Bazar, 20 Avqust 2017 11:31

İslamda Əxlaq 2 (Mürabitə, müraqibə, mühasibə və müaqibə)

İslamda Əxlaq 2 (Mürabitə, müraqibə, mühasibə və müaqibə)
XII FƏSİL
Mürabitə, müraqibə, mühasibə və müaqibə
Mürabitə
Mürabitə Allah yolçusunun qət edəcəyi ən əsas yoldur. Bu yolu keçmədən heç bir kəs təkamülə yetişə bilməz. Mürabitə leksik mənaca "bir-birinə birləşmə" mənasını verib, əxlaq elmində isə "özünə birləşmə" mənasında işlənərək özünü qorumaq və həmişə özündən nigaran halda olmaq deməkdir.
Mürabitə dörd mərhələyə bölünür:
1) Müşaritə (özü ilə şərtkəsmə, sözvermə)
2) Müraqibə (özünüqoruma)
3) Mühasibə (özü ilə hesablaşma)
4) Müaqibə (özünütənqid)
Müşaritə insanın dini vəzifələri və məsuliyyətləri yerinə yetirməsində heç bir şeyi əsirgəməyəcəyi və müqəddəs şəriət qanunlarını pozmayacağı haqda özü-özünə söz verməsidir. İnsan xeyir işlərdə çalışıb qəbih əməllərdən çəkinsin deyə, özü-özü ilə belə əhd bağlayır. Bu əhd-peyman o zaman təsirli olur ki, insan ruhunda adətə çevrilib möhkəmlənənədək hər gün təzələnsin. Müşaritə üçün ən gözəl vaxt sübh namazından sonrakı vaxtdır, çünki bu vaxt insan qəlbi səfalı və təmiz olur.
Mürabitənin qaydası
Mürabitə mərhələsində əlimizin dünyadan üzülüb həsrətlə barmağımızı dişimizə tutaraq "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, «Quran»a, Peyğəmbərə və möminlərə) istehza edirdim!"(«Zümər» -56) - deyə peşman olacağımız günü yada salmaq münasib olardı. Bu mərhələdə dünyaya qayıtmaq arzusunda olduğumuz və yalvararaq "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm..."(Muminun» - 99) - deyəcəyimiz günü xatırlayaq. Bizə cavab verirlər ki, bu əsla olan iş deyil. "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!" kəlməsini çox deyəcəyik, amma bir faydası olmayacaq...
Demək, indi nə qədər fürsət vardır, bu qiymətli ömrümüzün bihudə keçməməsi üçün özümüzə söz verək. Onun bütün dəqiqə və anlarından düzgün istifadə edək. İndi isə vaxtın əhəmiyyətini daha yaxşı başa düşməyimiz üçün belə bir hədisi burada qeyd edirik:
Allah-təala bir gündə (gecə-gündüzdə) hər biri bir saatın müqabilində olan iyirmi dörd xəzinə yerləşdirmişdir. Bu xəzinələr insan ömrünün bütün saatları ilə bərabər halda tərtib olunub, hər bir saatın əməli özünəməxsus xəzinəyə yığılır. İnsan bu dünyadan köçəndən sonra bu xəzinələr açılır və insan öz əməllərini müşahidə edir. Deməli, əgər insan bir xəzinəni yaxşılıqların nuru ilə dolu görərsə, çox sevinər. Əgər onun sevincini bütün cəhənnəm əhlinə bəxş etsələr, onların hamısı bundan məst olub öz əzab-əziyyətini unudar. Yox əgər xəzinəni günahla dolu, qaralmış görərsə, buna narahat olar. Əgər onun bu narahatçılığını behişt əhli arasında bölsələr, behişt əhli də narahat olar. Əgər istirahət, qəflət və mübah əməllərlə dolu olan saatların xəzinələrini onun qarşısında açarlarsa, içində heç bir sevindirici bir şey görməyib peşmançılıqdan barmağını dişləyər. Çünki öz şirin ömrünün bir hissəsini bihudə işlərə sərf edib bu qiymətli sərmayədən faydalanmamış və öz həvayi-nəfsinə (ehtirasına, şəhvətinə) aldanmışdır.(«Cameüs-səadat», III c, s.94.)
