Şənbə, 15 iyul 2017 12:41

İslamda Əxlaq 1(İstehza və rişxənd)

İslamda Əxlaq 1(İstehza və rişxənd)
İstehza və rişxənd
Haram buyurulmuş əməllərdən biri də (həm də qeybət amillərindən olduğuna görə) istehza və rişxənddir. Bu amilin özünün başqa səbəblərdən qaynaqlandığına baxmayaraq, öz yerində araşdırılmalı bir məsələdir. Lakin bəhsimiz hələlik qeybətə yaxın amillər (yəni, bilavasitə qeybət etməkdə təsirli olan amillər) barədədir.
Şübhə yoxdur ki, rişxənd və istehza da çox zaman zəif imanlı adamları qeybətə vadar edən həmin amillərdən biridir. Elələri vardır ki, başqalarını gözdən salmaq üçün onlara istehza edir, məclis əhlini güldürmək naminə onların şəxsiyyətinə toxunur, yerişini, danışığını, yemək yeməsini yamsılayaraq işarə və kinayə etməklə başqalarına rişxənd edirlər. Bu vasitə ilə onlar öz intiqam alovlarını sakitləşdirir, ən azı başqalarının hörmətdən salmaqla öz dostlarını razı salırlar. Buna görə də "Qurani-Kərim”də bu əməl ciddi surətdə qadağan edilib hər hansı bir şəxsə zülm etmək kimi qiymətləndirilir, belə şəxslər cəzalanmaqla hədələnib tövbəyə dəvət edilərək buyurulur:
"Ey iman gətirənlər: Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd etməsinlər). Bəlkə onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i.a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir: (Özlərinə zülm edənlərdir!) («Hücərat»-11).
Təfsirçilərdən bəzisi yuxarıdakı ayənin nazilolma səbəbləri barədə belə yazmışlar:
Bu ayə Sabit ibn Qeys ibn Şəmmas haqda nazil olmuşdur. Sabitin qulaqları ağır eşidirdi. Məscidə daxil olanda Peyğəmbər(s)-in mübarək kəlamlarını eşitmək üçün ona minbərin yaxınlığında oturmağa yer verirdilər.
Bir gün o, yenə məscidə gəldi. Camaat sübh namazını artıq qılıb qurtarmış, hərə bir yerdə oturmuşdu. Sabit də başqa günlərdə olduğu kimi Peyğəmbər(s)-in yaxınlığında oturmağa cəhd göstərirdi. Buna görə də: "Yol verin, yol verin, qoyun Peyğəmbər(s)-in yanında əyləşim”, - deyə adamları yararaq minbərə tərəf irəliləyirdi. Nəhayət, məsciddəkilərdən biri ona: "Elə buradaca otur” - dedi. O da orada əyləşdi, lakin Peyğəmbər(s)-in yanında oturmaq üçün ona yol vermədiklərinə görə çox narahat oldu. Hava işıqlaşandan sonra o soruşdu: "Sən kimsən?” Həmin şəxs cavab verdi: "Mən filankəsəm.” Sabit: "Filan arvadın övladı?!” - deyə onun anasının adını elə çəkdi ki, (cahiliyyət dövründə belə bir təbiri tənə kimi qəbul edirdilər) həmin kişi utanaraq xəcalətdən başını aşağı saldı. Sonra bu ayə nazil oldu.(«Behcətüs-səbağə fi şərhi-nəhcül-bəlağə» birinci çap: (Qum nəşriyyatı) 1398 h.q: X c/s-29.)
Qeyd:
Tanrı dərgahında bəndələrin biri-birindən üstünlük meyarı təqva və namuslu olmaqdır.(«Nəhcül-bəlağə» (Feyzül İslam): hikmət №216) Buna görə də heç kimin başqasını özündən aşağı sanıb, ona həqarətlə baxmağa haqqı yoxdur. Ola bilsin ki, həmin şəxs Allah dərgahında ondan üstündür.
Allah dərgahında möminin dərəcəsi
Mömin bəndə Allah dərgahında çox əziz və hörmətlidir. Tanrı möminləri çox sevir, izzət və başucalılığı möminlərə məxsus bir sifət kimi qəbul edir:
"...Şərəf-şan (qüvvət və qələbə) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur..." («Munafiqun»-8).
