Çərşənbə axşamı, 30 May 2017 10:26

İslamda Əxlaq 1(«Quran» baxımından özünütərif )

İslamda Əxlaq 1(«Quran» baxımından özünütərif )
«Quran» baxımından özünütərif
Qurani-Kərim”də belə göstəriş verilir ki, insan heç vaxt özünü tərifləyib başqalarını pisləməməlidir, çünki heç kimin başqasının daxilindən xəbəri yoxdur:
"Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub, pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir". («Nəcm»-32)
"Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr (elə deyil), Allah istədiyini təmizə çıxarar və onlara xurma çəyirdəyindəki nazik tel qədər zülm olmaz.” («Nisa»-49)
Buna görə də təqvalı insan özünü tərifələməkdən saqınıb tam surətdə bütün eyib və çatışmazlıqlardan uzaq olduğunu hesab etməməlidir. Belə rəftar şeytana, lovğa və ağılsız insanlara xas olan bir xislətdir.
Hədis baxımından özünütərif
İslam hədislərində də özünütərif ciddi surətdə tənqid edilmişdir. Həzrət Əli(ə) buyurur: "...(Təqvalılar) öz əməllərindən az da olsa, razı deyillər. Öz əməllərini çox bilməzlər. Onlar özlərini ittiham edərək öz əməllərindən qorxarlar (bəlkə Allah dərgahında qəbul olunmadı). Onlardan biri təriflənən zaman qorxuya düşüb deyər: "Mən özümü başqalarından yaxşı tanıyıram, Allah əməllərimi məndən yaxşı bilir. İlahi! Məni onların güman etdiklərindən artıq təqvalı et. Bilmədikləri günahlarımı bağışla!..."(«Məhəccətül-beyza»: V csəh.272; «İxtisasi-Müfid»: səh.242; «Əddürrül-Mənsur»: VI csəh.97, «Kənzülmmal» III csəh.959) Həzrəti-Əli(ə) Müaviyə ibn Əbu Süfyana yazdığı məktubunda buyurur: "...İnsanın özünü tərifləməsini Allah qadağan etməsəydi, möminlərin qabaqcadan xəbərdar olduğu və eşidənlərə tanış olan (özüm barədə) çoxlu fəzilətlər sadalayardım..."(«Vəsailüş-şiə»: VIII c, səh.606; «Əmaliye-Səduq»: səh.42.) Başqa bir yerdə isə belə deyir: "İnsanın özünü tərifləməsi doğru sözün ən çirkinidir".(Əlavə məlumat toplamaq üçün bax: «Məkasibi-mühərrəmə» (Şeyx Ənsari) səh.44; «Məhəccətül-beyza» V c, səh.270,272; «Ehyai-ülumi-din» (Qəzali) III c, səh.152,153; «Kəşfür-rəybə»: səh.14,16; «Merac üs-səadə»: səh.412, 414; «Biharül-ənvar» (Beyrut çapı): XXXII, səh.231, 234.)
Mömin özünü başqalarından üstün tutmamalı, əksinə, başqalarını özündən üstün hesab etməlidir. Bu barədə həzrət Əli ibn Musa Riza(ə) belə buyurur:
-Heç bir müsəlmanın ağlı əgər onda on xislət olmasa, kamil olmaz. Bunlardan onuncu xislət bilirsinizmi nədir?
Dedilər:
-Yox bilmirik.
Buyurdu:
-Gördüyü adamı özündən təqvalı hesab etmək. İnsanlar iki dəstəyə bölünürlər: təqvalı və təqvasızlar. Əgər biri özündən aşağı səviyyədə bir şəxs görərsə, desin: "Bəlkə batini məndən yaxşıdır. Onun batininin yaxşı olması onun üçün yaxşıdır. Mənim yaxşılığım isə aşkardır. Bəlkə də bu yaxşılığın aşkar olması mənim zərərimədir.” Əgər özündən yaxşısı və təqvalısı ilə rastlaşarsa, onun qarşısında təvazökarlıq etsin ki, özü də həmçinin bu dərəcəyə yetişsin. Belə rəftar etsə, izzət və hörməti artar, adı yaxşılığa çəkilər.(Məhəccətül-beyza»: V c, səh.273.)
Xülasə, mömin özünü tərifləməklə (özünütərif də islam nəzərindən tənqid edilmişdir) başqasını pisləməməlidir. Özünü tərifləməklə digərlərini təhqir edənlər bilsinlər ki, haqqında qeybət etdikləri şəxsi eşidənlərin gözündən salmış olurlar. Qeybət edən şəxs isə insanların razılığını qazanmaqdan ötrü Allah dərgahında öz fəzilət və dəyərini əldən verməkdən əlavə Qiyamət günündə də Allahın qəzəbindən qurtara bilməyəcəkdir.
