Bazar, 17 Dekabr 2017 11:26

İnsan bu iki xisləti ram etməlidir

İnsan bu iki xisləti ram etməlidir

Bismilləhir-Rahmənir-Rahim!

Həzrət Rəsuli-Əkrəm (s) buyurmuşdur ki, onun mübarək gəlişinin əsas qayəsi - üstün əxlaqları tamamlamaqdır. Əxlaq – İslamın özülündədir, bünövrəsindədir. Bəşəriyyət əsrlər boyu müəyyən əxlaqi keyfiyyətləri zaman-zaman nəbilərdən (ə) qəbul etmiş və yaşatmışdır. Bəşər övladı müxtəlif müəllimlər, yol göstərənlər görmüş, müxtəlif təlimlərdən bəhrələnmişdir. Və sonuncu Rəsulunu (s) göndərməklə, Mütəal Allah bəşəriyyət üçün yüksək əxlaqi keyfiyyətləri tamamladı, insanlara gözəllik nədir məsələsini tam aydınlaşdırdı.

 

Dinin əsas hədəfi – insanı digər varlıqlardan ayıran, onu yaranmışların əşrəfi edən əxlaqi xislətlərdir. Və mübarək dinimiz insandan istəyir ki, həqiqi dəyərlərə malik olsun, həyatın bütün məqamlarında əxlaqi-mənəvi kateqoriyaları rəhbər tutsun. Allah Təbarəkə və Təala cəmi inanc əhlinə bu dəyərləri qəbul edib, onları yaşatmağı qismət etsin, inşəallah!

 

 

Həyatın rəngi – əxlaq

Bəşəriyyət böyük maddi-texniki inkişafa nail olmuşdur. Lakin, nə qədər çox inkişaf etsə də, onun üçün ən böyük problem olaraq mənəvi keyfiyyətlərin aşınmasının qarşısını almaq, əxlaqi dəyərlərin yaşadılmasını təmin etmək qalır. Çünki, bunlarsız həyat yoxdur. Bəşəriyyət artıq anlayıb ki, bunlarsız heç bir perspektivi yoxdur. Əxlaqi dəyərlərə söykənməyən ictima, heç bir nizamı, sistemi qəbul etməz. Nihilizm və abırsızlıq üzərində harasa getmək, nəyəsə yetişmək mümkünsüzdür.

 

Əql diktə edir ki, insan həyatın ona təqdim etdiyi imkanlardan elə istifadə etməlidir ki, sanki belə fürsət daha əlinə düşməyəcəkdir. Belə olan halda tam effektli nəticə hasil ola bilər, insan özü ilə ciddi surətdə məşğul olub, ruhi-mənəvi yüksəliş əldə edə bilər.

 

Dinimiz hər gündə gizlənən bərəkətlərlə bağlı çoxsaylı tövsiyələr təqdim etmişdir ki, bunların arasında müvafiq zikrlər, namazlar, təsbihlər xüsusi yer tutur. Lakin, bütün bu gözəl əməllər yalnız o zaman əhəmiyyət kəsb edir ki, imanın möhkəm və yenilməz bünövrəsinə əsaslansın. Bu imanın da ən bariz göstəricisi – insanın əxlaqıdır. İnsan namaz qıla, oruc tuta bilər, amma nə qədər ki, islami əxlaq örtüyünə bürünməmişdir, onun həqiqətən iman gətirməsi sual altındadır.

 

Ümmət üçün təhlükə haradandır?

Dinimiz inanc əhlini daima içəridən olan təhükə, iman pərdəsi altında gizlənən ünsürlərin məkri barədə xəbərdar etmişdir. Həzrət Əlidən (ə) nəql edilən hədisdə buyrulur: «Mən öz ümmətim üçün mömin və müşrikdən qorxmuram, narahat deyiləm. Çünki, mömini imanına görə Allah Təala sapmaqdan qoruyar və müşriki, onun işlərinə görə zəlil və xar edər. Lakin, mən ümmətim üçün münafiq təhlükəsindən və xətərindən çəkinirəm və narahatam. Çünki o, öz nifaqını ürəyində gizli saxlayır və dində haqdan dəm vurur. O şeyi deyir ki, bəyənirsiniz, (amma) özü o şeyə əməl edər ki, siz onunla müxalifsiniz».

