Cümə, 02 June 2017 09:59

İslamda Əxlaq 1 (Qeybətin kəffarəsi (cəriməsi) )

İslamda Əxlaq 1  (Qeybətin kəffarəsi (cəriməsi) )
Qeybətin kəffarəsi (cəriməsi)
Kəffarə günahın təsirini itirib Allah-təalanın bağışlamaq və əfv etmək şəraitini yaradan əmələ deyilir. Təbii ki, hər bir günahın özünəməxsus kəffarəsi vardır. Qeybət elə günahlardandır ki, iki mənfi təsirə malikdir:
1) Allah əmrinə tabe olmamaq; 2) bir və ya bir neçə Tanrı bəndəsini incidib narahat etmək.
Buna görə də bu təsirləri yox etmək üçün bir çıxış yolu fikirləşib münasib cərimə ödəmək lazımdır. İnsan Allah qanunlarından boyun qaçırdığına görə diqqətli olub Tanrının onu bağışlamasına və əfv etməsinə şərait yaratmalı, başqalarının hüququnu pozduğuna görə isə onlardan üzr istəyib razı salmalıdır. Çünki onlar razı olmayınca Allah-təala da razı olmayacaqdır. Feyz Kaşani qeybətin kəffarəsi və insanın aludə olduğu günahdan paklanması üçün nə edəcəyi barədə buyurur: "Qeybət edən şəxs gərək peşmançılığını bildirib tövbə etsin. Allahın onun boynunda olan haqqını ödəmək üçün etdiyi nalayiq əməllərə görə (etdiyi qeybətə görə) təəssüflənsin, sonra qeybətini etdiyi şəxsin yanına gedib ondan halallıq alsın. Bu yolla o, etdiyi qeybətin günahından azad olar". Sonra isə yenə yazır: "Halallıq almaq istəyən şəxs etdiyi əməllərə görə gərək təəssüflənib kədərlənsin, həqiqətən, öz əməlindən peşman olsun. Riyakarcasına özünü peşman olmuş kimi göstərməsin. İkiüzlü və riyakar adam təqvalı kimi görünmək üçün özünü kədərli göstərir, halbuki batində öz əməlindən peşman deyildir. Əslində, belə tövbə edən şəxs ayrı bir günaha-riyaya da batmış olur..."("Mişkatul-ənvar”: səh-106.)
Mühüm bir mətləb:
Bütün insanlar Tanrının hökmlərindən kənara çıxaraq bu və ya digər dərəcədə günah sahibi olurlar. Heç kim də iddia edə bilməz ki, ömründə heç bir günaha batmamışdır. Deməli, bütün bəşər övladı günahkardır. (Məsumlardan(ə) başqa) Başqa bir tərəfdən də Allah-təala tövbə və qayıdış yolunu insanların üzünə açıq qoymuşdur. Onlar tövbə etmək, əfv diləmək yolu ilə etdikləri günahların yerini pak əməllərlə doldurub Allah dərgahında tövbə etdikdən sonra ikinci dəfə olaraq təqva və ibadət yolu ilə gedə bilərlər. Buna görə də "Qurani-Kərim”in, Əhli-beyt(ə)-ın insanları tövbəyə dəvət, təşviq etmək üçün söylədikləri bəzi ayə və hədisləri burada qeyd edirik.
«Quran»da tövbəyə dəvət:
"(Ey peyğəmbər! Mənim adımdan qullarıma) De: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayır. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir! (tövbə edib) Rəbbinizə dönün..." («Zümər»-53, 54)
"Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü-Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra da tövbə edib düzəlsə, (Allah onun günahından keçər). Şübhəsiz ki,Allah bağışlayandır, rəhm edəndir!" («Ənam»-54)
"Şübhəsiz ki, Mən həm tövbə edib iman gətirəni və yaxşı işlər görüb sonra da doğru yolu tutanı çox bağışlayanam!" («Taha»-82)
"Allah (günahından) tövbə edənləri, (təmiz və pak) olanları sevər". («Bəqərə»-222)
"Günahları bağışlayan, tövbələri qəbul edən..." («Möminun»-3)
"Bəndələrin tövbəsini O qəbul edəndir, günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir". («Şüəra»-25)
Rəvayətlərdə tövbəyə dəvət:
Rəvayətlərdə də "Qurani-Kərim”də olduğu kimi, günahkar insanlar tövbəyə dəvət edilir. Peyğəmbər(s) buyurur:
"Tövbə edən şəxs günahı olmayan şəxs kimidir.”("Biharül-ənvar” Beyrut çapı XXXII/ səh-65 "Əmaliye-Səduq”: səh-222 / hədis №1.)