Yaxşı olardı ki, Allah bəndəsi hər sübh bu hədisi xatırlayıb ömrünün hədər getməməsi üçün özü ilə hesablaşsın. Daha yaxşısı budur ki, insan hər sübh "əsr" surəsini oxuyub mənasını düşünsün. Düşünsün ki, Allah-təala necə də «Əsr»də and içib buyurur: "Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edənlərdən başqa bütün insanlar ziyandadırlar.” Yəni təkcə həyatın bu qiymətli sərmayəsini imanla, saleh əməllərlə, bir-birinə haqqı və səbri tövsiyə etməklə ötürən şəxslər doğru yoldadırlar, qalanları isə yolunu azanlar və ziyanda olanlardır.
Maraqlı bir mətləb
"Xüsran" sözünün lüğəvi mənası əsl sərmayənin məhv olmasına səbəb olan ziyana deyilir. Elə bil, insan ömrü günəşin yandırıcı şüaları altında tez əriyib suya dönən qardır. Yalnız aralarındakı fərq bundan ibarətdir ki, suya dönmüş qarın damcıları yerdə qalır, amma insan ömrünün anları bir saniyə də olsun belə, geri qayıtmır.
Buna əsasən, əgər bir kəs bir an belə qafil olarsa, elə həmin miqdarda da əbədi ziyana uğrayar. İnsanın gələcəkdə öz ömründən layiqincə istifadə etmək bacarığını fərz etsək belə, şübhəsiz, yenə də o keçmişi haqda aldadılmışdır. Çünki hər bir qabın özünəməxsus bir tutumda həcmi və hər bir anın öz hökmü vardır. Keçmişi bu məhdud zamanda heç yerləşdirmək olarmı? Bu, yalnız Allahın xüsusi mərhəməti əta olunmuş şəxslərə aiddir. Tutaq ki, tövbə edib sidq ürəklə Allaha tərəf qayıtdıq. Lakin tövbənin bağışlanmaqdan başqa bir təsiri yoxdur. Tövbə və istiğfar ilkin mərhələdə məqamın ucalmasına yox, yalnız əzabın aradan qaldırılmasına səbəb olur. Başqa bir sözlə desək, tövbə iftixar etmək üçün yox, cəhənnəm əzabını dəf etmək üçündür. Xoş o adamların halına ki, bütün anlardan və imkanlardan bol-bol faydalanır, hətta öz istirahət vaxtlarını elə tənzimləyirlər ki, yuxuları ibadət, nəfəsləri isə zikr hesab olunur. Peyğəmbər(s) mübarək Ramazan ayının oruc tutanları haqda buyurur: ".... Bu ayda yuxunuz ibadət, nəfəsləriniz isə zikr kimi hesab olunaraq əməlləriniz qəbul olunur."(Peyğəmbər(s)-in «Şəbaniyyə» xütbəsi. «Vafi» II c, cüz-7, s.53. İslamiyyə nəşri. Seyyid ibn Tavus «İqbal» s.1.)
Allah bəndələrindən yalnız bir dəstəsi ötüb-keçmişlərin yerini doldura bilərlər. Onlar Allah yolunun mücahidləridir, yəni onlar Allah yolunda şəhadətə yetməyi və özlərini təhlükəyə atmağı seçənlərdir. Çünki Allah yolunda şəhid olmaq Allaha tərəf ali dərəcələrə yetişmək üçün bir nərdivandır. Bu yolu seçən dəstə bağışlanmaqdan əlavə ötən çatışmamazlıqların yerini də doldurur, bir gecəlik fədakarlıqla və canından keçməklə yüz illik yolu bir anda qət edir, yəni var qüvvə ilə hər nə varsa, əmələ çevrilib Allah-təalanın dərgahına tələsir və orada bir dəstə himayəçinin müşayiəti ilə əbədi həyat, daimi ziyafətlə iftixar edir.