Buna görə də «Hucurat» surəsinin 11-ci ayəsində buyurur: "Hər kim möminlərə rişxənd edib pis ləqəblərlə müraciət edərsə, zalımlardan hesab olunar." Başqa bir yerdə isə buyurur: "Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!" («Tövbə»-79)
Hətta İslam hədislərində də vardır ki, möminə ehtiram etmək Allaha ehtiram etmək, mömini təhqir etmək isə Allah-təalanı təhqir etmək və Allah-təalanın qəzəbinə düçar olmaqdır. Hədisi-qüdsidə belə buyurulur ki, Allah-təala möminləri incidənlərə, əziyyət verənlərə qarşı döyüş elan edir:
"İmam Sadiq(ə)-dən belə nəql olunur ki, Allah-təala buyurur: "Mənim mömin bəndəmi xar edən şəxs bilsin ki, Allah onunla düşməndir. Hər kim mömin bəndəmə hörmət edib ona ehtiram qoyarsa, şübhəsiz, mənim qəzəbimdən amandadır."(«Müstədrəkül-vəsail» II c/s-327.)
Peyğəmbər(s) buyurdu:
"Hər kim mömini xar edərsə, Allah onu zəlil edər."(Məsadiru-Nəhcül-bəlağə və əsaniduhu» Nəcəf çapı: Birinci çap: IV c/s-199;200.)
İmam Sadiq(ə) buyurmuşdur:
"Yoxsulluğuna görə bir mömin bəndəyə alçaq gözlə baxana Allah da alçaq nəzərlə baxar və tövbə edənə qədər Tanrı dərgahında zəlil olar..."(Məsadiru-Nəhcül-bəlağə və əsaniduhu» Nəcəf çapı: Birinci çap: IV c/s-199;200.)
Möminin ehtiramı Kəbənin ehtiramından artıqdır
İbn Əbil Hədid «Nəhcül-bəlağə»nin bu cümləsini şərh edərkən Peyğəmbər(s)-dən belə bir hədis söyləyir:
"...Cabir nəql edir ki, Peyğəmbər(s) Kəbəyə baxıb buyurdu: "Afərin sənə, nə qədər əzəmətli bir evsən. Sənin ehtiramın nə qədər böyükdür! Allaha and olsun! Möminin ehtiramı Allah yanında səndən də çoxdur, çünki sənin ehtiramın yalnız bir cəhətə (səndə qan tökməyin haram olmasına) görədir, lakin möminin ehtiramı isə üç səbəblə bağlıdır:
1. onun canı başqasına haramdır,
2. onun malı toxunulmazdır,
3. ona qarşı bədgüman olmaq haramdır."(Məsadiru-Nəhcül-bəlağə və əsaniduhu» Nəcəf çapı: Birinci çap: IV c/s-199;200.)
Zəruri qeyd
Öncə dediyimiz kimi, Allah dərgahında hər şeydən daha qiymətli və dəyərli olan təqvadır. Pul, vəzifə, mənsəb və s. kimi şeylər insanın əzəmət və sevilməsinə dəlalət etmir. Buna görə də heç bir möminə həqarət və alçaq gözlə baxmaq olmaz, ona görə ki Allah övliyalarının kim olduğunu biz bilmirik. Tanrıdan başqa heç kim bəndələrinin batinindən xəbərdar deyildir. İslamın əziz Peyğəmbəri(s) də həmçinin öz hədislərindən birində buyurmuşdur:
"Allah-təala üç şeyi üç şeydə gizlətmişdir: bunlardan üçüncüsü odur ki, öz dostunu məxluqlarının arasında qərar vermişdir. Buna görə də hər hansı bir Allah bəndəsinə həqarətlə baxmaq olmaz, çünki kimin Allah dostu olmasını heç kim bilmir."
Həzrəti-Əli(ə) də bir hədisdə belə buyurur:
"Allah-təala dörd şeyi dörd şeydə gizlətmişdir: ... (dördüncüsü) öz dostunu bəndələrinin arasında gizlətmişdir. Deməli, Allah bəndələrindən heç birinə həqarətlə baxmaq olmaz. Ola bilsin ki, (etina etmədiyin şəxs) Tanrının dostu olsun, amma sən bunu bilməyəsən."(«Qürər» mövzuya əsasən mündəricat: s-292.)
Məsxərə və istehzanın pis aqibəti
Şübhəsiz, istehza edən şəxs böyük bir günaha batmış olur. Həmin kəs bunun ardınca öz əməlinin pis aqibətini gözləməlidir, çünki heç bir əməl əvəzsiz qalmır:
"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). («Zilzal»-7,8).
Qəflət, etinasızlıq və məsuliyyətsizlik boşboğazlıq və başqalarını məsxərəyə qoymağın pis nəticələrindəndir. Bu xəstəliyə düçar olanlar təbii olaraq, Allahı yaddan çıxarıb ibadətdən ləzzət almırlar, yəni ibadət edərkən öz fikirlərini bir yerə toplaya bilməyib könülsüz, ikrah hissi ilə onu yerinə yetirərlər.
"Qurani-Kərim”də buyurulanlardan belə başa düşülür ki, qəflət yuxusuna qərq olmağın və Yaradanı unutmağın səbəblərindən biri də möminlərə rişxənd edib onları təhqir etməkdir, çünki mömin bəndələr, dini şəxsiyyətlər və peyğəmbərlər şəriətin fəxridirlər. Onların bu ali məqamına etinasızlıq müvəffəqiyyətsizlik və qəlbin qaralmasına səbəb olub, nəhayət, insanı azğın cəhənnəm əhli ilə yanaşı saxlayar.
Allah-təala öz müqəddəs Kitabında cəhənnəm əhlinin ağır vəziyyətini, onlardan necə hesab çəkiləcəyini təsvir və şərh edib onların dəhşətli cəhənnəm əzabından azad olmaq üçün dözümsüzlüyünə və vahimələnməyinə işarə edərək:
"Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!"(«Cameüs-səadat» I c/s-288: "Üsuli-kafi” II c/s-304) -deyə cavab verər. Sonra isə buyurur:
"Çünki bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: "Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!" - deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki,) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz. Həqiqətən, Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!" («Muminun» - 109, 110, 111).
İndi ki möminlərə istehza etmək və onlara ehtiramsızlıq göstərmək Allahı unutmağa səbəb olan amillərdən biri kimi məlum oldu, bilmək lazımdır ki, əgər bir şəxs elə bu halda tövbə etmədən dünyadan köçərsə, onu dəhşətli əzab və ağır bir həyat gözləyir. Həmin şəxs məhşərə kor halda daxil olub Allahın mərhəmətindən uzaq olacaqdır. Allah-təala «Quran»da buyurur:
"Hər kəs Mənim öyüd-nəsihətimdən («Quran»dan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!" O, belə deyər: "Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!" (Allah) buyurar: "Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!" («Taha» - 124,125,126)
Növbə sabah möminlərindir
"Qurani-Kərim”də buyurulur:
"İmanlı şəxsləri dünyada məsxərəyə qoyanlar, təhqiramiz və istehzalı gülüşlərlə onların yanından ötüb keçənlər, göz-qaşla işarə edib rişxənd edənlər və özlərinin bu (çirkin) əməlləri ilə xoşhallanıb qürrələnənlər bilsinlər ki, sabah onlara gülmək üçün növbə möminlərindir.”
Aşağıdakı ayələr bu mətnin məzmununu təşkil edir:
• "Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.” («Mutəffifin»-29)
• "(Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.” («Mutəffifin»-30)
• "Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.” («Mutəffifin»-31)
• Onları (möminləri) gördükdə :"Doğrusu, bunlar (haqq yoldan) azanlardır!"- deyirdilər". («Mutəffifin»-32).
• "Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdilər.” («Mutəffifin»-33).
• "Bu gün isə möminlər kafirlərə güləcəklər.” («Mutəffifin»-34).
• "Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər),” («Mutəffifin»-35).
Sonra rişxəndlə deyilir:
• "Kafirlər öz əməllərinin cəzasını aldılarmı?!” (Əlbəttə, aldılar!) («Mutəffifin»-36)
Qısası, rişxənd və istehza bir növ eyib tutmaqdır. Başqalarını güldürmək üçün bu günaha batmaq və kimisə təhqir etmək ağılsız, yaramaz bir hərəkətdir. Məsxərə etməklə məşğul olanlar özlərinin bu çirkin əməlindən qürrələnir və bu da onların möminlərə həqarətlə baxmasına səbəb olur. Nəticədə isə, onlar bu əməlləriylə özləri üçün ağır bir əzab hazırlamış olurlar. Bunun nümunəsi yuxarıdakı ayələrdə qeyd olundu.
Hədislər baxımından istehzanın ziyanları
Məsumların(ə) hədislərində də möminlərə rişxənd edib onları məsxərəyə qoyanlar möhkəm tənqid olunmuşdur. Bu barədə bir neçə hədis qeyd edirik.
*Boşboğazlıq və əbədi zərər
Qeybət, töhmət və təqvalı insanları təhqir etməklə başqalarını güldürənlər bilsinlər ki, qiyamət günündə zərərçəkənlər zümrəsindən sayılacaqlar.
İmam Sadiq(ə) buyurdu:
"Mədinə şəhərində işi-peşəsi camaatı güldürməkdən və boşboğazlıqdan başqa bir şey olmayan bir nadan adam vardı. Bir gün dedi ki, mən bu kişinin (yəni Əli ibn Hüseyn (İmam Zeynəlabidin)) qarşısında aciz qalmışam, çünki bu vaxta qədər onu güldürə bilməmişəm.