 

Mübarək Əli (ə) bəlağətilə ümmətə həqiqi təhlükə mənbəyi bəlli edilir. Belə ki, mömindən insanlara xətər yetişməz – Allah Təala onu sapmaqdan, yolunu azmaqdan qoruyar. Möminin imanı, qəlbində olan Allah xofu onu haqq basmaqdan, harama əl atmaqdan, inşəallah, sığortalayar. Müşriklə, kafirlə də vəziyyət maksimum aydındır. Bunlar açıq-aşkar mənəviyyatla, əxlaqla, İlahi qanunlarla müxalifət edər, Allahın haramını özləri üçün halal edərlər. Bunların açıq küfrü insanlara bəlli olar və Allah Təala onların izzətini əllərindən alar, onları zəlil edər.

 

Amma gerçək təhlükə zahirdə gözəl sözlər danışan, insanlara özünü imanlı göstərən, əslində isə min oyundan çıxan hoqqabazlardan, münafiqlərdən gəlir. İnsanların çoxu belələrinin daxlində gizlənmiş nifaq «buynuzları»nı sezməkdə çətinlik çəkirlər. Hətta bu azmış kimi, onları ifşa edənləri fitnə salmaqda ittiham da edə bilərlər. İslam tarixi belə nümunələrlə doludur. İstər Həzrət Peyğəmbərdən (ə) bilavasitə sonra, istər Həzrət Əlinin (ə), İmam Həsənin (ə), İmam Hüseynin (ə) vaxtında və sonrakı mərhələlərdə də ümmətə sağalmaz yaralar vuran, bidət və təhrifatlarını dinə salmağa cəhd edən, həqiqi dini unutdurmağa çalışanlar hər zaman həmin bu münafiqlər olmuşlar. Amma həqiqət Günəşi, gec də olsa, əvvəl-axır parlamış, insanların bir qismi həmişə haqqla olmuşdur.

 

İnsanı məhv edən iki xislət

Qəlbində nifaq toxumları gəzdirən ünsürü ifşa etməyin ən böyük çətinliyi – məlumatdan bixəbərlik və təhlil etmək qabiliyyətinin zəifliyi ilə bağlıdır. Yenə də İslamın elmlənmək, hər zaman müasir zamanla ayaqlaşmaq barədə tövsiyələri yada üşür. Müsəlmanlar savadlı, dinin tələb etdiyi kimi, zirək və ayıq olsalar, münafiqin hansı işi uğurla nəticələnə bilər?! Baxırsan, birisinin ağzından gecə-gündüz dürr tökülür, amma hansısa zülmə dəstək verir, yaxud ticarətində əyriliyə yol verir, yaxud qohum-qonşunun, yetimin, kasıbın malını yeyir, əmanətə xəyanət edir. Hamıya deyər ki, hicab qadının zinətidir, amma altdan-altdan bu məsələni baltalayar. Birlikdən, vəhdətdən danışar, amma bacardığı yerdə əksini edər, təfriqə salıb, insanların bir araya gəlməsini, müştərək birləşib problemi çözdürmək cəhdlərini əngəlləyər.

 

Digər hədisdə Möminlərin Əmiri – İmam Əli (ə) iman əhlini onların daxilində gizlənmiş dağıdıcı hisslər barədə xəbərdar edir: «Ey insanlar! Mən hər şeydən çox, sizin üçün iki xislətin xətərindən qorxuram və çəkinirəm: nəfsi istəklərin ardınca getməkdən və uzun arzulardan. Nəfsi istəklərin ardınca getmək insanı haqq yoldan çəkindirər və uzun arzular isə (insana) axirəti unutdurar».