Amma başqa adamların da tövbə və istiğfar vasitəsilə keçmişdə buraxdıqları səhvlərin əvəzinin tamamilə verilməsini isə Allah bilir. Müəllifin nəzərincə, belə bir müvəffəqiyyətin hamıya nəsib olması çox çətin bir məsələdir.
Ayə və rəvayətlərdən tövbə etməkdən əlavə Allahın mərhəməti və günahların yaxşı əməllərə çevrilməsi də başa düşülür. Allah-təala «Furqan» surəsinin yetmişinci ayəsində buyurur:
"Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər..."
Buna əsasən demək olar ki, tövbəkarlar öz tövbələri vasitəsilə keçmişdə buraxdıqları səhvləri ödəmək üçün ümidvar ola bilərlər. Bəzi müfəssirlər (təfsir alimləri) buyurmuşlar ki, ayənin zahiri mənasından Allah-təalanın tövbə vasitəsilə keçmişlərin əvəzini ödəyərək qaranlıqları işıqlığa çevirməsi başa düşülür, yəni keçmişdəki pis əməllər pozulub, yerinə yaxşı əməllər yazılır. Lakin təfsirçilərdən bəziləri də belə yazılır: "Allah-təala tövbəkarı tövbə edəndən sonra çirkin əməllərdən qoruyub bir daha günaha qayıtmamaq üçün yaxşı əməllər görməyə müvəffəq edir.” Onların bir qismi belə düşünür ki, ayədəki "səyyiat" (günahlar) sözünün işlədilməsindən məqsəd tövbədən sonra yaxşı əməllərə çevrilən kiçik günahlardır, ancaq böyük günahlar isə tövbədən sonra bağışlanıb əfv olunur. Əllamə Təbatəbai bu ayənin təfsiri barədə müfəssirlərin rəylərini söylədikdən sonra günahların xeyir əməllərə çevrilməsi məsələsinə dair onların bir qisminin nəzəriyyəsini qəbul edir. O, bu qənaətə gəlir ki, ayə və rəvayətlər zahirdə tövbəkar şəxsin bəd əməllərinin saleh əməllərə çevrilməsini göstərir. Ayəni şərh edərkən belə bir nəzəriyyə söyləyir: "Günahın iki cəhəti vardır: baqi və fani. Onun fani cəhəti günaha batarkən insandan baş verib tez də yox olan əməllərdir. Günahın baqi cəhəti isə insanın bağlandığı günahın insan ruhuna göstərdiyi pis təsirləridir. İnsan tövbə edən zaman tövbənin qəbul olunması ilə bütün bu təsirlər yox olur, yəni bədbəxtlik səadətə, zülmət nura çevrilir, çünki insan saflaşmayınca tövbəsi qəbul olunmaz. İmam Baqir(ə) buyurur: "Tövbəkar günahsız kimidir."(Üsuli-kafi», II c, s.435, hədis 10.)
Belə bir nəticəyə gəlirik ki, tövbə Allah-təalanın mərhəmətindən əlavə paklıq, ucalıq mənbəyi, insan qəlbində şölənən ilahi nurdur, çünki o, günahları saleh əməllərə çevirir."(«Təfsiri-əl-mizan» XII c, s.264.)
Lakin bu nəzəriyyəni (günahların yaxşı əməllərə çevrilməsi) qəbul etməklə belə keçmişlərin əvəzinin ödənilməsi məsələsi yenə də problem olaraq öz həllini tapa bilmir. Çünki bəhsimiz təkcə günah barədə deyil ki, tövbə ilə də həll olunsun. İnsan ömrünün hər dəqiqəsi, hər anı qiymətlidir. Əgər ondan istifadə olunmasa, insan heç vaxt düzəlməyən əbədi bir ziyana düşəcəkdir. Allah-təala bu ayədə keçmiş günahların ödənilməsini də vədə verməmişdir. Ömrümüzün hədər getmiş saatları bir daha qayıtmayacaqdır. Deməli, yuxarıda qeyd etdiyimiz kimi, çalışaq ömrümüzün hər bir dəqiqəsindən, hər bir anından düzgün istifadə edək. Çünki gələcək, ümumiyyətlə, keçmişə zəmanət verə bilməz, ona görə ki heç bir qab öz tutumundan artığına qadir deyildir.
