Bazar, 29 iyul 2018 10:35

İslamda Əxlaq 2 (Allaha təvəkkül)

İslamda Əxlaq 2 (Allaha təvəkkül)
Allaha təvəkkül
İmanı möhkəmləndirməyin ən başlıca yolu təvəkküldür. Təvəkküllə bağlı «Qurani Kərim»də və Məsumların(ə) hədislərində elə dəyərli məsələlər vardır ki, biz yalnız onlardan bəzisini burada qeyd edirik.
«Quran»da təvəkkül.
«Qurani Kərim»də Allaha təvəkkül etmək dəfələrlə qeyd olunaraq imanlı şəxslərin xüsusiyyətlərindən hesab edilmişdir:
«...Əgər möminsinizsə, Allaha təvəkkül edin!» («Maidə»-23 / «Tövbə»-51).
«...Gərək möminlər Allaha təvəkkül etsinlər!» («Ali-İmran» - 122).
«Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyir, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırır, onlar ancaq öz Rəbbinə təvəkkül edər.» («Ənfal»-2).
«Quran» nəzərindən təvəkkülün nə qədər əhəmiyyət kəsb etdiyini bildikdən sonra onun mənasını açıqlayırıq.
Təvəkkül nədir?
Peyğəmbər(s) Cəbraildən təvəkkül sözünün təfsirini soruşdu. Cəbrail dedi: «Təvəkkülün mənası xeyir və ziyanın, mükafat və cəzanın insanların əlində olmadığına inanmaqdır. Əgər bir bəndə mərifətin bu mərhələsinə yetişərsə, Allahdan qeyrisi üçün bir iş görməz, Allahdan qeyrisinə ümüd bağlamaz, Allahdan başqa heç kimdən qorxmaz, Allahdan başqa bir kəsin əlində gözü qalmaz. Allaha təvəkkül etməyin mənası budur.»(«Biharül-Ənvar» Beyrut nəşri: XXVIII c/ s - 138 / hədis - 23.)
Həsən ibn Cəhm adlı bir şəxs deyir:
Səkkizinci imam Əli ibn Musa Riza(ə)-nın hüzuruna gəlib soruşdum: «Təvəkkülün mənası nədir?» İmam Riza (ə) buyurdu:«Təvəkkül Allaha arxalanmaqla heç kimdən qorxmamaqdır.»(Yenə orda: səh - 134.)
Başqa bir rəvayətdə Əli ibn Süveyd deyir: Yeddinci imam Museyi Kazim(ə)-dan «Təlaq» surəsinin üçüncü ayəsinin (Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər) təfsirini soruşduqda Həzrət buyurmuşdur:
«Təvəkkülün müxtəlif mərhələləri var. Təvəkkülün mərhələlərindən biri də bütün işlərdə Allaha təvəkkül edib Tanrının sənin rəftarından razı olmasıdır. Allahın sənin üçün xeyir və fəzilətdən başqa bir şey istəmədiyini, bütün işlərin onun ixtiyarında olduğunu bilməsidir. Deməli, işlərini ona həvalə etməklə Allaha təvəkkül et.»(«Üsul Kafi» II c/ s - 65 / hədis -5. Bu rəvayət eynilə «Mişkatül –Ənvar» s -16 və «Biharül-Ənvar» Beyrut nəşri XXXV c / s -336 / hədis -18-də nəql olunmuşdur. Lakin bunlar arasında kiçik fərqlə Məclisi rəvayətin ardını belə gətirir: "Təvəkkülün dərəcələrindən biri də xəbərsiz olduğunu qeyb aləminə iman gətirməkdir. Bu elmi Allaha və onun xəzinədarlarına həvalə edib bütün hallarda Allaha arxalanasan, yəni həyatda maddi amillərlə, təfsir edə bildiyin hadisələrlə üzləşsən, onun çözümünü Allah və övliyalarına həvalə et. Allaha arxalanmaqla nigaranlığa və təşvişə səbəb olan şeytani şübhələrdən özünə nicat ver. Hədisin bu hissəsi təvəkkülün qeybi cəhətinin olduğuna dəlalət edir. Çünki təvəkkül edən şəxs maddi amillərin məhdud dairəsindən çıxıb insanın taleyinə təsir göstərən qeyb aləminə də inanır)
Bir sözlə, bəndə hər bir işin Böyük Yaradan tərəfindən olduğuna inanıb onun sonsuz qüdrətini dərk etməlidir. Bununla dəryaya qovuşan damcı kimi özünü dalğalar arasına ataraq heç bir şeydən qorxmamalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə