Şənbə, 17 Sentyabr 2016 11:47

Allah bəndəsinin izzəti

Allah bəndəsinin izzəti

Bismilləhir-Rahmənir-Rahim!

Yaşadığımız zilhiccə ayı başdan-başa bəndəlik dərsləri ilə doludur. Bu fenomeni anlamaq üçün ən səmərəli yollardan biri – Əhli-Beytdən (ə) gələn dualara müraciət etməkdir. Bu mövzuda İmam Səccaddan (ə) gələn dualara keçən bəhslərimizdə toxunmuşuq. Burada söhbət Allah Təaladan izzətin istənilməsindən, izzətin nəsib olmasından gedirdi. O mövzuya da işarə olundu ki, Əhli-Beytdən (ə) nəql olunan mənbələrdə necə dua etmək, necə münacat etmək bir nümunə olaraq təqdim olunmuşdur.

 

İzzət istəməli

Sözügedən duadan məlum oldu ki, insanın Allahdan istəməli olduğu ümdə şeylərdən biri də izzət olmalıdır. Qeyd edilməli bir mühüm nöqtə də var ki, izzət – qazanılan bir şeydir. Kiməsə mirasla çatan, kiminsə hədiyyə edə biləcəyi, yaxud öz-özünə əmələ gələn bir şey deyil, insanın özünün əldə etməli olduğu bir kateqoriyadır izzət.

Bəhsdə o da vurğulandı ki, İlahi Kitabın 63-cü surəsinin 8-ci ayəsində izzətin Allaha, Onun Rəsuluna və iman əhlinə aid olduğu bildirilir. Eyni zamanda, «izzət» anlayışının terminoloji açıqlamasına bildirildi ki, bu, bir halət, bir keyfiyyətdir ki, ona malik olan insanın məğlub olmasına, zəlil olmasına qarşı maneə rolunu oynayır. Yəni, bu keyfiyyətin – izzətin dəfedicilik, maneedicilik bir xüsusiyyəti var hər bir şeydən ki, insanı məğlub edə bilər. Və izzətli insan, əziz insan odur ki, həmin bu məğlubiyyətə qarşı dəfedici halətə malik olur.

İzzətli insan - azaddır, qalibdir, izzətsiz isə məğlub və zəlil. İnsan ola bilər nəfsinin məğlubu olsun, şəhvətinin məğlubu olsun, qəzəbin, kinin, malın, sərvətin, vəzifənin zəlili olsun. Hətta ola bilər ki, bunların özünün də deyil, sadəcə bunlara doğru cəhdin, bunlara doğru istəyin məğlubu olsun. İzzətli insan isə bu əsirliklərdən qurtuluş tapmış olar.

Təbərrük üçün İmam Əlidən (ə) nəql edilən hədisə nəzər salaq. Həzrət (ə) buyurur: «Şəhvətin köləsi pulla alınan kölədən daha zəlildir».

Həzrət Əli (ə) müqayisəvi bir təhlil verir. Bildirir ki, insanların ən aşağıda olanı pulla alınıb-satılan kölə heçab olunur. Amma bir kəs ki, öz şəhvətinin quludur – hər bir müstəvidə – bu şəxs pulla alınmış kölədən daha zəlil durumdadır. Əgər insan öz nəfsinin mütisidir və özünü bu məğlub durumdan çıxara bilmirsə - ən aşağılanmış bir vəziyyətdədir.

Kölənin bir vəziyyəti var ki, o, müstəqil deyil. Onu almış insan onun sərəncamvericisi və sahibi olur, istədiyi ağır işdə onu işlədir. Bu kölə, onu pulla alan sahibinin istəyinə, əhval-ruhiyyəsinə bağlıdır, ondan asılıdır. Bənzətmə aparsaq, bir kəs ki, şəhvətinin quludur – onun ixtiyarı öz əlində deyil. O, öz şəhvətinin nə istəməsindən, necə istəməsindən, hansı halda olmasından asılı olacaq. Külək hansı istiqamətdə əsirsə, o da həmin səmtdə sürünəcək.