 

Nəfsani istəklərlə haqq bir yerə sığmaz. İnsan ya həvayi-nəfsin ardınca gedər, ya haqqın. Haqqın ardınca getmək əqlin, zəkanın seçimidir, insanın Allahı tanımağından, öz missiyası barədə mərifətindən irəli gələn bir vəziyyətdir. Nəfsi istəklərin ardınca getməkdə isə əql iştirak etmir. İnsan instinktlərin, primitiv xislətlərin qulu olur. Və bir qul olaraq, bu yolda nəyi deyirsən tapdalıyır, nə rəzilliyə, alçaqlığa deyirsən, qol qoyur.

 

Uzun arzular və axirət

Uzun arzulara gəldikdə, bu, ən ağrılı mövzulardandır. Uzun arzuların ardınca gedən sonda qırıq təknənin yanında qalar. Baxırsan, birisi nəcib insandır, halal zəhmətə qatlaşır, imkanı çatdığından yaxına-uzağa əl tutur. Amma bir balaca vəzifə, mənsəb işartısı gözünə dəyəndə, tamam dəyişir, yeni-yeni «zirvələri fəth etmək» xülyası ilə gözü ayağının altını görmür, sağa-sola xəyanət edir, dostlarını tapdayır. Dayanmır, gözü doymur, deyir «bir filan vəzifəyə gəlim, filan şeyi əldə edim, dayanacağam». Xam xəyaldır! Tarix boyu minlərlə, yüz minlərlə belələri şeytana nökər olub, cəhənnəmə od aparanların sıralarını özləri ilə doldurmuşlar. Və dünya durduqca da, gözü doymayıb, özünü xülyalarla, uzun-uzadı arzularla yaşadan, real perspektivləri əldə etmək, öz istedad və potensiallarını üzə çıxarıb gözəl nailiyyətlər əldə etmək əvəzinə, qeyri-real planlarla özünü və ətrafdakıları yanlışlığa sürükləyən uğursuzlar da olacaq. Dinimiz bunların acı aqibəti barədə insanları xəbərdar edir.

 

Uzun arzuların axirətlə nə ümumi cəhəti ola bilər? Uzun arzular torunda olan insan üçün bu dünya – əsas hədəfdir. O, indi, bu dəqiqə gözünü tutmuş nəsnəni əldə etmək üçün hər bir şeyə hazırdır. Bütün vücudunu bu istəyin əsiri edib, gözünü qamaşdıran bu nəyinsə quluna çevrilib. Axirət barədə düşünməyə onun beynində məgər yer qalarmı? Axirət istəyən gərək dünyada vicdanla yaşasın. Allahın nemətlərindən halal ləzzətlər almaq üçün istifadə etməklə yanaşı, öz mənəvi ehtiyaclarını ödəmək, ruhi durumunu inkişaf etdirmək, şəxsiyyətini təkmilləşdirmək barədə düşünsün.

Burada iki, bir-birinə diametral zidd olan yanaşma var. Biri deyir ki, mən insan olaraq vəzifəmi icra etmək üçün bu gün nə etdim, sabah nə etməliyəm? Digəri isə deyir ki, filan şeyi əldə etmək üçün nələri etməli, nələrdən keçməliyəm? Təbii ki, bunların yolu kəsişə bilməz.

 

Nəfsi istəklərə tapınmaq

Əziz İslam dini bəlli edir ki, insan maddiyatı hədəf kimi seçdikdə, artıq bu səviyyədə də qala bilmir. Sonrakı mərhələdə o, nəfsi istəklərə bir ibadət ünvanı, məbud kimi baxır. Bu istəklərə tapınır və istədiklərini təmin etmək üçün dəridən-qabıqdan çıxır. Dinimiz bu tapınmanı, istəklərə bəndəliyi ən acınacaqlı bir vəziyyət kimi qiymətləndirir. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: «Bu səmanın altında, Allah əvəzinə ibadət edilən məbudlardan heç biri, Allah yanında, nəfsi istəklərdən daha mənfur deyil».

