Şənbə, 10 Fevral 2018 13:56

Şüur və Düşüncə

Şüur və Düşüncə

Şüur və düşüncə insan üçün düzü təyin etməkdə yardımçı vasitədir.

Şüur və düşüncə insan üçün düzü təyin etməkdə yardımçı vasitədir. İnsanın əlindən tutur və məqsədə doğru aparır. Səhv edəndə onun üçün nəticə çıxardır. Şüur və düşüncəni fenomenlərin dərinliyinə varmaqda bir qapı hesab etsək heçdə yanılmarıq. İnsanı digər canlılardan fərqləndirən cəhətlərdən biridə onun şüur və düşüncəsidir. Həqiqətən bu ali dəyərdir. Məhz bəşər övladını şərəfli statuslara daşıyanda bu qabliyyətdir.
   Lakin düşüncə insanda elə bir qabliyyətdir ki, istifadə etmədikcə aradan gedir və məhv olur. Məsələn, bir nəfəri rahat şəkildə idarə etmək istəyirsənsə onun düşüncəsini əlindən al. Eyni ilə bir cəmiyyətidə. Düşüncəsi donmuş, dayanmış bir şəxs üçün ən pisi ən gözəl şəkildə hansısa populyar birinin vasitəsi ilə moda kimi reklam et və çəkil dayan kənarda, düşüncəsiz mütləq o pisə tərəf gələr, bəlkədə həmin poulyar şəxsidə keçər. 

Şüur və Düşüncəyə təsir olunması.

Nəyəsə yönəlmənin əsası sevgidir.
İnsan sevdiyi şeylərə meyl edir. Nəyiki sevmədi ondan uzaqlaşmağa çalışır. Sevgini isə özünə tərəf çəkən gözəllikdir. Gözəllik sevginin şərtidir.
Gözəllik sevgi tələb edir. 
    Həyatın real mənzərəsindən başa düşmək olar ki, gözəllik özü iki növ olur. Biri gözəlliyin özü, belə desək "orginal gözəllik", digəri isə gözəl görünən və ya gözəl göstərilən, başqa adla isə "saxta gözəllik".
   Hər hansısa mənfi və ziyan verici bir  şey bəzədilərək gözəl göstərilərsə ayıq sayıqlığı, təcrübəsi və dərin düşüncəsi olmayan şəxsin onları gözəl görməsi və sevməsi qaçılmazdır. Bu halda şəxsin həmin "saxta gözəlliklərə" yönəlməsi təbii haldır. Mənfi şeyləri gözəl bilərək öz həyatının bir hissəsinə çevirən cəmiyyətin süquta uğraması real həqiqətdir. Bu istismarçı və imperialist   qrupların öz hədəflərinə çatmaları üçün cızdıqları bir plandır ki, bununla həm maliyyə vəsaitlərini artırır, həm də hədəflərinə doğru irəliləyirlər. 

Mənəviyyatsızlıq.

Cəmiyyəti insanlar qurur. İnsanı isə ilk öncə ailə formalaşdırır. Ailə məfhumu ona görə ali dəyər hesab olunur ki, insan yetişdirir. Deməli hər ailə "dəyər" kateqoriyasına daxil deyil. Məhz yalnız sağlam insan yetişdirən ailə yüksək qiymətləndirilir. 
   İndi fərz edək bir ailədə uşağa düşünməyi, fədakarlığı, çalışqanlığı öyrətmək üçün bir valideyin 6 ildir ki, dəridən-qabıqdan çıxır. Və 6-7 il sonra onu məktəbə göndərir. Daha açıq desək valideyin övladını 7 il sonra müəllimə təhvil verir ki, buyurun, elm öyrədin və tərbiyyə edin. 
   İndi əgər müəllim özü düşünən, fədakar, çalışqan bir ziyalı şəxsiyyət olmazsa. Yalnız öz qazancını güdən, dərs saatının bitməsini səbrsizliklə gözləyən, əlamətdar günlərdə 5, 10 manat qazanc əldə etmək üçün başqalarını vəkil tutan, özünü isə xəbərsiz aparan biri olarsa o zaman uşaq o müəllimdən nə öyrənə bilər?
   