Demək, xoş o adamların halına ki, öz ömürlərinin bütün anlarından əlverişli istifadə edir, hətta özünün istirahət vaxtlarını elə tənzimləyir ki, yuxuları ibadət, nəfəsləri isə zikr kimi hesab olunur. Həzrət Əli(ə) buyurur: "Qoçaqların yuxusu və iftarı nə gözəldir."(«Nəhcül-bəlağə» (Sübhi Salehi): Hikmət №145.)
Yəni qoçaq adamların yeməyi də, yatmağı da dəqiqliklədir. Allah üçün yatırlar və Allah üçün də yemək yeyirlər. Onların nahar və yuxusu yenidən qüvvə toplayıb Allah və bəndələrinə xidmət etmək üçündür. Belələri heç bir işi həvayi-həvəs üzündən yerinə yetirmirlər.
Müraqibə
Mürabitənin ikinci mərhələsi müraqibədir, yəni insan özü ilə şərtləşəndən sonra özünü bütün hallarda günahlardan qorumalı, səhlənkarlıq edib vədinə xilaf çıxmamalıdır.
Möminin bariz sifətlərindən biri də öz əhdinə vəfalı olmasıdır. «Quran»da buyurulur:
"O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayırlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər). («Muminun»-8)
Allahı yaddan çıxarmamaq, Onu bizə xatırladan əməl və zikrləri mütəmadi olaraq yerinə yetirmək, hər bir işi ilahi boya ilə rəngləyib Onun adı ilə başlamaq müraqibənin məzmunun təşkil edir. Məsələn, oturarkən bacardıqca üzü qibləyə oturaq, yatarkən üzü qibləyə sağ tərəfi üstə yataq və haram məclislərdən uzaqlaşaq. Xülasə, bir an belə olsun, Allahı yaddan çıxarmayaq. Çünki hər kim Allahı unudarsa, Allah da onu unudar:
"Onlar Allahı unutdular, Allah da onları unutdu." («Tövbə»-67)
Vay o şəxsin halına ki, Allah onu unudub özbaşına buraxa. Şübhəsiz, belə bir şəxs şeytanlara yem olacaqdır.
Kim Allahı unudarsa, sonda özünə düşmən kəsilib öz ali, insani keyfiyyətini əldən verər. Allah-təala «Quran»da buyurur: "Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin!" («Həşr»-19)
Deyirlər, Züleyxa Yusifi xəlvət yerdə görüb özünə tərəf dəvət edərkən birdən gözü otaqda olan bir bütə sataşdı. Dərhal qalxıb üzərinə bir pərdə atdı. Yusif ona dedi: "Sən cansız daşdan utandığın halda, mən necə (əzəmət və qüdrət sahibi olan) Allahımdan xəcalət çəkməyim?"(«Cameüs-səadat», III c, s.96.)
Buna görə də həmişə öz əməllərimizə fikir verib ehtiyatlı olmalıyıq, çünki müraqibə, ehtiyat insanı büdrəməkdən və uçurumdan qoruyur. Dünya işlərində diqqətli və ehtiyatlı olduğumuz kimi, axirət məsələlərində də diqqətli olub heç vaxt Allahı unutmayaq.
Bunu da bilməliyik ki, müraqibənin özünəməxsus dərəcələri vardır. Bu dərəcələr Allah yolçusunun mərifət və riyazət dərəcələrilə sıx bağlıdır. Birinci dərəcə təqvalıların, ondan yuxarı isə müqərriblərin (Allah dərgahına ən yaxın olanlar) müraqibəsidir.
