Bazar, 23 Aprel 2017 10:45

Islamda evlənmə və ailə hüququ-2 (OTUZ DÖRDÜNCÜ FƏSİLـ LAYİQLİ KİŞİNİN XÜSUSİYYƏTLƏRİ)

 Islamda evlənmə və ailə hüququ-2 (OTUZ DÖRDÜNCÜ FƏSİLـ LAYİQLİ KİŞİNİN XÜSUSİYYƏTLƏRİ)

OTUZ DÖRDÜNCÜ FƏSİL
LAYİQLİ KİŞİNİN XÜSUSİYYƏTLƏRİ


Əməli saleh qadına malik olmaq kişilər üçün ən böyük səadət və xoşbəxtlik olduğu kimi, bütün qadınlar üçün də layiqli ər ən böyük xoşbəxtlik hesab olunur. Bütün ailələr, xüsusilə ata və analar öz övladlarının, ələlxüsus qızlarının taleyi barəsində həmişə həyəcanda, iztirabdadırlar, bu barədə özlərini məsuliyyətli hesab edir, layiqli kürəkən seçmək üçün səy göstərirlər. İyirminci fəsildə qeyd olunduğu kimi, həyat yoldaşı seçərkən emosiyalara, zövqlərə uymamalı, dəqiq araşdırma aparmadan bir kəslə evlənməməli, bu məsələdə İlahinin dərgahından imdad diləməli, islami şərtləri kürəkəndə nəzərə almalı, vəsvaslıq olmadan, Allaha təvəkkül edərək bu müqəddəs işi yerinə yetirməliyik. Ata qızını ərə verməklə onun ağır bir məsuliyyət sayılan qorunub saxlanmasını öz öhdəsindən gələcəkdə şərtlərə malik olan şəxsin öhdəsinə qoyur. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu məsuliyyətin ağırlığı barəsində buyurur:

"Hər kəsin qızı olsa, (onun tərbiyəsi və böyüdülüb boya-başa çatdırılmasına diqqət yetirməklə) həmişə məşəqqətdə və çətinlikdədir.”[118]

Həzrət başqa bir hədisdə buyurur:

"Dünyanın müşkülləri və çətinlikləri beş şeydədir, onlardan biri də, hətta bir dənə olsa belə qıza malik olmaqdır.”[119]

Ola bilsin ki, bu hədis əvvəldə əziz oxuculara təəccüblü görünsün, amma qızın təlim-tərbiyəsində evdarlıq məsələlərini və ərin hüquqlarını öyrənməsinə, habelə onu saxlamaqda ardıcıl nəzarətə, onun öz rəfiqələri ilə rəftarına, elm və bilik kəsb etməsinə və s.-yə diqqət yetirməklə bu həqiqət aydın olur ki, qıza malik olub onun məsuliyyətini öhdəyə almaq son dərəcədə həssas və ağırdır. Belə ki, İmam Sadiq (əleyhissalam) qızın ya təbii ölümünü, ya da ərə getməsini ata üçün aramlıq amili bilir.[120]

Buna görə də qızların hörmətli valideynləri çox ayıq olub kürəkən seçərkən islami şərtləri nəzərdə almalıdır. İndi isə Quran ayələri və Əhli-beyt (əleyhissalam) hədislərindən istifadə edərək layiqli kürəkənin xüsiyyətlərini araşdırırıq. Ümidvarıq ki, əziz oxucuların ürəyincə olmuş olsun.

1-Dindarlıq və təqva

Qızlar ərə getdikdən sonra ərinin ixtiyarında və təbbi olaraq onların istəklərinə tabe olduqlarına görə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) onları ər evində əsir adlandırır.[121]

Buna əsasən, ərin təqvası və dindarlığı qadının xoşbəxt olmasının ilkin və əsas şərtidir. Bu şərtin mövcudluğu ərinə hər növ əzab-əziyyət yetirməsinin qarşısını alır, onun hüquqlarına hörmət qoymasına səbəb olur. İmam Baqir (əleyhissalam)-ın səhabələrindən olan Əliyyibni Əsbat, Həzrətin hüzuruna gəlib qızını ərə vermək barədə vəzifəsinin nədən ibarət olduğunu soruşdu, Həzrət buyurdu:

"Mən sənin məqsədini başa düşdüm, ey Əliyyibni Əsbat. Sən heç vaxt özün kimi kürəkən tapa bilməzsən. Bu barədə çox ciddi olma, Allahın rəhməti sənə olsun. Çünki cəddim Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur ki, əgər elçiliyə gələn şəxs dindar və əxlaqlı olsa, qızınızı ona verin.”[122]

İmam (əleyhissalam) bu hədisdə təqva və dindarlığı kürəkən seçməyin əsas şərti bilir. Başqa hədisdə buyurlur ki, bir kəs İmam Müctəba (əleyhissalam)-ın hüzuruna gəlib qızını ərə vermək barəsində Həzrətlə məşvərət etdi. Həzrət buyurdu: "Qızını təqvalı və Allahdan qorxan bir kəsə ərə ver. Çünki əgər o, qızını sevərsə, onun ehtiramını saxlayar, yox əgər sevməzsə, ona zülm etməz.”[123]

İmam Baqir (əleyhissalam) buyurur: "Bir kəs sizin qızınızın elçiliyinə gəlsə və siz onun dinini, əmanətdarlığını bəyənsəniz, onda hər kəs olursa olsun, qızınızı ona verin.”[124]

Bu və bunun kimi digər hədislər, ərin dindarlığı və təqvasını onun layiqliliyinin əsas şərti bilir və bu kimi şəxslərlə evlənib ailə qurmağı maneəsiz bildirir.
TƏQVASIZ KÜRƏKƏN VƏ YA ƏBƏDİ OD

Müqəddəs islam dini təqvalıları nə qədər tərifləyibsə, onun da müqabilində təqvasız, pozğun və fasiq şəxslərə qız verməyi qadağan edərək bu cür şəxslərlə evlənməyi əbədi bir bəla, od hesab etmişdir. Öz qızını fasid, qumarbaz, münhərif, şərabxor və s. kimi əxlaqi rəzilətlərə malik olan pozğun şəxsə ərə verən ata-ana həqiqətdə öz qızını evindən çıxarıb əbədi cəhənnəm əzabına düçar etmişdir. Hədislərdə varid olub ki, belə olan hallarda öz əziz qızını zina və fəsad evinə göndərmişdir. Çünki təqvasız kürəkən onun qızının başına hər bəlanı gətirə bilər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hər kəs öz qızını şərab içənə ərə versə, sanki onu zinaya tərəf sürükləmişdir.” [125]

Həzrət başqa bir hədisdə buyurur:

"Hər kəs öz qızını fasid (əxlaqı pozğun) adama ərə versə, onunla (öz qızı ilə) qohumluq əlaqələrini kəsmişdir.”[126]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Müəyyən şərtlər daxilində əgər imansız olan qızlarla evlənsəniz, bunun eybi yoxdur. Amma öz qızlarınızı imansız, təqvasız və Əhli-beytlə müxalif olan şəxslərə ərə verməyin. Çünki arvad ərinin əxlaq və tərbiyəsinin təsiri altına düşür və adətən kişilər arvadlarını öz dinlərini (əqidələri) qəbul etməyə məcbur edirlər.”[127]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Hər kəs öz qızını fasiq şəxsə ərə versə, hər gün onun üçün min lənət nazil olar.”[128]

Bu hədsilər Məsum rəhbərlərin kürəkən seçməkdəki kəlamlarını çatdırır və bildirir ki, onun təqva və dindarlığı üstün və fizilətli olmasının əsas meyarıdır. Onlar təqvasızlığı hər növ əxlaqi fəsad, inhiraf və bədbəxtliyin mənşəyi kimi təqdim edirlər. Əgər kürəkən təqvalı olsa, həyat yoldaşının hüquqlarına riayət edəcək, mənzil işlərində ona kömək edəcək, onun çəkdiyi zəhmətlərin qədrini biləcək, onunla gözəl əxlaq əsasında rəftar edəcəkdir. Amma təqvasız bir şəxs arvadın çəkdiyi zəhmətlərin qədrini bilmir; üstəlik o, həmişə öz mənafeyini nəzərə alır, özünün bütün məqsədləri də məhz bu əsasda cərəyan edir, həyat yoldaşına və övladlarına azacıq belə diqqət yetirmir. Təqvasız insan özünün və həyat yoldaşının şərəf, heysiyyət və fəzilətini nəzərə almır, həmişə nəfsani ehtiraslara, şəhvətlərə təslim olur. Əziz oxucular hökmən bu cür şəxslərin nümunələrini görmüşlər və bilirlər ki, onlar necə həyat yoldaşına zülm edirlər, onların əxlaqını pozub inhirafa çəkirlər, şəxsiyyətini və heysiyyətini öz şəhvəti üçün oyuncağa çevirirlər, onun həqiqi mənəvi dəyərlərinə azacıq əhəmiyyət vermirlər, öz həyat yoldaşını elə yerlərə aparırlar ki, onun ailəsinin məsləhətinin əksinədir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in "hər kəs qızını fasiq və şərab içənə ərə versə, onu zinaya vadar etmişdir” kəlamı da məhz bu məsələyə işarədir.

