Bazar, 26 Avqust 2018 12:15

Qədir-Xum Əlini (ə), Əli (ə) isə Qədir-Xumu tanıdır

Qədir-Xum Əlini (ə), Əli (ə) isə Qədir-Xumu tanıdır

"Təfisir Mizan"ın müəllifi Əllamə Təbatəbai Qurani-Kərimin təfsirində mənbə kimi Qurani-Kərimin özündən istifadə edib. Dəlil olaraq da qeyd edib ki, “Qurani Kərimin ayətləri nurdur, digər sözlər onun müqabilində zülmətdir. Nuru təfsir etmək üçün zülmətdən necə istifadə edilə bilər?”.

Bu baxımdan biz Qədir-Xumun mahiyyətini dərk etmək üçün dağa-daşa düşməməliyik. Yəni, Qədir-Xum ilə Əlini (ə), Əli (ə) ilə Qədir-Xumu tanıda bilərik.

 

İlk olaraq Qədir-Xumu Əli (ə) qapısından daxil olaraq izah etməyə çalışaq.

 

Kəbənin divarlarının birinin yarılması ilə içəri daxil olan Fatimə binti Əsəd 3 gün sonra qucağında bir uşaqla xaric olur. Alimlər qeyd edirlər ki, məhz divarın yarılaraq Fatimə xanımın içəri daxil olmasında İlahi hikmət var idi. Belə ki, qapıdan daxil olsa idi, sonralar Əli (ə) ilə eyni şərəfə sahib olmaq üçün digər xanımları da qapıdan Kəbəyə daxil edib, doğumlarını orada reallaşdıra bilərdirlər. Amma bu, bir İlahi iradə olmalı idi ki, təkrarlana bilməsin.

 

Həzrət Əli (ə) bütün uşaqlıq dövrünü Həzrət Muhəmmədin (ə) yanında keçirdib, o Həzrətin (s) tərbiyəsi altında formalaşıb.

Mütəvatir buyuruşlara görə, Qurani-Kərimdə İmam Əlinin (ə) şənində 300 ayə nazil olub.

Rəsulallah (s) İmam Əlinin (ə) Xəndək döyüşündə vurduğu zərbəni bütün ins və cinin ibadətindən üstün bir əməl kimsi tanıdıb.

Rəsulallah Xeybər döyüşündə İmam Əlini (ə) Allahın sevdiyi və onu da Allahı sevən birisi kimi tanıdıb.

Qurani-Kərimin “Ali-İmran” surəsinin 61-ci ayəsində olan işarə ilə və “Mənzilət” hədisində peyğəmbərlikdən başqa bütün xüsusiyyətlərdə İmam Əlinin (ə) Rəsulallahla (s) şərik olduğu qeyd edilir.

Ühüd döyüşündə Cəbrayılın (ə): “Əlidən(ə) başqa igid, Zülfüqardan başqa qılınc yoxdur” sədası səmanı bürüyüb.

 

Əslində İmam Əlinin (ə) şənində nələrinsə yazıya tökülməsi qeyri-mümkündür. Zira Əli (ə) bir İlahi ayətdir ki, şənində Rəsulallah (s) buyurur: “Ya Əli, Allahı səndən və məndən, məni Allahdan və səndən, səni isə Allahdan və məndən başqa kimsə lazımı qədər tanıya bilmədi”.

 

Qədir-Xum günü ümmətə əmanət qoyulan vilayət neməti gör nə qədər dəyərli və şəni ucadır ki, Rəbbimiz onu məhz Rəsulallahın (s) tərbiyəsi ilə böyüyən, əti-qanı İslami rəngə bürünən və bütün mədhlərin fövqündə dayanan Əlinin (ə) şəxsinə layiq bilir.

 

İndi isə Qədir-Xum qapısından daxil olaraq, İmam Əlini (ə) tanıyaq.

Qədir-Xum – Allahın insanlıq üçün təyin etdiyi kamil yolun ümmətə təqdim edildiyi bir gündür. Bu günü görmək, onu dərk etmək – bütün əsrlərdə yaşayan pak fitrətli insanların arzuları olub. Həzrət Yunusun (ə) balığın qarnından sağ qurtulması, Həzrət İbrahimin (ə) Kəbəni tikməsi, mancanaqla oda atılanda da yanmaması, Həzrət Musanin (ə) dənizi yarması, Həzrət Əyyubun (ə) müsibətlər qarşısında səbirli olması, Həzrət İsanın (ə) ölünü diriltməsi və s. baş verən nəhəng hadisələr – mahiyyətcə Qədir-Xum üçün müqəddimələr idi.

Onlar çox gözəl anlayırdılar ki, qarşılaşdıqları bu misilsiz çətinliklər Qədir-Xum günü təqdim ediləcək kamil din üçündür, bunun yolundadır.

 

Allah Təala Qurani-Kərimdə yer üzündə varislərin məhz müstəzəflərin olacağı vədini verib. Bu müstəzəflər təqdim edilən kamil dinin daşıyıcıları olacaq. Yəni, yer üzünün son varisləri məhz Qədir-Xum günü təqdim edilən dinin daşıyıcılarıdır.

Ümumiləşdirsək, onu deyə bilərik ki, dünya yaranan gündən bir-birini əvəzləyən İlahi təqdir, Qədir-Xum gününün reallaşması üçün cərəyan edib. Ən əsası isə - Axərəz-zəmanda bütün dünyanı ədalətlə dolduracaq İlahi höccət, məhz bu kamil dinin daşıyıcısı olacaq. Bütün üstünlükləri kənara qoysaq belə, məhz bu fakt Qədir-Xum gününün əhəmiyyətini anlamaq üçün bəs edər.

 

Gör Əlinin (ə) şəni nə qədər əzəmətli və vəsfəgəlməz bir üstünlüyə malikdir ki, bütün peyğəmbərlərin (ə) çətinliklərə sinə gələrək öhdəsindən gəldikləri vəzifələrinin nəticəsi olan Qədir-Xum günündə ümmətə təqdim edilən vilayət neməti, məhz o Həzrətə (ə) həvalə edilib.

 

İlahi, bizə tanıtdırıb sevdirdiyin Qədir-Xum və Əli (ə) nemətlərinin şükrünü yerinə yetirməyə müvəffəq et.

 

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

Şərh yaz


Məxfi kod
Yenilə