Çərşənbə axşamı, 08 Avqust 2017 11:43

Məlumat və itaətin mütənasibliyi

Məlumat və itaətin mütənasibliyi

Şəhadət vermənin ardınca insan ruhunun daha geniş miqyasda tanıması baş verir.

Əgər insan namaz qılmağa qəlbinin hər hansı narahat halında gəlmişsə, daxil olmuşsa, həmd etmədən dərhal sonra insanın qəflətdən çıxması ilə geniş bilgilər içərisinə daxil olması baş verir.

 

Allahın Qurani-Kərimdə insanın nəzərinə çatdırdığı ayələrlə onun tanışlığı varsa, insan onları müəyyən qədər mənimsəyibsə, Allaha itaətini bəyan etdiyi üçün onda itaət halından bu məlumatları qəbul etməsi, onlarla razılaşması, onlara itaət etməsi baş verir.

Misal üçün, əgər insan namaza fərdi həyatında baş verən hər hansı problemlə daxil olubsa, həmd etdiyi anda İlahi tövfiqlə (yardımla, Allahın xüsusi nəzəri ilə) Qurani-Kərimdən onu narahat edən məsələyə dair ayələri yadına sala bilər.

Bu problem ailədəki narazılıq və münaqişələrdirsə - həyat yoldaşı, övladlar, qohumlar və s. - ayələri xatırlayarkən insan Allahın onu bu məsələlərə dair xüsusi bir davranışlara dəvət etdiyini görər.

 

Məsələn, “Təğabun” surəsinin 14-cü ayəsində həyat yoldaşlarını, onlar bir-birlərinə qarşı hətta düşmənçilik etsələr belə, əfv etməyə, olanlara göz yummağa və bir-birlərini bağışlamağa dəvət edir və bağışlayan kəsin günahlarının da Allah tərəfindən bağışlanacağını vəd edir.

Ən qüdrətli sözdür Allahın sözü. Onun verdiyi sözdən daha etibarlısı varmi?

Burada Allah bizi bağışlanmaq üçün fürsətin meydana gəlməsindən xəbərdar edir. Bu zaman qəlbimiz canlanır və bu ana qədər hakim olan unutqanlıqdan Allaha itaət halına keçidimiz baş verir.

 

Kamil insan ola bilmək üçün Allahın bizi bağışlaması vacibdir. İnsan olaraq ən böyük ehtiyacımız – bağışlanmağımızadır.

“Rədd” surəsində (21) Allahın birləşilməsinə əmr etdiyi şeyə birləşən kəslər gözəl aqibətlə müjdələnir.

Burada sadalananlar içərisində qohumlarla birləşmək, yəni onlarla əlaqələri kəsməmək də vardır.

İnsan bu məlumatı da alar-almaz, itaət ona vacib olur.

 

Və yaxud zalıma qarşı dura bilmək üçün insanın öz qüvvələrini az bilib geri çəkilməməsi üçün Allah Qurani-Kərimdə misallar çəkir.

“Ali-İmran” surəsinin 13-cü ayəsində Bədr döyüşündə vuruşan iki tərəfdən birinin yaxşı, digərinin pis olması və yaxşı dəstəyə Allahın xüsusi köməyinin olması göstərilir. Allah yolunda döyüşənləri Allah düşmənlərin gözündə ikiqat artıq göstərdi və onlar məğlub oldular – burada deyilir. Həqiqətən bu, Allaha şəhadət gətirmiş, qəlbi Onu zikr etməklə aramlıq tapanlar üçün ibrətli hadisədir – burada bildirilir.

Bütün qorxuların öhdəsindən ayələrdən öyrəndiyimiz Allaha itaətdən yayınmaq qorxusu, günah etmək qorxusu ilə gələ bilərik. Əsas qorxu meydana girəndə ikinci dərərcəli qorxular özləri uzaqlaşır.

 

Beləliklə, insan istər-istəməz İlahi hüdudlar içərisində yaşayır və onun insan kimi olması üçün bu hüdudlara riyaət etməsi – ən təbii haldır.

Ailə, qohum münasibətləri, ictimai məsələlər üçün bir İlahi düzən, çərçivə müəyyən edilmişsə, insan başqa düzən axtarışında olmamalıdır. Allahın buyurduğuna qarşı insanın gətirdiyi hər bir dəlil, seçim insanı boyunduruğa salır, əsir edir, zəlil edir, çünki onu insan olmaqdan dayandırır.

İnsan o kəsdir ki, seçim edərkən, davranarkən Allahın buyurduğunu əsas tutur.

İnsanı yaradan Allah olduğu üçün, onun barəsində ən doğru, düzgün məlumat da Allahdadır.

(ardı var)

 

Ülviyyə Bədəl

 

Şərh yaz


Məxfi kod
Yenilə