Bu fəslin axırında Həzrət Əli (əleyhissalam)-dan təqvanın ifa etdiyi rol barəsində bir hədisi qeyd edirik:

"Həqiqətən Allah qarşısında təqvalı olmaq–hidayət açarı, qiyamət günü üçün zəxirə (yol ehtiyatı), şəhvət və həvayi-nəfs zəncirlərindən azad olma səbəbi və həlakətdən, puçluqdan qurtuluş rəmzidir.”[129]
OTUZ BEŞİNCİ FƏSİL

2-Ərin əxlaqı və ciddiyyəti

İslami əxlaqa malik olmaq, ailə qayda-qanunları ilə tanışlıq ər üçün böyük bir üstünlük və məziyyət sayılır. Bu xüsusiyyətə malik olan bir kişi öz həyat yoldaşına qarşı çox mehriban olub ailənin bütün ehtiyaclarını təmin edir. Ailə əxlaqı islami məsələlər və dini etiqadlar əsasında olmalıdır. Dinə əsaslanmayan, zahirdə gözəl və aldadıcı, Əmr As kimilərin Əbu Musaları aldatmaqda işlətdiyi hiyləgər əxlaqlara tam təəssüflə həyat yoldaşı seçməkdə çox rast gəlinir. Adətən ləyaqətsiz fərdlər də aldadıcı sözlərlə qarşı tərəfi düzgün yolu seçməkdən azdırır və az bir keçdikdən sonra məlum olur ki, istədiyi şəxsin heç də həqiqi əxlaqı və dini dəyəri yox imiş. Buna əsasən, belə hallarda fərdlərin əməli hərəkətlərinə diqqət yetirmək bizi həqiqətə daha yaxınlaşdırır. Çoxlu rəvayətlərdə gözəl əxlaq, ailə nəvazişi kimi təbirlər bir-birinin yanında gələrək imanın bir hissəsi kimi göstərilir. Bunlar göstərir ki, gözəl əxlaq ailə mühitində müsbət təsirə malikdir. Bizim dini rəhbərlərimiz də kürəkənin dini əxlaqını evlənmədə əsas şərt və həyat yoldaşının xoşbəxtliyi kimi təqdim edilmişdir. Burada nümunə üçün Əhli-beytdən (əleyhissalam) nəql olunun bir neçə hədisi qeyd edirik:

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"İman cəhətindən ən yaxşı şəxs odur ki, gözəl və islami əxlaqa malik olub öz ailəsinə, əhl-əyalına mehriban olsun; və mən öz ailəmə qarşı sizin hamınızdan daha mehribanam.”[130]

Həzrət başqa bir hədisdə buyurur:

"Həqiqətən möminlərin iman cəhətindən ən kamil olanı–əxlaq cəhətindən ən gözəl və öz qadınlarına qarşı mehriban olanlarıdır.”[131]

Hüseyn ibni Bəşşar deyir: Mənim qohumlarımdan biri qızıma elçi gəlmişdi. Amma əxlaqı pis idi. Mən bir məktub yazıb İmam Riza (əleyhissalam)-dan bu barədə məsləhət aldım. İmam (əleyhissalam) yazdı ki, əgər bədəxlaqdırsa, qızını ona vermə.”[132]