4. Həsəd
Qeybəti yaradan səbəblərdən biri də həsəddir. Onu müalicə etmək üçün bu günahın böyüklüyü haqda çox düşünmək lazımdır, çünki bu minvalla qeybət edən şəxs əslində iki günaha bataraq iki əzabı birlikdə qazanır-biri həsəd və digəri qeybətin əzabı. Hər ikisi böyük günahdır.
Həsəd aparan başqasına nemət verildiyinə görə paxıllıq və ruhi əzab çəkir. Bu əzab dünyada sona yetmir, əksinə, axirətdə onun əzabı bir az da artır. Nəticədə, dünya və axirətdə zərərçəkənlərdən olur, çünki həsəd aparan həsəd olunanın qeybətini etməklə onu məhv etmək istəyir, lakin özünü məhv etmiş olur, yerinə yetirmiş olduğu saleh əməlləri qeybət etdiyindən hədiyyə olaraq qeybəti olunana bağışlayır. Buna əsasən həsəd aparan özünün düşməni, pislədiyi şəxsin isə dostudur, ona görə ki, qeybəti olunanın günahları qeybət edənin, onun saleh əməlləri isə qeybəti olunanın nameyi-əmalına yazılır. Xülasə, həsəd üzündən qeybət etmək axmaq və nadanlığa dəlildir. Həsəd və pisləmək həsəd olunanın və pislənənin xalq tərəfindən sevilməsinə səbəb ola bilər. Hər hansı bir şəxsin arxasınca danışmaq onun müvəffəqiyyətini əlindən almır, əksinə, xətakar və təqvasızların eyib tutmağı, məzəmməti həsəd olunanın sevilməsi və hörmətinin artmasına səbəb ola bilər. Qoy bədxahlar hər nə istəyirlər, desinlər. Təcrübə göstərir ki, belə hallarda insanlar həsəd aparanların sözünü qəbul etməyib məzlumcasına hədəfə alınanlara tərəf üz çevirir: "Allah-təala bir gizli fəziləti aşkar etmək istəyərkən həsəd aparan şəxsin dilini açır."(«Biharül-ənvar» (Beyrut çapı): VI c / səh-21 / hədis №16.)
5. Rişxənd və istehza
Bu barədə geniş bəhs edəcəyik. «Məhəccətül beyza» adlı kitabın müəllifi bu ruhi xəstəliyin müalicəsi barədə buyurur: "Başqasına istehza etməkdə məqsədin onu xalqın gözündə alçaltmaqdır, halbuki özünü Allah, mələklər, peyğəmbərlər yanında alçaltmış olursan. Əgər bir an olsun belə qiyamət günündə çəkiləcək həsrət, dünyada etdiyin cinayət və məhşər gününün başıaşağılığı, məsxərə etdiyin şəxsin günahını boynuna alıb, günahının ağırlığını öz üzərinə götürərək əzablarına dözüb cəhənnəmə daxil edilməyin və o günün bu kimi böyük rüsvayçılığı haqda düşünsən, şübhəsiz, bu fikir səni başqalarına rişxənd edib onları alçaltmaqdan çəkindirər.”
