Cümə, 16 June 2017 17:33

İslamda Əxlaq 1(«Quran» baxımından yalan)

İslamda Əxlaq 1(«Quran» baxımından yalan)
«Quran» baxımından yalan
«Qurani-Məcid»də yalan və hiylə Allaha şərikqoşma sırasında vurğulanmışdır:
"... Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.” («Həcc» - 30).
Yalançının imanı yoxdur
«Qurani-Məcid»də yalançılar mömin hesab olunmur. Onlar Allah ayələrinə qarşı kafir olanlar və inkar edənlər cərgəsində hesab edilir:
"Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!” («Nəhl» - 105).
Yalan əxlaqsızlıq və mənəvi pozğunçuluqdur
Başqa bir yerdə Allah-təala yalanı əxlaqsızlıq və mənəvi pozğunluq kimi qiymətləndirərək buyurur:
"Həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər (yalan) danışmaq və dava-dalaş etmək yaramaz.” («Bəqərə» - 197).
Allahın hidayətindən məhrum olmaq
Allah-təala «Qurani-Məcid»də buyurur:
"Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! («Zümər» - 3).
"Şübhəsiz ki, Allah həddi aşanı, yalançını doğru yola müvəffəq etməz.” («Əl-mömin» - 28).
Yalançı Allahın rəhmətindən uzaqdır
«Mübahilə» (biri-birinə qarğış etmək) ayəsində və lənətləməyə aid olan başqa ayələrdə yalançılar Allahın lənətinə şamil olunmuşlar. «Mübahilə» ayəsində buyurulur:
"... Sonra (Allaha) yalvarıb yalançılara lənət etməsini diləyək”.
Lənətləmək ayəsində buyurur:
"..... Əgər yalan deyirsə, Allah ona lənət eləsin!” («Nur» - 7).
Bu ayələrin ümumiliyə aid olmayıb yalanın xüsusi bölmələri haqda nazil olmasına baxmayaraq, qısaca da olsa, yalançıların aqibətinin Allahın lənət və tənəsi ilə bitəcəyinə işarə edir.
İndi isə yalançının vəhy dilində Allahın lənət və xalqın tənəsinə məruz qalmasına diqqət yetirməklə, lənətin xüsusiyyətlərini və ona aid olan məsələləri qısaca izah etmək məqsədəuyğun və münasib olardı. Ola bilsin ki, bu izah öz dillərini islah etməkdə daha çox çalışmaları üçün möminlərin ayılmasına səbəb olsun.
Lənət nədir?
Rağib İsfahani "lənət” sözünün leksik mənasını belə izah edir:
"Lənət qəzəb və acıqlı halda qovmaq və uzaqlaşdırmaqdır. Allahın lənəti axirətdə cəza kimi üzə çıxacaqdır. Dünyada isə Allahın rəhmət və yardımından məhrum etməkdir. Əgər lənət camaat tərəfindən olarsa, bir-birinə qarşı qarğış mənasındadır.”("Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut!” («Məryəm»- 39))
Sual:
Allahın lənətinə gəlmiş şəxsin aqibəti necə olacaqdır?
Cavab:
"Qurani-Kərim”də bu barədə açıq-aydın və qətiyyətlə buyurulur:
"..... Allahın lənət etdiyi şəxsə isə heç bir kömək edən tapa bilməzsən!” («Nisa» - 52).
Başqa bir yerdə isə buyurur:
"..... Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.” («Taha» - 81).
Bəhsin sonrakı hissəsində qeyd edəcəyimiz kimi yalançı Allah dərgahında qəzəbə düçar olmuşların bariz nümunələrindəndir.
Lənət olunmuşlar kimlərdir?
Allah-təalanın «Qurani-Məcid»də lənət etdiyi şəxslərdən biri də yalançılardır. Həmin dəstəyə bunlar daxildir:
1) Münafiqlər
«Quran»da lənət olunmuşların ən birincisi münafiqlərdir:
"Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir! ((«Tövbə»-68 («Fəth»-6 və «Əhzab»-61-də də lənət olunmuşlar.)).
2) Müşriklər
İkinci dəstə müşriklərdir:
"Allah Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lənət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!” («Fəth» - 6).
3) Kafirlər
Allahın lənətinə gəlmiş şəxslərdən üçüncüsü kafirlərdir:
"Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!” («Bəqərə»-61).
4) Yer üzündə fəsad törədənlər (əxlaqsızlıq və pozğunluğu yayanlar):
Dördüncü dəstə yer üzündə fəsad törədənlərdir:
"Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (Cəhənnəm) gözləyir.” («Rəd»- 25).
5) Yəhudi tayfası
Beşinci dəstə Yəhudi tayfasıdır. Yəhudilər dedilər: "Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. (Və ya bu dedikləri sözə görə onların öz əməlləri bağlansın və lənətə gəlsinlər!).” («Maidə»-64).
6) Mürtədlər
Lənətə gəlmişlərdən altıncısı mürtədlərdir (müsəlman olub sonradan müsəlmançılıqdan çıxanlar):
"İman gətirdikdən, peyğəmbərin haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalimlər dəstəsini haqq yola istiqamətləndirməz! Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!” («Ali-İmran»-86 və 87).
7) Şeytan
«Quran»ın hər bir yerində lənətlənmiş Şeytan da Allah dərgahından qovulmuşlardandır:
"(Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, Nailə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər. Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu).” («Nisa»-117 və 118).
Başqa bir yerdə isə Şeytana xitabən buyurur:
"Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!” («Sad»-78).
"Sən Qiyamət gününə qədər lənətlənmişsən!” («Hicr»-35).
8) Allaha və Peyğəmbərə(s) zülm edənlər
Allahın lənətinə gəlmiş dəstələrdən biri də Allaha və Peyğəmbərə(s) zülm edənlərdir. «Quran»da onların barəsində belə buyurulur:
"Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həsrətli bir əzab hazırlamışdır!” («Əhzab»-57).
9) Yalançılar
Tanrının lənətinə gəlmiş dəstələrdən biri də yalançılardır. (Buna aid ayələr bəhsin əvvəlində qeyd olundu). Yalançıların adı bu ayələrdə kafir, münafiq, müşrik, yer üzünə fitnə-fəsad salan, yəhudi, mürtəd və Allahı, Peyğəmbəri(s) incidənlərlə yanaşı çəkilmişdir. Bunun özü də günahın böyüklüyünə bir dəlildir. Amma təəssüflər olsun ki, bəziləri bu həqiqətin ciddiliyinə varmırlar. Bunlar əgər qeyd olunmuş ayələri oxuyub yaxşı düşünsələr, yalanın «Quran» baxımından nə qədər qəbih və çirkin olduğunu dərk edərlər. Yalan o qədər qəbih və çirkindir ki, insanı insanlığın uca zirvəsindən endirərək şeytanların cərgəsində yerləşdirir. Kaş insanlar «Quran»ın səmavi və nurani təlimlərini öyrənib onun nuru ilə zülmət və zəlalətdən nicat tapaydılar. Amma...
Hədislər baxımından yalan
Yalanın tənqid olunması haqda bir neçə ayə qeyd etdikdən sonra bəzi hədisləri araşdıraq.
*Yalan Allaha şərikqoşma sırasında
Əziz İslam Peyğəmbəri(s) buyurmuşdur: "Sizi günahların ən böyüyündən xəbərdar edimmi? Günahların ən böyüyü Allaha şərik qoşmaq, ata-anaya qarşı bədrəftar olmaq və yalan danışmaqdır.”(Müstədrəkül-vəsail»: II c. / səh-65; «Biharül-ənvar» (Beyrut çapı): XXXI c./ səh-191 / hədis №7.)
