Cümə axşamı, 07 Sentyabr 2017 12:31

«Qədir-Xum» bayramının qısa tarixçəsi

«Qədir-Xum» bayramının qısa tarixçəsi

 

 Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc ziyarətindən – «Həss-ül-vida»dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil oldu. Allah Təala Peyğəmbərə (s) buyururdu: «Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan…». («Maidə» surəsi, 67) 

Bundan sonra Peyğəmbər (s) Cuhfə adlı yerdə yol ayrıcına çatanda, dayanmaq barədə göstəriş verdi. Sonra yüz mindən artıq zəvvarın qarşısında, dəvə palanlarından düzəldilmiş minbərin üstünə çıxaraq, müsəlmanlara dedi: «Ey insanlar! Mən tezliklə sizin aranızdan gedəcəyəm, mənim öhdəmdə də məsuliyyət var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət verirsiniz?». Hamı uca səslə dedi: «Biz şəhadət veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə yetirmisən, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim hidayət olmağımız üçün son dərəjə əzmlə çalışmısan, Allah bunun əvəzində sənə savab mükafatı versin!». Sonra Peyğəmbər (s) buyurdu: «Siz Allahın birliyinə, mənim peyğəmbərliyimə, Qiyamət gününün haqq olmasına və həmin gün ölənlərin imtahan vermək üçün yenidən dirilməsinə inanırsınızmı?». Hamı cavabında dedi: «Bəli, inanırıq!». Rəsuli-əkrəm (s) dedi: «İlahi, şahid ol!». Sonra o, Həzrət Əlinin (ə) əlindən tutub qaldırdı ki, hamı onu görsün, orada olanlar hamısı onu tanısın. Peyğəmbər (s) buyurdu: «Möminlərin özlərinə nisbətdə ən üstün olan şəxs kimdir?» - müsəlmanlar cavab verdi: «Allah və onun peyğəmbəri daha yaxşı bilir!». Peyğəmbər (s) buyurdu: «Allah Təbarəkə və Təala mənim mövlam və rəhbərimdir, mən isə iman gətirənlərin rəhbəriyəm və onların işlərində özlərindən daha məsuliyyətliyəm!». Sonra buyurdu: «Mən hər kimin rəhbəriyəmsə, bu Əli (ə) onun rəhbəridir». Bu sözləri dörd dəfə təkrar etdi və sonra dua etdi: «İlahi! Əli (ə) ilə dostluq edənlərlə dostluq et, düşmənləri ilə düşmən ol, onu sevənləri sev, ona qarşı qəzəbli olanlara sən də qəzəbli ol, ona kömək edənlərə kömək et, ona kömək etməkdən boyun qaçıranlara kömək etmə, onu haqqdan ayırma və haqqı həmişə onunla birlikdə et!». Sonra əlavə etdi: «Burada hazır olanların vəzifəsi, bu xəbəri burada olmayanlara çatdırmaqdır».

Peyğəmbərin (s) xütbəsi sona çatandan sonra camaat dağılmamış, Qurani-Kərimin ayəsi nazil oldu: «Bu gün mən sizin üçün dinimi kamil, höccətimi isə tamam etdim. Sizin üçün din olaraq İslamı bəyəndim…». («Maidə» surəsi, 3)

Bundan sonra Peyğəmbər (s) buyurdu: «Allah böyükdür, Allah bizim üçün öz dinini təkmilləşdirdi və ne'mətlərini bizim üçün tamam etdi. Mənim peyğəmbərliyimi və Əlinin (ə) məndən sonra canişinim olmasını bəyəndi».

Bu zaman sevinc səsləri ucaldı. Bütün səhabələr Həzrət Əliyə (ə) yaxınlaşaraq, dedilər: «Ya Əli, sən bizim və bütün iman gətirənlərin rəhbəri oldun! Səni təbrik edirik!».

