Bazar, 17 Dekabr 2017 11:28

Peyğəmbərimizin (s) qurduğu İlahi sistemin 7 əsası

Peyğəmbərimizin (s) qurduğu İlahi sistemin 7 əsası

Sevimli Peyğəmbərimizin mövlud həfətəsini arxada qoyduq. Peyğəmbərimizin (s) həyatına hansı baxış bucağından baxsaq, həmin sahənin ən ali nümunəsinə sahib olduğunun şahidi olarıq.

 

Peyğəmbərimiz (s) sivilizasiyanın, tərəqqinin anlaşılmadığı insanlıq adına ən aşağı mərhələdə qərarlaşan bir cəmiyyətdən ən ali və tərəqqi edən cəmiyyət yaratmaqla, öz möcüzəsini göstərdi.

 

İmam Əli (ə) Peyğəmbərdən (s) öncəki dövrü belə təsəvvür edir: “Allah Təala Həzrət Muhəmmədi bəşəriyyəti, pis işlərdən çəkindirsin deyə Peyğəmbər göndərdi. Onu öz vəhyinin daşıyıcısı qərar verdi. Həmin vaxt siz ərəblər ən pis dinə sitayiş edir, qayalar arasında ilanların içərsində gün keçirirdiniz. Çirkab sular içir (kərtənkələ kimi) çirkin yeməklər yeyir, bir-birinizin qanını axıdır, qohumlarla əlaqəni kəsirdiniz. İbadət etdiyiniz yanlız bütlər idi. Günahlardan qətiyyən çəkinmirdiniz”.

 

Qurani-Kərimdə (“Nəhl” surəsi 60-61) həmin dövr belə təsəvvür olunur: “Onlaradan hər hansı birinə qızı olduğu baradə müjdə verildikdə, qəzəblənib rəngi qaralardı. Bu xəbər nəticəsində o, öz qövmündən uzaqlaşır, yeni doğulmuş körpəni zəlilliklə qəbul etməsi və ya onu diri-diri torpağa gönməsi haqqında düşünərdi. Onlar necə də pis mühakimə yürüdürlər”.

 

Peyğəmbərimizdən (s) öncə ərəblərin durumu ilə bağlı kifayət qədər geniş şəkildə araşdırmalar var ki, biz yalnız həmin dövrlə bağlı qısa formada mütəffəkkirlərin fikrini və elmi-akademik səviyyə ilə bağlı durumu qeyd edəcəyik.

 

Ərəblərin Peyğəmbərimizdən (s) öncəki durumu ilə bağlı Tomas Karolayl bunları qeyd edir: “Allah ərəbləri İslam sayəsində zülmətdən nura doğru yönəltdi. Heç bir səs-sorağı olmayan millət, qısa müddət ərzində bütün dünyaya səs saldı. İslamın meydana gəlməsindən heç bir əsr keçməmişdi ki, ərəblərin bir ayağı Hindistanda, digər ayağı (İspaniyada) Əndəlusda idi”.

 

Görkəmli Qərb tarixçilərindən Meysyuman yazır: “Ərəbləri bütün dünyaya tanıdan bu hadisədən (İslamın gəlişindən) qabaq Ərəbistan dünyanın nə mədəni, nə elmi həyatında tanınırdı”.

 

Həmin dövrdəki elmi duruma baxsaq, İslamın meydana gəldiyi vaxt Qüreyşdə vur-tut cəmi 17 nəfər oxuyub yazmağı bacarırdı. Mədinədə isə Ovs və Xəzrəc qəbilələri arasında savadı olan 11 şəxs var idi.

 

Allah Təala Həzrət Peyğəmbər (s) vasitəsi ilə ən ideal sistemin İlahi sistem olduğunu göstərdi. İslam qısa bir zamanda mənəvi, iqtisadi və siyasi baxımdan böyük uğurlara imza atdı. Qüsursuz olan bu İlahi sistem, dövrün ən böyük sütunları olan sarsılmaz imperiyaları təşvişə saldı.