Bir gün İmam Səccad(ə) öz xidmətçilərindən iki nəfərlə o küçədən keçirdi. O, (kişi bunu görcək fürsəti əldən buraxmayıb) həzrətin əbasını çiynindən çəkərək götürüb qaçdı. İmam ona etina etmədi. Orada olanlardan bir neçəsi onun dalınca düşüb əbanı əlindən alaraq o ali Cənabın mübarək çiyninə saldılar. İmam(ə) buyurdu: "Bu kişi kim idi?” Dedilər: "O, Mədinə camaatını güldürən boşboğaz və zarafatcıl bir kişidir.” İmam buyurdu: "Ona deyin ki, Allahın elə bir günü vardır ki, o gün boşboğazlar ziyançəkənlərdən olacaqlar."(Cameüs-səadat»: I c/s-288: "Biharül-ənvar”: Beyrut çapı: VII c/s-267; "Üsuli-kafi” II c/s-304.)
Hər halda şübhə yoxdur ki, belə şəxslər Qiyamət günündə müxtəlif əzablara düçar olacaqlar. Dünyada möminləri məsxərəyə qoyduqları kimi, möminlər də Qiyamət günü onlara rişxənd edib güləcəklər.
Peyğəmbər(s) buyurmuşdur:
"Qiyamət günü dünyada camaatı məsxərəyə qoyanları gətirib behiştin qapısını onların üzünə açaraq - "gəlin, gəlin” - deyərlər. Onlar çox çətinliklə qabağa gəlib qapıya yaxınlaşanda qapı onların üzünə bağlanar. Sonra başqa bir qapı onların üzünə açılar. "Tələsin, cəld olun!” - deyə onlara nida gələr. Bu dəfə də çox çətinliklə qapıya tərəf yaxınlaşanda bu qapı da bağlanar. Beləliklə, onlar naümid olub bir daha heç bir qapıya tərəf getməyəcəklərinə qədər bu iş beləcə təkrar olar. Bu zaman behişt sakini olan möminlər onlara baxıb gülərlər."(«Mişkatul-ənvar» s-307; "Biharül-ənvar” Beyrut çapı: XXX c/s-274; "Üsuli-kafi” II c/s-303)
Bəhsin nəticəsi
Yuxarıda qeyd olunan mətləblərə diqqət yetirməklə məsuliyyətli və mömin şəxslər bu çirkin əməldən iki cəhətə görə uzaqlaşmalıdırlar:
birincisi, boşboğazlıq və məsxərəyə qoymaq əslində çirkin bir əməldir;
ikincisi isə, başqa bir böyük günaha- qeybətə səbəb olur.
İlahi! Bizi belə uçurumlardan qoru.
Həsəd
Həsəd çəkməklə qeybət edən şəxs üç əzaba düçar olur: paxıllıq nəticəsində ruhi narahatçılıq, həsəd aparmağına və qeybət etdiyinə görə də əlavə bir əzab.
Buna əsasən paxıl adamlar dünya və axirətdə ziyan çəkənlərdir, çünki onun qeybət etməkdə məqsədi paxıllığını çəkdiyi şəxsi məhv etməkdir. Həqiqətdə isə, özünü məhv etmiş olur.
Bu fəsildə həsədin qeybət amillərindən biri kimi qeyd edilməsinə baxmayaraq, yaxşı olardı ki, onun barəsində qısa bir məlumat verək.
Həsədin tərifi
Rağib İsfahani yazır:
"Həsəd nemətin layiq olduğu şəxsdən itirilmə arzusudur. Paxıllıq edən nəinki həsəd çəkir, eyni zamanda paxıllığını etdiyi həmin şəxsin əldə etdiklərini itirməsinə çalışır. Rəvayətlərdə belə buyurulmuşdur ki, "möminlər qibtə, münafiqlər isə paxıllıq edərlər".
Qibtə nemətin layiq olduğu şəxsdən itirilməməsi şərtilə ona malik olmaq arzusudur. Başqa sözlə desək, qibtə edənlər başqalarında olan keyfiyyətləri müşahidə edərkən: "Kaş bizə də bu qismət olaydı", - deyə arzu edir, amma həsəd aparan şəxslər: "Məndə yoxdursa, onda da olmasın.", "Məndə olsun, amma başqasında olmasın" və ya "Ondan alınsın mənə verilsin", - deyə için-için yanaraq dərindən köks ötürürlər. Qibtə edənlər hər hansı bir neməti əldə etmək üçün çalışır, lakin heç vaxt başqalarının onu itirməsini istəmirlər. Buna görə də buyurmuşlar ki, mömin qibtə, münafiq isə paxıllıq edər.
İndi isə həsəd məfhumu və onun qəbihliyi ilə tanış olmaq üçün bəzi ayə və rəvayətləri araşdıraq:
«Quran» ayələrində həsəd
• "Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermiş və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik." («Nisa»- 54).