*Yalan günahların açarıdır
Həzrəti-İmam Həsən Əsgəri(ə) buyurdu: "Bütün qəbih əməllər bir evə sığışmışdır. O evin açarı yalandır.”(Maraqlısı budur ki, Qəzali yalanı beşlik hökmün mövzusu bildikdən sonra deyir: "Yalan əslində təbiətən haram deyildir, əksinə, onun haramlığı xitab olunana, yaxud başqasına dəyən zərərə və ziyana görədir.” Sonra yazır: "Danışıq insanın məqsədə yetişməsi üçün bir vasitə olduğundan məqsədin nədən ibarət olduğuna diqqət yetirmək lazımdır, belə ki xeyirxah bir məqsəd olarsa və ona yetişmək üçün yalan danışmaqdan başqa bir yol olmazsa, burada yalan danışmaq rəvadır (caizdir). Əgər insanın məqsədi vacib və mühüm bir məsələdən ibarətdirsə, yalan danışmaq burada vacibdir. Əgər doğru danışmaq hər hansı bir halda zərərlidirsə (məsələn, günahsız bir müsəlmanın qanının tökülməsinə səbəb olması kimi), günah və haramdır. Əgər döyüşdə qələbə çalmaq və ya iki müsəlmanın arasında sülh yaratmaq yalansız mümkün olmazsa, burada yalan danışmaq mübahdır. («Ehyai-ülum»; III c. / səh-137). Feyz Kaşani də eynilə bu mətləbi heç bir tənqid və etiraz etmədən nəql etmişdir. («Məhəccətül-beyza»: IV c. / səh-243). Amma necə inanmaq olar ki, Qəzali və Feyz Kaşani kimi alimlər yalan danışmağı qeyri-zəruri məqsədlərə yetişmək üçün caiz (rəva) bilmişlər?! Halbuki onlar özləri Peyğəmbər(s)-dən nəql etmişlər ki, öz nicatınızı yalanda görsəniz belə, ondan çəkinin, çünki fəlakət onda gizlənmişdir.” («Müstədrəkül-vəsail»: II c. / səh-100). Əgər desək ki, mərhum Qəzalinin fikrincə, məqsəd vasitənin mahiyyətini çevirir, bu, düzgün olmaz. Çünki belə bir əqidə onun kimi bir alimdən çox uzaqdır. Fərz edək ki, zatən qəbihlik və gözəlliyi qəbul etmir, əxlaqın nisbi olmasını qəbul edirik, lakin yalanı qəti surətdə qadağan edən bütün bu ayə və hədislərə nəzər yetirə-yetirə burada əhəmiyyətsiz, mübah və qeyri-zəruri olan bir məqsədə yetişmək üçün yalanı necə caiz etmək olar? Halbuki vacib və zəruri məsələlərdə də yalan nə qədər əhəmiyyətli olsa belə, müqəddəs şəriət onun tərk edilməsinə razı olduğu halda caizdir. Az miqdarda dəyərsiz dünya malını qorumaqdan ötrü yalandan and içməyə dəyərmi? Əmr be məruf və nəhy əz münkər hallarında ümumən yalandan istifadə etmək olarmı? Və ya yalan vədlərlə camaatı yaxşılığa dəvət edib pisliklərdən çəkindirmək olarmı? Bu və bu kimi məsələlər üzərindən sadəliklə keçiləsi məsələlər deyildir. Zəruri hal olmadan yalanın qapısını insanların üzünə açmaq olmaz. Bəlkə elə buna görə Qəzali bəhsin axırında ehtiyat üzündən deyir: "Yaxşı olardı ki, insan mümkün qədər yalandan çəkinsin. Əgər bu yol insanın üzünə açıq olarsa, həddi aşıb günaha batmaq qorxusu vardır. Buna əsasən yalan zatən haramdır. Yalnız zəruri hallardan başqa.” Müəllifin nəzərincə, Qəzalinin bəhsin axırında dediyi söz (yalan əslində haramdır) tamamilə həqiqətdir. Lakin bu əsl (Qəzalinin) bəhsin əvvəlində qeyd etdiyi meyarla ziddir. Yaxşısını isə Allah bilir.) "Allah-təala şər və bəd əməllər üçün müxtəlif qıfıllar təyin etmişdir. O qıfılların açarı şərabdır. Yalan isə şərabdan daha pisdir.”(«Vəsailüş-şiə»: XVI c. / səh-137 / hədis №18.)