Başqalarının yanında alçaltmaq və onları güldürmək üçün biri lağ edən zaman əgər diqqət etsən, bir qədər fikrləşdikdən sonra başa düşəcəksən ki, sən özün lağ olunmağa və gülünc vəziyyətə düşməyə daha layiqsən. Bil və agah ol ki, sən bu gün bir müsəlmanı bir neçə nəfərin yanında lağ edirsənsə, qiyamət günündə özün bütün insanların gözü qarşısında lağ olunacaqsan. İnsan əgər öz əməllərinin batininə diqqət yetirsə, günahların çoxunu tərk edib nalayiq və iyrənc əməllərdən əl çəkər. Çünki dünyanın həm zahiri var, həm də batini. Dünya iki üzü və səhifəsi olan kağız vərəqinə oxşayır. Onun bir üzünə baxarkən o biri üzü görünmür, lakin o biri üzün görünməməsi o demək deyildir ki, kağızın arxasında heç bir şey yoxdur. Buna əsasən yerinə yetirdiyimiz əməllər dünyanın batinində vardır. Dünyanın o biri səhifəsi olan qiyamətdə isə bu aşkar olacaqdır. Bundan əlavə Allah-təala, peyğəmbər və əziz övliyaları bizim əməllərimizi görürlər. "Qurani-Kərim”də bu barədə belə buyurulur:
"De! (Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun peyğəmbərləri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!" («Tövbə»-105)
Əməllərin (Peyğəmbərin(s) hüzuruna) ərz olunması
Əməllərin Peyğəmbər(s) və məsum İmamlara(ə) ərz olunması haqda bu ayəni təfsir edən bir çox hədislər vardır. Yaxşı olardı ki, öz əməllərimiz, rəftarımız və danışığımızda daha diqqətli olmaq üçün onların məzmununu həmişə yadda saxlayaq. İmam Sadiq(ə) buyurur: "Hər gün sübh çağı müsəlmanların pis və yaxşı əməlləri Peyğəmbər(s)-ə təqdim olunar. Buna görə də öz əməllərinizdə, danışığınızda, davranışınızda ehtiyatlı olun. Bu, Allah-təalanın həmin "De: əməl edin. Allah, Onun peyğəmbərləri və möminlər sizin əməllərinizi görəcəklər" kəlamıdır".(«Üsuli-kafi» II c /səh-435; "Biharül-ənvar” (Beyrut çapı): VI c /səh-40/ hədis - 72.) Başqa bir hədisdə Səmaə adlı bir şəxs nəql edir ki, İmam Sadiq(ə) buyurdu: "Sizə nə olubdur ki, Peyğəmbər(s)-i incidirsiniz? Bir nəfər soruşdu: "Biz o Həzrəti necə incidirik?" bu zaman İmam (ə) söylədi: "Məgər bilmirsinizmi, sizin pis əməlləriniz o Həzrətin hüzuruna aparılarkən əməllər kitabçanızdakı günahlarınızı görüb kədərlənir? Belə isə Peyğəmbər(s)-ə pislik etməyin. Onu (günahı tərk etməklə, öz ibadət və itaətlərinizi yerinə yetirməklə) sevindirin".("Üsuli-kafi”: II c /səh-432/ hədis №3; "Biharül-ənvar” VI c /səh-39/ hədis №68.) İmam Baqir(ə) buyurur: "Hər cümə axşamı sizin bütün əməlləriniz Peyğəmbər(s)-ə təqdim olunur. Buna görə də siz Peyğəmbər(s)-ə pis əməllərinizin deyilməsindən utanın."("Məcməül-bəyan” (Beyrut çapı) X c /səh-318/ "Təhrim” surəsinin 8-ci ayəsinin təfsiri. Dualarda da tövbəyə çox əhəmiyyət verilmişdir. Bu barədə "Səhifeyi-Səccadiyyə” adlı kitabın 31-ci duasına və həmçinin "Məfatihül-cinan” adlı kitabın 15-ci münacatına-tövbəkarların münacatına müraciət edə bilərsiniz.)
Başqa bir hədisdə nəql olunur ki, səkkizinci imam Əli ibn Musa Riza(ə)-nın xüsusi rəğbət bəslədiyi şəxslərdən olan Abdulla ibn Əban Zəyyat belə nəql edir:
İmam Riza(ə)-ya dedim:
-Mənim və ailəm üçün dua et.
Buyurdu:
-Məgər mən dua etmirəmmi? Allaha and olsun, sizin əməlləriniz hər gün mənə xəbər verilir.
Abdulla deyir ki, bu söz mənə ağır gəldi. Həzrət buyurdu:
-Məgər Allah-təalanın kitabını oxumamısanmı? Orada buyurur: "De (əməl) edin. Allah, Onun peyğəmbərləri və möminlər əməllərinizi görəcəklər". Allaha and olsun ki, burada mömin dedikdə Əli ibn Əbu Talib(ə) nəzərdə tutulur.(«Nəhcül-bəlağə» (Feyzül İslam) hikmət №409.)
Deməli, əgər bir şəxs varlıq aləminin iki tərəfli olmasını, bütün əməllərin səhifənin o üzündə yazılmasını və Allah övliyalarının hüzuruna gətirilməsini anlayarsa, şübhəsiz, Tanrının bəndələrini lağa qoymaz. Çünki bir gün gələcək, insanın bütün əməllərini səhnəyə (üzə) çıxaracaqlar. O vaxt (insan) öz tutduğu əməllərindən peşman olacaq, lakin sonrakı peşmançılığın faydası yoxdur. Deməli, qeybət etməklə başqalarını lağa qoyan şəxs bilsin ki, qiyamət günü hamının gözü qarşısında adamlar tərəfindən lağa qoyulacaq, Peyğəmbər(s) və övliyalar yanında rüsvay olacaqdır.