Nazil olunan ayədən görünür ki, Peyğəmbərin ömrünün sonunda, mühüm bir məsələ qalmışdı ki, o məsələ həll olunmasa idi, risalət tamamlanmayırdı. Peyğəmbərin 23 illik zəhməti ilə bərabər olan və müsəlmanların bilməsi zəruri olan bu məsələ, onların bildikləri mətləbləri təkrarlamaq deyil, Peyğəmbərdən (s) sonra öz müqəddaratlarının kimə tapşırılması məsələsi idi. Təbii ki, bu mə'suliyyət də insanların ən fəzilətlisinə və ən üstününə tapşırılmalı idi ki, bu şərəfli işin öhdəsindən gələ bilsin.

Sonralar, məhz elə bu məsələyə laqeydlik göstərildiyindən, müsəlmanlar çox vaxt acınacaqlı vəziyyətlərə düşüblər. Müsəlmanların bir hissəsi Quranı Əhli-Beytdən ayırdıqları üçün, İslamın həqiqi mahiyyətini dərk etməkdən məhrum olublar. Bu məhrumiyyətlər də, təbii olaraq, onları xurafatla dolu əqidələrə tərəf sürükləyibdir. Başqa bir qrup isə Əhli-Beyti Qurandan ayrı tutub, bununla da Qur'anı və nəticə e'tibarilə Əhli-Beytin özünü də dərk etməkdən məhrum olublar.

Bu səbəbdən firqələrə ayrılaraq, düşmənin müsəlmanları parçalamaq üçün tərtib etdiyi proqramının faktiki icraçılarına çevrilmişlər. Hal-hazırda dünyanın bir çox yerlərində müsəlmanların düşdüyü acınacaqlı vəziyyətlər, həmin əmanətlərə xəyanətlərin nəticəsidir. İki Ağır və Qiymətli Əmanətin hər birini qoruyub saxlayan az bir qrup müsəlmanlar vardır ki, onlar həm Quranı, həm də Əhli-Beyti dərk etmiş və daima müsəlmanların vəhdətinə çalışmışlar. Həzrət Peyğəmbərin (s) ilahi xəttinin həqiqi ardıcılları olan bu insanlar, hansı regiona, hansı firqəyə mənsubiyyətindən asılı olmayaraq, tökülən hər bir damla günahsız insan qanı üçün narahat olur, buna qarşı kəskin surətdə etirazını bildirir və hər bir vaxt məzlumların müdafiəsinə qalxırlar.

İmam Sadiqdən (ə) nəql edirlər: «Heç bir şəkk-şübhə yoxdur ki, (hər bir) mö'min öz dostu barədə şəfaət edə biləcək. Bir hal istisnadır ki, (mö'min şəxsin) dostu Əhli-Beytin (ə) düşməni ola. (Hətta) əgər bütün mürsəl peyğəmbərlər (ə) və müqərrəb /Allaha yaxın/ mələklər bir Əhli – Beyt (ə) düşməni üçün şəfaət etsələr belə, onların şəfaəti qəbul edilməz».

Başqa bir yerdə İmam Sadiqdən (ə) belə nəql edirlər: «Həqiqətən, Həzrət Nuh (ə), hətta iti və donuzu da öz gəmisinə mindirmişdi, lakin, haramzadəni mindirməmişdi. Əhli-Beyt (ə) düşməni isə haramzadədən də pisdir».

Hədislərdən çıxan dərslər:

1. Əhli-beytə (ə) sevgi – imanı təşkil edən zəruri amillərdən olduğu üçün və onlara qarşı düşmənçilik, İlahi məntiqə görə, Peyğəmbərə (s) və nəticə e'tibarilə, Allaha yönəldiyindən, bu düşmənçiliyi qəlbində daşıyan şəxsin Allahın rəhmətinə nail olması qeyri-mümkündür;

2. Digər məxluqatlardan fərqli olaraq, insanın yaranmasında məqsəd – iradə və şüurunu tətbiq etməklə, Allahın kamil bəndəsi səviyyəsinə çatmaqdır. Və bu yüksəlmənin zəruri elementi Əhli-Beytə (ə) sevgi olduğundan, bu sevginin daşıyıcısı olmayan şəxs, bu istedada heç malik də olmayan canlılardan da, hətta nəcis kateqoriyasına aid olan heyvanlardan da, vücudi kamillik baxımından, aşağı səviyyədədir. Deyerler.Org

 

Şərh yaz


Məxfi kod
Yenilə