Məktəb, müəllim adı gələndə zehnimizdə elm, təhsil canlanır. Bəs bu gün praktiki həyatda bunu nə qədər real olaraq görə bilirik? Yaxşı, deyək ki, bir müəllim, ziyalı sayılan şəxs həqiqətəndə öz vəzifəsini vicdan ilə icra edir. Tələbəyə elm verir, onun bilik bazasını genişləndirir. Bu çox gözəl nəticədir. Lakin bu nəticə yüksək səviyyədə cəmiyyət qurmağa, bəşəriyyətin rifahı üçün şəxsiyyətlər yetişdirməyə kifayət edirmir ? Həmin tələbə həqiqətəndə öz elmini fədakarcasına insanlar üçün istifadə edəcəkmi?
Biz yuxarıdakı sualların cavabının mənfi olmasını hazırki dünyamıza baxan zaman anlayırıq. Başa düşürük ki, bir insana yüksək səviyyədə elm, təhsil aşılansa belə, yenədə nəsə çatmır. Bu real və acı həqiqəti praktikada görmək olur.
   
   Ali təhsil ocaqlarında bilik alan, zamanla böyük vəzifələrə yiyələnən şəxslərdən danışıram sizə. Dünya səviyyəsində diktator adına yiyələnmiş şəxslər savadsızmı olublar? Neçə-neçə ölkələri qan çanağına çevirmək üçün plan tərtib edən alçaq insanlar düşüncəsizmi olublar? Xeyir. Onlar həm düşünən həm də elmli, savadlı şəxslər olub. Düşünəndə ki, bir zamanlar, indi diktator, zülmkar bildiyimiz şəxslər nə vaxtsa hansısa elm ocağında hamımız kimi parta arxasında əyləşib bilik əldə edib və bu gün isə vəhşi varlıqa çevrilib bəşəriyyətin canına susayırlar, onda adam heyrətə gəlir. Axı bu insanlarda nə çatışmadı ki, bu dərəcədə tənəzzül etdilər. Axı onlar ali savada yiyələnmişdilər.
    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən dərc edilmiş hesabata əsasən bütün dünyada müharibə və zorakılıq bu zamana qədər olduğundan daha çox sayda insanların yurd-yuvalarından ayrı salınmasına gətirib çıxarıb. 2016 cı ilin sonuna dair çıxan hesabata əsasən zorla didərgin salınmış insanların sayı keçən illərə nisbətdə 300 min nəfərdən çox olmaqla, 65,5 milyon nəfərə çatıb. 

Bizə az,çox aydın olur ki, insan və cəmiyyətin özünün yüksək inkişaf həddinə çatması üçün yalnız elm ona kifayət etmir. Elmi istiqamətləndirəcək, ona yol göstərəcək nəsə lazımdır. Daha doğru desək, bizə sağlam idealogiya və mənəviyyat lazımdır. 
    Dünya bu gün elm sahəsində surətlə addımlasada yerdə qalan 2 dəyər haqqında heç düşünmür. Bu gün yalnız elmdən yapışıb özünü yüksək pillələrdə görən bəşər övladı əslində misli görülməmiş səviyyədə geriləyib. Sadə camaatın həyat tərzinə baxın. Texnalogiya sayılan telefon, televiziya, komputer, internet neçə-neçə ailələrin xoşbəxtliyinə son qoyub, əxlaq sistemini məhv edib, onların cəmiyyət və insanlarla real münasibətlərini zəiflədib. Çox saymıram. İndi biz bunda texnalogiyanı günahlandıra bilərikmi? Xeyir. Bu böyük uğurdur və Elmin nəticəsidir. Lakin çatışmayan 2 dəyər ( Sağlam idealogiya və Mənəviyyat) elm ilə birgə sintez olunmayana qədər vəziyyət olduğu kimi qalacaq.


Elm və Sağlam idealogiya.

