Çərşənbə, 10 May 2017 12:21

Həqiqi azadlıq və həqiqi bəndəliyin kəsişdiyi nöqtə

Həqiqi azadlıq və həqiqi bəndəliyin kəsişdiyi nöqtə

Mübarək Şaban ayını yaşayırıq. Artıq, mübarək İlahi ziyafətə - Ramazan ayına bir addım da yaxınlaşmışıq. Bu günlərdə həm də Şaban ayının mübarək günlərini – Həzrət İmam Hüseynin (ə), Həzrət Əbülfəzl Abbasın (ə) və Həzrət İmam Səccadın (ə) mübarək mövlud günlərini yaşadıq. Adları çəkilən bu nurani şəxslərin hər biri, öz növbəsində sözün həqiqi mənasında həyat dərsləri verən bir məktəbdir. Bu məktəbləri bir-biri ilə yaxın edən çoxsaylı amillər var. Bunardan biri də - azadlıq məktəbidir.

 

 

İNSAN SIFƏTINDƏN AZAD OLMAQ VƏ HƏQIQI AZADLIQ

İslamın nəzərində həqiqi insan azadlığı və həqiqi insan hüquqları nədir? Azadlıq sözünə indiyə qədər iki yüzdən çox tərif verilib, amma Qərb aliminin dili ilə desək, hələ də bu söz öz-özlüyündə bir məna yükünə dəlalət etmir. İki şey vardır ki, ilk öncə onlar bilinməli, bundan sonra isə azadlıq sözünün ya müsbət hala, ya da mənfi hala işarə etməsi müəyyən olunmalıdır.

Birincisi, gərək insan nədən azad olduğunu ayırd etsin.

İkincisi, nə üçün azadlığın lazım olduğunu müəyyən etməlidir.

İnsan var ki, insanlıqdan, insan sifətlərindən azad olur. Bəzisi var ki, Allahın insan üçün bəxş etdiyi lütf və mərhəmətlərdən azad olmaq istəyir. Bu zaman azadlıq tam mənfi hala keçir. İnsan da var ki, nəfsinin tələblərindən, nəfsani istəklərindən azad olmaq istəyir. Bu zaman azadlıq tam müsbət mənaya keçir. İslam alimlərindən biri azadlıq sözünə bir tərif verir və bildirir ki, bu, təqribi bir tərifdir. Alim deyir: “Azadlıq, yəni Allaha xalis bəndəlik etmək”. Azad insan – o insandır ki, Allahın xalis bəndəsi olsun və şirkin bütün növlərindən uzaq olsun. Əgər insan bütsındıran olarsa, əgər daxili bütünü, mənəm-mənəmliyini sındıra bilərsə, bu zaman azad insan olar.

 

AZADLIQ YALNIZ İLAHI MÜSTƏVIDƏ MÜMKÜNDÜR

İlahi olmayan hər şeydən uzaq olmaq, azad, hürr olmaq - əsil azadlığa malik olmaq deməkdir. Həzrət Əlinin (ə) bununla bağlı çox mübarək bir buyuruşu var: “Allahdan qeyrisinin qulu olma. Allah səni hürr və azad xəlq edib”. İnsan gərək anlaya ki, Allahdan qeyrisinin qulu olmaq – köləlikdir. Allah bizi bir insan kimi xəlq edəndə, azad xəlq edib. Buradan aydın olur ki, azadlıq və ümumiyyətlə insan haqları yalnız İlahi müstəvidə mümkündür. Əgər bundan kənara çıxılsa, azadlığın özünə zülm olunub.

 

İNSANA AID OLANLARI TANIMAQ ÜÇÜN ILK ÖNCƏ INSANIN ÖZÜNÜ TANIMALI

Əgər insanla bağlı hər hansı bir şeyi ayırd etmək istəyiriksə, bu zaman ilk öncə insanın özünün kim olmasını ayırd etməliyik. İnsanla bağlı hər hansı bir həqiqətə çatmaq istəyiriksə, gərək əvvəlcə o obyektin özünü tanıyaq. Misal üçün, əgər kompüterlə bağlı hər hansı bilgilər əldə etmək istəyiriksə, ilk öncə kompüterin özünün nə olduğunu müəyyən etməliyik. İnsanı tanımaq üçün Allah Təala 124 min insan tanıdan peyğəmbər (ə) göndərib.