 

Nəfsani istəkləin ardınca getməyi, Həzrət Rəsulullah (s) Allahdan qeyrisinə tapınmaq, ibadət etmək kimi bir hala aid edir. İnsan öz nəfsi istəklərini özü üçün tanrı qərar verir, bu «tanrı»sına tapınır, hər istədiyini təmin etməyə çalışır. Hər hansı bir vəziyyətdə ki, insan Allahın istədiyini yox, öz istədiyini üstün bilsə və bunu reallaşdırmağa çalışsa, həmin vaxt öz istəklərinin ardınca getmiş olur, onlara tapınmaq halına düçar edir özünü.

 

Əmirəlmöminin Həzrət Əli (ə) buyurur: «Nadan – öz nəfsi istəyinin quludur».

Yəni, nəfsin ardınca getmək – cahillik əlamətidir. Ağlı başında olan adam əqlin, rasionallığın ünvanına gedər, primitiv instinktlərin diktə etdiy səmtə yox.

 

Dinimiz nəfsani istəklərin ötəriliyini, bu ötəriliyi dərk edən insanın onların ardınca getməsinin mənasızlığını vurğulayır. Həzrət Peyğəmbərdən nəql edirlər: «Bir saatdan artıq çəkməyən, amma ardınca uzun qəm-qüssə gətirən nə çox (nəfsani istək) var».

Bir şey ki, müvəqqətidir, ardınca da problem gətirir, bunun ardınca getmək nə dərəcədə mənalıdır? İnsan nəyəsə nail olmaq, nəyisə əldə etmək naminə böyük qurbanlar verir, amma bu nəyəsə sahiblik, istifadə hüququ ona çox tez keçən bir ləzzət hissi verir. Lakin, bu tez keçən hissə rəğmən, çox uzun çəkən və böyük problemlər gətirən gərginlik, mənəvi iztirablar, əsil sarsıntılar olur bu adama qalan. Həzrət Əli (ə) bəlağəti vasitəsilə dinimiz bu təhlükələr barədə xəbərdar edir: «Kim nəfsani istəyinə tabe olarsa, bu istək onu kor, kar, xar edər və azdırar».

İnsan öz bəsirətini bağlaya bilər, qəlbi kor ola bilər, özünü rəzil duruma salar əgər mənəviyyatı tapdayıb, heçliyə aparan yola qədəm qoysa.

 

Nicat tapanlar

Allaha tapınan, İlahi eşq əldə edər. Bu eşq insana bütün bəla və çətinliklərə sinə gərməyə, imtahanlardan dəyanətlə çıxmağa kömək edər. Amma nəfsinə tapınanda belə deyil. O, öz aqibətini zəlalətə düçar edər.

İmam Cəfər Sadiqdən (ə) nəql edilir: «Düşmənlərinizdən ehtiyat edib çəkindiyiniz kimi, nəfsi istəklərinizdən də çəkininiz».

Düşmən balaca zəiflikdən istifadə edib, əks-hücuma keçdiyi kimi, nəfsi istəklər də adamın ruhiyyəsində bir balaca boşluq hiss edən kimi, hücum edir, insanın bütün vücudunu özlərinə tabe etdirmək üçün həmlə edirlər.

 

İmam Cəfər Sadiqdən (ə) nəql edilən digər hədisdə rahatlığın yolu bəlli edilir. «Asayiş və rahatlığın yolu nədədir?» sualının cavabında o Həzrət (ə) buyurmuşdur: «Nəfsi istəklərin əleyhinə çıxmaqda».

İnsan nə qədər nəfsi istəklərin ardınca getsə, bir o qədər də rahatlıq və asayişdən məhrum olar. Nəfsi istəklər iradə ilə tərs mütənasibdir. Həzrət Əlidən (ə) nəql edirlər: «Kimin nəfsi istəyi güclənsə, iradəsi zəifləyər».

