Çərşənbə axşamı, 05 Noyabr 2019 13:59

Peyğəmbərimizin (s) yetim qalmasının hikməti nədir?

Peyğəmbərimizin (s) yetim qalmasının hikməti nədir?

Əgər Peyğəmbərin (s) həyatına nəzər salsaq, ilk diqqətimizi cəlb edən şey Həzrətin (s) körpə ikən yetim qalması olar. O zaman ki, Aminə xanım ona hamilə qalır, atası Abdullah dünyasını dəyişir. Anası Aminə isə Həzrətin (s) 5-6 yaşı olan zaman vəfat edir. Beləliklə, Peyğəmbərin (s) nə atası olur, nə də anası.

 

İnsan üçün valideynlərini itirmək və yetim qalmaq çox ağır bir müsibət olmasına baxmayaraq, Həzrətin (s) uca ruhu bu hadisələrə tab gətirir.

 

İmam Sadiqə (ə) sual verirlər ki, niyə Peyğəmbər (s) yetim qalmışdır. Həzrət (s) buyurur: “Allah Təala Peyğəmbərini yetim etdi ki, heç kəsə itaət etmək boynunda olmasın”.

 

İmam Rza (ə) buyurur: “Peyğəmbərin (s) yetim qalması ona görə idi ki, heç bir məxluqun haqqı onun boynunda olmasın”.

 

Valideynlərini itirən Həzrəti (s) əvvəl babası Əbdülmüttəlib, sonra isə əmisi Əbutalib himayə edir. Onlar bacardıqları qədər Həzrətə (s) sevgi və məhəbbət göstərirdilər. Ancaq təbii ki, hətta bu cür məhəbbət də valideynlərin sevgisinin yerini verə bilməz.

 

Allah Təala Quranda buyurur ki, Peyğəmbər (s) yetim qalandan sonra onun qəyyumu Uca Allahın Özü olmuşdur. “Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?). (“Zuha” 6).

 

Bəli, Peyğəmbərin (s) tərbiyəçisi Allah olmuşdur. Həzrətdən (s) gələn hədisdə oxuyuruq ki, buyurur: “Allahım mənim tərbiyəmi Öz öhdəsinə götürmüş və məni gözəl tərbiyə etmişdir”.

 

Allah Quranda buyurur: “Və səni fəqir və ehtiyac (içində) tapıb, ehtiyacsız etdi”. Yəni, Peyğəmbər (s) yoxsul olmasına baxmayaraq, ən zəngin xanım olan Xədicə (ə.s) ilə ailə qurur və ehtiyacsız olur.

 

Həzrət Peyğəmbər (s) yetim olmağın acılığını bütün varlığı ilə hiss etmişdi. Bu səbəbdən Allah ona tövsiyə verir ki, yetimlərə xüsusi diqqətli olsun.

 

O zaman ki, Allah kiməsə nemət verir, onun şükrü üçün həmin nemətin aşkar olunması lazımlıdır. Həzrət Peyğəmbər (s) yetim qalmağını bir nemət adlandırır və bunu insanlara danışır. Ancaq bu, o demək deyildir ki, Həzrət (s) yetimliyi ilə fəxr edir. Xeyr, sadəcə Həzrət (s) yetim qalmasından sonra Allah tərəfindən himayə olmasını insanlarla bölüşür. Axı Allahın onu himayə etməsi bir nemətdir və neməti aşkar etmək lazımdır.

 

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Həqiqətən Allah o bəndəsinə ki, nemət verər – istəyər ki, o nemətin təsirini onda görsün”. (Həvzəh)

 

İmam Əli (ə) buyurur: “Allah gözəldir və gözəlliyi sevir. İstəyir ki, nemətinin təsirini bəndəsində görsün”.

 

Şərh yaz


Məxfi kod
Yenilə