Şənbə, 12 Avqust 2017 01:08

İslamda Əxlaq 1 (Vacib əməllərin yerinə yetirilməsi)

İslamda Əxlaq 1 (Vacib əməllərin yerinə yetirilməsi)
X FƏSİL
Vacib əməllərin yerinə yetirilməsi
Əxlaqi dəyərlərin yetişdirilməsində rol oynayan ən mühüm mətləblərdən biri də vacib əməllərə yüksək əhəmiyyət verib onları layiqincə yerinə yetirməkdir. Xüsusən namaz, oruc, zəkat, həcc, cihad, əmr be məruf (yaxşılığa dəvət) və nəhy əz münkər (pisliklərdən çəkindirmək) bu əməllərin əsasını təşkil edir. Allah yolunu tutmuş mömin bəndə namazını vaxtında qılmalı, vacib namazlarını qılmaq üçün həmişə özünü vaxtından qabaq hazırlamalıdır. İmam Sadiq(ə) buyurmuşdur:
"Vaxtında qılınan namaz Allahın razılığı, axır vaxtda qılınan isə Allah-təalanın əfv etməsi və bəxşişidir. Aydındır ki, bağışlamaq günahdan başqa bir şey üçün deyildir."(«Camei-əhadisi-şiə» VII c/ s-107,108)
Vacib əməllərə əhəmiyyət vermək ibadət ruhunun əlaməti olaraq təqva, iman və əxlaqın əsasının möhkəmlənməsinə səbəb olur.
Peyğəmbər(s) buyurdu: "İnsanların ən təqvalısı olmaq istəyirsənsə, Allahın vacib əməllərini yerinə yetir."("Camei-əhadisi-şiə” VIII c / s-116,118.)
Əbu Həmzeyi-Sumali İmam Səccad(ə)-dən belə nəql edir: "İnsanların ən yaxşısı Allahın buyurduğu vacib əməlləri yerinə yetirəndir."("Camei-əhadisi-şiə” VIII c / s-116,118.)
Başqa bir hədisdə buyurur: "İnsanlar arasında daha çox ibadətkar olan şəxs Allahın buyurduğu vacib əməlləri yerinə yetirəndir."(Həmin mənbə: səh-135.)
Hədisi-qüdsidə İmam Sadiq(ə)-dən belə bir hədis söylənilir: "Vacib əməllər qədər heç bir ibadət mənim bəndəmi mənə sevdirmir."("Camei-əhadisi-şiə” VII c / s-99)
Qütb Ravəndi deyir: "Belə nəql olunur ki, Kəbədən bir mələk nida edib deyər: "Kim Allahın buyurduğu vacib əməlləri tərk etsə, Allahın amanında olmaz.”("Camei-əhadisi-şiə” VIII c / s-100,102)
Həzrəti-Əli(ə) buyurdu: "... Heç bir ibadət vacib əməllərin yerinə yetirilməsi kimi üstün deyildir..."("Camei-əhadisi-şiə” VIII c/ s-100,102.)
Bəzi kitablarda hədisi-qüdsini bu ifadə ilə söyləmişlər: "Bəndəm mənə yaxınlaşmaq üçün vacib buyurduğum əməllərdən başqa yaxşı bir şey axtarmasın. Nafilə (namazları) ilə də mənə yaxınlaşa bilər..."(Üsuli-kafi” II c / s-82,83)
Əmanətin qaytarılması və doğru danışmaq
Əmanətdarlıq və doğru danışmaq mühüm vacib əməllərdəndir. Bu sifətə malik olmaq iman, əksi isə münafiqlik əlamətidir. Bu barədə Allah-təalanın «Qurani-Məcid»də peyğəmbərləri tərif edərkən onları "rəsuli-əmin" (əmanətdar elçi), "nasehi-əmin" (əmanətdar nəsihət verən) və "sadiqül-vəd" (sözündə düzgün olan, vədə əməl edən) deyə sifətlərlə vəsf etməsi kifayət edir. Məsələn, həzrət Nuh(ə) barədə buyurur:
"O zaman ki, qardaşları Nuh onlara dedi: "Məgər (küfr etməyinizə görə) qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) («Şüəra» - 106,107).