Başqa bir hədisdə İmam Baqir(ə) buyurur:
"Allah-təala öz bəndəsinin tövbəsinə gecə vaxtı səhrada miniyini azuqəsi ilə birgə itirib sonradan tapan kişidən artıq sevinir. Deməli, Allah-təala bəndəsinin tövbəsində itirdiyini yenidən tapan şəxsdən daha artıq şaddır.”(«Məfatihül-cinan» 15-ci mündəricat)
Bu, minik və yol azuqəsi əsas yaşayış vasitələri hesab olunan o dövrün insanlarının ümumi fikri ilə uyğun olan bir misaldır.
Nəticə:
Qeybət edən şəxs günahının cəriməsini ödəməlidir. Cərimələrdən biri də tövbə etmək və bağışlanmağını diləməkdir. Biz Feyz Kaşaninin "Tövbə gərək həqiqi olsun. Zahirdə özünü tövbəkar kimi göstərib batində əməlindən peşman olmayan riyakar şəxsin etdiyi tövbə kimi yox” - buyurduğu kəlamına əsasən tövbənin həqiqi mənasını araşdırırıq, çünki heç kim dili ilə günahlarını tövbə edərkən bağışlanmış olduğunu güman etməsin. Bəhs (tövbə) çox geniş olduğundan bu barədə üç hədis qeyd etməklə kifayətlənib əsas mətləbə qayıdırıq.
Tövbənin qəbulolma şərtləri:
Bu hədislərdən belə anlaşılır ki, tövbənin bir neçə əsas şərti vardır və bu şərtlərsiz heç bir tövbə qəbul olunmur:
1) Əbu Səbban Kinani adlı bir şəxs deyir: "Həzrət İmam Sadiq(ə)-dən "Ey iman gətirənlər! Allaha səmimi qəlbdən tövbə edin.” («Təhrim» - 8) ayəsinin mənasını soruşdum. O həzrət buyurdu: "Yəni bəndə günahdan tövbə edib bir daha günaha batmasın.”(«Əbu Həmzeyi Sumali» duası.)
2) Məaz ibn Cəbəl Peyğəmbər(s)-dən soruşdu ki, səmimi-qəlbdən tövbə etmək nədir? Buyurdu: "Səmimi-qəlbdən tövbə etmək sağılmış südün bir daha öz yerinə qayıtmayacağı kimi, tövbəkarın da bir daha günaha tərəf dönməməsidir.”(«Səhifeyi-Səccadiyyə» 53-cü dua)
3) Həzrəti- Əli(ə)-nin kəlamlarından:
"Əmirəlmöminin Əli(ə) yanındakı "Əstəğfirullah” (Allahdan bağışlanmaq diləyirəm) deyən şəxsə buyurdu: "Anan halına ağlasın! İstiğfar bilirsənmi nədir? İstiğfar ali dərəcələrə sahib olanlar üçündür. O bir kəlmədir, amma sətiraltı mənası və bir neçə mərhələsi vardır:
Birinci mərhələ keçmişindən peşman olmaqdır.
İkinci mərhələdə həmişəlik qəti qərara gələsən ki, bir daha o günaha tərəf dönməyəcəksən.
Üçüncü mərhələdə hüququnu pozduğun adamların haqqını onlara qaytarasan, belə ki Allah dərgahına qayıdarkən boynunda heç bir kəsin haqqı olmamalıdır.
Dördüncü mərhələ yerinə yetirmədiyin vacib əməlləri ödəməkdir.
Beşinci mərhələdə günahına peşman olmağının şiddətindən bədəninin haramdan bağlanmış ətini o qədər əridəsən ki, ondan bir şey qalmasın və yerinə təzə ət gəlsin.
