Cümə axşamı, 07 Sentyabr 2017 12:34

QƏDİR XUM – ALLAHIN İSLAMI BİR DİN OLARAQ BƏYƏNDİYİ GÜNDÜR

QƏDİR XUM – ALLAHIN İSLAMI BİR DİN OLARAQ BƏYƏNDİYİ GÜNDÜR
Bismilləhir-Rahmənir-Rahim!



Həmd olsun aləmlərin Rəbbinə ki, bizləri Həzrət Əmirəlmömin Əlinin (ə) vilayətindən yapışan, tutan kəslərdən qərar verdi. Allaha həmd və sənalar olsun ki, bizlərə İmam Əlinin (ə) vilayətini tanımaq tofiqatını nəsib edib. 

«QƏDİR-XUM» - DİNİMİZİN KAMİL OLDUĞU GÜNDÜR



Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc ziyarətindən - «Həccül-vida»dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil oldu. Allah Təala Peyğəmbərə (s) buyururdu: «Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan…». («Maidə» surəsi, 67)

Bundan sonra Peyğəmbər (s) Cuhfə adlı yerdə yol ayrıcına çatanda, dayanmaq barədə göstəriş verdi. Sonra yüz mindən artıq zəvvarın qarşısında, dəvə palanlarından düzəldilmiş minbərin üstünə çıxaraq, müsəlmanlara dedi: «Ey insanlar! Mən tezliklə sizin aranızdan gedəcəyəm, mənim öhdəmdə də məsuliyyət var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət verirsiniz?». Hamı uca səslə dedi: «Biz şəhadət veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə yetirmisən, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim hidayət olmağımız üçün son dərəcə əzmlə çalışmısan, Allah bunun əvəzində sənə savab mükafatı versin!». Sonra Peyğəmbər (s) buyurdu: «Siz Allahın birliyinə, mənim peyğəmbərliyimə, Qiyamət gününün haqq olmasına və həmin gün ölənlərin imtahan vermək üçün yenidən dirilməsinə inanırsınızmı?». Hamı cavabında dedi: «Bəli, inanırıq!». Rəsuli-Əkrəm (s) dedi: «İlahi, şahid ol!». Sonra o, Həzrət Əlinin (ə) əlindən tutub qaldırdı ki, hamı onu görsün, orada olanlar hamısı onu tanısın. Peyğəmbər (s) buyurdu: «Möminlərin özlərinə nisbətdə ən üstün olan şəxs kimdir?» - müsəlmanlar cavab verdi: «Allah və Onun peyğəmbəri daha yaxşı bilir!». Peyğəmbər (s) buyurdu: «Allah Təbarəkə və Təala mənim mövlam və rəhbərimdir, mən isə iman gətirənlərin rəhbəriyəm və onların işlərində özlərindən daha məsuliyyətliyəm!». Sonra buyurdu: «Mən hər kimin rəhbəriyəmsə, bu Əli (ə) onun rəhbəridir». Bu sözləri dörd dəfə təkrar etdi və sonra dua etdi: «İlahi! Əli (ə) ilə dostluq edənlərlə dostluq et, düşmənləri ilə düşmən ol, onu sevənləri sev, ona qarşı qəzəbli olanlara Sən də qəzəbli ol, ona kömək edənlərə kömək et, ona kömək etməkdən boyun qaçıranlara kömək etmə, onu haqqdan ayırma və haqqı həmişə onunla birlikdə et!». Sonra əlavə etdi: «Burada hazır olanların vəzifəsi, bu xəbəri burada olmayanlara çatdırmaqdır».

Peyğəmbərin (s) xütbəsi sona çatandan sonra camaat dağılmamış, Qurani-Kərimin ayəsi nazil oldu: «Bu gün Mən sizin üçün dinimi kamil, höccətimi isə tamam etdim. Sizin üçün din olaraq İslamı bəyəndim…». («Maidə» surəsi, 3)

Bundan sonra Peyğəmbər (s) buyurdu: «Allah böyükdür, Allah bizim üçün öz dinini təkmilləşdirdi və nemətlərini bizim üçün tamam etdi. Mənim peyğəmbərliyimi və Əlinin (ə) məndən sonra canişinim olmasını bəyəndi».

Bu zaman sevinc səsləri ucaldı. Bütün səhabələr Həzrət Əliyə (ə) yaxınlaşaraq, dedilər: «Ya Əli, sən bizim və bütün iman gətirənlərin rəhbəri oldun! Səni təbrik edirik!».