Qondarma insan tanıtmaq istəyənlər də gəlib. Onlar XVII əsrdən sonra daha çox gözə çarpmağa başlayıb. Amma, onlar öz müvəqqəti həyatlarını yaşadıqdan sonra, əksəriyyətinin nəzəriyyələri ilə vidalaşılıb. İndi bəşəriyyət bəzən elələrinin heç adlarını belə xatırlamır. Hanı Lenin, Marks və digərləri? Amma dünyanın hər yerində İlahi peyğəmbərlər (ə) ən ağır şəraitlərdə də tanınıb və bu gün də tanınmaqdadır.

Bəşər nə qədər inkişaf edirsə, bir o qədər anlayır ki, əgər insan tanımaq istəyiriksə, gərək həqiqi insan tanıdan kəslərə müraciət edək. Qurani-Kərimdə bu, çox incəliklə izah edilir. “Ali-İmran” surəsinin 19-cu ayəsində buyurulur: “Şübhəsiz (peyğəmbərərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında İslamdır...”. Yəni, Allah yanında hidayət yolu, insanı səadətə çatdıra biləcək bir sistem – yalnız İslamdır. Bundan başqa insanı səadətə çatdıra biləcək bir şey yoxdur. Və yaxud “Ali-İmran” surəsinin 85-ci ayəsində deyilir: “Kim İslamdan başqa bir din axtarışında olsa, əlsa ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir”. Yəni, həqiqi tanıma – İslamdır. İnsanı tanıdan yeganə yol – İslamdır.

 

İNSANIN ŞƏXSIYYƏTINƏ TƏSIR EDƏN DAXILI ALƏMI

İnsan daxili və xarici ünsürlərin təsiri altındadır. İnsanın daxili çox mühümdür. İnsanın daxili aləmi, xarici ünsürlərinə nisbətən ona daha çox təsir göstərir. İnsanın daxili bütləri var. Bunlar həqiqi azadlığa çatmaq üçün əsas maneələrdir. Bu daxili maneələrdən biri – cahillikdir. İnsan nəyisə lazım olan səviyyədə tanımayanda, həqiqətə zülm edir, cahillik, nadanlıq bir bütə çevrilir. Bu, insanın həqiqi azadlığa çatmasında nəticə etibarilə böyük bir maneəyə çevrilir.

İkinci məsələ - yersiz təəssübdür. Bunun hansı formada olmasının fərqi yoxdur. İstər fərdi təəssüb olsun, istər qəbilə təəssübi olsun, istər region təəssübü olsun və s. Bundan böyük büt yoxdur. Həmin büt insanı həqiqi azadlığa çatmağa qoymur.

Üçüncü – insanın özünü bəyənməsidir. İnsan özünü bəyənər və başqa hər bir şeyə özünün eqosentrik nəzərləri ilə baxarsa, bu zaman özünü bəyənmək kimi böyük bütlə qarşılaşar. İnsana həqiqətə çatmaqda onun “mən” bütü böyük maneə olar.

Dördüncü məsələ - insanın inersion təfəkkürüdür. İnsanın hansısa bir çərçivələrdə düşünməsi, onu yalnız ağ və qara görməyə vadar edir. İnsan bu zaman dünyanı rəngarəng görə bilməz. İlahi məntiqdə bu da tənqid olunur.

Beşinci məsələ - irtica mövqeyində insanın hisslərinin tərbiyə olunmasıdır. Bəzən insan daxilən irticaçı, yeniliyi sevməyən olur. Bu zaman da o, lazım olan azadlığa qovuşa bilməz.

 

İQTISADI VƏ MƏNƏVI AZADLIQ

Daha mühüm amillərdən biri isə - haqqı söyləməməkdir. O yerdə ki, haqq söylənilməlidir, bunu saxlamaq olmaz. Bəzən elə insanın içərisində artıq formalaşmış bütlər ona haqqı söyləməyə mane olur. Zülmün qarşısında sükut etmək də insanın həqiqi azadlığı üçün maneədir.

Digər amillər – yalan, vahimə, xurafatlardır. İslamın, realist təfəkkürün nəzərində insan bu sadalananlardan ya azad ola bilər, ya da bunların zülmü altında yaşayar.