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Bir gün Peyğəmbərin yanında oturmuşduq, Həzrət buyurdu: Qızınıza elçiliyə gələn şəxs əxlaqlı olsa ona mənfi cavab verməyin. Mən soruşdum: Ya Rəsuləllah, əgər ictimai şəxsiyyət və nəsil cəhətindən pis və alçaq olsa, yenə də ona mənfi cavab verməyək? Həzrət buyurdu: Bəli, əgər islami əxlaqa malik olsa, onun elçiliyini qəbul edin, əks halda yer üzündə əxlaqi fəsad və pozğunluqlar baş alıb gedəcəkdir.”[133]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) ailədə səmimi yaşamağın, islami əxlaqa malik olmağın, həyat yoldaşının cüzi xətalarına dözməyin fəziləti və bu işlərin mükafatı barəsində buyurur:

"Hər kəs həyat yoldaşının cüzi xətalarından güzəştə getsə, ona dözsə və onun qarşısında alicənablıq göstərsə, mütəal Allah onun gözəl əxlaqı və səbirliliyi müqabilində onu cəhənnəm odunda yandırmaz, ona cənnəti vacib edər, nameyi-əməlinə iki yüz min həsənə yazar və həmin qədər də günahlarını əfv edər.”[134]

Bu hədislər göstərir ki, ərin əxlaqı qadının xoşbəxt və səadətli olmasında əsas rol oynayır. Bədəxlaq, pozğun və fasid şəxslə evlənməyin nəticəsi isə peşmançılıq və ruhi xəstəliklərə düçar olmaqdır ki, bu səfa-səmimiyyətlə dolu olan həyatı cəhənnəmə, məşəqqət və zəhmətlə dolu bir həyata çevirir.
KİŞİNİN CİDDİ CƏHDLƏ ÇALIŞMASI

Burada bir məsələni qeyd etmək istəyirik: islami və gözəl ailə əxlaqına malik olmağın mənası təkcə bu rəftara malik olmaq deyil: yaxşı rəftar onun yalnız bir hissəsi hesab olunur. Bəyənilən və əxlaqlı kişi odur ki, gözəl əxlaqa malik olmaqla yanaşı onun öhdəsində olan vəzifələri yerinə yetirməkdə, ailənin maddi və mənəvi ehtiyaclarını təmin etməkdə də özündən son dərəcədə ciddiyyət göstərsin, ailənin idarə olunması məsuliyyətini şəxsən öhdəsinə alsın və tənbəl, arsız şəxslər kimi evdə oturub həyat yoldaşını al-verə, gündəlik tələbat mallarını almağa göndərməsin və onu bu kimi işlərə vadar etməsin. Bəzi kişilər evin idarə olunmasında o qədər səhlənkar və laqeyddirlər ki, öz biçarə arvadlarını həyat vəsaitlərini almağa vadar edir və əksər hallarda dilənçiliyə əl açır. Çünki onların həyatı ərlərinin qeyrəsizliyi və tənpərvərliyi əsasında idarə olunur və son dərəcə təəssüflə, qadınların inhirafa, əyri yola düşməsinin əksər hissəsi məhz bu yerdən başlanır. Burada gözəl və mənalı bir hədisi nəzərinizə çatdırırıq.

Həzrət Əli (əleyhissalam) öz övladına göstəriş verir ki:

"Həyat yoldaşına onun şəxsi və taqəti çatmayan işlərdən başqa bir iş təhmil etmə, çünki qadın zərif və incə bir gül kimidir, amma meydanda vuruşan cəngavər deyildir.”[135]

Bu vəsiyyətin oxşarını Məhəmməd Hənəfiyyəyə də yazmış, ona qadınları yaxşı qorumağı tövsiyə etmişdir.[136]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qadın və kişinin iş və vəzifələrini belə bölmüşdür:

Qızı Fatiməyə ev daxili işləri həvalə etmiş, Əli (əleyhissalam)-a isə evdən kənardakı işləri tapşırmışdı. Həzrət Əli (əleyhissalam) təkcə evdən xaricdə olan işləri görmür, eyni zamanda mənzil işlərində də həyat yoldaşı Həzrət Zəhraya kömək edirdi. Çünki həyat yoldaşına kömək etmək, ailə ehtiyaclarını təmin etmək ən yaxşı ibadətlərdən hesab olunur və Allah-taala belə kişilərə şəhidlərin, Allah yolunda cihad edən mücahidlərin savabını verir.[137]