İnsan riyazət, müraqibə və mücahidə etməklə (Allaha) yaxınlaşıb əzəmət Sahibinin gözəl cəlal və camalına qərq ola bilər. Orada isə məsələ bunun tam əksidir. Tanrı o məqamda bəndəsini özü qoruyur, belə ki Yusif barədə buyurur:
"Doğrudan da, (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi..." («Yusif»-24)
O qadın (Züleyxa) eşq atəşinin alovunda yanıb Yusifdən rədd cavabı almasına baxmayaraq, yenə də ondan əl çəkmirdi və sevgilisinin vüsalına qovuşmaq üçün var qüvvəsilə çalışırdı. Əgər Allah-təalanın xüsusi mərhəməti və haqqın açıq-aydın dəlilləri Yusifi qorumasaydı, o da təbii olaraq Züleyxaya tərəf meyl edəcəkdi. Deməli, Allah əbədi camal və cəlalı göstərməklə öz müxlis (xalis, pak) bəndəsini Züleyxanın gözəl simasından döndərib onu uçurum və büdrəməkdən qorudu, hətta günahı təsəvvür etməyə belə onu qoymadı.
"Xoş o adamın halına ki, Həmişə Allahı nəzərə alıb öz günahlarından qorxur."(«Qürərin şərhi», IV c, s.238. № 5938.)
Müraqibə barədə həzrəti-Əli(ə)-nin buyurduğu kəlamlardan ikisini burada qeyd etməyi özümüzə borc bilirik: "Yaxşı olardı ki, insan özünə qiymət verib həmişə qəlbini və dilini qorusun."(«Qürər»in mündəricat, s.393. №10947.)
Başqa bir yerdə isə ağıllı mömini belə vəsf edir:"... Bu gün sabahı fikirləşib həmişə bir neçə addım uzağı görən adam ağıllıdır..."(«Nəhcül-bəlağə» (Sübhi Saleh):Xütbə №83)
Mühasibə
(Özü ilə hesablaşma)
Əxlaqi və ürfani əsaslardan biri də mühasibədir. Allahın razılığını qazanmaq istəyən və əbədi həyata can atan bəndələr səhərlər özlərinə söz verdikləri kimi, gün ərzində bir saat da gündəlik əməllərini yerinə yetirmək və hesablaşmaq üçün vaxt ayırırlar. Nəraqi yazır: "Ağıllı adamlar vaxtlarını dörd yerə bölüb, onlardan birini əməllərini götür-qoy etmək üçün ayırar, mühasibəni axşamlar yatmazdan əvvələ saxlayarlar ki, gün ərzində əldə etdikləri xeyir və zərərdən, gündəlik mədaxil və məxaricdən tam surətdə xəbərdar olsunlar."(«Cameüs-səadat», III c, s.99.)
Ötüb-keçənlərlə hesablaşıb gələcək işləri həyata keçirmək üçün özünə söz verməyə mühasibə deyilir. Mühasibə aşağıdakı yeddi əsasla həyata keçir:
1) Təqdir (qiymətləndirmə) və ölçü; 2) Məsuliyyəti dərk etmək; 3) Əməllərin qalması; 4) Əməllərin yazılması; 5) Hesablaşma və sorğu-sual; 6) Əməllərin cəzası; 7) Tövbə və əvəzini ödəmək.
1. Təqdir (qiymətləndirmə) və ölçü yaradılışın əsaslarındandır. «Quran» təbiri ilə desək, Allah yanında hər şey özünəməxsus ölçülərlə təyin olunmuşdur.