*Yalan imanın məhv olmasına səbəbdir
İmam Baqir(ə) buyurur: "Həqiqətən, yalan imanı məhv edir.”(«Məkasibi-mühərrəmə»)
*Yalan və üzüqara olmaq
Peyğəmbər(s)- buyurmuşdur:
"Yalan insanın üzünü qara edir.”(Müəllifin nəzərincə, tövriyə etmək mümkün olduğu halda, yalandan ciddi surətdə çəkinmək lazımdır. Şeyx Ənsarinin: "Tövriyə etməyin vacib olması barədə bir dəlil tapmamışam”, - söyləməsinə baxmayaraq, bu barədə tarixin axarından bizə gəlib çatmış ayə və hədisləri araşdırdıqda elə işarə və şahidlərlə rastlaşırıq ki, əksəriyyətin dediyi olan tövriyə etməyin (həqiqəti yalan demədən gizlətmək) vacibliyini və onun yalan danışmaqdan üstün olduğunu təsdiq edir. Məsələn, xeyirxah yalanın həzrət İbrahim(ə) və həzrət Yusif(ə)-ə aid edildiyi ayələr barədə bu iki alicənab peyğəmbərin paklıq və saflığını sübuta yetirmək istəyən hədislər bu mübarək ayələrin zahirini tövriyə etməklə təfsir edirlər. Məsələn, carçının Yusifin qardaşlarına oğru kimi xitab etdiyi ayəni ("Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!...” «Yusif» surəsi ayə - 70) İmam Sadiq(ə) belə təfsir edir: "Bu oğurluqdan məqsəd Misir padşahının piyaləsinin oğurlanması deyildir, əksinə, bu oğurluqdan məqsəd Yusifi atasından oğurlayıb, səhraya apararaq quyuya atmaq və sonra da onu bir qula satmaqdır. Bu hədisdə zahiri şəklinə görə indiki zamana dəlalət edən "Siz, həqiqətən, oğrusunuz!” cümləsi keçmiş zaman halında təfsir olunub tövriyə edilərək ikimənalı işlədilmişdir. («Təfsiri-Əyyaşi» II c. / səh-185). "Ənbiya” surəsinin mübarək ("Bəlkə, onların böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun”) altmış üçüncü ayəsinin təfsirində də həmin o ikimənalı sözə oxşar izah verilmişdir. Yəni həzrət İbrahim kiçik bütlərin sındırılmasını böyük bütün boynuna atır, amma bununla belə hadisəni şərti cümlə ilə: "Əgər danışa bilirlərsə,”-bağlayır. Bu mənada ki, bütlərin kim tərəfdən sındırıldığını soruşan bütpərəstlərə – "bu, böyük bütün işidir. Əgər danışa bilirlərsə, onların özlərindən soruşun”, -deyə cavab verir. Həzrət İbrahim bu şərti qoymaqla iki işi yerinə yetirmiş oldu: birinci yalan danışmaqdan çəkinmək, ikincisi isə mübahisə vasitəsilə bütpərəstləri məhkum etmək. («Biharül-ənvar»: XXXII c. / səh-240). Mülahizə olunduğu kimi, hər iki hədisdə İbrahim və Yusif(ə)-ın kəlamlarının zahiri mənası onların yalan danışmaqdan pak olmalarına görə bir növ tövriyə edilərək ikimənalı söz kimi təfsir edilmişdir.)
*Yalan imanla bir yerə sığmır
İmam Rza(ə) nəql edir ki, Peyğəmbər(s)-dən soruşdular:
-İmanlı adam qorxaq olarmı?
Buyurdu:
-Bəli.
-İmanlı adam simic olarmı?
-Bəli.
-Bəs yalançı necə, imanlı adam yalançı olarmı?