Altıncı mərhələdə isə günah edərkən çəkdiyin ləzzət kimi, ibadət və itaətin də zəhmətini çəkəsən. Bu mərhələləri yerinə yetirdikdən sonra "Əstəğfirullah” (Allahdan bağışlanmaq istəyirəm) deyərsən.”(«Qürər» mündəricat: səh-382 hədis №9966)
Deməli, hər kim günah və qeybətdən (ümumiyyətlə hər bir günahdan) tövbə etmək istəyirsə, bu cür istiğfar etməsə, nəticəsi olmayacaqdır. Buna görə Feyz Kaşani buyurur ki, insan əvvəlcə özündə daxili bir inqilab əmələ gətirməli, sonra isə tövbə etməlidir. Əgər tövbə bu şərtlərlə birgə olmasa, bu daha çox məsxərəyə oxşayar. İmam Baqir(ə) buyurur:
"... Kim istiğfar edir və eyni zamanda da günaha batırsa, məsxərə edən şəxs kimidir.”(«Tühəfül-üqul»: səh-368.)
Xülasə, insan öz etdiklərindən peşman olub Allahdan günahlarının bağışlanmağını istəməli, sonra incitdiyi və arxasınca pislədiyi şəxslərdən halallıq alıb onları razı salmalıdır. Necə halallıq almalı və necə onları razı salmalı - bu artıq özü ayrıca bir bəhsdir. Məsələn, qeybəti olunan şəxsdən halallıq alıb onu razı salmaq, yoxsa onun üçün təkcə xeyir-dua və istiğfar etməkləmi kifayətlənmək sualına cavab olaraq fəqihlərin nəzəri nədir? Bu barədə fəqihlərin iki fikri vardır:
Bəziləri tam peşmançılıq, qeybəti olunmuş şəxs üçün bağışlanılmasını diləmək, onun adından dua etmək, sədəqə vermək və bu kimi xeyir işlərin görülməsinin kifayət etdiyini irəli sürürlər. Peşmançılıq çəkənin bu xeyir əməlləri yerinə yetirməsi tövbəsinin qəbul olunmasına səbəb olur. Ola bilsin ki, insan qeybətini etdiyi şəxsin yanına gedib halallıq istəyərkən nəticəsi əksinə olsun. Bu barədə bir hədis qeyd etməklə kifayətlənirik. Peyğəmbər(s) buyurmuşdur: "Arxasınca pislədiyin şəxsin kəffarəsi onun üçün Allahdan bağışlanmasını istəməkdir.”(«Sünəni-Əbi Davud»: cüz-4 /səh-270/ hədis №4880)
Fəqihlərin bəzisi də insanın qeybətini etdiyi şəxsin yanına gedib ondan halallıq almasını söyləyirlər, çünki qeybət həqqünnasdır (insanların haqqıdır). Qeybəti olunan razı qalmayınca istiğfarın heç bir xeyri yoxdur. Bu barədə bəzi hədisləri dəlil olaraq nəql edirlər:
1) Peyğəmbər(s) buyurur:
"Qeybət zinadan daha pisdir, çünki zinakarı Allah bağışlaya bilər, amma qeybəti sahibindən halallıq almayınca Allah bağışlamaz.”(Vafi: c-3 /səh-163; Cameüs-səadət: II c/səh-270; "Üsuli-kafi” II c/səh-355 / hədis №4.)
2) "Hər bir kəsin boynunda din qardaşının haqqı vardır. Dirhəm və dinar tapılmayan vaxt, yəni Qiyamət günü yetişməmiş ondan halallıq almalıdır. (Dinar və dirhəm əvəzinə) onun xeyir əməllərindən götürərlər. Əgər xeyir əməli olmasa, (qeybəti olunanın və ya haqqı tapdalananın) günahlarından götürüb onun günahlarının üstünə qoyarlar.”("Cameüs-səadat”: II c /səh-279; "Üsuli-kafi”: II c /səh-355; "Mühasini-Bərqi”: I c /səh-401.)
Başqa bir hədisdə isə həzrəti-Mühəmməd (s) buyurmuşdur:
"Hər kim bir müsəlmanın qeybətini edərsə, qeybəti olunan şəxs onu bağışlamayınca qırx gün onun oruc-namazı Allah dərgahında qəbul olunmaz.”("Üsuli-kafi”: II c /səh-355 /hədis №7.)
Nəticə:
Sual: Qeybətin kəffarəsinə dair bəzilərinin istiğfar ilə kifayətlənməyi və bəzilərinin də halallıq almağı lazım bilməsi haqda hədislərin məzmun müxtəlifliyinə diqqət yetirməklə bu hədislərin müqabilində bizim vəzifəmiz nədir və bu hədislərdən hansına əsaslanıb əməl etməliyik?