"... Hər şey Onun yanında müəyyən bir ölçü ilədir." («Rəd»-8)
"(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk." («Hicr»-21)
"... Biz hər şeyi hesaba alıb açıq-aydın kitabda (lövhi-məhfuzda, yaxud zəmanə imamının yanında) təsbit etmişik." («Yasin»-12)
"And olsun ki, (Allah) onları (bütün yaratdıqları) hesablamış və təkrar-təkrar saymışdır." («Məryəm»-94)
2. Allah, dünya və bəşər övladları qarşısında məsuliyyəti dərk etmək və özünə söz vermək insan üzərinə qoyulmuş ilahi əmanətdir. Məsuliyyəti hiss etmək fitri qüvvədir. "Qurani-Kərim”də buyurulur:
"Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Çox zalım, çox cahil olan insan isə (ixtiyar, iradə və seçim qüvvəsinə malik olduğundan) ona yükləndi." («Əhzab»-72)
3. Əməllərin qalması elmi və fəlsəfi bir əsasa söykənir. «Quran»da bu, açıq-aydın sübut edilir:
"Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər." («Kəhf»-49)
Başqa bir ayədə isə belə buyurulur:
"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (cəzasını çəkəcəkdir)." («Zilzal»-7,8)
"(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: "Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah bütün incə işləri biləndir (lətifdir), (Hər şeydən) xəbərdardır!" («Loğman»-16)
4. Əməllərin yazılması və qeydə alınması. İsanların əksəriyyəti qəflət üzündən özü ilə hesablaşmır, keçmiş əməllərinin yaddan çıxdığını və məhv olduğunu düşünürlər. Daha bilmirlər ki, Allah-təala hər bir insanın əməlini qeyd etmək üçün bir mələk təyin etmiş və qiyamət günü bu əməllərlə hesablaşacaqdır. "Qurani-Kərim”də buyurulur:
"Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq." («İsra»-13)
"(Və ona belə deyərik:) "Oxu kitabını (əməl dəftərini). Bu gün sən özün-özünə haqq-hesab çəkməyə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən." («İsra»-14)
"Sizin üstünüzdə gözətçi mələklər, (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər." («İnfitar»-10, 11, 12)
Bu əməl dəftəri heç bir şübhə və inkara əl yeri qalmamaq üçün bütün təfsilatı ilə insana göstərilər. "Tariq" surəsinin dördüncü ayəsində Allah-təala göylərə və s. and içdikdən sonra buyurur:
"Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!"
"Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!”(«Qaf»-18).
"Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur!” («Qaf»-17).
"Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar!” («Zuxruf»-80).
"Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir.! Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!” («Qəmər»-52,53).
"(Ya Peyğəmbər! O gün) hər ümməti diz çökmüş (yaxud bir yerə yığılmış) görəcəksən. Hər ümmət öz (əməl) dəftərinə tərəf çağırılacaqdır. (Onlara belə deyiləcəkdir) "Bu gün sizə (dünyada) etdiyiniz əməllərin əvəzi (mükafatı və ya cəzası) veriləcəkdir! Bu Bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq?” («Çasiyə»-28, 29).
Bu ayələr bütün əməllərin mələklər tərəfindən qeydə alınıb yazılaraq qiyamət günündə hesaba çəkiləcəyini göstərir.
Əmirəl-möminin(ə) buyurdu:
"....Ey Allah bəndələri! Əməllərin hesaba çəkiləcəyi, dağıntıların çox olacağı və uşaqların (qorxudan) qocalacağı gündən qorxun.(«Müzzəmmil» surəsinin 17-ci ayəsinə işarədir:"Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən (qiyamət gününün əzabından) özünüzü necə qoruyacaqsınız?!”)Ey Allah bəndələri! Bilin ki, sizin özünüzdən üzərinizə gözətçilər qoyulmuş, sizin bədən üzvlərinizdən olan qoruqçular sizə nəzarət etməkdədirlər.(Həzrət Əli(ə)-nin kəlamının bu hissəsi insanın xeyrinə və ya zərərinə şəhadət verəcək qiyamət gününün şahidlərindən birinə işarədir, çünki o gün insanın yaxşı və pis işlərinə Allahdan, peyğəmbərlərdən, övliyalardan, mələklərdən, yerdən və s-dən əlavə hər bir şəxsin bədən üzvləri də şahid duracaqlar. «Qurani-Kərim» bu mətləbə açıq-aydın işarə edilərək buyurur: "Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir».(«Nur»-24). "Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar saxlanacaqlar. Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməlləri barəsində onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə: «Nə üçün əleyhimizə şəhadət verirsiniz?»-deyəcəklər.(Dəriləri də) belə cavab verəcəkdir: «Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!» («Fussilət»-19,20,21).)Bilin və agah olun ki, doğru danışan mühasiblər sizin əməllərinizi, hətta nəfəslərinizin sayını belə qeyd edirlər. Nə gecənin qaranlığı və nə də möhkəm qapılar sizi onlardan gizlədə bilməz.(Müxtəsər, harada olsanız onlar sizi izləyirlər). Həqiqətən, sabah bu günə yaxındır...” («Nəhcül-Bəlağə»: Feyzül-İslam: Xütbə №156).