• "(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər" («Bəqərə» 109).
• "Allahın (maddi, yaxud mənəvi cəhətdən) birinizi digərinizdən üstün tutduğu (birinizə digərinizdən artıq verdyi) şeyi (özünüzə) arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır.(Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir." («Nisa» - 32).
Bu ayələrdə əsas məqsəd paxılları tənqid etmək olsa da, aydın oldu ki, həsəd Allahın layiq bilib bəxş etdiyi nemətin bəndələrdən alınması arzusudur. Qibtə isə bunun tam əksi olaraq, nemətin alınması və itirilməsi yox, ona (çalışmaq yolu ilə) malik olmaq istəyidir. Buna görə də həsəd nə qədər qəbihdirsə, qibtə də o qədər gözəl və fəzilətlidir. «Quran» baxımından həsədin tənqid olunması barədə Allah- təalanın bu kəlamı kifayət edir:
"(Ey Peyğəmbər de:) Və bir də paxıllığı tutandan paxılın şərindən!" («Fələq» -5).
Həsəd rəvayətlərdə
Məsumların(ə) hədislərində həsəd barədə elə xüsusiyyətlər söylənilmişdir ki, onlardan bir neçəsini nümunə olaraq burada qeyd edirik.
Həsəd küfrün köklərindəndir
İmam Sadiq(ə) buyurdu:
"Küfrün kökü üç şeydir: Tamah, təkəbbür və həsəd." Sonra isə həsəd barədə buyurur: "Amma həsəd Adəmin iki oğlunun (Habil və Qabil) biri-birini öldürməsi əhvalatında vardır."("Üsuli-kafi” II c/s-304; "Biharül-ənvar”: Beyrut çapı: XXX c/s-277)
Məclisi yazır:
"Bəlkə də küfrün kökləri dedikdə o günahlar nəzərdə tutulur ki, bəzən küfrə səbəb olur, həmişə yox. Küfrün bir çox əlamət və nümunələri vardır."(«Cameüs-səadat» Nəcəf çapı: I c/s-288; "Üsuli-kafi” II c/s-303.)
İmam Sadiq(ə) buyurur:
"Həsəd qəlbin qaralığından və Allahın bəndələrinə nemət bəxş etməsini inkar etməkdən əmələ gəlir. Bu iki şey isə (qəlbin qaranlığı və Allahın hər hansı bir bəndəyə nemət əta etməsinə qarşı çıxmaq) küfrün iki qanadıdır."(«Müstədrəkül-vəsail» II c/s-326; «Qürər» mövzuya əsasən mündəricat: səh-292.)
Həsəd etdiyinə görə bəşər övladı həmişəlik olaraq həsrət içində qaldı və heç vaxt qurtula bilməyəcəyi bir fəlakətə düşdü.
Həsəd imanı əridir
Başqa bir hədisdə buyurulur:
"Həsəd alov odunu yandırıb kül etdiyi kimi, imanı məhv edir."(Üsuli-kafi -c-2 / s-110 / hədis-7.)
Həzrət Əli(ə) buyurur:
". . . Paxıllıq etməyin. Çünki paxıllıq, alov odunu külə döndərdiyi kimi, imanı yox edir . . ."(Əlmucatun-nəbəviyyə: səh-112.)
Əmirəlmöminin Əli(ə) həmçinin belə buyurmuşdur:
"Buz və qarın suda əridiyi kimi, həsəd də imanı əridir."(«Şərhi-nəhcül bəlağə» (ibn Əbil-Hədid) Misir çapı XX c /s-328.)
Paxıl Allahın qəzəbinə gəlir
Başqalarına paxıllıq edənlər Allahın qəzəbinə gəlib, Tanrı ilə əlaqələri kəsilir. Peyğəmbər(s) buyurdu:
"İzzətli və Cəlallı Allah Musa ibn İmran(ə)-a buyurdu: "Ey İmranın oğlu! Öz fəzilətimdən xalqa əta etdiyim nemətə görə paxıllıq etmə. Gözün onda qalmasın. Ürəyini onun dalınca göndərmə, çünki hər kim paxıllıq edib mənim əta etdiyimdən narahat olursa və bəndələr arasında bölüşdürdüyümün qarşısını almaq istəyirsə, nə mən ondanam, nə də o məndən (Onunla mənim aramda heç bir əlaqə yoxdur).(«Ehyai-ilumi-din» Beyrut çapı: III c/ s-149)
Həsəd münafiqlik əlamətidir
Bəzi hədislərdə belə gəlmişdir ki, Allaha iman gətirmiş şəxs xalqa paxıllıq etməz. İmam Sadiq(ə) buyurdu: "Mömin qibtə edər, paxıllıq etməz. Münafiq isə paxıllıq edər, qibtə etməz."(Üsul-Kafi» II c/s-268)
Həsəd dinin bəlasıdır
Başqa bir hədisdə İmam Sadiq(ə) buyurmuşdur: "Dinin bəlası üçdür: həsəd, xudbinlik (yalnız özünü düşünmək), lovğalıq."(«Cameüs-səadat» III c/s-48.) Başqa bir hədisdə oxuyuruq ki, həsəd dini məhv edir:
Bir gün Rəsulullah(s) öz səhabələrinə buyurdu: "Bilin və agah olun ki, sizdən qabaqkı ümmətlər kimi sizin də xəstəliyiniz həsəddir. Həsəd bədənin tükünü yox, insanın dinini kökündən qoparır».(Üsuli-kafi” II c/s-272.)