Həzrəti-Hud(ə) barədə buyurur:
"O zaman ki, qardaşları Hud onlara dedi: "Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! («Şüəra» - 124,125).
Başqa bir yerdə həzrət Hud(ə) barədə belə gəlmişdir ki, camaat onu səfeh, yalançı, ağılsız adlandıranda o, belə cavab verdi:
"(Hud) dedi: "Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm." («Əraf»-67,68).
Saleh peyğəmbər(ə) barədə buyurur:
"O vaxt ki, qardaşları Saleh onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) («Şüəra» - 142,143).
Həzrəti-Lut(ə)-un qövmü Allah elçilərini təkzib edəndə "Qurani-Kərim”də buyurulur:
"O zaman ki qardaşları Lut onlara dedi: "Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) («Şüəra» - 161,162).
Şüeyb peyğəmbər(ə) barədə həmçinin belə buyurulur:
"O zaman ki Şüeyb onlara dedi: "Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) («Şüəra» - 177,178).
Həzrət Musa(ə) barədə «Quran»da buyurulur:
"And olsun ki, biz onlardan əvvəl Firon qövmünü imtahana çəkmişdik. Onlara möhtərəm bir peyğəmbər (Musa) gəlmişdi. (O demişdi:) "Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən sizin üçün mötəbər (sözündə düz, əmanətə xəyanət etməyən) bir peyğəmbərəm!" («Duxan»-17,18).
Başqa bir yerdə həzrəti-Musa(ə)-nın Mədyən şəhərinə yola düşdüyü haqda «Quran»da buyurulur:
"(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını su içməyə və başqalarının heyvanlarına) qarışmağa qoymayan iki qadın (qız) görüb dedi: "Sizə nə olub (dərdiniz nədir)?" Onlar: "Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)" - deyə cavab verdilər. (Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: "Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!" (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi)”. («Qəsəs»-23,24).
Sonra «Qurani-Məcid»də buyurulur:
"Sonra o qızlardan biri Həzrət Musa(ə)-ın yanına gəlib utana-utana dedi: "Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni evə çağırır.” («Qəsəs»-25).
Həzrət Musa(ə) Şüeyb(ə)-in yanına gələndə:
"(O iki qızın) biri dedi: "Atacan! Onu muzdla (çoban tut), çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!" («Qəsəs»-26).
Bunlar Allah-təalanın peyğəmbərlər haqda vəsf etdiyi bəzi ayələrdir. Bu özü əmanətdarlığa bir dəlildir. Hər halda «Qurani-Məcid»də insanlara əmr olunur ki, əmin peyğəmbərlərin ardıcılı olub onlara bir əmanət verildikdə onu qoruyub sahibinə qaytarsınlar:
"Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir ..." («Nisa»-58).
Müqəddəs Kitabda möminlərin xüsusiyyətlərini saydıqda əmanətin qaytarılmasını və əhdə sədaqət də qeyd edilir: "O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar." («Muminun»-8) («Tühəfül-üqul» səh-14)
Hədislər baxımından əmanət
Hədislərdə də bu barədə ciddi surətdə göstərişlər verilmiş, bu əhəmiyyətli işə təkid edilmişdir. Peyğəmbər(s) buyurur: "Əmanətə xəyanət edən bizdən deyildir."(«Müstədrək» I c/ s-15.)
Başqa bir rəvayətdə həzrəti-Mühəmməd (s) buyurur:
"Əmanətə xəyanət edənin dini yoxdur."(Həzrət Fatimeyi-Zəhra (s.ə.)-nın təsbihatı belədir: 34 dəfə "Allahu əkbər", 33 dəfə "Əlhəmdu lillah" və 33 dəfə "Subhanəllah".)