Nazil olunan ayədən görünür ki, Peyğəmbərimizin (s) ömrünün sonunda, mühüm bir məsələ qalmışdı ki, o məsələ həll olunmasa idi, risalət tamamlanmayırdı. Peyğəmbərin 23 illik zəhməti ilə bərabər olan və müsəlmanların bilməsi zəruri olan bu məsələ, onların bildikləri mətləbləri təkrarlamaq deyil, Peyğəmbərdən (s) sonra öz müqəddəratlarının kimə tapşırılması məsələsi idi. Təbii ki, bu məsuliyyət də insanların ən fəzilətlisinə və ən üstününə tapşırılmalı idi ki, bu şərəfli işin öhdəsindən gələ bilsin.

Qədir-Xum – dinin kamilləşmə bayramı, mübarək dinimizin Allah Təala tərəfindən bəyənildiyi bir tarixdir. 

ƏLİ (ə) VİLAYƏTİNƏ GÖRƏ RƏBBİMİZƏ GECƏ-GÜNDÜZ HƏMD DƏ AZDIR



İnancımızın nəzərində həmd ən önəm veriləsi məsələlərdən biridir. Hər gün namazda da biz dəfən-dəfən həmd edirik – “Əlhəmdulilləhi Rabbil-aləmin” deyirik. Təfsirşünaslar Qurani-Kərimdə gələn “həmd” anlamının izahında bəyan edirlər ki, “həmd” mahiyyətcə, zati etibarilə gözəl işlərə aid olur, onlara düşür. Yəni biz, pis işə görə, yaxşı olmayan bir işə görə “həmd” demərik. “Həmd” yalnız gözəl olan məsələlərə aiddir. Bizim hər gün qıldığımız namazda, “Fatihə” surəsində dediyimiz “Əlhəmdulilləhi Rabbil-aləmin” o deməkdir ki, yəni, bir neçə sayda olan deyil, bir neçə formada olan deyil, bütün “həmd”lər, “həmd” adına olan hər nə varsa, hamısı aləmlərin Rəbbi olan Allaha aiddir. Bu o deməkdir ki, bütün “həmd”lər bizləri var edən, bizləri tərbiyə edən, hər an vücud verən, hər an mövcudiyyətimizi təmin edən, hidayət edən, istiqamətləndirən Rəbbimizə aiddir. Çünki, Rəbbimiz bütün bu sadalananları o qədər gözəl edir ki, bütün “həmdlər” yalnız Ona aiddir.

Həmin “Rəbbil-aləmin”in içərisində olan ən mühüm məsələlərdən də biri budur ki, Rəbbimiz bizlərə İmam Əli (ə) vilayətini nəsib edib. Allah Təala insana özünü tanımaq üçün ağıl verib, özünü dərk etmək üçün şüur verib. Əgər gecə-gündüz bunun həmdini etmək istəsək, edib qurtara bilmərik. Hələ başqa məsələlər kənara qalsın, insan ömrü bir dərketmə və şüura malik olmağın həmdini belə etməyə çox azdır. İnsan o qədər çaşıb, o qədər xətalıdır, o qədər unutqandır ki, bəzən vaxtını qəribə-qəribə məsələlərin ardınca getməyə sərf edir. Allah bizlərə sonsuz sayda nemətlər nəsib edib. Amma, bunun ən böyüyü, ən birincisi və ən zərurisi ağıl nemətidir. Əgər ağıl olmasa, Onu tanıya bilmərik, ağıl olmasa, Onun buyuruşlarını anlaya bilmərik. Məhz ağlın hesabına biz Rəbbimizin nəbilərini (ə) tanıya bilirik, nübuvvət nemətindən bəhrələnə bilirik. Biz ağlın hesabına Həzrət Əmirəlmöminin Əlinin (ə) vilayətinin labüdlüyünü, zəruriliyini, birmənalılığını anlaya bilirik. Elə buna görə də bütün həmdlərin Allaha və yalnız Allaha, aləmlərin Rəbbi olan Allaha məxsus olduğunu iqrar edirik. 