 

İmanlılar cərgəsi

Əsiridir, zəlilidir şəhvətin o insan ki, iradəsini nəfsinə tabe edib. Məğlub olub ona. Sanki şəhvət gəlib bu insanı pulla satın alıb. Əmirəlmöminin (ə) insanlara çatdırır ki, pulla alınıb, hər necə gəldi istifadə olunan kölədən də aşağıdır şəhvətinə tabe olan. Bu insanda hər hansı bir izzətdən, alilikdən, ucalıqdan danışmağa dəyməz. İzzət isə məğlubiyyətlə yanaşı ola bilməz, zatən bununla müşayiət oluna bilməz. Adam əgər nəyinsə qulu olmaq vəziyyətinə düşərsə, o, izzət məqamına ucalmağı bacarmaz. Pulla alınan kölə izzətli ola bilər, amma şəhvətinin qulu olan – əsla.

Qeyd etdik ki, izzət Allaha, Onun Rəsuluna (s) və iman sahiblərinə aiddir. Bir adam ki, şəhvətinin quludur, başqa nəfsani, aşağılayıcı xislətlərin köləsidir – bu vəziyyətlə o, imanlılar cərgəsinə daxil ola bilməz. İman radiusundan çıxmış olur bu şəxs. İmanlılığın zəruri və kafi şərtlərindən biri – izzətlilikdir. Bir adam əgər şəhvətin, qəzəbin, digər bu kimi şeylərin qulu olsa, özünü imanlılar cərgəsindən kənarlaşdırmış olar.

İnsan əgər istəsə izzət əldə etsin, gərək heç nəyin qarşısında məğlub olmasın. Qarşısında əyilməli, özünü aşağı bilməli, təzəllül edilməli varlıq – yalnız və yalnız Uca Allahdır. İzzət sahibi Allahdan başqa heç nəyin qarşısında özünü aşağı bilməz, özünü zəlil bilməz. Yalnız Allaha pərəstiş edər izzət sahibi. Yalnız Ona baş əyər.

Allah qarşısında təzəllül etmək (zəlil durumda olmaq), özünü aşağı bilmək – izzətin zirvəsidir. Allahdan qeyri hər nəyin ki, insan əsiri, məğlubu olar, bu durum onu ən pis aşağılıqlaradək aparıb çıxara bilər. Bu yolun axırı – lənətlik iblisə qoşulmaqdır, əzaba qovuşmaqdır. Əql isə diktə edir ki, insan Allahdan savayı, onu yaradan, ona daim qəyyumluq edən, onu qoruyan mütləq qüdrətdən, qüvvədən savayı heç nəyə özünü təslim etməməlidir.

Həzrət Əli (ə) buyurur: «Allahım! Mənim üçün bu izzət bəsdir və kifayətdir ki, Sənin bəndən olum. Və bu iftixar və fəxr bəsimdir və kifayətimdir ki, Sən mənim Rəbbim olasan, mənim Malikim olasan».

İnsan daima özünə hesabat verməli və yada salmalıdır ki, həqiqi izzət Allaha bəndəlikdən keçir.

 

Öz müqəddəratı insanın öz əlində

Bu, hansısa mücərrəd məsələlər deyil. Gündəlik həyata nəzər salsaq, görərik ki, bu, addımbaşı rast gəlinən bir haldır, seçimdir. İnsan kimin köləsi, qulu, əsiridir, kimin və nəyin qarşısında baş əyir – onun hər an diqqət yetirməli olduğu bir mövzudur. Uca Allaha tabe edir özünü, yoxsa insanlara? Uca Allahın buyuruqları ilə hərəkət edir, yoxsa öz iradəsini bu və digər nəsnələrə tabe etdirib?! «Allah nə deyər»lə iş görür, yoxsa «insanlar nə deyər»lə?! İnsanların nə deməsinə məğlub olursa, bu şəxsdə izzətliliklə bağlı bir mövzu yoxdur. Amma Allah deyənlə getsə, nicata çatar.