-Xeyr.(Sual oluna bilər ki, sülh, ya müharibə, yaxud ailəyə yalan vəd vermək kimi hallar zəruri hallardan sayılır. Ancaq zəruri hallar müxtəlifdir: fərdi və ictimai, dini və dünyəvi, siyasi və iqtisadi və s. Üsul elmində aparılan təhqiqatlara görə belə məqamlarda zəruri hallar dedikdə, əqli zəruri hallar yox, fövqəladə zəruri hallar nəzərdə tutulur, yəni o yerlərdə ki, mövzu camaat arasında düşən dəb nəzərindən həyati əhəmiyyətə malik olsun. Buna əsasən, şəxsi mənafe və kiçik zərərləri dəf etmək müstəsna hallardan sayılmayıb onlardan ötrü yalan danışmaq olmaz. Bunun əksinə olaraq, ümumi mənafe, ailənin varlığını və şəxsiyyətini qorumaq xalq arasında və şəriətdə diqqətə layiq zəruri hallardan hesab olunur. Allah daha yaxşı biləndir.)
*Yalançı Allah dərgahından qovulur
İmam Səccad(ə) şükr edərkən deyir:
"İlahi! Bəlkə məni yalançılar arasında tapdığından özbaşına buraxdın?!”(«Vəsailüş-şiə»: VIII c./ səh-578)
*Yalançı mələklərin lənətinə layiqdir
Bir hədisdə Peyğəmbər(s)-dən belə nəql olunur: "Əgər mömin üzrsüz olaraq yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan üfunətli iy ərşə qalxar. O zaman ərşin gözətçiləri ona lənət yağdırar.”(«Vəsailüş-şiə»: VIII c./ səh-578)
*Yalan münafiqlik əlamətidir
Peyğəmbər(s) buyurdu: "Hər kimdə üç xislət olarsa, oruc tutub namaz qılsa və özünü müsəlman hesab etsə belə, yenə də münafiqdir: əmanətə xəyanət, yalançılıq və vədəxilaflıq.(Məsumlardan(ə) nəql olunmuş hədislərin bəzilərində belə yalanlar islah etməyin mahiyyəti kimi göstərilmiş və onu ümumi surətdə şəxsi məqsədlərdən başqa xeyirxahlıq kimi ümumiləşdirmişlər. Məsələn, "Yusif” surəsinin yetmişinci və "Ənbiya” surəsinin altmış üçüncü ayəsinin təfsirində İmam Sadiq(ə)-dən nəql olunmuşdur ki, həzrət Yusif(ə) və həzrət İbrahim(ə)-in sözləri islah etmək məqsədilə deyildiyindən heç bir eybi yoxdur.)"
*Yalan sələmlərin ən pisidir
Həzrəti-Mühəmməd(s) belə buyurdu: "Sələmlərin ən pisi yalandır. (Çünki iqtisadi sələmdə şəxsin var-dövləti əlindən çıxır, amma yalanda isə imanın kökü kəsilir).”(«Biharül-ənvar» (Beyrut çapı) XXXIV c. / səh-51)
*Yalan ən pis xəstəlikdir
Həzrət Əli(ə) buyurur: "Yalan ən pis xəstəlikdir.”(«Üsuli-kafi»: II c. / hədis №18)
*Gecə namazından məhrum olma
İnsanı gecə namazından məhrum edən günahlardan biri də yalandır. İmam Sadiq(ə) buyurmuşdur:
"Hər kim yalan danışarsa, yalan danışdığına görə gecə namazından məhrum olar.”(«Müfrədati-Rağib»: "Zənim” maddəsi. V c./ 275)
*İnsanın ruzisinin yalanla bağlılığı
Peyğəmbər(s) buyurdu: "Yalan ruzini azaldır.”(Ümmü Cəmil Hərbin qızı, Əbu Süfyanın bacısı, Müaviyənin bibisi və Peyğəmbər(s)-in qatı düşmənlərindən idi. Fəxr Razi "Təbbət" surəsinin dördüncü ayəsinin ("Onun odun daşıyan(Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin!") təfsirində bir neçə mətləbi açıqlayandan sonra yazır: "Bu ayə barədə başqa iki sual da vardır.Əgər sual olunsa ki, niyə Allah-təala "vəmrəətuhu" ("onun övrəti") sözü ilə kifayətlənməyib Əbu Ləhəbin övrətini "həmmalət-əl-hətəb" ("odun daşıyan") kimi adlandırmışdır, cavabı budur ki, deyilənə görə Əbu Ləhəbin Ümmü Cəmildən başqa iki zövcəsi də olmuşdur. Məhz bu iki qadın barədə başqalarının bədgüman olmaması üçün Allah-təala Əbu Ləhəbin zövcəsini (Ümmü Cəmili) belə adlandırmışdır." («Təfsiri-Kəbir»: yeni çap: XXXII c. / səh -173).)