İmam Sadiq(ə) buyurur: "İnsanların təkcə uzun-uzadı rüku və səcdələrinə baxmayın. Mümkündür ki, bu iş onlar üçün bir adət halını alsın. Əgər onlar bu adəti tərk edərlərsə, narahat olarlar, lakin onların doğru danışığına və əmanətdarlığına fikir verin." 
Başqa bir hədisdə o ali Cənabdan belə nəql olunur: "...Həqiqətən, Əli(ə) Rəsulullah(s) yanında o böyük məqamı doğru danışığına və əmanətdarlığına görə qazanmışdır." 
Peyğəmbər(s) buyurur:
"Münafiqin əlaməti üç şeydir: yalançılıq, vəfasızlıq və əmanətə xəyanət." 
Əməlisaleh və bədəməl adamlara əmanətin qaytarılması
İslam nəzərindən əmanətin qaytarılması o qədər əhəmiyyət kəsb edir ki, əmanəti tapşıran adam düşmən olsa belə, onun qorunması vacibdir, çünki İslamda məqsəd etibarlı bir cəmiyyət yaratmaqdır. Əgər düşmən tərəfdən aldığımız əmanəti düşmənçiliyə görə qaytarmasaq və ya” yaxşı adam deyil” -deyə əmanəti geri verməsək, heç vaxt İslamda nəzərdə tutulan etibarlı bir cəmiyyət yaranmayacaqdır. Buna görə də müqəddəs dinimizdə göstəriş verilir ki, əmanətin sahibi düşmən və ya bədəməl adam olsa da, özünə qaytarın. İndi isə diqqətinizi bir neçə hədisə cəlb edirik:
İmam Sadiq(ə) buyurdu:
"Üç məqamda müxalif olmağı Allah-təala heç kimə icazə verməmişdir: əmanət verən şəxsin istər əməli saleh olsun, istərsə də bədəməl verdiyi əmanətini özünə qaytarmaqda; vədə verilən insan pis və ya yaxşı adam olsa belə, sözünün üstə durmaqda və valideynlərin əməlisaleh, yaxud bədəməl olmalarına baxmayaraq, onlara yaxşılıq etməkdə."[450]
Başqa bir hədisdə buyurur:
"Əmanəti verən şəxs yaxşı və ya pis adam olsa da, sahibinə qaytarın. Əgər Əli(ə)-nin qatili mənə əmanət olaraq bir şey verərsə, mən onu yenə özünə qaytararam.” Sonra yenə buyurdu: "Əgər əmanətin sahibi Hüseyn ibn Əli(ə)-nin qatili olsa belə, yenə özünə qaytarın."[451]
Başqa bir yerdə isə:
"Əgər Əli(ə)-nin qatili mənə bir şeyi əmanət verərsə və ya məndən nəsihət və xeyirxahlıq istəyərək məni məşvərətə dəvət edərsə, mən onu qəbul edib, şübhəsiz, əmanətini də qaytararam,"[452] -deyə söyləmişdir.
Yenə də o ali Cənabdan belə bir hədis nəql olunur:
"Allah-təala heç vaxt yalançı və əmanətə xəyanət edən bir peyğəmbər göndərməyib. Əmanət sahibi istər yaxşı adam olsun, istərsə də pis (peyğəmbərlər onun əmanətini geri qaytarmış və yalan danışmamışlar.)"[453]
Nafilə namazlarının və müstəhəbb əməllərin yerinə yetirilməsinin, məkruh (qəbih, məzəmmət edilmiş) əməllərin tərk edilməsinin zəruriliyi
Əsas mətləblərdən biri də müstəhəb əməllərə və nafilə namazlarına üstünlük verməkdir. Bu əməllər o qədər əhəmiyyətlidir ki, bunların hamısının tərk olunması müqəddəs şəriət qaydalarına bir növ etinasızlıq və bəzi fəqihlər tərəfindən haram hesab edilmişdir.[454]

Şərh yaz


Məxfi kod
Yenilə