6.Özünü ürəyi yanan kimi göstərmə
Bəzən insan kiminsə halına acıma ilə, ürəyi yanmaqla qeybətə düçar olur. Əlbəttə, günaha aludə olmuş şəxsin halına acımaq əgər Allaha xatir olarsa, bu, çox bəyənilən sifətdir. Çox vaxt bir sıra acımalar həsəd, bədxahlıq və təhqir üzündən olur, lakin ürəyiyananlıq və halına acıma kimi nümayiş etdirilir. Belə hallarda qeybət edən şəxs öz həsəd və intiqam hissini ürəyiyananlıq etməklə sakitləşdirir. Ola bilər ki, bu, onun heç özünə də aydın olmasın. Əgər diqqət olunsa, məlum olar ki, əsas məqsəd ürəyiyananlıq deyildir. Məsələn, biri "yazıq filankəs yaman günaha və dərdə mübtəla olub. Allah ona kömək olsun. İnşallah" deyir. Belə hallarda dua və mehribanlıq surətində qeybətə aludə olur. Bu həm də bir növ riya və nifaqdır (münafiqlikdir). Burada sözün deyilməsində əsas hərəkətverici qüvvə olan şeytan halınaacıma bəhanəsi ilə insanı qeybət etməyə vadar edərək, nəticədə, onun əcr və mükafatını aradan aparır. Qeybətin başqa amilləri də vardır ki, sözü uzatmamaq üçün onların üstündən keçirik.
Qeybət müstəsna olan hallarda
Qeybətin böyük günahlardan olmasına, "Qurani-Kərim” və hədislərdə onun ciddi surətdə qadağan edilməsinə baxmayaraq, elə hallar da vardır ki, istisna olaraq bu zaman qeybət etmək haram sayılmır. Bu bəhsin xüsusi əhəmiyyəti olduğundan əgər onun bütün incəliklərinə burada varsaq, bizim üçün çox vaxt tələb olunar. Buna görə də bəhsin ən mühüm yerlərinə qısaca olaraq işarə edirik.
Bəhsə başlamazdan qabaq qeyd etmək lazımdır ki, qeybət böyük günahlardan və zatən çirkin, iyrənc bir əməl olduğuna görə istisna olunmuş hallar gərək xüsusi əhəmiyyətə malik olsun ki, buna görə qeybətin pozucu hallarına qarşı durub onu öz nuruna qərq etsin. Aydındır ki, bunlardan ən əhəmiyyətlisini ayırmaq, birinin digərinə nisbətən imtiyazı və üstünlüyü düzgün (Allah istəyən kimi) meyarlarla seçmək lazımdır. Təbii olaraq, şəxsi qərəz, nisgil, bəhanə, nəfsani çirkinlikləri nəzərə gözəlliklər kimi çarpdıran aldatma və şeytani şübhələrdən hasil olan gümana məxsus meyarlar qeybətin edilməsində müstəsna hal hesab oluna bilməz. Elə bir yerdə qeybətə icazə verilir ki, qəti surətdə mühüm bir məsələni qorumaq üçün qeybət etməkdən başqa çarəmiz olmasın. Deməli, əgər bir kəs şeytani şübhələrin təsiri altına düşüb başqasının qeybətinin caiz olmasını bəhanə gətirərək və ya "bu qeybətin müstəsna hallarındandır."-deyib qeybət edərsə, günahkardır. Ehtiyat, uzaqgörənlik, reallıq və insafla bir-birindən fərqləndirilən hallardan başqa bu cür bəhanələr gətirib qeybət etmək haramdır. İndi isə bu başlığa diqqət yetirməklə müstəsna halları qeyd edirik.