Həsədi tənqid edən elə bu məzmunda başqa bir hədis o Həzrətdən nəql olunmuşdur:
"Sizdən qabaqkı ümmətlərin xəstəliyi olan paxıllıq və kin-küdurət sizi də bürümüşdür."(«Əbu Həmzeyi-Sumali» duası.)
Həsədin cismani zərərləri
Həsəd dini və imanı məhv etmək kimi mənəvi zərərlərdən başqa, cismani zərərlərə də malik olub insanın əsəb sisteminə güclü təsir göstərir. Əli(ə) buyurur: "Sağlamlıq az paxıllıq etməkdədir."(Cameü-əhadis üş-şiə»XIV c/s-363) Əllamə Şeyx Məhəmməd Təqi Şüştəri həzrəti-Əli(ə)-dən sitat gətirdikdən sonra yazır:
"Altı nəfər həmişə narahatdır. Onlardan biri də paxıldır.” Sonra isə Əsməidən belə nəql edir:
Yaşı yüz iyirmini ötmüş səhrada yaşayan bir kişi gördüm. Soruşdum: "Sənin uzunömürlülüyünə səbəb nə olmuşdur?” Dedi: "Uzunömürlülüyümün səbəbi paxıllıq etməməyimdir."(«Üsuli-kafi» II c/s-439)
Əli(ə) də başqa bir yerdə buyurur: "Çox təəccüblüdür ki, paxıllar öz sağlamlıqlarını unudurlar."(«Risaleyi- liqaillah» ( Hacı Mirzə Cavad Mələki) səh: 147.)
İmam Sadiq(ə) buyurur:
"Həsəd aparan şəxs paxıllıq etdiyi şəxsdən qabaq özünə zərər vurur."(«Üsul-Kafi» II c/s-482/ Buka fəsli / hədis № 4.

 )

Əmirəlmöminin Əli(ə)-dən həsəd və paxıllar barədə çox hədis nəql olunmuşdur. Onlardan aşağıdakıları nümunə olaraq göstərmək olar:
• Həsəd insanın sağlamlığını məhv edir.(«Əbu Həmzeyi-Sumali» duası. İmam Səccad (ə) bu sətirlərdə müvəffəqiyyətsizliyin səbəblərini dua və münacat dili ilə bəyan etmişdir.)
• Həsəd elə bir öldürücü xəstəlikdir ki, paxılın və ya paxıllığı çəkilənin ölümündən başqa bir şeylə sağalmır.(«Mən la yəhzurhul fəqih» I c/ s-140. Bu hədisdən belə məlum olur ki, namazın təxirə salınması günahdır. Bacardıqca çalışmaq lazımdır ki, namazın vaxtı təxirə salınmasın.)
• Həyatda adamların ən pisi paxıldır.(Üsuli-kafi” II c / s-82.)
Həsəd təhlükəli ruhi xəstəlikdir. Xəstəliyin səbəbini müəyyənləşdirdikdən sonra isə hər bir şəxs onun müalicəsi üçün çalışmalıdır.
Burada yalnız bir mətləbi qeyd etməklə kifayətlənirik ki, qəlbdə yaranmış düyün və çatışmamazlıqlar tənbəllik və süstlüklə birgə həsədi yaradan əsas amillərdəndir. Çalışın çatışmamazlıqları həll edərək ürəkdə yaranmış düyünləri əridəsiz. Yeri gəlmişkən bunu da bilmək lazımdır ki, həyatda hər bir kəsin təyin olunmuş nəsibi və payı vardır, əgər çalışıb səy göstərərsə, ona mütləq yetişər. Allah-təala "Qurani-Kərim”də buyurur:
"İnsana ancaq öz əməli (öz zəhməti) qalar." («Nəcm»-39).