Artıq bu gün anlamaq olur ki, sağlam idealogiyası olmayan və ya varsa da onu dəyərləndirməyən bir millət yaşam şövqündən və ləzzətindən məhrum olur. Ətraf mədəniyyətlərdən təsirlənir və özündə olan boşluğu nə iləsə doldurmağa çalışır. Bu millət təsirləndiyi cəmiyyətin məxsus dəyərlərini özünküləşdirir. Onlar kimi yeyir, içir, onlar kimi geyinir, öz mentalitetini tədricən unudur və onların mədəniyyətini mənimsəyir.
"Sağlam yaşam idealogiyası" varsa, bu cəmiyyətlərin inkişafı üçün düstur ola bilər. Çünki əsl sağlam idealogiya həmdə mənəviyyat üçün qapı olmalı və insanda olan daxili tələbi doldurmalıdır.
  
    "Oxu! Yaradan rəbbinin adı ilə".
Bu cümlə Qurani-Kərimdə Ələq surəsinin ilk ayəsi və ümumiyyətlə ilk nazil olan ilahi vəhydir. İlk kəliməsində cəmiyyəti "oxu" deyərək elm üçün səsləyir. Sonra ardıyca "yaradan rəbbinin adı ilə" buyuraraq idealogiya təqdim edir. Belə ki, Quran demək istəyir ki, oxu, elm öyrən amma yaradan rəbbinin idealogiyası ilə öyrən. Biliyin, çalışqanlığın, təhsilin ilahi konsepsiya sütunları üzərində qurulsun. 
     Həqiqətən bu metod Quran ayəsi olaraq bəşəriyyətə çox dərin bir işin icrası üçün çağırışdır. Elmin öyrənilməsi, onun istifadə olunması prosesi əgər ilahi konsepsiyaya dayanmazsa yüksək nəticə əldə olunmayacaqdır. 
Bəlkədə min il əvvəl yaşamış insan bunu anlamazdı amma bu gün biz diqqət və açıq göz ilə baxsaq bunu müşahidə edə bilirik.
    Bu ilahi idealogiya və məntiq (İslam) elmə istiqamət verir və yol göstərir. Məsələn, artıq tibb sahəsi üzrə oxumuş cavan bu ilahi idealogiyanı mənimsəyibsə işini vicdan ilə yerinə yetirir. Xəstənin yarasına keyfiyyətsiz tikiş vurmur ki, bir neçə gün sonra xəstə yenidən durub həkimin üstünə gəlsin. Yüz manatlıq əməliyyat üçün artıq beş yüz manat almır. Çünki ilahi idealogiyada insanlara fədakarcasına xidməti öyrənib. Artıq özünə bəyənmədiyini heç kimə bəyənmir. Həmçinin məktəbdəki müəllim dərs saatlarında vaxt keçirtmədən tələbələr üçün təhsil aşılayır. Çünki bilir ki, ilahi idealogiyada işin haqqını ödəmədən məvacib almaq qadağandır və bu üç, beş manata görə əbədi həyatını məhv etmək istəmir bir yana, bunu da yaxşı bilir ki, öyrətdiyi təhsil qarşılığında maddi məvacibdən əlavə olaraq o, mənəvi dəyərdə qazanır. 
   Və bütün cəmiyyət üzvləri, hüquq orqanları, rəhbərlik heyyəti belə həyat tərzinə sahib olmaqla əl-ələ verərək gözəl birlik və harmoniya nümayiş etdirə bilərlər. Bu yaşam tərzini seçməklə cəmiyyətlər heçnə itirməz.  Əvəzində sağlam idealogiyanı (İslamı) seçməklə, elmdən uzaq düşməməklə yanaşı mənəviyyatda əldə etmiş olarlar. Bununlada onlar üçün yeni üfüq açılmış olar. Elm və mənəviyyatın sintezi adlı üfüq.
Müşfiq Həzili


Şüur və Düşüncə

Bu kateqoriyada daha ətraflı: « İnsan bu iki xisləti ram etməlidir

Şərh yaz


Məxfi kod
Yenilə