1. Şikayət
Birinin hüququ pozularkən hakimə şikayət edib ona qarşı yol verilmiş hüquq pozuntusunu söyləmək və şəxsin adını, şəxsiyyətini tanıtdırmaqdan başqa çarəsi yoxdur, çünki zərərçəkən ona qarşı haqsızlıq etmiş şəxsin adını və baş vermiş hadisəni hakim üçün başdan-ayağa danışmasa, hakim bu hadisəni araşdırıb hakimlik edə bilməz. Buna görə də zərərçəkənin özünə qarşı edilən haqsızlığın qarşısını almaq və öz hüququnu tələb etmək üçün hakimin yanına gedib şikayət etməkdən başqa çarəsi yoxdur. Misal üçün, borclu olan şəxs öz borcunu ödəmək imkanına malik olduqda səhlənkarlıq edib borcunun ödənilməsini gecikdirərsə, tələbkar onu pisləyib haqqını geri almaq üçün onun qeybətini edə bilər. Biz belə hallarda fiqhi və hüquqi qanuna əsaslanaraq ümumi, qəbul olunmuş bir dəlil kimi Peyğəmbər(s)-dən misal gətirməklə qeybətin caiz olmasını sübuta yetirmək istəyirik: "Borcunu ödəməkdə səhlənkarlıq edən və borcunu təxirə salan imkanlı şəxs cəzaya, rüsvayçılığa layiqdir".("Biharül-ənvar” (Beyrut çapı) VI c /səh-36/ hədis №54; "Üsuli-kafi” II c /səh-435/ hədis №10.)Yəni borcun ödənilməsinin yersiz təxirə salınması, tələbkarın hakimin yanına gedib şikayət etməsinə və hakimin təhqiqat aparıb səhlənkarlığı sübut edərək borclunu cəzalandırmasına səbəb olur. İmkanı olan şəxsin borcu ödəməməsi tələbkarın haqqını tapdalamaqdır.("Məhəccətül-beyza” V c /səh-273/; "Əmaliye-Şeyx Tusi” səh-120)
Peyğəmbər(s) buyurur: "İmkanlı şəxsin borcu ödəməyib təxirə salması zülmdür."("Məkasibi-mühərrəmə” (Şeyx Ənsari) səh-43; "Məhəccətül-beyza” V c /səh-273/.)
Buna əsasən tələbkar öz hüququnu müdafiə edib onun əleyhinə qalxa bilər. Bu barədə Peyğəmbər(s) söyləmişdir: "Haqlı olan kəsin söz demək ixtiyarı vardır. (Yəni haqlı olan şəxsin təcavüzkarın əleyhinə danışmağa haqqı vardır)("Məkasibi-mühərrəmə” (Şeyx Ənsari) səh-40.)
Hüququnu müdafiə etmək o qədər əhəmiyyətlidir ki, hətta hakimin özündən də şikayət etmək olar. Ola bilsin ki, hakim birinə zülm edib rüşvət və ya bu kimi şeylər almaqla əlaqələri qanunlardan üstün tutaraq, nəticədə, islam hökmlərinin əksinə hökm versin. Belə hallarda haqqı tapdalanan şəxsə şikayət edən zaman səlahiyyətli şəxslərin yanında qeybət edib hakimin adını çəkmək icazəsi verilmişdir. Hər halda «Qurani-Məcid»in qəti hökmlərinə əsasən şikayət (öz hüququnu müdafiə) edən zaman pisləmək və qeybət etməyin heç bir maneəsi yoxdur. Müqəddəs kitabda göstəriş verilir ki, haqqı tapdanan şəxs öz haqqını tələb etməlidir.
"Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah eşidəndir, biləndir!" («Nisa»-148)
"Zülmə məruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza verilməz. Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!" («Şüəra»-41,42)
Heç deyilməsə də, aydındır ki, belə yerlərdə məhz zalımın zülmü və məzlumun müdafiəsi ilə bağlı olan hadisələr haqda qeybət etmək olar, amma başqa eyibləri barədə heç bir söz demək olmaz. Bu, günah və haramdır. Çox ehtimal ki, həmin qanundan sui-istifadə etməmək üçün qeyd etdiyimiz ayənin sonunda buyurulur: "Allah biləndir, eşidəndir!" Yəni siz istər öz hüququnuzu qoruyasınız, istərsə də öz qərəzli fikirlərinizi söyləməklə qəlbinizi soyudasınız, onsuz da Allah-təala sizin niyyətinizdən xəbərdardır.
2. Qadağan olunmuş şeylərin qarşısını almaq üçün kömək diləmək
Qeybətin müstəsna hallarından biri də əmr be məruf (yaxşılıqlara sövq etmək) və nəhy əz münkərdir (pisliklərdən çəkindirmək). Bəzi vaxtlarda insan təkbaşına qadağan olunmuş şeylərin qarşısını ala bilmədiyindən çarəsiz qalıb başqalarından kömək istəyir və ya əlaqədar orqanlara (polis, məhkəmə) xəbər verir ki, onların vasitəsilə ilə çirkin işlərin qarşısını alsın. Buna görə də həmin şəxsin adını deməkdən və nə kimi qadağan olunmuş əməlləri yerinə yetirdiyini söyləməkdən başqa çarəsi qalmır. Məsələn, siz bir evin əxlaqsızlıq yuvasına dönməsindən və oraya müxtəlif adamların gedib-gəlməsindən xəbər tutarkən onları bu işdən çəkindirmək istəsəniz, sizin xalqı ayıltmaqdan və polis orqanlarına xəbər verməkdən başqa bir çıxış yolunuz yoxdur. Aydındır ki, belə hallarda qeybətin haram olması bəhanəsi ilə daşıdığınız məsuliyyəti boynunuzdan ata bilməzsiniz, çünki bu kimi əxlaqsızlıq yuvaları cəmiyyətdə əxlaq və mədəniyyətin əsasını laxladaraq xalqı əxlaqsızlığa çəkir, onların varlığını məhv edib cəmiyyətin fəaliyyətini süstləşdirir. Buna görə də fəqihlərin (İslam alimləri) əksəriyyəti belə mərkəzlərin qulluqçularını "yer üzündə fəsad törədənlər" adlandıraraq onları ölümə məhkum edirlər. Buna əsasən belə hallarda əgər bir kəs pozğunçuluğun qarşısını almaq üçün əxlaqsızlıq mərkəzlərini və oraya yığışanları ifşa edərsə, bu, qeybət və haram sayılmır. Əksinə, belə bir iş hər bir müsəlmana cəmiyyətin saflaşdırılması üçün zəruri və vacibdir.