Əlbəttə, ictimai həyatda zülm və haqsızlıq kimi maneələrin insanın həyat yolu üstündə durması mümkündür, lakin paxıllıq etməklə bu ictimai maneələri aradan qaldırmaq olmaz. Belə ictimai xəstəliklərin müalicəsi üçün başqa yollar vardır. Bu isə öz yerində bəhs olunacaqdır.
Qəzəb
Allah bəndəsinin çəkinməsi lazım olan haramlardan biri də qəzəbdir. Bu da qeybət etməyə insanı vadar edən amillərdən biridir.
İnsan birinin əlindən qəzəblənən zaman öz qəzəbini sakitləşdirmək üçün qeybətə əl atır. Bu fikirlə ki, əgər öz düşməninin şəxsiyyətini alçaldarsa, ürəyi soyuyar, sakitləşər. Amma daha bilmir ki, belə hallarda qəzəb insan dünyasını və axirətini puç edən nə kimi təhlükə və zərərlər əmələ gətirir. İndi isə qəzəbin pis nəticələri haqda nəql olunmuş hədisləri nəzərinizdən keçiririk.
Qəzəbin ağır nəticələri
Əmirəlmöminin Əli(ə) buyurur:
"Qəzəb insanı məhv edib pisliklərini üzə çıxardır."(Həmin mənbə: səh - 81.)
Peyğəmbər(s) buyurur:
"Sirkə balı xarab etdiyi kimi, qəzəb də insanı xarab edir."(«Camei-əhadisi-şiə» XIV c/ s-98.)
Həzrəti-İmam Mühəmməd Baqir(ə) buyurdu:
"Qəzəb insan qəlbində alışdırılan şeytan alovunun bir parçasıdır. Sizlərdən biri qəzəblənən zaman gözləri qızarır, boynunun damarları şişir və şeytan qəlbinə daxil olur. (Beləliklə ona hakim kəsilir). Sizlərdən hər hansınız özündə bu halın yaranmasından qorxarsa, yerə yatsın. Yəni ayağa qalxmasın, çünki bu zaman şeytanın tərəddüdü ondan uzaqlaşar. (Çox ehtimal olunur ki, insan torpaqdan yarandığından yerə yatıb toz-torpaqlı olur və sakitləşir)."(Üsuli-kafi” II c/s-82.)
Hər bir pisliyin açarı
Səkkizinci İmam(ə) buyurur:
"Qəzəb bütün pisliklərin açarıdır."(«Camei-əhadisi-şiə» XIV c/ s-99.)
Qəzəblənmə!
Qəzəb bütün pisliklərin açarı olduğundan əgər bir kəs özünü ələ alıb qəzəblənməzsə, bütün fitnə və zərərlərdən qorunub salamat qalar. Bu barədə İmam Sadiq (ə)-dən belə bir hədis söylənilir:
Bir nəfər Peyğəmbər(s)-ə ərz edib dedi:
-Ya Rəsulullah! Mənə bir şey öyrət.
Həzrəti-Mühəmməd (s) buyurdu:
-Get, qəzəblənmə.
Həmin kişi söylədi:
-Bu (nəsihət), mənə kifayətdir.
O, öz qəbiləsinin yanına qayıdıb icmadakıların arasına ədavət düşdüyünü və döyüş paltarlarını geyinərək sıraya düzülüb bir-birilə döyüşə hazırlaşdıqlarını gördükdə o da döyüş paltarını geyinib onlarla bir sırada durdu. Birdən Peyğəmbər(s)-in kəlamı yadına düşdü. Silahını kənara atıb qəbiləsilə düşmənçilik edənlərə tərəf gəlib dedi:
-Camaat! Sizə haqq qazandırmış olan və mənim qəbiləmin ödəməli olduğu hər bir ölümün, yaranın və ya xətərsiz zərbənin cəriməsi mənim öhdəmdədir. Mən onun qan bahasını sizə ödəyirəm.
Onlar dedilər:
-Biz də sizdən heç bir şey istəmirik. Biz bağışlamağa və güzəştə getməyə daha layiqik.
Beləliklə, onlar barışıb bir-birilə sülh bağladılar.(«Nəhcül-bəlağə» (Sübhi Saleh): hikmət №113.)
Qısası, insan əgər bir şəxs tərəfindən əsəbiləşirsə, öz ürəyini soyutmaq üçün qeybət edib nalayiq sözlərlə ona töhmət vurmamalıdır. Bir kəs qəzəblənən zaman imanlı olmazsa, böyük günahlara da batmış olar. İmam Baqir(ə) bir hədisdə belə buyurur:
"Qəzəbdən pis şey varmı? Biri qəzəblənəndə onun təsirindən Allahın haram buyurduğu şəxsi öldürür, namuslu qadına töhmət vurur."(«Liqaillah» (Mirzə Cavad Mələki): səh-29; «Cəvahirüs-sənəviyyə»: səh-99; «Camei-əhadisi-şiə» VII c/ s-99.)
