Çərşənbə, 16 Avqust 2017 13:10

Uşaqlarla necə rəftar edək?

Uşaqlarla necə rəftar edək?

Sual kimi qoyulmuş bu cümlədə, əslində sualdan daha çox, valideyn narahatçılığı və valideyn çırpıntısı dayanır. Bizlər, necə deyərlər, elə təzəcə oyuncaqdan, gəlincikdən ayrılmışdıq ki, bir də baxdıq ki, evlərimizdə canlı gəlinciklər və şahzadələr o yan-bu yana qaçır…

 

Söz yox ki, övlad tərbiyəsi ilə hələ o dünyaya gəlməmişdən qabaq məşğul olmağa başlamaq lazımdır. Söz yox ki, kimisə tərbiyə etməzdən əvvəl, insan özünü tərbiyə etməlidir. Amma etiraf edək ki, hələ uşağın ilk ayları və illəri daha çox onun şirinliyi və s. insanın başını elə qatır ki, çox nadir hallarda belə kiçik uşağa kimlərsə tərbiyə vermək fikrində olsunlar...

 

Burada baba-nənə faktoru da geniş bir sahəni tutur. Baba və nənə insan həyatının olmazsa, olmazlarından biridir. Amma, mental dəyərlərimizdə baba və nənə çox vaxt “uşağıma söz deməyin” kimi yanaşma ilə mövcud olub...

 

Həm də bu körpə uşağa kim nə deyəsiydi ki... Bapbalaca, şipşirin bir valıq, ata və anasını sonsuz sevincə qərq edərək bu dünyaya gəlmiş, bundan savayı daha nə istəmək olardı ki...

 

Günlər keçir və bu bapbalaca, şipşirin varlıq 4-5 yaşına gəlib çatır... Ana və ata hələ indi-indi bir övladlarının valığına öyrəşməyə başlamışkən. Hələ indi-indi uşağa tərbiyə verməyə başlamışkən, hələ indi özlərini uşağın yanında “yığışdırmağa” artıq söz, bərkdən danışıq və s. limit qoymağa başlamışkən, budur artıq qarşılarında 4-5 yaşlı bir uşaq dayanıb. Bu sahənin mütəxəssislərinin fikrincə, uşaq 4-5 yaşında hansı xasiyyətdədirsə, gələcəkdə də o xasiyyətdə olacaq. Yəni, insanın xasiyyəti ilk 4-5 ildə formalaşır. Bu qədər nəyi çatdırıb, öyrədiblərsə, nəyi verə biliblərsə, hansı müsbəti uşağa ötürə biliblərsə, xoş olsun həmin valideynlərin halına!

 

Bizdə, etiraf edək ki, tərbiyə metodları bir az fərqlidir. Yəni, nə milli dəyərlər, nə Qərbin dəyərləri, nə də ki, əsil İslamın dəyərləri ilə yanaşırıq uşaq tərbiyəsinə. Sözsüz ki, istisnalar hər bir halda mövcuddur. Yəni övladını Allah bəyənən kimi tərbiyə edən ailələr, şükür ki, var. Amma böyük bir kəsim, bu üç dəyər sisteminin arasında gedib-gəlir. Həyatın çətinliyi, streslərin artması, insanların əsəb sisteminin zəifliyi, aşırı virtuallaşma, maddi təminatın çox aşağı vəziyyətdə olması, insanların əksəriyyətinin bir tikə çörək pulu qazanmaq üçün dəridən-qabıqdan çıxması təkcə ailədə cütlüklərin münasibətinə mənfi təsirlə ötüşmür, həm də birbaşa uşaqların tərbiyəsinə də öz mənfi təsirini qoyur. Onsuz da virtuallaşan dünyada, bu dəfə də valideyn və övlad arasına həmin o doğmalıq yavaş-yavaş azalır.

 

Körpələr adətən töküb-töküşdürməyi çox sevirlər, işləri-gücləri evi oyuncaqlara, müxtəlif dəxli olmayan əşyalara, qazan, kəfgir və s. qərq etmək olur. Yuxarıda sadaladığım neqativ vəziyyətlərdən yorulmuş ana, belə vəziyyətlərdə çox vaxt uşaqla aqressiv davranır və bu hal çox vaxt belə davam edir.

 

Sosial şəbəkədə dostlarının övladlarının məktəbdən aldığı təltifnamələri, fərqlənmələri görəndə, sözsüz ki, əvvəl həmin o statusu like edir, hələ üstəgəl təbrik-filan da yazır. Amma nəhayətdə bundan sonra yenə öz uşağı həmin təltifnamənin qurbanına çevrilir və yaşıdının bu nailiyyətinin müqabilində onun niyə belə nailiyyəti yoxdur deyə, yeni bir aqressiya dalğasının qurbanına çevrilir...

 

Sonra ali məktəb vaxtı gəlir. Mütləq universitetə qəbul olunmalıdır. Bəs necə! Axı valideyn sonra nəyi paylaşar statuslarında? Vay o gündən ki, qəbul olmadı – “statusum boş qaldı, camaatın üzünə necə çıxacağam” deyə-deyə bir aqressiya dalğası da gəlir... Və çox təəssüf ki, bu günlərdə bir gənc, məhz belə bir aqressiyanın qurbanına çevrilərək, özünə qəsd etdi...

 

Hələ həmin uşağın ailə qurmağı var və ömrünün qalan hissəsini yaşamağı var... Hələ oralar mənə uzaq gəlir...

Adi, gündəlik həyatda, hər addımda, uşaqla davranış qaydalarını pozulduğu bir mühitdə yaşayırıq. Kimi həddən ziyadə bu tərbiyə məsələsində vasvasılıq edib, uşağın gününü qara edir. Kimi də başlı-başına buraxaraq, uşağın tərbiyəsinə qəti fikir vermir.

Ən yaxşısı – təbii ki, İslamın qızıl orta xəttidir. Məsumlarımızın (ə) uşaq tərbiyəsində göstərdikləri nümunələr bizə mayak ola bilər. Bircə həmin pik anlarda bir an “ya Səbir” deyib, fikrimizi bir yerə toplayaraq, Allah bəyənəni etməyi təfəkkür etməyimizdir...

 

Təhsil və s. olduqca zəruridir. Amma məqsəd deyil, vasitədir. Ləyaqətli insan olmağa vəsitə. Uşağın tərbiyəsində çatacağımız ən uca zirvə - ləyaqətli insan yetişdirməkdir. Çünki, həyatda hər hansı peşənin sahibi olursan-ol, ilk əvvəl ləyaqətli olmalısan.

Hər bir peşə sahibi gərək ilk öncə sadəcə ləyaqətli olsun...

Düşünürəm, hər kəs öz evindən başlamalıdr. Daha doğrusu, özündən. Qalanında, Allah Kərimdir...

 

Xəyalə Quliyeva

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

Şərh yaz


Məxfi kod
Yenilə