 

İmam Əlidən (ə) nəql edilən digər hədisdə dinimiz nəfsin tabeliyində olan ağlın hikmətdən tamamilə məhrum olmasını göstərir: «Şəhvətin zəncirində olan ağıla, hikmədən bəhrələnmək haramdır».

Böyük İslam Peyğəmbərindən (s) isə belə nəql edirlər: «Şəhvətlərlə (nəfsani istəklərlə) dinclik tapan qəlbə, göylərin mələklər aləmində dolanmaq haramdır».

Bir qəlb ki, primitiv xislətlərlə aramlıq tapır, onun yüksəlişlə, mələklər aləmi ilə nə ortaq məxrəci ola bilər?! Bunun aqibəti – ruhunu qidalandırdığı kateqoriyaların əsirliyində qalmaq olar. Bu uğursuz insan mənəvi zirvələrin, mələkut aləminin sonsuz zənginliklərinin ətrini belə duymaqdan özünü məhrum edər.

 

İslam dini nəfsani istəklərin güclü olduğunu da insanların nəzərinə çatdırır və bunlara tabe olduqca, əsarətlərindən qurtulmağın çətinləşəcəyinə diqqət çəkir. Və müvafiq olaraq, bunlara qalib gələn insanın yüksək əxlaqi və mənəvi gücə malik olmasını da vurğulayır. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: «Pəhləvan o deyil ki, camaata qalib gəlir. Pəhləvan o kimsədir ki, öz nəfsinə qalib gəlir».

 

Bununla yanaşı, dinimiz təsdiq edir ki, nəfsani istəklərin ardınca getmək – insanın özünə dəyər verməməsinin nəticəsidir. Həzrət Əlidən (ə) nəql edirlər: «Kim özünə qiymət qoysa, şəhvət və nəfsin istəkləri onun gözündən düşər».

 

Araşdırmalar göstərir ki, insanların elmə, dərrakəyə, təhlilə meyli artdıqca, fəsada tərəf getməsi zəifləyir və əksinə, düşüncə kasadlıq, dayazlıq hökm sürən yerdə isə fəsad adi hal olur. İmam Əli (ə) buyurur: «Kim şəhvət və nəfsin istəyinə qalib gəlsə, ağlı aşkara çıxar».

 

Həzrət Peyğəmbərdən (s) bütün iman əhlinə ümid verən və nicatla müjdələyən bir təbərrük hədisdə bildirilir: «Allah Təala buyurur: «And olsun izzət və əzəmətimə! Hansı bəndə ki, Mənim istəyimi öz istəyindən üstün tutar – mələklərimi onu qorumağa göndərər, göyləri və yerləri onun ruzisinin zamini, təminatçısı qərar verərəm. Hər (belə) tacirin ticarətinin ardınca onun fikrində olaram və dünya öz istəyi ilə zəlilliklə ona tərəf üz tutar»».

Allah Təala cəmi insanları nicat tapanlardan qərar versin, inşəallah!

 

Allahım, ümmətin nifaq və fitnədən amanda qalmasını, iman əhlinin elm və əxlaqla zənginləşməsini, həqiqi dəyərlərin yaşanmasını, yolunu azmışların hidayət olmasını nəsib et!

Allahım, uzun arzu və nəfsani istəklərin iman əhlindən uzaq olmasını nəsib et!

Allahım, bizləri dünya və axirətdə Peyğəmbər (s) və Əhli-Beyti (ə) ilə məhşur olanlardan, haqq yolunu tanıyanlardan qərar ver!

Allahım, işğal altında olan torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ci İmam – Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini inayət et! Amin!

 

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

Bu kateqoriyada daha ətraflı: « İslamda vəhdət və birliyin rəmzi

Şərh yaz


Məxfi kod
Yenilə