Bəli, qeyrətli kişilər əsla razı olmazlar ki, həyat yoldaşları naməhrəm və yad kişilərlə qarşılaşmasınlar, əri və övladları üçün lazımi şeyləri hazırlasınlar, əksinə qeyrətli həyat yoldaşı son dərəcə ciddi cəhdlə vaxtlı-vaxtında həm evdən xaricdə olan işləri görür, bəzən də imkan daxilində ev daxili işlərdə həyat yoldaşına kömək edir. Əlbəttə, islam qadının iş görməsi ilə müxalif deyil və onları müxtəlif ictimai sahələrdə çalışmağa təşviq edir. (58-ci fəsildə qeyd olunacaqdır.) Amma kişinin tənbəlliyi və tənpərvərliyi tənqid olunur.[138]
OTUZ ALTINCI FƏSİL

3-Dilin paklığı

Dilin yabançı və nalayiq sözlərdən təmiz olması imanın əsəri və kişiliyin həqiqətinin göstəricisidir. Habelə kişinin imtiyazlarından biri sayılır. Təqvalı və həqiqət görən bir şəxs heç vaxt ağzını söyüşlə, nalayiq sözlərlə aludə eləmir. Əgər müəyyən bir mətləbi bəyan edirsə, səhih məntiqlə, aydın dəlillərlə izhar edir. Əsas etibarı ilə söyüş və nalayiq sözlər şəxsin acizliyini, bacarıqsızlığını və məntiqsizliyini göstərir. Buna görə də bizim dini rəhbərlərimiz özləri bu qeyri-səhih yoldan uzaq olmaqla yanaşı, öz ardıcıllarını da bu işdən çəkindirmişlər. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Dil vəhşi və yırtıcı heyvan kimidir, əgər onu azad buraxsan, ilan və əqrəb kimi sancar.”[139]

Həzrətin nəzərində

"Dil nizədən də iti və kəsicidir.”[140]

"Siffeyn” müharibəsində Əli (əleyhissalam)-ın qoşunu fəsad başçısına–Müaviyəyə qarşı nalayiq sözlər və söyüşlər yağdırmaq istədikləri vaxt həzrət öz əsgərlərini bu işdən çəkindirib buyurdu:

"Mən layiq görmürəm ki, siz onları söyəsiniz; əgər məntiqi dəlillərlə onların əməllərinin nəticəsini onlara anlatsanız, daha yaxşı, münasib və hədəfə daha yaxındır.”[141]

Allah-taala buyurur:

"Ey iman gətirənlər, hətta bütpərətstlərə qarşı belə söyüş söyməkdən, nalayiq sözlər danışmaqdan uzaq olun, çünki əgər siz onların bütlərini söysəniz, onlar da anlamamazlıq üzündən sizin Allahınızı söyərlər.”[142]

İmam Baqir (əleyhissalam) buyurur:

"Allah taala ağzı pis və nalayiq sözlərlə dolu olan (adət edən) şəxsləri düşmən tutur.”[143]

Bunlar islami göstərişlərin nümunələrindəndir ki, ictimai hüquq, mədəniyyətin paklığı üçün bəyan olunmuşdur. İslam ardıcılları hətta öz düşmənləri ilə son dərəcə ali məntiqlə danışığa başlayıb hər növ xoşagəlməz və nalayiq sözlər danışmaqdan uzaq olmalıdırlar. Onlar hətta kafir və ya Müaviyə kimi münafiq olsalar belə. Çünki islam mədəniyyətində söyüş və nalayiq danışmağa hətta səbəbi də olsa belə, icazə verilməmişdir. Belə ki, Qurani məcid bu qanunun səbəblərindən birini bəyan edərək buyurur ki, söyüş söymək qarşı tərəfin cürətlənərək söyüş söyməsinə səbəb olur və beləliklə də ictimai mədəniyyətdə ədəbsizlik, söyüş söymək yayılır, dava-dalaş artır, qan tökülür. Buna görə də islam dini göstəriş verir ki, bir-birinizə qarşı söyüş söymək əvəzinə, məhəbbət və səmimiyyət göstərin, gözəl sözlərlə bir-birinizlə danışın. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"İnsanın bütün gözəllikləri və məziyyətləri onun dilində, danışığında gizlənmişdir. Əgər yaxşı danışsan, deməli yaxşı adamsan; yox əgər pis, çirkin və nalayiq sözlər danışsan, onda sənin dəyərin həmin sözlər qədərində olacaqdır.”[144]

Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"”özəl danışın, ta ki gözəl cavab eşidəsiniz.”[145]

Bir tərəfdən söyüş söymək, nalayiq danışmaq hər yerdə və hər kəs üçün bəyənilməz işdir, digər tərəfdən isə onun günahı və zərəri ailənin səfa-səmimiyyətinə, eşq-məhəbbətlə dolu mərkəzinə həddindən artıq mənfi təsir qoyur. Əgər kişi ağzını söyüşlə açarsa, şübhəsiz ki, həyat yoldaşının incə qəlbini sındıracaq, dava-dalaş və nifaq toxumunu səpəcəkdir. Onun nəticəsi də ailə üzvləri arasında sui-zənn, yersiz həyəcanların yaramasına və xülasə ailəyə mənəvi zərbə dəyməsinə səbəb olacaqdır. Bundan əlavə, bu kimi bədrəftarlıqlar və söyüş axirətdə də əsər qoyur və ilahi əzaba səbəb olur. Belə ki, Allah-taala buyurur:

"O kişilər ki, öz qadınlarına və ya sair kəslərə nalayiq sözlər deyirlər, öz iddiaları üçün 4 nəfər adil şəxs şahid gətirməlidirlər, gətirə bilməsələr, tənbeh olunmaları üçün onlara 80 şallaq vurulmalı və ictimaiyyətdə etdikləri şahidliklər qəbul olunmamalıdır. Çünki artıq o, fasiq olmuş və insani dəyərlərini itirmişdir.”[146]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bir hdisdə buyurur:

"Əgər bir kəs öz arvadını zina ilə müttəhim edərsə, ona asimandan Allahın və mələklərin lənəti nazil olar, əməllərindən heç biri qəbul olmaz.”[147]

Həzrət başqa bir hədisdə buyurur:

"Ey camaat, öz qadınlarınızı zina ilə müttəhim etməyin, çünki bu iş onlara təlaq verməyinizə oxşayır. Bilin ki, bu cür nalayiq əməllər insanın bir illik ibadətinin bada getməsinə səbəb olur.”[148]

Bəli, kəbirə günahların əksəriyyəti dil vasitəsi ilə görülür. Ailədə dilin pis və nalayiq sözlərdən qorunması, danışığın gözəlləşdirilməsi həyat yoldaşının məhəbbətini cəlb etməkdə və övladların düzgün tərbiyə edilməsində son dərəcə təsirlidir. Müqəddəs islam dini kişinin danışığının gözəl olmasını onun gözəl imtiyaz və xüsusiyyətlərindən biri kimi qiymətləndirir.
OTUZ YEDDİNCİ FƏSİL

4. Ərin bəxşiş və səxavəti

Bəxşiş və səxavət ali-insani bir sifətdir ki, islam dini onu tövsiyə etmişdir. Bu, ictimai nəzərdən xüsusi əhəmiyyətə malik olmuş, insanlar da ona çox dəyər vermişlər. Ona malik olan şəxsə ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən ehtiram qoyulur. Bundan əlavə, bu ehsan və bəxşiş çoxlu müsbət təsirlər qoyaraq çoxlu xoşagəlməz bəlaların qarşısını alır, ömrün uzanmasında da son dərəcə müsbət təsirə malikdir. Bu iş ruzinin artmasında, fəqirliyin aradan qalxmasında son dərəcə təsirlidir. Qurani kərim və Məsum rəhbərlər öz ardıcıllarını yetimlərə və yoxsullara ehsan, bəxşiş etməyə dəvət edir. Bu işin yerinə yetirilməsini fərdin və ictimaiyyətin xoşbəxtlik amili bilir. Bu məsələni ailə barəsində də daha çox təkidləndirir. Çünki həyatın və məişətin vüsətdə, rifahda olması, ailə üzvlərinə qarşı çox təsirli olub onları bir-birinə qarşı daha mehriban edir, onların qarşılıqlı analaşmada yaşamasına zəmanət verir. Allah-taala buyurur:

"Allahın rəhmət və lütfü ehsan edən (səxavətli) insanlara yaxındır.”[149]

