqləndirici xüsusiyyəti vardır: onlar ötəri xarakterə malikdir, hər bir nemət əvvəl-axır öz sonuna çatır. Amma din belə deyildir. Dində elə bir xüsusiyyət vardır ki, daxilinə sirayət etdikcə, daha da dərinləşir. Dəryalartək, okeanlartək dərinliklər var dində.

 

Lakin, tək əbədiyaşarlığı ilə fərqlənmir din. Din – insanın öz vəzifəsini, yaradılış hikmətini dərk edərək, bu missiyanı həyata keçirməyə yardım edən bir mübarək vasitədir. Məhz din insana öyrədir ki, o haradan gəlmişdir, haradadır, haraya gedəcək və ən başlıcası – nə etməlidir.

 

Məhərrəm ayına doğru gedirik. Bu ay Aşura qiyamı ilə səciyyələnən bir aydır. Nə uğrunda şəhid oldu İmam Hüseyn (ə)? Məhz dinə görə canlarını qurban verdilər Kərbəla qəhrəmanları, İlahi dəyərlərin aradan getməməsi, iblisvari mahiyyətli ünsürlərin insanlara hakim kəsilməməsi üçün canlarını fəda etdi onlar.

 

Din – insanın ən möhkəm dayağıdır

Həzrət Əlidən (ə) dinlə bağlı mübarək hədis nəql edirlər: «Din – nurdur».

İmam (ə) bəşərə aydınlaşdırır ki, insan zülmət əhatəsindədir. Bu qaranlıqlardan işığa aparan, zülmətdən nicat verən vasitə isə dindir.

 

Diğər mənbələrdə İmam Əlidən (ə) nəql edirlər: «Din – qoruyucudur».

Yenə də: «Din – ən qüdrətli dayaqdır».

Din insanı bütün məhvedici ünsürlərdən, bütün fəsadlardan – istər daxildə olan, istərsə də xaricdəkilərdən – müdafiə edir.

 

Yeri gəlmişkən, İmam Əlinin (ə) ən məşhur ləqəbi «Əmirəlmöminin»dir. Bu sözün mənası, «möminlərin əmiri», yəni, «iman gətirənlərin öndə gedəni» deməkdir. Yəni, İmam Əli (ə) dində olan insanların rəhbəridir. O insanlara rəhbərdir ki, həyati hədəfləri – Allahın razılığıdır. Və İmamın (ə) insanlara ən əsas çatdırışı bu olub ki, mal-dövlət, mənsəb, məqam, hakimiyyət, mülklər, saraylar deyildir əsla həqiqi dəyərə malik olan şeylər.

Əgər bunlar dəyər olsaydı, İmamlar (ə) insanlara buyurardı ki, çalışın, maksimum mal-dövlət əldə edəsiniz. Təbii ki, heç bir İmam (ə) bunu deməmişdir. Əksinə, maddiyyatın ötəriliyini, yalnız yaşam vasitəsi olduğunu, mənəvi dəyərlərin isə əbədiliyini vurğulamışlar.

 

İmam Cəfər Sadiq (ə) İslamın elmi inkişafını təmin etmək üçün misilsiz işlər görmüşdür. 4000-dən artıq tələbəsi olmuşdur İmam Sadiqin (ə). Elmin, zəkanın dəryası, elmi tədrisin institusional bünövrəsinin banisi olan İmam Sadiq (ə) nə demişdir insanlara, çatdırışı nə olmuşdur? Qısaca çatdırmaq istəsək, İmamın (ə) buyurduğu bu olmuşdur ki, «Mən gəlmişən sizə həqiqəti çatdırım. İstəsəniz, siz də düzgün seçim edin, getdiyim bu yolla gedin».

Yüzlərlə övliya gəlib bəşərə bu həqiqəti çatdırmağa. Ən əsas bəyanları da bu olub ki, din – başlıca sərmayədir. O, varsa, digər nemətlər də mənaya yiyələnir. O, yoxdursa, heç bir digər nemətin insanda olub-olmamasının mənası yoxdur.

 

Din insanın yaşamasını istəyir

Dinin mahiyyətini açıqlayan digər bir hədisdə Həzrət Əlidən (ə) nəql edirlər: «Bəla gələn zaman, mallarınızı, öz canlarınızı qorumaq üçün bir sipər edin. Bir hadisə baş verərsə, canlarınızı dininizə qurban edin. Və bilin ki, dini məhv olanın özü həlak olmuşdur. Dini qarət olanın özü qarət olunmuşdur».

İnsanın dini, əqidəsi, inancı aradan gedəndən sonra, yerdə nə qalır? Bunlar aradan gedəndə, elə insanın özü məhv olur. Din aradan gedəndə, nə malın, nə canın əhəmiyyəti yoxdur. Çünki, insanı öz vəzifəsini icra etməyə, yaranmışın əşrəfi məqamınadək yüksəlməyə yardım edən yeganə vasitə - dindir.