 

Həzrət Peyğəmbər (s) İlahi möcüzə sayəsində bu qüsursuz sistemi nümunə olaraq bütün bəşəriyyətə təqdim etdi. Bu İlahi konsepsiyanı, İlahi mesajı dünyaya çatdırdı. Bununla kifayətlənməyərək, əməldə həyatın fərdi və ictimai yönlərində də bu ilahi konsepsiyanın mükəmməlliyini isbat etdi. İdeal sistem nümunəsini yaratdı və bunu bütün bəşər üçün nümunə qoyaraq, aramızdan ayrıldı.

 

Müsəlmanlar Peyğəmbərimizin (s) 23 illik dönənimdə bu İlahi sistemə sadiq qaldıqları üçün, bu gündən fərqli olaraq, həyatın bütün sahələrində yüksək zirvələri fəth etdilər. Bu dövrdə elmin, tərəqqinin sivilizasiya nöqtəsini İslam müəyyən edirdi. Heç kim həmin dövrdə elm və tərəqqidə İslama nəinki qarşı çıxmır və onu qabaqlamır, əslində elmin əlifbasını İslamdan öyrənirdilər. İslamın yaratdığı mədəniyyətdən və sivilizasiyadan bütün dünya təsirləndi və bundan yalnız elmi və maddi yöndə istifadə edərək, böyük uğurlar əldə etdilər.

 

Peyğəmbərimizin (s) qurduğu İlahi sistemin əsasını 7 xüsusiyyət təşkil edirdi:

1. İman və mənəviyyat.

2. Ədalət.

3. Elm və bilik.

4. Səmimiyyət və qardaşlıq.

5. Əxlaq və rəftarda düzgünlük.

6. İqtidar və izzət.

7. Hərəkət və daimi inkişaf.

 

Həzrət Peyğəmbər (s) quruluşunda dayanmaq yoxdur, daim hərəkət, iş və inkişaf var. Nə vaxtsa “daha bitdi, indi oturub istirahət edək” demirlər. Belə bir şey yoxdur.

 

Bəziləri müsəlmanların geridə qalmasını İslamın günümüzün tələblərinə cavab verməməsi kimi qələmə verməyə cəhd edirlər. Məsələnin əslini təhlil etdikdə, bu nəticəyə gəlmək olar ki, Qərb elmi-texnololji müstəvidə müzakirəsiz böyük uğurlar əldə edib. Lakin bu uğuru biz mənəvi-əxlaqi müstəvidə də söyləyə bilərikmi?!

 

Qərbin bu gün təqdim etdiyi ideal insan nümunəsi öz mənəvi kimliyindən uzaq, daim şəxsi istəkləri üçün hər şeyi qurban verən və bu zaman heç bir ədaləti, insanlıq amilini gözləmədən bir çox qarşısı alına bilməz böyük yanlışlıqlara imza atanın biri canlanır.

 

Bu gün Avropanın yaşadığı vücudi böhran – daha çox həyatla bağlı düzgün nəzəriyyəni, qüsursuz ədalətli sistem nümunəsini ortaya qoya bilməməsidir.

Amma Qərb insanı etiraz edir, bu durumla barışmaq istəmir. Əgər bu sistem Tramp kimisini prezident seçirsə və bu sistem bütün yazılan və yazılmayan qanunları pozub, Qüdsü İsrailin paytaxtı elan edirsə - Qərb insanı bu sistemi istəmir və çəkinmədən buna etiraz edir. Bu ədalətsizlikdən qurtulub yeni bir ədalətli dünyanın və ölkəsinin güzəranını pozmayan bir sistem istəyir.

 

Heç şübhəsiz, əslində tək müsəlmanların deyil, bütün bəşərin geridə qalmasının ən böyük səbəbi – bəşərin ən ali nümunəsini tərk edib, Böyük Peyğəmbərimizin (s) gətirdiyi İlahi ideal sistemdən üz döndərməsindədir.

 

"Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik". ("Ənbiya", 107).

 

"Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir". ("Əhzab", 21).

 

Süleyman Rüstəmov

Şərh yaz


Məxfi kod
Yenilə