Çərşənbə, 16 Dekabr 2015 09:07

Məhəbbət duası

Məhəbbət duası

Ailədə baş verən soyuqqanlı bir hadisədən sonra, "bizim üçün cadu ediblər", - fikri bəlkə də təkcə azərbaycanlıların ağlına gəlir. 

Sanki bunların xoşbəxt yaşaması ətrafdakılarda qısqanclıq yaradıb, tələm-tələsik durub gediblər bir cadugərin yanına ki, dayanma bir əlac eylə, ürəyimiz partladı paxıllıqdan! Belə çıxır ki, xalxın pulu cibinə ağırlıq edir, hara xərcləyəcəyini bilmir, aparıb tökür hansısa fırıldağın qarnına!
Ona görə fırıldaq deyirəm ki, yer üzündə bir-iki həqiqi cadugər ola-olmaya, qalan "cadular" isə qaralamadan başqa bir şey deyil.
Peşəkar cadugərlər də Allahın qəzəb obyektidirlər zatən, atdıqları daşların başlarında çartlaması labüddür.
Amma ailədə qanqaraldıcı bir hadisə baş verəndə nə arvad və nə də kişi fikirləşmir ki, balam, görəsən, rəftarımızın harası axsayır ki, ailədə xoş gün üzünə tamarzıyıq?!
Kələfin bir ucu buradadır! Barmağı özgələrinə deyil, özünə tuşlayayıb, papağını (ləçəyini) qarşısına qoyub, vəziyyətin bu yerə necə gəlib çıxmasını təhlil etməlidirlər əslində.
Əgər iki yeniyetmə, ailənin təzyiqi ilə evlənirsə, dünyagörüşləri, savadları, xarakterləri dabandabana ziddirsə, necə deyərlər, kişilər Marsdan, qadınlar Veneradandırsa və bunun fərqində deyillərsə, sizcə necə olmalıydı? Can deyib, can eşidib, bəxtəvər yaşamalıydılar?


Ailədə sevgi, güzəşt, səbir ərşə çəkilibsə, təvazökarlığın yerində təkəbbür əyləşibsə, ən kiçik bir səhv şişirdilib dağ edilirsə, burada kənar cadu axtarmağa nə hacət? Bu rəftarın özü cadu deyilsə, bəs nədir?!


Mars ve Veneradan söz düşmüşkən, ingilis filosof Con Qreyin (John Gray) " Kişilər Marsdan, qadınlar Veneradandır" adlı çox məşhur kitabı var, kitab 50 dilə tərcümə edilib. Kitabda Qadın-kişi fərqləri, bu fərqlərdən yaranan xoşagəlməz hallar, onların həlli yolları haqda söhbət açılır.
Bu kitabı oxumamısınızsa, mütləq oxuyun (Qismət olsa növbəti yazıların birində bu kitab haqqında ətraflı danışarıq).
İndi isə yalnız müəllifin kitabın sonundakı zəruri qeydini xatırlatmaq istərdim. O deyir ki, əgər kitabda göstərilən bütün məlumatları unutsanız belə, bir şeyi heç vaxt unutmayın: kişi və qadın (xarakter, rəftar, zövq və istək və s. baxımdan) fərqlidirlər. Bunu bilmək (əslində həmişə diqqətdə saxlamaq) sizin daha sevimli, əziz görsənməyinizə kömək edəcək.
Əmin olun ki, ailədə bir çox mübahisələrin əsas səbəbi budur. Münasibətlər bu fərqlər nəzərə alınmadan quruldığundan əks nəticələr doğurur. Halbuki bu fərqlər düzgün analiz edildikdə ailənin xoşbəxtliyini təmin edə bilər.


Bizim qızların belə bir sərsəm xasiyyəti də var. Ailə qurduqdan sonra arvad olmaqla yanaşı ərinin anasının, bacısının, bir sözlə bütün qohum-əqrəbasının yerində oturmaq sevdasına düşürlər. Belə bir xam xəyal nəyə lazım? "Sənin atan da mənəm, anan da, bacın da mənəm qardaşın da, qohumun da mənəm əqrəban da" prinsipindən çıxış etmək onların arvadlıq yerini də əllərindən alır. Sonda acınacaqlı bir vəziyyətə düşürlər. Amma taktiki olsa belə, ərlərinin doğmalarını əziz tutsalar, evin şəhzadəsinə çevriləcəklər.
Bir dəfə demişdim, gəlin qayınana, baldız və s.-lə müdafiə naziri kimi (davaya qalxaraq) yox, xarici işlər naziri kimi (siyasətlə ) davranmalıdır.
Hə, bir də belə bir qayda var qadınlarda. Onlar giley-güzarları, şikayətləri, deyinmələri üçün münasib bir vaxt nəzərdə tutmurlar. Kişilər qapıdan girər-girməz onların turşumuş üzü, sallanmış dodağı, yer süpürən qaşqabaqları ilə rastlaşırlar. Ay anam, ay bacım, bir az hövsələniz olsun də. Bəlkə kişi çöldə əsəbiləşib, kiminləsə mübahisə edib, həyəcan keçirib. Bəlkə indi onun yeganə istəyi evdə hüzur tapmaqdı, xoş bir təbəssümlə bu gərginlikdən xilas olmaqdı! 
İndi təsəvvür edin, hətta yataqda kamunal xərclərin müzakirəsi gedir, qaz pulu, işıq pulu xiffəti çəkilir.


Bir psixoloq deyirdi ki, kişilər daha çox bu səbəblərdən xəyanət edirlər. Onlar "sevgililərinin" yanında olarkən, məsələn, baldız-qayınanaya dair töhmətlərlə qarşılaşmırlar.
Əlbəttə, kişilər aydan arı, sudan duru deyillər, onların da çoxlu səhv cəhətləri, kobud davranışları var. Amma əmin olun ki, ailənin xoşbəxtliyinin böyük bir hissəsi qadınların əlindədir. Unutmayaq ki, qadın çox böyük qüvvədir.


Bu yazıda çoxlu dini istinadlar göstərmək olardı, amma mövzu o qədər aydındır ki, buna ehtiyac duyulmadı.

(Niyam Aqil İslaminSəsi üçün)

 

Şərh yaz


Məxfi kod
Yenilə