QƏDİR XUM – BAYRAMLARIN BAYRAMI



Qədir-Xum gününün xüsusi əməllərindən biri də elə budur ki, möminlər bir-biri ilə görüşən zaman bu zikri ifadə edərlər: “Həmd olsun o Allaha ki, bizləri Həzrət Əmirəlmömininin (s) vilayətindən yapışanlardan, tutanlardan qərar verib”. Bu, Allahın Rəbbliyinin, Rəbb kimi bizə lütf etdiklərinin, Rəbb kimi bizə hədiyyə, inayət etdiklərinin ancaq biridir ki, gecə-gündüz buna görə həmd etsək də azdır. Həmdimiz buna görədir ki, Rəbbimiz bizə ən kamil və gözəl inayəti ilə Həzrət Əlinin (ə) vilayətini tanımağı nəsib edib.

Qədir-Xum günü – bayramların bayramıdır. Qədir-Xum bayramı bəzi hədislərə görə, bayramların ən gözəlidir. Çünki, Qədir-Xum günü elə bir gündür ki, onun haqqında Rəbbimiz Özü Qurani-Kərimdə danışıb. Rəbbimiz bu gün haqqında Özü birbaşa, aydın şəkildə bəyan edir. Rəbbimiz çatdırır ki, Qədir-Xum günü bir gündür ki, dinimiz həmin gün kamala çatıb. Qədir-Xum elə bir gündür ki, bu gündə Həzrət Əlinin (ə) Peyğəmbərdən (s) sonra bütün müsəlman kimliyinə malik olan insanlar üçün vilayətinin elan olunması ilə, Peyğəmbərdən (s) sonra dinin bitmədiyi, İslamın nəzəri olaraq yekunlaşmadığı, dinin əməli yaşantısının Əlini (ə) tanımaqdan və Əli (ə) yolçusu olmaqdan keçməsi bəyan edilir. Bunu Qurani-Kərim dinin kamala çatdığı, nemətlərin tamam olunduğu bir gün kimi bəyan edir. Qurani-Kərim bu günü İslamın bir din olaraq Allah tərəfindən bəyənilmiş olduğu gün kimi bəyan edir. Yəni, Əli (ə) tanımaq olmasa, Həzrət Əmirəlmömininin (ə) vilayətinin dərki olmasa, Həzrət Əlinin (ə) yolçusu olmaq olmasa, din naqis olar, nemətlər tamamlanmaz, İslam Allah tərəfindən bəyənilmiş halda olmaz. Qədir-Xum günü – bu həqiqətlərin bəyan olunduğu gündür. 

İSLAM DİNİ ƏMİRƏLMÖMİNİNİN (Ə) VİLAYƏTİ İLƏ KAMİLLİYƏ ÇATDI




Qədir-Xum elə bir gündür ki, dinimizin kamil olması ona aiddir. Bu gün - dünyanın hər bir yerində ucalan, dünyanın bütün coğrafiyalarında ağıllı, düşüncəli, vicdanlı insanların qəlblərini fəth edən, dünyanın hər qarışında insanların qəlblərində minarə ucaldan, insan qəlblərində azan səsi ucaldan İslam dininin kamilliyə çatdığı bir gündür. O dinimiz ki, onun məntiqi qarşısında, onun əxlaqı qarşısında, təmizliyi qarşısında, Avropa iddiasında olanların bəzisi öz dəyərlərindən geri çəkilərək köhnə Avropa barbarlığına, Avropa nasistliyinə, Avropa faşizminə qayıtmaqdadırlar və başqa sözləri yox, dəlillə yox, məntiqlə yox, minarələri qadağan etməklə ona güc gəlmək fikrinə düşürlər. Bu gün, bütün dünyanın onun əzəmətini dərk etməkdə olduğu, İslam düşmənlərinin əlindən gələni edərək, onun qarşısına çıxmağa çalışdığı dinin kamilliyə çatdığını Allah Quranda bəyan edir.

İslam bir din olaraq addım-addım Ərəbistan yarımadasından yayılaraq coğrafiyasını genişləndirdi. Dünyanın hər bir yerinə yayıldı, yayılacaq və ən çətin vəziyyətlərdə də yayılmaqdadır. Və bu gün İslamın minarələri ilə zahirdə nə etmək istəsələr də, qəlblərdə heç kim heç nə edə bilməyib və edə də bilməyəcək. Dünyada sökülən məscid və minarələrin müqabilində axtarışda olan vicdanlı qəlblərdə daha çox minarələr ucalacaq. 