Bunlarla yanaşı, insanı azad olmağa qoymayan xarici amillər də var. Bunlardan ən əsası – mühitdir. Buraya insanın iqtisadi azadlıqları, mənəvi azadlıqları daxildir. Tarix boyu zülm edənlər, toplumun həqiqi azadlıqlarını mühitdə qarşısını alanlar hər zaman çalışıblar ki, insan həm iqtisadi, həm də mənəvi baxımından azad olmasın.

 

İMAM HÜSEYN (Ə) MƏKTƏBININ AZADLIQ DƏRSI

İndi İmam Hüseyn (ə) məktəbinin nəzərində azadlıq fenomeninə nəzərə salaq. Belə nəql edirlər ki, Bəni-Üməyyə cəlladlarından biri olan Əbdülməlik ibni Mərvan (lən) ölüm ayağında, qəddarlara məxsus sayıqlamalar halında olanda görür ki, sarayının qarşısından axan Dəməşq çayının yanında bir ölüyuyan dayanıb və hazırlıq görür. Min cinayətlər törətmiş, insanlara işgəncələr vermiş Mərvan (lən) o mürdəşirə baxır və deyir: “Ey kaş, mən də onun kimi bir adi ölüyuyan olaydım. Hər gün gedib bu işlə məşğul olaydım. Bu boyda xilafəti öz sərvəti ilə üzərimə götürməyəydim. Hər canlı nə qədər uzun ömür yaşasa da, bir gün dünyasını dəyişəcək və məhv olacaq. Ey kaş, bu xilafətə gəlib çatana qədər bu işdən boyun qaçıraydım və dağların başında o baş-bu başa gedəydim”.

O zamanın abidlərindən soruşurlar ki, “Mərvan (lən) belə söz deyib, bunun mənası nədir?”. Əbu Hazim adlı abid belə cavab verir: “Həmd olsun o Allaha ki, bu cür zalımları ölüm ayağında bu günə salır ki, bizim kimi zahidlik edib dünyadan əl üzməyi arzu edirlər. Amma biz ölən zaman heç vaxt ölüm ayağında həmin cinayətləri etmək eşqində olmuruq”. Yəni, insan bir onu bilsə ki, bir gün dünyadan gedəcək və dünyadan gedən halda peşman olacaq, bu zaman azad yaşamağı seçər. İmam Hüseyn (ə) məktəbi bizlərə heç bir zillətə boyun əyməməyi, izzətli, azad yaşamağı öyrətdi. İmam (ə) üçün şəhadət – ən böyük azadlıq idi. İmam (ə) nəfsindən özünü azad etmişdi, özünü tək Allaha tabe etməklə azadlığı seçmişdi.

 

BƏZƏN DÜNYA INSANDAN AZAD OLMAQ ISTƏYIR

İmam Sadiq (ə) buyurur: “İnsanlar iki cürdür. İmanlı insan dünyasını dəyişəndə, dünyadan və onun bəlalarından rahat olur və şad halda sonrakı aləmə qovuşur. Amma kafir dünyadan gedəndə, bitkilər, heyvanlar və insanlardan çoxlu hissə onun əlindən rahat olurlar”. Birinci qrup insanlar dünyadan gedən zaman bu dünyada olan bəlalar, çətinliklər, imtahanlardan canını qurtarır. Elə insanlar da var ki, məxluqat ondan canını qurtarar. Mömin ölən zaman canını qurtarır, kafir ölən zaman isə əksinə - insanlar ondan canını qurtarır. Beləliklə, elə insanlar var ki, nəinki azadlığı seçiblər, əksinə, məxluqatın ondan azad olmağa ehtiyacı var.

 

MÜHACIR VƏ ƏNSARLARIN AZADLIQ YOLU

Rəbbimiz mübarək Qurani-Kərimin “Tövbə” surəsinin 100-cü ayəsində insana həqiqi qurtuluşa, həqiqi azadlığa, həqiqi xilasa çatanların kimlər olduğunu göstərir. Buyurulur: “Allah mühacirlərin və ənsarın (Peyğəmbərin hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş!”. Burada göstərilir ki, üç növ insan həqiqi qurtuluşa çatacaq. Bu insanlardan Allah razıdır və onlar da Allahdan razıdırlar. Birinci qrup – ilk mühacirlər, ikinci qrup – ilk əsarlar, üçüncü qrup isə - gözəl tərzdə mühacir və ənsarların yollarını davam edənlərdir.