Cavab: Bu rəvayətlərdən hər birinin özünəməxsus yeri vardır, lakin onlardan belə bir nəticəyə gəlmək olar: İstiğfar ilə kifayətlənməyi söyləyən hədislər halallıq almağın dava-dalaş, narahatçılıq və ədavətə gətirib çıxaracağını deyir. Halallıq almağı lazım bilən hədislər isə sonu yaxşılıqla qurtaran hallara aid edilir. Belə hallarda insanın vəzifəsi arxasınca pislədiyi şəxsin yanına gedib: "sənin barəndə söylədiklərim düzgün olmayıb, Sənin haqqında zülm edib pis iş görmüşəm. Əgər istəyirsənsə, öz haqqını məndən al və əgər istəmirsənsə, məni bağışla,”- deməsidir. Feyz Kaşani bu iki hədisin başqa bir variantını qeyd edib yazır: "İmam Sadiq(ə) buyurdu: "Qeybətini etdiyin şəxs xəbərdar olarsa, onun yanına gedib halallıq al. Əgər xəbərdar olmazsa, onun üçün istiğfar et.”("Təfsiri-əlmizan”: XV c /səh-114; "Təfsiri-bürhan”: III c /səh-128; "Üsuli-kafi”: II c /səh-357; "Əmaliye-Səduq”: səh-276 /hədis №16 /məclis №54; "Səfinətül-bihar” II c /səh-295.) Bu rəvayəti nəql edəndən sonra buyurur: "Xəbərdar olmayan surətdə ondan halallıq istəsən, bu, bəzən ədavət və dava-dalaşa səbəb ola bilər.”
Təkcə bir məqamda bütün fəqihlər istiğfarın kifayət etdiyini söyləyirlər. O da əgər (qeybəti olunan) şəxs vəfat etmiş olarsa, yaxud uzaq bir ölkədə yaşayarsa, bu zaman insan artıq vəzifə daşımır, çünki "Qurani-Kərim”də buyurulur:
"Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər.” («Bəqərə» - 286).
Qeybətə icazə
Sual: Araşdırılmalı bəhslərdən biri də budur ki, insan özü barədə qeybət etməyə başqalarına icazə verə bilərmi və yaxud deyə bilərmi ki, kim mənim qeybətimi edərsə, mən ondan razıyam?
Cavab: Qeybət edənlərə qarşı razılıq əgər ötüb-keçənlərə aid olarsa, bunun heç bir eybi yoxdur. Həzrəti-Zeynülabidin(ə)-in Allah dərgahına ərz etdiyi kimi: "İlahi! Kim ki mənə pislik edibdir, sənin mənə rəva bilmədiyin şeyi mənə rəva bilibdir və ya mənim hörmətimi saxlamayıbdır, əgər məndən üzr istəmədən dünyadan köçübdürsə və ya diridirsə, boynunda haqqım olduğundan onun günahlarını bağışla, öz rəhmətini ondan əsirgəmə. Mənə etdiyi pislikləri mən ona bağışlayıram, sən də bağışla.”("Səfinətül-bihar” II c /səh-295. Bu hədis ibn Əbil Hədidin «Şərhi-Nəhcül-bəlağə» kitabında (II c /səh-269 /Hikmət №113) Həzrət Əli(ə)-dən də nəql olunmuşdur.)
Lakin gələcək qeybətləri bağışlamaq düzgün deyildir, çünki günaha icazə verməyin özü də bir günahdır. Bu iş insanları günah əməllərə təşviq etmək olduğundan islam nəzərindən qadağan olunmuşdur. Əslində, demək olar ki, belə bir icazə Allahın halalını haram və haramını halal etməkdir. Müqəddəs İslam dinində insana öz abrını qorumaq vacib olarkən başqalarına ona qarşı hörmətsizlik etməkdə özünün yol verməsinə necə icazə verilə bilər? Qabaqcadan icazə almaqla qeybət özünəməxsus xüsusiyyətini itirir, çünki qeybət o zaman qeybət olur ki, qeybəti olunanın razılığı alınmasın, amma özü icazə verən zaman icazə onun razılığından meydana gəlir. Lakin bu nəticəyə də iki cəhətdən irad tutmaq olar:
1. Belə icazələr tam surətdə qeybəti olunanın razılığından meydana gələ bilməz, çünki o, arxasınca nə deyiləcəyini bilmir. Mümkündür ki, öz qeybətinə razılıq verənin haqqında elə bir söz desinlər ki, əgər həmin adam başa düşərsə, narahatçılıq keçirib əvvəlki razılığına görə peşman ola bilər.