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

"Hər kəsin ehsan və bəxşişi çox olsa, hamı onu sevər.”[150]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Şər (günahkar), amma səxavətli cavan, İlahinin dərgahında abid, amma paxıl qocadan daha sevimlidir.”[151]

Həzrət Musa ilahi görüşə gedəndə Samiri adlı bir şəxs Bəni İsrail qövmünü qəribə planlarla Allahın dinindən ayırdı. Həzrət Musa geri qayıdarkən onun xəyanətlərindən agah olub onu öldürmək qərarına gəldi. Amma Allah taala Musaya xəbər göndərdi ki:

"Samiri səxavətli olduğuna görə onu əfv et və öldürmə.”[152]

Bu cür mətləblər islam hədislərində daha çox gözə dəyir. İmam Baqir (əleyhissalam) buyurur:

"Yaxşı əməl, yaxşılıq və bəxşiş fəqirliyin, yoxsulluğun qarşısını alır, insanın ömrünü uzadır və doxsan növ xoşagəlməz ölümün qarşısını alır.”[153]

Ümumi sədəqə və onların gözəl təsirlərini bəyan edən bu hədislər diqqət mərkəzində olan məsələlər sırasındadır. Bunlardan daha mühüm insanın öz yaxın qohumlarına, ələlxüsus ailə üzvlərinə ehsan etsin, bu iş Allah dərgahında bütün ehsanlardan yaxşıdır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Dini qardaşa ehsan eləməyin 20 həsənəsi, qohum-əqrəbaya ehsan eləməyin isə 24 həsənəsi vardır.”[154]

Həzrət başqa bir hədisdə buyurur:

"Hər kişi səy edib müəyyən miqdarda qazansa və onu öz ailəsinə bağışlasa (xərcləsə) və onların həyatını, yaşayışını firavanlaşdırsa, Allah-taala xərclədiyi hər dirhəmin müqabilində 700 həsənə verər.”[155]
AİLƏYƏ BƏXŞİŞ ETMƏYİN ƏZƏMƏTİ

Qurani məcidin əzəmətli göstərişinə əsasən, adi sədəqənin 10,[156] dini qardaşa sədəqə verməyin 20, yaxın qohum-əqrəbaya ehsan etməyin 24 həsənəsi varsa, ailəyə ehsan edib onların rifahının yüksəldilməsinə sərf edilən hər ehsanın müqabilində 700 savab verilir.

Bu hədislər ailəyə ehsan edilməsinin əhəmiyyətini göstərir. Ev sahibi–kişi gərək ailə üzvlərinin rifahını imkan daxilində yüksəltsin. Bu barədə səhlənkarlıq və ya etinasızlıq edərsə, şübhəsiz ki, sorğu-suala tutulacaqdır. Allah taala səxavətli kişilərə çoxlu savab mərhəmət edəcək, paxıl kişiləri isə cəza verəcəkdir. İmam Riza (əleyhissalam) buyurur:

"Bir kişinin imkanı olarsa, ona vacibdir ki, ailəsinin rifahını yüksəltsin.”[157]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

Başqa bir hədisdə buyurur:


"Səfərdən qayıdanda heç vaxt evə hədiyyəsiz (əliboş) qayıtmayın, hətta bir daş parçası ilə də olsa.”[159]

İmam Sadiq (əleyhissalam) buyurur:

"Hər kəs öz ailəsinin hüququnu pozsa (tapdalasa), etinasız yanaşsa, günahkar sayılır.”[160]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Həyat və məişətinin xərclərini başqasının boynuna atan şəxs məlundur. O şəxs də məlundur ki, ailəsinin hüququnu zay edir.” (Həzrət bu cümləni iki dəfə təkrar etdi.)[161]

Cabir ibni Əbdüllah Ənsari deyir:

Həzrət Peyğəmbərin hüzurunda oturmuşduq. Həzrət buyurdu: "Ümmətimin kişilərinin ən yaxşı xüsusiyyətlərini sizə deyimmi?” Dedik ki, bəli, ya Rəsuləllah! Həzrət buyurdu: "Onların ən yaxşı xüsusiyyətlərindən biri budur ki, bağışlayan və səxavətli olsunlar.”[162]

İmam Riza (əleyhissalam) əsirin barəsində buyurur: 