 

Yüzlərlə, minlərlə ən müxtəlif nəzəriyyəçilər gəlib-getmiş bu dünyaya. Nə nəzəriyyə desəniz, bunların arasında tapmaq olur. Hətta «intihar fəlsəfəsinə»dək insanlara yeritməyə çalışmışlar. Şopenqauer adlı birisi sübut etməyə çalışmışdır ki, ölüm – insan üçün ən böyük dəyərdir və insan nə qədər tez ölsə, o qədər yaxşıdır. Və buna yaxınlaşmağın rahat vasitəsi kimi intiharı göstərmişdir. Minlərlə insan bu cəfəngiyyata uyub, özlərini bu dünyadan da, axirətdən də məhrum etmişlər. Sözü gəlmişkən, Şopenqauerin özü, öz nəzəriyyəsinə əməl etməmişdir.

Amma din insanın yaşamasını istəyir. Özü də din insanın həqiqi mənada yaşamasını, həm fiziki baxımdan yaşamasını, həm də qəlbinin diri olmasını istəyir.

 

Və zaman-zaman İlahi övliyalar yaşatmışlar bu mübarək fəlsəfəni. 12 İmamdan (ə) 11-i bu yolda şəhid olub, 12-ci Mövlamız (ə.f.) isə qeybə çəkilmişdir. Peyğəmbərimizin (s) ən pak səhabələri – Cəfər Təyyar, Əbazər, Miqdad, Salman, Bilal bu yolda hər şeylərindən keçmişlər.

 

Dünya və axirət mənfəəti

Dinin insan həyatında ən böyük, ən əhəmiyyətli sərmayə olmasının səbəbi – onun dünya və axirət mənfəətinə gətirib çıxaran bir fenomen olmasıdır. Rəsuli-Əkrəmdən (ə) nəql edirlər ki, o zaman Məkkə əhlinə deyərdi: «Mən sizin üçün dünya və axirət xeyrini gətirmişəm. Və bu, dindir».

 

Din mahiyyətcə nədir? Din üç əsas bünövrə üzərində bərqərar olur. Bunlara: pak əqidə, saleh əməl və gözəl əxlaq aiddir. Pak əqidə, düzgün dünyagörüşü odur ki, insan anlasın Allahın birliyini, Onun ədalətini, Rəsuli-Əkrəmin (s) və digər peyğəmbərlərin (ə) haqlığını, 12 İmamın (ə) rəhbərlik missiyasını, məadı – insanların bir gün diriləcəyini və öz əməllərinə görə sorğu-suala çəkiləcəyini.

 

İnsanın dünyagörüşünün düzgünlüyü ilə yanaşı, onun əməlləri də dürüst olmalıdır. İnsanın əməlləri, onun əqidəsinin güzgüsüdür. Saleh əməllər həqiqi imana dəlalət edir.

 

Üçüncü mühüm amil – insanın əxlaqıdır. Gözəl əxlaq – düzgün əqidəni və saleh əməli tamlaşdıran bir məfhumdur. Və insan üçün mübarək nəticə o zaman hasil olur ki, onun əqidəsi, əməli və əxlaqı harmonik bir vəhdətdə bulunsunlar.

 

Din əxlaqa o qədər əhəmiyyət verir ki, insanın özünə qıydığını digərinə qıymasını və özünə rəva bilmədiyini digəri üçün də yol verməməsini istəyir. Hətta nəinki insana, heyvana da nisbətdə insanın ədalətli olmasını tələb edir dinimiz. «Nəhcül-bəlağə»də Həzrət Əli (ə) buyurur: «Siz insanlar məsulsunuz! Həm də heyvanlara görə».

 

İnsan azaddır, əql sahibidir, insanın iradəsi, seçim qabiliyyəti vardır. İnsan məsuliyyət, təklif əhlidir və bu səbədən bütün mövcudiyyət üçün insan cavabdehdir. Əhli-Beytdən (ə) nəql edirlər ki, əğər bir kəs ağac əkmək istəsə və birdən xəbər tutsa ki, dünyanın axırına 10 dəqiqə qalıb, yenə də həmin ağacı əkməlidir. Bu qədər dinimiz əhəmiyyət verir insanın öz vəzifəsinə məsuliyyətli yanaşmasına!

 

O qədər mühümdür insanın iradəvi durumu ki, hətta həddi-büluğa çatmaq, iradəvi mükəlləfiyyət daşımağa başlamaq münasibətilə bayram keçirmək ənənəsi də var İslamda. Düşünən şəxsiyyətlər nəinki məsuliyyətdən qorxmayıb, çəkinməyiblər, hətta onu şərəf bilmişlər. Görkəmli mütəfəkkirlərdən olan Seyyid ibn Tavus kimi bir insan, öz həddi-büluğa yetişməsini bayram kimi keçirmişdir. Bildirib ki, «Mən bu gün çox məmnunam. Çünki, Allah Təala məni insanlar cərgəsinə daxil etdi (çünki bioloji varlıqlardan yalnız insanın məsuliyyəti vardır)».