Qəzəbini udmaq ən yaxşı əlacdır
Əgər qəzəbi islah etməsək, qarşısı alınmayan bir çox böyük günah və ağır cinayətlər baş verər. Qəzəb alovu şölələnən zaman insan öz qəzəbini yatırmaq və ürəyini soyutmaq üçün hər şeyə, o cümlədən söyüş, töhmət, qeybət, yalan, böhtan, təhqir və s. vasitələrə əl atır. Aydındır ki, bu kimi vasitələrlə öz qəzəbini soyudanlar yanıb məhv olacaqları cəhənnəm atəşini öz vücudlarında alovlandırırlar. Qəzəblənən şəxs belə güman edir ki, qəzəbləndiyi insanı narahat edib, özünü isə sakitləşdirir. Əmirəlmöminin Əli(ə) buyurur:
"Qəzəb alovlanmış bir tonqal kimidir. Hər kim onu yatırarsa (öz qəzəbinə üstün gələrsə), o alovu yatırtmış və hər kim öz qəzəbinin qarşısını almazsa, o alovda birinci olaraq özü yanmış olar."(Burada bir mətləbə diqqət yetirmək lazımdır ki, əmanətin bir neçə növü var: Allahın verdiyi əmanətlər (vilayət, hökumət və s. kimi), peyğəmbərlərin əmanəti və həmçinin insanların əmanəti. Ümumiyyətlə, insan bütün əmanətlərə-istər maddi və istərsə də mənəvi xəyanət etməməlidir.)
Deməli, insan qəzəblənən zaman özünü ələ alıb haram söz danışmamalı, kiminsə şəxsiyyətinə, namusuna nalayiq sözlərlə toxunub camaatın yanında onları etibardan salmamalıdır. Bu işin çox çətin olmasına baxmayaraq, qəti surətdə özünə söz vermiş adam nəfsinə üstün gəlib öz qəzəbinin yüyənini çəkə bilər. Bu isə Allaha olan iman və təqva yolu ilə hasil olur. Allaha və qiyamət gününə iman gətirib, qəlbi iman nuru ilə nurlanan şəxs öz qəzəb alovunu yatırtmağa qadirdir.
Peyğəmbər(s) buyurur: "Hər kim qəzəbindən istifadə etmək imkanında ola-ola öz qəzəbini boğarsa, Allah-təala qiyamət günü onun qəlbini iman və xatircəmliklə asudə edər."(«Mişkatul-ənvar»: səh-52.)
"Allah dərgahında bir şəxsin Allaha görə qəzəbini yatırtmaq üçün udqunduğu qurtumdan əzəmətli şey yoxdur."("Biharül-ənvar” (Beyrut çapı): XXXIII c / s-116.)
Demək, qeybəti törədən amillərdən biri də qəzəbdir. Buna görə də kiməsə qəzəblənən zaman öz ürəyini soyutmaq və qəzəbini yatırtmaq üçün o şəxsin arxasınca nalayiq sözlər danışmaq olmaz, çünki bu, özü də ayrı bir günahdır.
Əmirəlmöminin Əli(ə) buyurur:
"Hirs və qəzəb səni günaha batmağa vadar etməsin. Nəticədə, qəzəbin şəfa tapıb (sakitləşib), dinin xəstələnəcəkdir."(«Nurus-səqəleyn» I c/ s-496;

 )

Qəzəbi qeybət etməyə vadar edən şəxsin aqibəti cəhənnəmdir. Peyğəmbər(s) buyurur:
 
"Cəhənnəm qapılarının birindən yalnız qəzəbini günah etməklə sakitləşdirən şəxslər keçəcəklər."("Üsuli-kafi” II c/ s-105.)
Deməli, elə ki qəzəbləndin, Qadir Allahı yada sal. Özünün və din qardaşının insani kəramətini və şəxsiyyətini göz önündə canlandır. Gecikmədən hadisə yerindən uzaqlaşıb öz halını dəyiş. Əgər ayaq üstəsənsə, otur, oturmusansa, ayağa dur. Bir az gəzib istiğfar et. Allaha zikr etmək və "la həvlə vəla qüvvətə illa billahül-əliyyül-əzim" (Böyük Allahdan qüvvətli və qüdrətlisi yoxdur.) deməklə qəlbini sakitləşdir. Bir az fikirləşib Allah-təaladan kömək istə. Namaza və səbrə pənah apar:
"Ey iman gətirənlər. Səbir və namazla (Allahdan) kömək diləyin. Çünki Allah səbir edənlərlədir (onların dostudur)." («Bəqərə»-153).

Şərh yaz


Məxfi kod
Yenilə