*Yalan huşsuzluq gətirir
İmam Sadiq(ə) söyləmişdir: "Allah-təala huşsuzluğu yalançılara hakim kəsər.”(Artıq məlumat üçün bax: «Təfsiri-Kəbir»: XXXII c. / səh-171,172)
Bəhsin xülasəsi
Keçən bəhslərdən belə aydın oldu ki, yalan dil bəlalarından və imanı məhv edəndir. Yalan dünya və axirətdə insanı Allahın mərhəmətindən uzaqlaşdırıb insanlar arasında etibarsız edir. Yalan cəmiyyətin imanını sarsıdıb onu ikitirəlik xəstəliyinə mübtəla edir. Hədislərdə xüsusi vurğulanan cəhətlərdən biri də yalançı insanın alçaqlıq və şəxsiyyətsizliyidir. Bu, məsumların kəlamlarında əxlaqi psixologiya kimi qeyd olunmuş psixi məsələlərdəndir.
Başqa bir mühüm məsələ
İnsan yalan danışmamaqdan əlavə yalançı adamlarla da oturub-durmaqdan, yoldaşlıq etməkdən çəkinməlidir. Bu barədə bir neçə hədisə diqqət yetirin:
"İmam Sadiq(ə)-dən nəql olunubdur ki, həzrəti-Əli(ə) dəfələrlə minbərdən buyurardı: «Yaxşı olardı ki, müsəlman şəxs üç nəfərlə dostluq və yoldaşlıq etməkdən çəkinsin: həyasız (sırtıq), axmaq və yalançı şəxsdən. "Yalançı ilə yaşamaq möminə yaraşmaz, çünki sənin sözlərini başqalarına və başqalarının sözlərini sənin üçün danışır. Birini qurtaran kimi o birini üstünə artırır. O yerə qədər ki, əgər düz danışsa belə, heç kim inanmır. Yalançı camaat arasında düşmənçilik və ədavət yaradaraq ürəklərə kin-küdurət toxumu səpir. Deməli, Allahdan qorxun və təqvalı olmağı özünüzə sənət seçin, ehtiyatlı olun, görün kimlə dostluq edirsiz.”(«Üsuli-kafi»: II c. / səh-369 / hədis №1; «Biharül-ənvar»: Beyrut çapı: XXXII c. / səh-266.

 )

İmam Baqir(ə) buyurdu: "Dörd nəfərlə dostluq etməyib onlardan uzaqlaş: axmaq, xəsis, qorxaq və yalançı ilə.”
(Sonra buyurdu) "Yalançı doğru danışarkən belə heç kim ona inana bilmir.”(«Üsuli-kafi»: II c. / səh-369 / «Vəsailüş-şiə» X c./ səh- 617; «Biharül-ənvar»: Beyrut çapı: XXXII c. / səh-268.)
Həzrəti-Əli(ə) bir hədisdə İmam Müctəba(ə)-ya buyurur: "...Yalançı ilə dostluq etmə, çünki o, ilğım kimi uzağı sənə yaxın, yaxını isə uzaq göstərir.”(«Məhəccətül-beyza»: V c. / səh-275)
Bəhsin nəticəsi
Qeyd olunan məsələlərdən belə məlum olur ki, əxlaqsız və pozğun adamlarla oturub-durmaq və əlaqədə olmaq istər-istəməz insana pis təsir bağışlayır. Həzrəti-Əli(ə) buyurmuşdur: "Şər adamlarla oturub-durma ki, onların xasiyyəti istər-istəməz sənə də təsir edə bilər.”(«Ənvari-Nomaniyyə»: səh-259.)
