Bazar ertəsi, 04 Fevral 2019 11:54

Səhv ünvanlanan müraciət

Səhv ünvanlanan müraciət

Deputatlardan birisinin: "Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız uşağı yoxdur” – deməsi, məni dərindən sarsıtdı. Deputat, ölkədə monitorinq keçirən bir xarici təşkilatın yayadığı hesabata münasibət bildirərkən bunu deyib. Ən qəribəsi isə budur ki, vəziyyətin bu cür olmasını deputat nədənsə məhz dini caminin üzərinə atır. Deputat dini qurumlara müraciət də ünvanlayıb ki, bəs vaizlər əhvalatlar danışmaqdansa, ailələri elmin dəyəri ilə bağlı maarifləndirsinlər.

 

Burada diqqət çəkən mövzular çoxdur. Sıra ilə bu mövzulara nəzər yetirək. İlk olaraq, deputat ölkədə təhsil müəssisələrinin, elmi təyinatlarla işləyən mərkəzlərin heç bir dərdə dəymədiklərini təsdiq edib. Yəni, onlardan xeyir gəlsəydi, bu müraciət dini qurumlara deyil, məhz onlara ünvanlanardı.

 

Görünən budur ki, bölgələrdə təhsil alan qızların sayının minimuma enməsi, rəsmi qurumları o qədər də narahat eləmir. Əgər deputat bu mövzu ilə bağlı Milli Məclisdə rəsmi olaraq məsələ qaldırmırsa, ölkədə bu işə məsul olanları hərəkətə keçməyə səsləmirsə, qızları məktəblərə cəlb edəcək bir platforma hazırlanması istıqamətində işlər görülmürsə – deməli bu, ölkə rəsmiləri üçün o qədər də əhəmiyyət kəsb etmir. Deputatın bu narahatlığı səmimi görünmür.

 

Daha bir problem isə deputatın dini düzgün analaya bilməməsindədir. Qeyd edilən yazıda Hacı Zeynalabidin Tağıyevin qızlar üçün tikdiyi məktəbdən söhbət açır. Amma bu gün qızların təhsildən yayınmasının səbəbini nə üçünsə dində və ya dindarlıqda axtarır. Əgər bir dindar 100 il öncə bu istiqamətdə bir üfüq açıbsa, bu gün dindarları günahlandırma heç bir məntiqə sığmaz.

Dinimiz hər zaman elmə, təhsilə təşviq edir. Həzrət Rəsulallah (s) buyurur: “Hər bir müsəlman qadına və kişiyə elm öyrənmək vacibdir”.

 

Bir də ölkənin bir bölgəsində ümumiyyətlə qızlar məktəbə getmirsə, bunu dindarlıqla deyil, əslində təhsil sistemindəki biabırçılıqlarla əlaqələndirmək məntiqli olardı.

Bəs dindar olmayanlar qızlarını məktəbə nə üçün göndərmir? Ən əsası isə, təhsildə məgər tək problem – davamiyyət mövzusudur?!

Deməli, mövzu dindar və ya qeyri-dindardan yox, əslində təhsil sistemindən getməlidir.

 

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

Şərh yaz


Məxfi kod
Yenilə