2. Qeybətə icazə vermək əxlaqsızlığın yayılmasına səbəbdir. Bu da razılıq verənin icazəsinə baxmayaraq, haramdır. Çünki əxlaqsızlığın yayılması günahın qəbihliyinin itməsinə bais olur. Yalnız pozğun və günah nümunələrindən olmayan səsi, yerişi yamsılamaq və insanların xüsusiyyətlərindən olan bu kimi qeybət hallarından başqa. Deməli, əgər kim öz səs və yerişinin yamsılanmasına icazə verirsə, heç bir eybi yoxdur. Allah daha yaxşı biləndir.
Günahdan pis bəhanə
Çox zaman qeybətə aludə olanlar öz işlərinə bəhanə gətirmək üçün "filan şəxsin barəsində dediklərimin hamısı onda var”, "necə deyərlər, onun sifətidir, qeybəti deyil”, - deyirlər. Halbuki bu bəhanə günahdan daha pisdir, çünki qeybət nəinki insanda olmayan eyibləri, həm də şəxsin özündə olan eybi izhar etməkdir. Qeybəti pisləyən ayə və rəvayətlər insanlarda olan eyibləri danışmağa aiddir, amma onda olmayan eyibləri danışmaq böhtan, günahı isə qeybətdən də çoxdur.
Yeddinci İmam Musa ibn Cəfər(ə) buyurur: "Hər kim bir şəxsin arxasınca onun haqqında hamının bildiyi şeyi danışarsa, bu qeybət deyildir. Hər kim bir şəxsin arxasınca onun haqqında camaatın bilmədiyi şeyi danışarsa, bu, qeybətdir və hər kim bir şəxsin arxasınca onun haqqında olmayan şeyi danışarsa, bu, böhtandır.”(«Qürər» mündəricat: səh-288 / hədis №7378.)
Başqa bir hədisdə İmam Sadiq(ə)-dən belə nəql olunur: "Qardaşın haqda Allahın gizlətdiyi şeyi danışmaq qeybətdir, amma səbirsizlik və tündxasiyyətlilik kimi hamının bildiyini danışmaq qeybət deyildir. Onun haqqında olmayanı demək isə böhtandır.”(«Təfsiri-bürhan»: III c/səh-128.)
Hədislər və böhtan
Rəvayətlərdə töhmət və böhtan da şiddətli tənqid olunmuşdur. Nümunə olaraq onlardan bəzilərini burada qeyd edirik:
Aşkar günah
«Qurani-Məcid»də böhtan aşkar günah kimi təbir edilərək buyurulur:
"Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!” («Əhzab» - 58).
"Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar (günah üstündən günah qazanar).” («Nisa» - 112).
Namuslu adamlara töhmət edənlərin imanı yoxdur. Bu barədə İmam Sadiq(ə) buyurur: "Müsəlman qardaşına töhmət vuran şəxsin imanı qəlbində duzun suda əridiyi kimi əriyər.”(«Təfsiri-bürhan»:III c /səh-128)
Töhmət edən şəxs bir neçə günaha batmış olur. Bir tərəfdən başqasına nalayiq söz deməklə yalan danışır, digər tərəfdən də qeybət qılır, çünki onu xoşlamadığı və razı olmadığı bir şeylə vəsf edir, başqa bir tərəfdən isə namuslu insana töhmət vurub şəxsiyyətini alçaldır. Bu cəhətlərə diqqət yetirməklə töhmət vuran şəxs böyük bir günaha batmış olur. Töhmət hədəfə sərrast atılan ox kimi insan şəxsiyyətini parçalayaraq məhv edir, onun qəlbini həmişəlik olaraq yaralayır. Buna görə də töhmət vuran şəxs çiyninə günahla dolu ağır yük götürüb əzaba doğru gedir. Peyğəmbər(s) buyurur:
"Hər kim mömin kişi və ya qadına böhtan atıb olmayan bir şeyi onun haqqında deyərsə, Allah-təala Qiyamət günü onu etdiyi əməlin məsuliyyəti üzərindən götürülənədək oddan yaranmış bir tələdə saxlayar.”(«Nəhcül-bəlağə» (Sübhi Salehi): Xütbə №141)

Şərh yaz


Məxfi kod
Yenilə