Buna əsasən dost seçərkən diqqətli olmaq lazımdır. Hər adam dostluğa layiq deyildir, çünki dost və yoldaş insan həyatının bütün sahələrində güclü təsirə malikdir. Yaxşı dost insanı saleh əməllərə təşviq etdiyi kimi, pis yoldaş da insanı yolundan azdıraraq varlığını məhv edir. Başqa cür desək, dost özü də bilmədən insanın əxlaqında, söhbətində, rəftarında və hətta əqidəsində belə təsir qoyur. Peyğəmbər(s) bu haqda buyurmuşdur:
"İnsan (hər bir kişi) özünə yaxın olan dostunun ya yoldaşının dinini, məzhəbini qəbul edər".(«İləlüş-şəraye»: I c. / səh-308 / fəsl-262)
Həzrəti-Suleyman buyurmuşdu, "Əgər bir şəxsin haqqında fikir yürütmək istəyirsizsə, onun dostlarına baxın, çünki insan öz dost və yaxınları ilə tanınıb, əlaqədə olduğu adamlara mənsub edilir.”(«Məhəccətül-beyza»: V c. / səh-375;)
Həzrəti-Əli ibn Əbu Talib(ə) bir hədisdə buyurur: "........ Bir kəsin əxlaqı sizə qaranlıq qalarsa və onun hansı dinə mənsub olduğunu bilməzsinizsə, dostlarına baxın. Əgər onun dostları Allah dininə mənsub olarlarsa, o da həmin dinə mənsub olacaq. Yox əgər dostları Allah dininə mənsub olmazlarsa, o da həmçinin həqiqi dindən faydalanmamışdır.”(«Məhəccətül-beyza»: V c. / səh-276.)
Əgər insan bu mühüm işdə (dost seçməkdə) diqqətli olmazsa, qiyamət günü peşmançılıqla (Allah onu peşmançılıq günü adlandırmışdır.(«Üsuli-kafi»: II c. / səh-369)) barmağını dişinə tutaraq: "Kaş filankəslə dostluq etməyəydim,” -deyər. Belə ki, «Quran»da bu barədə buyurulur:
"O gün zalim (küfrə düşməklə özünə zülm edən, peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru yol tutaydım. Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim. And olsun ki, "Quran”mənə gəldikdən sonra məni ondan («Quran»a iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).” («Furqan» - 27,28,29).
İmam Sadiq(ə) buyurdu: "Pis adamla yoldaşlıq edən salamat qalmaz.”(Şeyx Səduq «Əl-Əmali», səh-330 / məclis-63)
Buna görə də insan mənəviyatı çirkin adamlardan uzaqlaşmalıdır. Əgər Allah eləməmiş, belə adamlarla dostluq edirsə, nə qədər ki fürsət vardır, vaxtı qənimət bilib onlardan uzaqlaşmalıdır.
Yalanın rəva görülən halları
Deyildiyi kimi, yalan təbii olaraq çirkin və qəbih əməllərdən olub, ona adət etmək isə əxlaqi rəzilətlərdən və böyük günahlardandır. Zəruri hallar(Şeyx Səduq «Əl-Əmali», səh-351 / məclis-66) olmayınca yalan danışmaq rəva (caiz) deyildir.
Aşağıdakı hallarda yalan danışmağa icazə verilir:
1.Zəruri hal və çarəsizlik zamanı
Bu halda heç bir şübhə yeri yoxdur, çünki İslamın əsas istinad mənbəyi olan kitab, sünnə, əql və icma da ona dəlalət edir. İnsanın ağlı hökm edir ki, ən az zərərli işi seçsin. "Qurani-Kərim”də təqiyyəyə zəruri hallarda icazə verilmişdir. Aydındır ki, təqiyyə yalanın növlərindən biri olub, həqiqətin əksinədir. İnsan zəruri hallarda öz əqidəsini gizləyib imanının əksinə olaraq şəhadət verə bilər. «Quran»da bu barədə buyurulur:
"..... Qəlbi imanla sabit olduğu halda, (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla.....” («Nəhl»-106).