Bütün İslam aləmi təsdiqləyir ki, İslama gəlməkdə, İslamı bir din olaraq qəbul etməkdə və bu yolla azadlığa çatmaqda ilk olan kişi – Həzrət Əli (ə), ilk qadın isə - Həzrət Xədicədir (ə). Əgər mühacirin bu qədər əcri və savabı varsa, onların yolunu gedənlərin də bu qədər savabı varsa, bu zaman ilk İslama gələnlərin dərəcəsinin yüksəkliyini müəyyən etmək bəlkə də çətin olar.

Əziz Peyğəmbərimiz (s) gəlir, “La ilahə illəllah” ilə insanlara həqiqi azadlığın yolunu göstərir, insanlara haqqı elan edir və çox ağır zamanlar yaşanır. Bu zaman ilk həqiqi azadələr – mühacirlər meydana gəlir. Yaşanan imtahanlara görədir ki, onların dərəcəsi çox-çox yuxarıdır. Bir zaman gəlib çatır ki, artıq mühacirlər öz imtahanlarını verib qurtarır və bundan sonra hicrət başlayır. Məhz həmin hicrətə qədər Peyğəmbərlə (s) ixlasla olanlar – mühacirlərdir.

Həzrət Peyğəmbəri (s) Mədinədə ilk olaraq qarşılamağa hazır olanlar isə - ənsarlardır. Həmin kəslər ənsarların ilkləri adlanır və ayədə də onlara işarə olunur.

 

MÜHACIR VƏ ƏNSARLARLA EYNI SƏVIYYƏDƏ OLANLAR

İlk mühacir və ənsarlara gözəl şəkildə ardıcıllıq edənlər kimlərdir? Hər dövrün həqiqi azadələri – məhz onlardır. Təfsirşünaslar ayənin həmin yerinə iki cür təfsir verirlər. Birinci, söhbət o kəslərdən gedir ki, mühacir və ənsanların gözəl işlərində onların ardınca gediblər. İkinci təfsirdə isə, həmin mühacir və ənsarlara gözəl şəkildə ardıcıllıq etməkdən söhbət gedir. Bu zaman görürük ki, həmin şəxslər gərək onların gözəl işlərində onların ardınca olsun, həm də onlara gözəl şəkildə ardıcıllıq etsin.

Mühacir və ənsarlara ardıcıllıq edən tabeinlər yalnız o dövrə aid deyillər. Onlar Peyğəmbər (s) dövrünə, ondan sonrakı dövrə və eyni zamanda da bu günə və sabaha aiddirlər. Bu zümrəyə o insanlar daxildir ki, onların həyatı, ən çətin dönəmdə Peyğəmbərlə (s) olan və Mədinədə ilk olaraq o Həzrətə (s) qoşulan mühacir və ənsarların həyatına bənzəyir. Onlar böyük bütlərindən qurtularaq, İslamı qəbul etmişdilər. Tamlıqla özlərini Allaha tabe etmişdilər. Deməli, ardıcılların da azadəliyi o formada olmalıdır. Tabeinlər mühacir və ənsarın gözəl həyat tərzini götürüb və onu gözəl tərzdə təkrar edir. Burada yalnız adda müsəlman olmaq kifayət etmir. Əməldə müsəlman olmağa, əməldə İslama etiqad etməyə ehtiyac var. Quran məntiqinə görə, o cür yaşamaq – insana həqiqi qələbə və həqiqi qurtuluş verər. Bu qurtuluş insanı ucaldar. Onları ilk mühacir və ənsarların məqamına ucaldar. Allah onlardan razı olar. Bu gün də bu məqama yüksəlmək mümkündür.

Allahım, bizlərə Hüseynvari (ə) azadəlik yaşamağı nəsib et! Allahım, bizləri ilk mühacir və ənsarların həqiqi ardıcıllarından qərar ver! Amin!

 

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

(deyerler.org saytina istinadən)

Şərh yaz


Məxfi kod
Yenilə