QƏDİR-XUM – İRADƏVİ SEVİNCİN YAŞANTISI OLAN GÜNDÜR



Bayram günü gərək insan bayramın nə olduğu barədə də düşünsün. Bayram o gündür ki, insan həmin gün Allah bəndəsi ola bilir. Bayram o gündür ki, biz həmin günü Allahın bəyəndiyi kimi yaşaya bilirik, Allahın çəkindirdiklərindən çəkinirik. Bu mənada insan öz həyatında Rəbbindən bol-bol bayram günləri istəməlidir. Qədir-Xum bayramı da elə bir gündür ki, onun bir neçə gün ərzində qeyd olunmasına ehtiyac var. Bu günün içərisində o qədər fəlsəfələr, gözəlliklər var ki, onların açılışı üçün xeyli vaxta ehtiyac var. Bircə bunu demək kifayətdir ki, Qədir-Xum elə bir bayramdır ki, Rəbbimiz həmin gündə sevinməyi və sevindirməyi bizlərə vacib, təkidli buyuruş kimi qoyub. Necə ki, Aşura günündə iradəvi qəmlənmə, Əba Əbdillahın (ə) mübarək şəhadəti ilə bağlı iradəvi kədər hissini yaşama kimi gözəl bir nemət var, Qədir-Xum günündə də iradəvi şadlanma və iradəvi sevinci yaşatma kimi gözəl buyuruş var. Gərək bizlərin sevinci və kədəri bunlar olsun. Gərək sevincimiz və kədərimiz Allaha xatir olan məsələlərdə olsun ki, onlar bizi Rəbbimizə yaxınlaşdırsın.

BAYRAMLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR



Zülhiccə ayının 18-nə keçən gecə xüsusi namazın qılınması tövsiyə edilir. Bu namaz 12 rükətdən ibarətdir. Bütün 12 rükət namazın hamısı dalbadal qılınır və sonda bir salam deyilir. Namazdan sonra insan dua edərək Allahdan hacətlərini istəyir.


Bayram gününün də məxsusi əməlləri var:

1) Oruc tutmaq (bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına, və həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir);

2) Bayram gününün qüslünü almaq;

3) «Nüdbə» duasını oxumaq;

4) Məsumları (ə) ziyarət etmək və ya Məsumların (ə) ziyarətnaməsini oxumaq;

5) Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan “Əmin Allah” ziyarətnaməsini oxumaq;

6) Zöhrdən yarım saat qabaq 2 rükətli namaz qılmaq. Birincü rükətdə «Həmd»dən sonra “Qədr surəsini, ikinci rükətdə “Həmd”dən sonra «İxlas» surəsini oxumaq. Yaxşıdır ki, bu namaz günorta azanına yaxın vaxtda qılınsın. Namazı qurtardıqdan sonra səcdəyə gedib, 100 dəfə Allaha şükür edib, səcdədən durub “Məfatihul-cinan”da göstərilən məxsusi duanı oxumaq. Sonra səcdəyə gedib, 100 dəfə “əlhəmdulilləh”, 100 dəfə də “şukranlillah” desin. 

7) Möminlərlə görüşəndə aşağıdakı zikri demək:

Əlhəmdulilləhilləzi cəəlnə minəl-mutəməssikinə biviləyəti Əmiril-mumininə vəl-əimməti ələyhimus-səlam.

6) Sədəqə vermək;

7) Sileyi-rəhim - qohum-əqrəbaya baş çəkmək;

8) Yeni libas geyinmək;

9) Möminlərlə bu günün yad edilməsi ilə bağlı yığışmaq;

10) 2 rükətli namaz qılmaq. Hər rükətdə «Həmd»dən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətəl-Kürsi», 10 dəfə «Qədr» surəsi oxumaq, namazdan sonra bu duanı demək: «Rabbənə innənə səmi’nə munadiən əd-dua bitəvlihi». Hədislərdə qeyd olunur ki, bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də, dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur;

11) Məsumlara (s) salavat göndərmək.

Bu günlə bağlı digər əməllər də var ki, müfəssəl kitablarda göstərilmişdir.

Bu böyük bayram münasibətilə bütün azadxah və vicdanlı insanları təbrik edirik!

Allahım, ölmüş qəlblərimizi Həzrət Əmirəlmöminini (ə) tanımaqla əhya elə! Allahım, bizləri dünya və axirətdə Həzrət Əli (ə) ilə məşhur elə! Amin!

Allah bayramımızı mübarək etsin! 

Hacı İlqar İbrahimoğlu,

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