Hərədə bir «bəs edən mövzu» var. Kimin üçünsə «bəs edən mövzu» odur ki, bunun barədə desinlər dahidir, bunun kimisi yoxdur. Digəri üçün pulluluq «bəs edən mövzu»dur. Üçüncü üçün məqam və hakimiyyətlilik «bəs edən mövzu»dur. Başqası var ki, onu qəddar, amansız, rəhmsiz saysalar, xoşuna gəlir. Amma adam var ki, «bəs edən mövzu»su Allaha xoş olan əməlləri yerinə yetirmək, Allahın istədiyi həyat tərzi sürməkdir. Həzrət Əli (ə) öyrədir ki, əslində bəs edən, kifayət edən mövzu – yalnız Allaha bəndəlikdir. İnsan Allahdan başqa hər kimsə və hər nəsə qarşısında baş əysə, aşağılanar. Amma Allaha bəndəliyə nə qədər yaxın olsa, gerçək bəndəliyə nə qədər qol qoysa, o qədər əziz olar.

Hərənin bir fəxr illəti var. Kimisə hansısa ailədə doğulmasını, kimisə hansısa məkana mənsub olmasını, kimisə hansısa məqama malik olmasını fəxr etmək üçün kifayət qədər əsas sayır. Amma dinimiz, Həzrət Peyğəmbər (s) və Əhli-Beyt (ə) məntiqi öyrədir ki, fəxr etmək üçün əsas, Allahın Rəbliyini qəbul edilməsindən və Onun hər an bəndəni hər mənada vücudla təmin etməsinin fərqinə varmasından yaranır. Bu Rəbbliliyi qəbul etməkdən irəli gələn təklif və vəzifələrə məsuliyyətlə yanaşmaqdan yarana bilər əslində sözügedən kifayətlilik.

 

O, zatən qənidir

İnsan Allaha bəndə olsa, bundan böyük izzət yoxdur. Allah insana Sahib, Malik, Qəyyum, Rəbb olsa, bundan uca iftixar yoxdur. İmam Cəfər Sadiqin (ə) buyuruşu vardır: «Bir kəs ki, Allah dərgahında təzəllül və xuzu etməyə, izzət və böyüklüyü yoxdur və o kəs ki, Allah dərgahında təvazö etməyə – ucalığı, aliliyi yoxdur».

İnsan bəzən çaşa bilər. Müəyyən işlər görə bilər ki, özünə böyük gələ bilər. Özünü Allahın yanında vəzifəsini yerinə yetirmiş görə bilər. Amma bilinməlidir ki, Allah qarşısında təzəllüldən savayı izzət yoxdur.

Bəhsin əvvəlində dedik ki, izzət Allaha, Rəsuluna (s), iman əhlinə məxsusdur. Burada bir mühüm nöqtəyə diqqət olunmalıdır ki, Allahın izzəti ilə yaranmışların izzəti fərqlidir. Allah Təala – izzətin özüdür. Sözün əsil mənasında, ən tam və ali mənasında izzət yalnız Allaha məxsusdur. Bütün yaradılış Onun qarşısında zəlil və məğlubdur. Gerçək qalib, gerçək əziz Odur.

Bu, ondan irəli gəlir ki, Allah – zatən qənidir. Əzizlik Onun mübarək zatındadır. Bütün yaradılış aləmi Ondan asılıdır və Onun fəqiridir, Ona möhtacdır.

Yaranmışın isə izzəti tam başqa təbiətlidir. Yaranmış nə zaman çatır izzətə? O vaxt ki, gerçək İzzət Mənbəyinə, əsil İzzət Sahibinə bağlansın. İzzətlə bağlı gətirilən ayədə də aydınlaşdırılır ki, izzət – Allaha məxsusdur, Onun Rəsuluna (s) məxsusdur, iman sahiblərinə məxsusdur.

Diqqət edək, bir Rəsuldan söhbət gedir ki, Onundur. İman gətirmişlər hansıdır? - Ona iman gətirənlər. Ümumi insanlar, ümumi müsəlmanlar deyilmir. Deyilir – həqiqi iman gətirənlərə, gerçəkdə Ona iman gətirənlərə izzət aiddir. Onun bəndələri izzətə malik ola bilərlər. Kim ki, İlahi rəngə bürünüb. Özünü Rəbbinə həqiqətən də təslim edib.

