Çərşənbə axşamı, 15 Avqust 2017 23:29

İslamda Əxlaq 1 (Bir neçə faydalı məsələ)

İslamda Əxlaq 1 (Bir neçə faydalı məsələ)
XI FƏSİL
Bir neçə faydalı məsələ
a) Müstəhəb əməllərə və nafilə namazlarına üstünlük verib davamlı surətdə əməl etməyin üç əsas təsiri vardır:
1) İnsanın günahlarını təmizləyir, belə ki Allah-təala bu barədə buyurur:
"(Ya Mühəmməd!) Namazı gündüzün iki başında (yəni başlanğıcında və sonunda) və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis əməlləri (kiçik günahları) yuyub aparar ..." («Hud»-114).
Hədislərdə nəql olunur ki, möminin gecə namazı onun gündüz etdiyi günahları yuyub aparar.  Bəzilərində də belə söylənilmişdir ki, vitr namazı günahları aradan qaldırır. 
2) Müstəhəb əməllər və nafilə namazları bilməməzlik üzündən baş vermiş çatışmamazlıqları və vacib əməllərdə buraxılmış səhvləri düzəldir. Məsələn, gündəlik nafilə namazları (xüsusən gecə namazları) gündəlik vacib namazları yüksəldir. Müstəhəb oruclar Ramazan ayının orucunda buraxılmış səhvləri düzəldir. Müstəhəb sədəqələr zəkat və xüms kimi maddi vacib əməllərin çatışmamazlıqlarını aradan qaldırır və s. Ümumiyyətlə, müstəhəb əməllər belə ehtimal olunur ki, bütün vacib əməllərdə buraxılmış səhvlərin həlli üçün güclü təsirə malikdir. Bu barədə bir neçə hədisə işarə edirik:
İmam Baqir(ə)-dən belə nəql olunur:
"Nafilə namazları vacib namazlarda buraxılmış səhvlərin həlli üçündür." 
Başqa bir hədisdə buyurulur:
"Allah-təala vacib namazları nafilə namazları ilə kamilləşdirmişdir." 
Əbu Həmzeyi-Sumali İmam Zeynülabidin(ə)-dən belə nəql edir ki, fikri dağınıq halda qılınan namazların heç biri qəbul deyildir. Mən ərz etdim: "Sənə fəda olum, demək, biz hamımız həlak olduq, eləmi?» Buyurdu: "Xeyr. Çünki Allah-təala bu kimi ibadətləri nafilələr vasitəsilə kamilləşdirir.” 
3) Müsətəhəb əməllər və nafilə namazları "Qurani-Kərim”də buyurulduğu kimi, Allah-təalaya yaxınlaşmağa səbəb olur:
"Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq, (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kim bilməz!" («Səcdə»-16,17).
"(Ya Mühəmməd!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (Qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) göndərsin! (seçsin?)" («İsra»-79).
Hədisi-qüdsidə belə nəql olunur: "Heç bir bəndə vacib əməllərdən yaxşı bir ibadətlə mənə yaxınlaşmamışdır. O, nafilələr vasitəsilə mən onu sevənə qədər mənə yaxınlaşır. Elə ki onu sevdim, onun eşidən qulağı, görən gözü, deyən dili və bacarıqlı əli olacağam. Əgər məni çağırarsa, ona cavab verərəm, məndən bir şey istəyərsə, ixtiyarına qoyaram." 
Başqa bir hədisdə belə nəql olunur: "Nafilə namazı möminlərin Allaha yaxınlaşması üçün bir vasitədir..." 
Peyğəmbər(s) buyurur:
"Mənim ümmətimin böyükləri iki dəstəyə bölünürlər: «Quran» hafizləri və gecə oyaq qalanlar." 
b) İkinci mətləb odur ki, müstəhəb əməllər və nafilə namazları mütəmadi olan surətdə faydalı və təsirlidir. Hədislərdə bu barədə deyilmişdir ki, hər bir yaxşı əməli başlayarkən onu bir il mütəmadi olaraq davam etdirin. Çünki əməlin təsiri onun mütəmadiliyindədir.
Başqa bir hədisdə belə söylənilir:
"Xeyirli əməli mütəmadi olaraq yerinə yetirmək çirkin əməlləri tərk etmək, günahdan çəkinmək, yəqinliyə yetişmək, nicat tapmaq, Rəhman Allaha itaət etmək, şeytanın şübhələrindən uzaqlaşmaq, ədaləti qəbul edib haqq söz danışmaq kimi müsbət təsirlər qoyur. Bunlar elə şeylərdir ki, yalnız ağıllı adam onu mütamadi olaraq yaxşı işlər görməklə qazanır». 