3. İstifta (soruşmaq)
İstifta nadir hallarda rast gəlinən qeybət formasıdır. Bəzən şəri hökmü soruşarkən insanın məsələni ətraflı surətdə danışmaqdan başqa çarəsi qalmır. Burada mümkündür ki, hər hansı bir məsələdə iştirakçı olmuş şəxs adının hallanmasına razı olmasın. Belə hallarda əgər söylənilən məsələ mühüm və həyati bir məsələ olarsa, bunun heç bir məneəsi yoxdur. Məsələn, biri deyir ki, filan alış-verişdə atam, qardaşım və s. mənə zülm edib haqqımı tapdaladı. Mənim nəzərim bu barədə doğrudurmu və fərz edək ki, doğrudur, mən onlardan şikayət edə bilərəmmi? Bu baradə mənə yol göstərib hökmü mənə başa salın ki, öz hüququm çərçivəsindən kənara çıxaraq haqqımı almaq üçün şəriət ölçülərini aşıb, nahaqdan onların şəxsiyyətini alçaltmayım. Ad açıq-aydın çəkildiyi surətdə baş vermiş hadisə fəqih üçün tam aydın olar və ona münasib cavab verə bilər. Əgər məsələni açıqlayarkən adların çəkilməsinin heç bir təsiri yoxdursa, ad çəkmək caiz deyildir. Buna görə də belə hallarda bacardıqca işarə ilə kifayətlənmək lazımdır ki, hər hansı bir şəxsin adı arada hallanmasın. Məsələn, soruşmaq olar ki, sizin fikriniz atası və qardaşı tərəfindən zərər çəkmiş şəxs barədə nədir? Əgər tam surətdə açıqlamadan başqa bir çıxış yolu olmazsa, belə qeybətlərin heç bir günahı yoxdur.
4. Xəbərdarlıq etmək yolu ilə qeybət
Bir müsəlmanı onu gözləyən təhlükədən xəbərdar etməyin özü də qeybətin bir növüdür. Dostlarımızdan birinin nalayiq adamlara qoşulduğunu bildiyimiz zaman onu bu işdən xəbərdar edib ayıltmaq bizim ən müqəddəs vəzifəmizdir. Məsələn, biri elə adamlarla ünsiyyət saxlayır ki, əgər onu xəbərdar etməsələr, tədricən onların pis əxlaqının təsiri altına düşəcəkdir. Bu zaman belələrinin eyiblərini ona başa salmaq lazımdır ki, həmin adamları olduğu kimi tanıyıb onlardan uzaqlaşsın. Peyğəmbər(s) buyurur: "Camaatın tanımaması üçün günahkar və pozğun adamların barəsində bildiklərinizi deməkdənmi çəkinirsiniz? Onların eyiblərini camaata deyin. Camaat da bu cür insanları tanıyıb onlardan uzaqlaşsın".(Məkasibi-mühərrəmə” səh-43.)