 

Həqiqətin yanında olmaq

Dini həqiqi sərmayə bilən insanların hesabına din irəli getmişdir. Tarixdə belə bir hadisə var idi. Vaxtilə möminə bir xanım İmam Rzanın (ə) Məşhəddəki hərəmini genişləndirmək qərarına gəlir. Qüdrəti də var idi dəyər-dəyməzinə evləri alsın, camaatı köçürsün, özünə də bəraət qazandırsın ki, bəs din üçün çalışıram. Amma din elə odur ki, insanların haqqına hörmətlə yanaşasan. Nə edir bu xanım? Hamını razı salır. Nə qiymət istəyirlər, insanlara ödəyir, evlərini satın alır, sonra söküb ərazini genişləndirir. Amma bir yaşlı kişi olur, bildirir ki, evini satmayacaq. Nə qədər pul verirlər, beşqat bahasına da qiymətini ödəməyə hazır idilər, amma yenə də satmır. Nə edir o möminə? Yenə də İlahi ədalətə uyğun hərəkət edir. O kişinin evi qalır hərəm kompleksinin içərisində, ona toxunub-dəyən olmur.

Belə hallar minlərlədir, insan hafizəsində qalanlar da var, qalmayanlar da. Amma mahiyyət ondadır ki, məhz insanların Allahın istədiyinə uyğun seçimi camiənin inkişafına səbəb olur.

 

Nəql edirlər ki, İmam Cəfər Sadiq (ə) bəla gələn vaxt buyurardı: «Allaha həmd və şükürlər olsun ki, mənim müsibətimi dinimidə qərar vermədi!».

Yəni, insanın müxtəlif problemləri ola bilər – malında, canında, güzəranında müşküllər yarana biilər. Amma əsas odur ki, bu bəlalar onun imanında, əqidəsində olmasın.

 

Eyni zamanda, Allah Təala dini insanlar üçün çətin qərar verməmişdir. Rəsulullahdan (s) nəql edirlər: «Ey insanlar! Həqiqətən, Allahın dini asandır!».

Lənətlik iblis insana dinə riayət etməyi çətin göstərə bilər. Amma həqiqətdə insanın durumuna tam uyğun bir məsələlərdir bunlar.

 

Həzrət Əlidən (ə) dinlə bağlı əlamətdar hədis nəql edirlər: «Öz dinini dünyanla qoru ki, hər ikisini udasan. Öz dinini dünyanla qoruma ki, hər ikisini uduzarsan».

İnsan əgər dindən maddiyyatını qorumaq, digər mənafelərini təmin etmək məqsədilə istifadə etsə, hər ikisindən məhrum olar. Amma düzgünü odur ki, insan, Allahın ona əta etdiklərindən əqidəsini qorumaq üçün istifadə etsin.

 

Digər yerdə Həzrət Əlidən (ə) nəql edirlər: «Əgər insanlar öz dünyalarının xeyir və abadlığı naminə öz dini işlərindən birini tərk edərlərsə, Allah Təala ziyanı xeyrindən çox olan bir işi onlara yetirər».

Ayıldıcı məsələdir. İnsan edə bilər ki, özünü aldatsın, desin «sabah namaz qılaram, birigün oruc tutaram, bu gün bütün gücü filan işə yönəldim». Amma Allah insanı böyük işlərdən ötrü yaradıb, imkan verə bilməz ki, bəndə özünü yalnız ötəri məsələlərə həsr etsin. Odur ki, bu yolun perspektivsizliyi barədə insan xəbərdar edilir.

 

Nəql olunmuş mətləblər insana bir daha açıqlayır ki, Allahın insana əta etdiyi ən böyük nemət ona yaxındır. Bu nemət varsa, digərlərinin mənası var. İnsanların, bəşəriyyətin düzgün seçim etməsi, nicatı üçün ən qiymətlilərindən keçdilər yaranmışların ən gözəlləri, ən nəcibləri. Məkkədən Mədinəyədək, oradan Kərbəlayədək gedən bütün yol ərzində, axır nəfəsinədək insanları haqqa dəvət etdi İmam Hüseyn (ə).

Bu, hər zaman üçün aktualdır, o cümlədən günümüz üçün də. Çətin də ola bilər zahirdə insan üçün, amma bilməlidir ki, seçim yalnız budur – həmişə həqiqətin yanında olmaq. Və bu seçim üçün canlarını vermiş insanların xatirəsi yaşadılmalı, əzadarlıq məclislərinə lazımi diqqətlə yanaşılmalıdır. Allah Təala bizləri də, cəmi insanları da hər zaman düzgün seçim edənlərdən qərar versin, inşəallah!

Allahım, bizləri dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-Beytlə (ə) birgə qərar ver!

Allahım, ümmətin qarşısında duran problemlərin həllini, xəstələrin şəfa tapmasını, kimsəsizlərin, yetimlərin, yoxsulların müşküllərin həllini, işğal altında olan torpaqların azad olunmasını nəsib et!

Allahım, 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f) tezliklə zühur etməsini inayət et! Amin!

 

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

Şərh yaz


Məxfi kod
Yenilə