Amma kim ki, Onunku olmur, ya özününkü, öz nəfsininki olur, ya kiminkisə olur – burada izzət axtarmağa dəyməz. Yalnız Onun qulu, Onun təslimi, Onun bəndəsi izzətə sahib olar, əzizliyə çatar.

 

Bəndə olmaq nədir?

Bəzən «Allaha bəndəlik» ifadəsi kimisə bir qədər darıxdıra bilir. Onu rəhbər tutaraq ki, insan heç kəsin qulu olmamalıdır, insan azad doğulmuşdur – düşünür ki, yersizdir bu ifadələri işlətmək. Bu, məsələni tam dərinliklə anlamamaqdan irəli gəlir. Yersiz olanı – Allahdan qeyrisinə kölə olmaqdır. Rəbdən başqasına nökərlik etməkdir. Allahın bəndəsi, qulu olmaq, hər mənada Ona məxsus olmaq isə insana ancaq ucalıq gətirir. Allaha bəndəlik – aliliyin, üstünlüyün eynidir.

Kölə olmaq mahiyyətcə nədir? Kölə olduğunun bütün buyuruşlarını qeyd-şərtsiz yerinə yetirmək. Sahibinin iradəsini özünkündən üstün bilmək. Onun iradəsinə tabe olmaq. İndi kimdir kölə – malın, pulun, şəhvətin, qəzəbin, kinin, vəzifənin, tərifin, şan-şöhrətin yedəyində gedən, yaxud hətta bunun özünün deyil, buna cəhdin, səyin, canatmanın qulu olan, yoxsa könüllü olaraq, iradəvi şəkildə, öz missiyasını yerinə yetirmək üçün, yaradılışın fəlsəfəsinə uyğun gəlmək üçün, kamala çatmaq üçün öz iradəsini Mütləq Kamalın iradəsinə tabe edən?Öz yaradılışının mahiyyətinə xəyanət edərək müxtəlif müvəqqəti və ötəri şeylər üçün nələrdən keçən adam hara, Həqiqi Ruzu Verənə, Rəhimlilərin ən Rəhimlisinə, Qəyyum və Himayəçiyə öz əməllərini uyğun edən hara?!

Əqli olan bilir ki, hər an mövcudiyyət alır Rəbbindən. Bir anlıq Haqq Təala nəzərini çəksə insandan, bir an vücud, varolma verməsə ona – o, yox olar. Əqli olan bilir ki, hər nə ki, onda var – həqiqi mahiyyətə malik deyil, nəyinsə inikasıdır. Onun bütün varidatı qeyri-sabit və müvəqqəti səciyyə daşıyır, bütün duyğuları nəyinsə törəməsidir. Belə olan halda, əsil mənbəyə müraciət etmək məntiqi və əqlani olmazmı? Əsil mənbədən istəmək və gözləmək daha rasional hərəkət olmazmı?

Qurani-Kərimin 35-ci surəsinin 16-cı ayəsində buyurulur: «Ey insanlar! Sizlər Allaha fəqirsiniz, (Allaha yönəli ehtiyaclılarsınız), və Allahdır ki, həqiqi qənilik, həmidlik Ona aiddir,(Ona məxsusdur)».

Əgər insan həqiqətən izzət ardınca gedir, izzəti arayırsa – həqiqi izzət sahibinə müraciət etməlidir. İnsan özü üçün gərək müəyyən etsin ki, həqiqi izzətin mənbəyi Allahdır və yalnız Allaha bağlılıqla, Allaha müraciətlə, Allahın lütfü və inayətilə bir yerə gəlib çatar ki, orada izzət tapar. Allah Təala bu müqəddaratı cəmi insanlara nəsib etsin!

Allahım! İnsanlara doğru seçim etməkdə yardım et!

Allahım! Bəşəriyyəti Özün fitnələrdən saxla!

Allahım! Müşkülü olanların müşküllərini Özün həll et!

Allahım! Vətəni və ümməti qoru, bəşəriyyəti iblisin (lən) torundan xilas et!

Allahım! Həzrət Peyğəmbər (s) və Əhli-Beytinin (ə) həqiqi davamçılarından olmağı cəmi iman əhlinə qismət et!

Allahım o kəs ki, gözlər onun intizarındadır – Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurunu təcili et! Amin!

 

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