5. Məşhur ləqəb
Əgər bir şəxs əslində onun eyib və nöqsanını bəyan edən, lakin zaman keçdikcə öz qəbihliyini itirmiş (bu adı, ləqəbi daşıyan şəxsin inciməməsi, razılığı şərtilə) bir adla və ya ləqəblə məşhur olarsa, onu həmin adla, ləqəblə çağırmağın heç bir eybi yoxdur. Məsələn, kor və ya axsaq şəxs haqqında danışarkən "filan kor kişi belə dedi” və ya "filan axsaq kişi belə söhbətlər etdi” və s. hallarda bu sifətlərlə onların adını çəkmək qeybət sayılmaz. Çünki həmin adı daşıyanlar belə adlarla çağırılanda narahat olmurlar. Eyni zamanda onları çağıran şəxsin də heç bir eyib tutmaq niyyəti yoxdur. Hətta hədis rəvayət edənlər arasında elələri olmuşdur ki, onlarda fiziki cəhətdən çatışmamazlıq olmuş və hədislərdə də elə həmin naqisliklə adlandırılıb qeyd olunmuşlar. Məsələn, "Maur" (taygöz)(«Məhəccətül-beyza» V c /səh-273) və ya "Əməş" (gözü zəif olan və həmişə gözündən yaş axan şəxs)(«Səhifeyi-Səccadiyyə»: 39-cu dua.) kimi hədislərdə hallandırılmışlar. Yaddan çıxmasın ki, bu müstəsna hal müşahidə olunan və olunmayan eyibləri danışarkən qeybət olarsa, həqiqətdə öz əksini tapır. Lakin qeybət sirri ifşa etmək məqsədi daşıyarsa, belə hallar qeybət numunələrindən sayılmır. Bu, əlbəttə, şəxsin razılığı olmayan surətdə qeybət kimi yox, təhqir və ya mömini incitmək kimi irad tutulur. Ən yaxşısını Allah bilir!
6. Məşvərət zamanı qeybət
Məşvərət zamanı qeybət etməyə icazə verilir. Mühüm şəxsi və ya ictimai məsələlərdə (evlənmək, alış-veriş, işçiləri, müdirləri işə götürmə və ya təyin etmə kimi) bir başqası ilə məşvərət edərkən nəzərdə tutulan şəxsin zəif cəhətlərini və eyiblərini söyləməyə ehtiyac olarsa, bunlar barədə məlumat verməyin heç bir zərəri yoxdur, əksinə, bəzən bunu söyləmək hətta lazım olur. Əmirəlmöminin Əli(ə) buyurur: "Məşvərətə çağırılan şəxs əmin olmalı və xəyanətə yol verməməlidir".(«Üsuli-kafi» II c /səh-358/ hədis №6.) Buna görə də məşvərət edənə bütün həqiqətlər bəlli olmalıdır ki, o, qabaqcadan xəbərdar olub işini düzgün qura bilsin. Əgər həqiqət deyilməsə, məşvərətçi tərəflərdən biri xəyanət etmiş olur. Şeyx Ənsari buyurur: "...Qeybətin müstəsna hallarından biri də məşvərət edənin nəsihətidir, çünki məşvərət edilən şəxsin vəzifəsi, məşvərətçi tərəfin xeyrinə lazım olanları söyləməkdir, əgər həqiqəti deməsə, ona xəyanət etmişdir. Bəzi vaxtlar nəsihət etməməyin ziyanı qeybət etməkdən daha çox olur. ...Hətta əgər bir şəxs məşvərət etmədən haqqında heç bir məlumatı olmayan bir qadınla evlənmək istəyərkən onun yaxın adamı bu qadının eyiblərini bilib ona deməsə, bu, pis aqibətlə nəticələnə bilər. Burada qeybətə mübtəla olsa da, onu gerçəklikdən xəbərdar etməlidir. Şübhəsiz, belə qeybət möminə nəsihət etməməkdən yaxşıdır, xüsusilə bəzi rəvayətlərin zahiri mənası möminə nəsihət etməyin vacib olmasına dəlalət edir".(«Üsuli-kafi» II c /səh-358/ hədis №27.)
7. Bidətçinin (dində olmayanı artırıb-əskildən) qeybəti
Əgər bir nəfər digərini xalqı azdırdığını və Allahın dinində bidət əmələ gətirdiyini müşahidə edərsə, fəsadın qarşısını almaq üçün onu pisləyə bilər. Burada qeybətin günah olmamasından əlavə Allah-təala onun nameyi-əmalına (əməllər kitabçasına) hətta savab da yazar. İmam Sadiq(ə) nəql edir: "...Peyğəmbər(s) buyurdu: "Məndən sonra reyb (dinə şübhə toxumu atanlar) və bidət əhlinə rast gəlsəniz, onlara qarşı öz narazılığınızı bildirin, onları bərk söyün və pisləyin ki, islama zərər vurmaqdan çəkinsinlər. İnsanlar belələrindən uzaqlaşıb onların gətirdiyi bidətləri öyrənməsinlər. (Əgər bu işi etsəniz) Allah-təala bunun müqabilində sizə savab yazıb axirətdə dərəcələrinizi qaldırar".(«Üsuli-kafi II c /səh-361/ hədis №1; «Biharül-ənvar» (Beyrut çapı) c-72 /səh-198/ hədis №19.)