5) Əməllərin sorğu-sualı qiyamət gününün ən əsas məsələlərindən biridir. Heç kəs ondan yaxa qurtara bilməz. Allah-təala buyurur:
«Onları yubadıb saxlayın, çünki sorğu-sual olunacaqlar!» («Saffat»-24).
Bu məsələ o qədər ciddidir ki, hətta peyğəmbərlər də sorğu-sual olunacaqlar:
"(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də (dinimizi onlara təbliğ edib-etməmələri haqqında) sorğu-sual edəcəyik.” («Əraf»-6).
Qiyamət günündə hər biri min il çəkən əlli dayanacaq vardır. Bu dayanacaqların hər birində bir şey barədə sorğu-sual olunacaqdır.
İmam Sadiq(ə) buyurur:
"Ey insanlar! Sizi sorğu-suala çəkməzdən əvvəl özünüzlə hesablaşın, çünki qiyamət günündə hər biri min il çəkən əlli dayanacaq vardır». Sonra bu ayəni tilavət etdi: "....Müddəti əlli min il olan bir gündə...”("Biharül-ənvar”: Beyrut çapı: VII c/s-126; «Rövzeyi-kafi» s-143/ hədis №108.)(«Məaric»-4).
Hesabat mövzusu o qədər dəqiqdir ki, hətta insanın qəlbindəki niyyətlərindən də sorğu-sual olunacaqdır:
"...Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər...” («Bəqərə»-284).
Allahın adlarından biri "Səriül-hesab” (tez hesab çəkən) və qiyamət gününün adlarından biri isə "yovmul-hesab”dır (sorğu-sual günü). Bunların hər ikisi hesabatın və sorğu-sualın nə qədər əhəmiyyətli olduğuna dəlalət edir. Allah-təala Quranda buyurur:
"....Allahın hökmlərini inkar edən şəxslə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.” («Ali-İmran»-19).
Başqa bir yerdə isə buyurur:
"....Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!” («Sad»-26).
Demək, vay o adamların halına ki, o günü (qiyamət gününü) unudublar. Çünki iki şeyi yaddan çıxarmaq əbədi bədbəxtlik və ziyana səbəbdir- Allahı və qiyamət gününü unutmaq.
"....Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!...” («Bəqərə»-286).
6) Əməllərin cəzası xilqətin və İslam dininin ən mühüm əsaslarındandır. Hər bir əmələ qarşı bir reaksiya və hər bir hərəkətin özünəməxsus mükafatı vardır.
Allah-təala bu barədə çox təkid edir, çünki heç bir əməl cəzasız və mükafatsız qalmayacaqdır:
"....(O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!”(«Bəqərə»-281).
"Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) («Müddəssir»-38).
7) Tövbə də həmçinin İslamın islahedici əsaslarından biridir. Tövbə bağışlanmaq, Allaha tərəf qayıtmaq və hədərə getmiş ömrün böyük Yaradan yolunda istifadə olunmuş ömrə çevrilməsi üçün bir vasitədir. Tövbəsiz mühasibə mühakimə mümkün deyil. Buna görə də Allah-təala dəfələrlə öz bəndələrini tövbə etməyə və ona tərəf qayıtmağa dəvət edərək onlara rəhmət və məğfirət mücdəsini verir:
"(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” («Zümər»-53).

Şərh yaz


Məxfi kod
Yenilə