"(Həyat yoldaşı) Ailə başçısının ixtiyarında olduğu üçün əsir hökmündədir. Buna əsasən, kişilərin vəzifəsi budur ki, imkanı qədər öz ailəsinə bəxşiş etsinlər.”[163]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

"Həqiqətən mömin həyatında Allah taalanın ədəbini əxz edir və əgər Allah ona bir nemət mərhəmət edərsə, o da ailəsinin rifahını yüksəldər və o nemətin şükrünü əməli olaraq yerinə yetirər.”[164]

O Həzrət başqa bir hədisdə buyurur:

"Kişilərin ən yaxşısı odur ki, öz ailəsinə qarşı kobud və təkəbbürlü olmasın, onlara tərəhhüm, nəvaziş və ehsan eləsin.”[165]

Bu hədislərdən aydın olur ki, ailələrə ehsan və bəxşiş etmək Allah dərgahında ən böyük mükafata səbəb olur və bu sifət yaxşı kişilərin gözəl və imtiyazlı sifətləri sayılır; habelə həyat yoldaşının məhəbbətini cəlb etməkdə, ailənin məhəbbət tellərini möhkəmlətməkdə daha təsirlidir və hər şeydən daha artıq ailənin əxlaqi inhirafa yuvarlanıb başqalarına meyl etməsinin qarşısını alır.

 

[118]"Fürui-kafi”, 6-cı cild, səh.6

[119]"İsna əşəriyyə”, səh.204

[120]"Fürui-kafi”, 5-ci cild, səh.328

[121]"Vəsailüş-şiə”, 14-cü cild, səh.52 və 122

[122]"Vəsailüş-şiə”, 14, 51

[123]"Məkarimül-əxlaq”, 204

[124]"Məmkarimül-əxlaq”, səh.204

[125]"Müstədrək”, 2-ci cild, səh.538

[126]"Məkarimül-əxlaq”, səh.204

[127]"Fürui-kafi”, 5-ci cild, səh.348

[128]"Müstədrək”, 2-ci cild, səh.538

[129]"Nəhcül-bəlağə”, 221-ci xütbə.

[130]"Vəsailüş-şiə”, 8-ci cild, səh.507

[131]"Vəsailüş-şiə”, 8-ci cild, səh.509

[132]"Müstədrək”, 2-ci cild, səh.538

[133]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.117

[134]"Məkarmül-əxlaq”, səh.216

[135]"Nəhcül-bəlağə”, 31-ci məktub.

[136]"Şərhi mən la yəhzür”, 13-cü cild, səh.75

[137]"Kənzül-ümmal”, 16-cı cild, səh.341

[138]Bu barədə əlavə məlumat almaq üçün 20-ci və 43-cü fəsillərə baxa bilərsiniz.

[139]"Nəhcül-bəlağə”, 57-ci hikmət

[140]"Qürərül-hikəm”, səh.382

[141]"Nəhcül-bəlağə”, 197-ci xütbə

[142]"ənam” surəsi, ayə:108

[143]"Üsuli kafi”, 2-ci cild, səh.324

[144]"Töhəfül-üqul”, səh.27

[145]"Qürərül-hikəm”, səh.139

[146]"Nur” surəsi, ayə:4

[147]"Biharul-ənvar”, 103-cü cild, səh.249

[148]"Biharul-ənvar”, 103-cü cild, səh.49

[149]"əraf” surəsi, ayə:56

[150]"Qürərül-hikəm”, 658

[151]"Kafi”, 4-cü cild, səh.14

[152]"Vəsailüş-şiə”, 15-ci cild, səh.253

[153]"Səfinə”, 2-ci cild, səh.23

[154]"Fürui-kafi”, 4-cü cild, səh.10

[155]"Məkarimül-əxlaq”, səh.216

[156]"ənam” sursəsi, 16

[157]"Rovzətul-müttəqin”, 5-ci cild, səh.380

[158]"Vəsailüş-şiə”, 15-ci cild səh.227

[159]"Vəsailüş-şiə”, 8-ci cild, səh.337

[160]"Vəsailüş-şiə”, 15-ci cild, səh.251

[161]"Fürui-kafi”, 4-cü cild, səh.12

[162]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.108

[163]"Vəsailüş-şiə”, 15-ci cild, səh.248

[164]"Kafi”, 4-cü cild, səh.12

[165]"Məkarimül-əxlaq”, səh.216

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