Peyğəmbər(s)-dən belə nəql olunur: "Allah-təala bütün işlərdə bəndə çarəsiz qalarsa, halallıq yolu qoymuşdur.” (Şeyx Ənsari «Məkasibi-mühərrəmə»).
Elə bu məzmunda İmam Sadiq(ə)-dən də belə nəql olunur: "Əgər insan çarəsiz qalıb təqiyyə edərək yalandan and içərsə, heç bir eybi yoxdur.” Sonra yenə buyurur: "Hər bir haram zəruri hallarda halal olur.”(«Məhəccətül-beyza» V c. / səh-276; «Ənvari-Nomaniyyə»: səh-265)
Zərəri dəf etmək fəslində bunun (mal, can, namus) qarşısını almaq üçün insanın yalandan and içməsinə icazə verən çoxlu məşhur hədislər vardır. Əlbəttə, mal-dövlət cəhətdən zərər dedikdə elə zərərlər nəzərdə tutulur ki, ona dözmək çətin və ən azı əhəmiyyətli olsun. Lakin qiymətsiz və əhəmiyyətsiz zərərlər bir zəruri hal kimi yalanın halal olmasına icazə verə bilməz.
Qısası budur ki, yalanın zəruri hallarda halal olması barədə fiqh və əxlaq alimləri arasında heç bir ixtilaf yoxdur. Burada bir sual hər iki sahədə mübahisə yaradan səbəb kimi meydana çıxır: belə hallarda yalana heç bir qeydsiz-şərtsiz icazə verilmişdir, yoxsa tövriyə (həqiqəti yalan söyləmədən gizlətmək) etmək mümkün olmadığı zaman yalan danışmaq olar? Əksəriyyətin qəbul etdiyi budur ki, yalanın icazəsi tövriyənin mümkün olmamasına bağlıdır. Demək, tövriyə etmək olarsa, yalan danışmaq caiz deyildir. Çünki bu fərziyyə ilə yalan danışmaq üçün heç bir zəruri hal olmayıb həqiqətdə bu əməlin yerinə yetirilməsinə izn verilmir.
Şeyx Ənsari(r.ə.) yazır: "Əksəriyyətin nəzərinin əqli cəhətdən məqbul olmasına baxmayaraq, istisna hallar barədə söylənilmiş bütün hədislərdə bu şərtə dair işarə olunmadığı üçün onun vacibliyini sübuta yetirən heç bir dəlil nəzərə çarpmır. Çünki zəruri halların əksəriyyətində tövriyə etmək imkanı olmasına diqqət yetirməklə əgər belə bir şərt lazım olsaydı, heç olmazsa, azı bir yerdə ona işarə olunardı.(Məcməül-bəyan»: Beyrut çapı: X c. / səh-423) Buna əsasən mümkündür ki, müqəddəs şəriət işi insanlar üçün asanlaşdırmaq xatirinə yolu açıq qoyub, belə məsələlərdə tövriyə etməyi lazım bilməmişdir.” Sonra mərhum Şeyx ehtiyatı əldən buraxmayıb ümumi qaydalara riayət edərək buyurur: "Hər halda ehtiyatı əldən buraxmayıb tövriyədən istifadə etməklə imkan daxilində yalandan çəkinmək lazımdır. Çünki bu, xəbərin ümumi və mütləq olduğunu bildirir. Onun əksinə, tutarlı bir dəlil olmayınca o, hər şeydən irəlidir.”(«Kəşfür-rəybə»: səh-42; «Məcməül-bəyan»: V c. / səh-276; «Vəsailüş-şiə»: VIII c. / səh-619; «Əl-cəvahirüs-sənəviyyə»; səh-65)

Şərh yaz


Məxfi kod
Yenilə