8. Qəsdən, açıq-aşkar günah edənin qeybəti
Şəriətdə qəsdən günah edənin qeybətini qılmağa yol verilir, çünki günah qəsdən, açıq-aşkar olduğuna görə qeybət öz əksini tapmır. Bu barədə bir neçə hədis qeyd edirik:
Peyğəmbər(s) buyurur: "Üç nəfərə ehtiram etmək lazım deyildir: bidətçi həvəs və fikirlərə malik olana, zülmkar əmirə və açıq-aşkar günah edənə".("Biharül-ənvar” (Beyrut çapı) XXXII c /səh-194/ hədis №25; "Üyune-əxbari-Riza” (Nəcəf çapı) II c /səh-32; "Səfinətül-bihar” I c /səh-111.)
Eynilə bu məzmunda başqa bir hədis də vardır. Peyğəmbər(s) buyurur: "Üç nəfərin qeybətini etmək haram deyildir: Bihudə və batil fikirlərə malik olanın, açıq-aşkar, qəsdən günah edənin və zülmkar əmirin".("Biharül-ənvar” Beyrut çapı XXXV c /səh-321; Tühəfül-üqul” səh-307.)
Başqa bir hədisdə o Həzrətdən belə nəql olunur:
«Qəsdən, açıq-aşkar günah edənin qeybəti haram deyildir".(«Qürər» mündəricat: səh-203 / hədis №5857.)
"Abır-həya pərdəsini üzündən qaldıranın qeybəti haram deyildir".("Üsuli-kafi” II c/ səh-638 / hədis №2; "Vəsailüş-şiə” II c/ səh-413 /hədis №1; "Biharül-ənvar” Beyrut çapı XXXII / səh-103; "Məhasini-bərqi” II c/ səh-604 / hədis №32.)
İmam Sadiq(ə) buyurur: "Fasiq öz günahını açıq aşkar göstərmək istəyərsə, onun hörməti yox, qeybəti isə caizdir"(«Tühəfül-üqul»: səh-273; «Üsuli-kafi»: II c/ səh-639 / hədis №5; «Vəsailüş-şiə»: VIII c/ səh-413 / hədis №2.)
QEYD: Bu bəhsin sonunda bir neçə mətləbi xüsusilə vurğulamaq istəyirik:
Birinci mətləb: Əgər qeybəti sirri ifşa etmək kimi təfsir etsək (mənalandırsaq), qəsdən, açıq-aşkar günah edənin qeybəti, qeybətin müstəsna hallarından yox, əslində qeybət sayılmaz. Çünki qeyd etdik ki, açıq-aşkar günah barədə danışmaq sirrin üstünü açmaq deyil.
İkinci mətləb: Qeybətin müstəsna halları təkcə nəzərdən keçirdiklərimizlə bitmir. Əksinə, başqa hallar da vardır ki, sözü uzatmamaq üçün onları burada sadalamırıq.("Əlmucazatun-nəbəviyyə”: Misir çapı: səh-66.)
Üçüncü mətləb: Bu və ya digər qeybətin müstəsna hallarıdır demək bəhanəsi ilə qeybətə mübtəla olmamaq üçün diqqətli olmaq lazımdır. Başqa sözlə desək, şəxsi qərəzlər üzündən bu hallardan sui-istifadə etmək, yaxud səhv edərək və qeybətin müstəsna hallarını bilməmək üzündən cəhənnəm əzabını özünə qazanmaq olmaz. Əksinə, ikisindən birinin ən əhəmiyyətlisini seçmək qaydasını həmişə yadda saxlamaq lazımdır. Bu barədə lazımi məsləhət sabit olarsa, tam hərtərəfli araşdırmaqla qeybət edilə bilər. Çünki biz bilirik ki, qeybət həqqünnasdır (insanların hüququdur). Qeybəti olunan razı olmayınca günah bağışlanmır.
Dördüncü mətləb: Bəzən başqasının günah və eyiblərini danışmaq xalq arasında əxlaqsızlığın yayılmasına səbəb olub günahın iyrəncliyi itir. Belə hallarda insanın qəsdən açıq-aşkar günah etməsinə baxmayaraq, mühüm bir məsələ olmazsa, qeybətdən çəkinmək lazımdır. Bəhsin xülasə və nəticəsi budur ki, ümumiyyətlə qeybət iki məqamda caizdir: mühüm bir məsələ nəzərdə tutulduqda və qeybəti olunan qəsdən, açıq-aşkar günah etdikdə. Onun icazəsi lazımi məsələ ilə bağlı deyildir. Bu iki haldan başqa tam surətdə diqqətli olub müstəsna halların bəhanəsi ilə günaha batmaq olmaz.

Şərh yaz


Məxfi kod
Yenilə