Başqa bir hədisdə yaxşı əməlin mütəmadi olaraq yerinə yetirilməsinin əhəmiyyəti barədə İmam Baqir(ə)-dən nəql olunur ki, o Həzrət həmişə buyurardı: "Yaxşı bir əməli özümə adət edəndə onu mütəmadi olaraq yerinə yetirməkdən xoşum gəlir. Əgər onu gecə vaxtı yerinə yetirə bilməsəm, gündüz qəzasını edirəm, əgər gündüz edə bilməsəm, gecə qəzasını yerinə yetirirəm. Həqiqətən, Allah yanında ən sevimli əməl mütəmadi olaraq yerinə yetirilən əməldir.” 
v) Müstəhəb əməllərin və nafilələrin yerinə yetirilməsi dedikdə bu, o demək deyildir ki, bunların hamısını edəsən. Xeyr, belə bir iş nə mümkündür, nə də icazə verilmişdir. Həm imkan azlığından, həm də bəndə üzərində digər məsuliyyətlərin olmasından bu işlərin hamısını bir yerdə həyata keçirmək qeyri-mümkündür. Əksinə, bütün bunlardan məqsəd insanın şəxsi və ictimai imkanları daxilində müəyyən əməllər seçib mütəmadi olaraq yerinə yetirməsidir.
q) Müqəddəs şəriətdə bir sıra ibadət, müstəhəb əməl, xidmət, sədəqə və ayinlərə çox təkid edilmişdir. Din övliyalarının və məsum İmamların(ə) həyat tərzi bu ayinlərlə bağlı olmuşdur. Onlardan «Quran» oxumaq, təhəccüd etmək (gecə vaxtı namaz qılmaq), gecə oyaq qalmaq, gecə yarısı münacat etmək, vacib namazları vaxtında qılmaq, on yeddi rükəti vacib, qalanı müstəhəb olan (xüsusilə gecə namazı, iki rükət sübh nafiləsi və iki rükət işa nafiləsi (vətirə) olan) gecə-gündüzə əlli bir rükət namazı yerinə yetirmək, həmişə dəstəmazlı halda olmaq, ibadətlərdə və namazın təqibatlarında (vacib namazlardan sonra yerinə yetirilən müstəhəb ibadətlərdə) fikirli, dağınıq halda olmamaq, camaat və cümə namazlarında mütəmadi olaraq iştirak etmək, namazın səcdə və qunutunu uzatmaq, hər ayın üç gününü oruc tutmaq, övliyaların, şəhidlərin, xüsusilə Peyğəmbər(s)-in və məsum İmamların(ə) qəbrini ziyarət etmək, seyyidüş-şühəda Hüseyn ibn Əli(ə)-in matəmində (əzadarlığında) ağlamaq və qəmli olmaq, o Həzrətə və sair məsumlara(ə) yalvarıb-yaxarmaq (təvəssül etmək), sileyi-rəhm (qohum-qardaşa baş çəkmək) və yoxsullara kömək etmək, müsəlmanlara, xüsusilə ismətli Əhli beyt(ə)-i sevənlərə yemək və salam vermək, "la ilahə illəllah" və "əstəğfirullahə rəbbi və ətubu iləyh" kimi bəzi təsirli zikrləri zikr etmək, Mühəmməd və ali-Mühəmmədə salavat göndərmək, hər bir namazdan sonra və yatarkən həzrət Fatimə(s.ə)-nın təsbihatını  zikr etmək kimi müstəhəb əməlləri göstərmək olar. Böyük alimlərdən bəzisi buyurmuşdur ki, sübh namazından sonra diqqətli olmaq şərtilə yüz dəfə "la ilahə illəllah" və yetmiş dəfə "əstəğfirullahə rəbbi və ətubu iləyh" zikrlərini demək xüsusilə çox yaxşıdır. İmkan daxilində bacardıqca onu yerinə yetirin. On dəfə "La ilahə illəllahul-Məlikul-Həqqul-Mubəyyin" və yeddi dəfə "La həvlə və la quvvətə illa billahul-Əliyyul-Əzim" zikrlərini sübh və şam namazlarından sonra söyləmək də həmçinin belədir.
Hədislərdə belə nəql olunur ki, hər gün sübh vaxtı mübarək "ləv ənzəlna hazəl Quran" ayəsi ilə başlayıb surənin sonuna kimi davam edən "Həşr" surəsinin axırıncı dörd ayəsini oxumaq çox yaxşıdır. Daha yaxşı olardı ki, bu ayələr namazdan sonra şükr etmək üçün səcdə halında deyilsin. Bu, mütəmadi olaraq çox sınaqdan çıxmış və faydası olan müstəhəb əməllərin bir qismidir.

Şərh yaz


Məxfi kod
Yenilə